Məhkəmə qərarları › İş №2(006)-2616/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2616/2022

14.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2616/2022 14.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, Əhmədova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X8 iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı «məlumat verilməsi vəzifəsinin qoyulması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «məlumat verilməsi vəzifəsinin qoyulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X1 adına Cavabdeh ASC-də açılmış bank hesabında olan vəsaitlərlə bağlı məlumatın ona verilməsi vəzifəsinin Cavabdeh ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, anası X6 21 aprel 2020-ci il tarixdə kəskin qaraciyər çatışmazlığı xəstəliyindən vəfat etmişdir. Anası sağlığında 14 fevral 2020-ci il tarixdə Sumqayıt «ASAN xidmət» Mərkəzində rəsmiləşdirilmiş 2V-173 reyestrlə qeydə alınmış vəsiyyətnaməyə əsasən özünə məxsus olan bütün əmlakını ona vəsiyyət etmişdir. Bundan başqa, onun bacısı X3 və qardaşı X7 mərhum anasından miras qalmış bütün əmlaklardan özlərinə çatası vərəsə payından imtina etmiş və bu barədə notarial qaydada təsdiq olunmuş ərizə vermişlər. X10 Laçın rayonundan məcburi köçkün olmuş və 2017-ci ilə qədər Bakı şəhəri Binəqədi rayonunda yaşamış və Cavabdeh ASCdə ******************** nömrəli cari hesab olmuş, həmin hesabda pul vəsaitləri yerləşdirilmişdir. Belə ki, o, öz şəxsi topladığı vəsaiti də anasına vermiş, anası həmin vəsaiti bank hesabına köçürmüşdür və sağlığında həmin vəsaitdən istifadə etməmişdir. Hətta anası yataq vəziyyətində olduğu vaxtda bank hesabında böyük məbləğdə vəsaitinin olduğunu bildirmiş və həmin pulun böyük bir hissəsini Cavabdeh ASC-nin Binəqədi filialında işləyən X4 verərək adına olan hesaba mədaxil etdirdiyini bildirmişdir. Təxminən hesaba köçürülən pul vəsaiti 200.000 manata yaxındır. Anası qohum kimi bu qadına etibar etmiş və 30 ildən artıq bank sistemində işləyən Elnurə Əliyeva anasının qocalığından, savadsızlığından, qohumluğundan istifadə edərək anasının verdiyi pul vəsaitlərini anasının adına olan hesaba vermişdir. Hətta həmin bank əməkdaşı bank kitabçası, əmanət müqaviləsini də özündə saxlamışdır. Anasının vəfatından sonra o, anasından miras qalan əmlaklara, o cümlədən də Cavabdeh ASC-də anasının adına olan depozit hesabındakı pul vəsaitinə vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi ilə bağlı Biləsuvar rayon Notariat kontoruna müraciət etmiş, vərəsəlik işi açılmış, lakin ona izah olunmuşdur ki, hesabda olan vəsait barədə bank arayışı, məlumatı təqdim edildikdən sonra ona vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir. O, bundan sonra xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankına ərizə ilə müraciət etmişdir. Ona bildirilmişdir ki, onun ərizəsi cavabdeh banka göndərilmiş və bank tərəfindən xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 967-ci maddəsinə və «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən X2 aid məlumatların ona verilməsi mümkün deyil. Cavabdehin bu imtinası tam əsassızdır, belə ki, anası dünyasını dəyişmişdir və həyatda olmayan şəxsin nümayəndəsi deyə anlayış hüquq elmində mövcud deyil. Bundan başqa, onun tərəfindən təqdim olunmuş sənədlərlə həmin şəxsin sağlığında bütün əmlaklarını ona vəsiyyət etməsi qeyd olunur, bu isə o deməkdir ki, anasının ölümü ilə bağlı ondan miras qalan bütün əmlaklar üzərində mülkiyyət hüququ sahiblik, istifadə, sərəncam hüququ ona məxsusdur. Cavabdehin imtinası onun mülkiyyət hüquqlarını pozur, Mülki Məcəllənin 157-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinin tələblərinə ziddir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X13 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, «Banklar haqqında» Qanunun 41.3-cü maddəsinə əsasən hesabların və əmanətlərin sahibləri vəfat etdikdə onların hesabları və əmanətləri barəsində arayışlar notariuslara onların icraatında olan vərəsəlik işləri üzrə, habelə müvafiq notariat hərəkətlərini icra edən konsulluq idarələrinə verilir. İddiaçı iddia ərizəsində qeyd edir ki, vərəsəlik işinin açılması üçün notariat ofisinə müraciət etmiş, lakin notarius vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün bank tərəfindən arayışın verilməli olduğunu bildirmiş, bununla əlaqədar o, banka müraciət etmiş, lakin bankdan ona məlumat verilməmişdir. Bu səbəbdən, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin bildirir ki, qeyd olunan məlumatlar bank sirri olduğundan və bu məlumatların təqdim olunması qaydası «Banklar haqqında» Qanunla müəyyənləşdirildiyindən həmin məlumatlar notariusa təqdim oluna bilər. Bunun üçün notarius tərəfindən banka yazılı sorğu təqdim olunmalıdır. Notarius sorğusuna əsasən Cavabdeh ASC-də mərhum anası X1 xx.xx.2021-ci il tarixə qalığı 0,00 olan cari hesab aşkar edilmişdir. Hesabın əvvəlki tarixlər üzrə çıxarışı bank sirini təşkil edən məlumatlar olduğundan təqdim edilə bilməz. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Məhkəməyə mərhumə X1 21 aprel 2020-ci il tarixdə kəskin qaraciyər çatmamazlığından Sumqayıt şəhərində vəfat etməsini təsdiq edən AZ-İİ seriyalı 074032 saylı ölüm haqqında şəhadətnamə, iddiaçının atası ilə anasının nikahlarının pozulmasına dair 13 noyabr 1973-cü il tarixli 5 saylı akt qeydi barədə arayış, iddiaçının qardaşının və bacısının analarından irs (miras) qalmış əmlakdan və digər əmlak hüquqlarından imtina etmələrinə dair notarial qaydada təsdiq olunmuş ərizələri, 14 fevral 2020-ci il tarixli vəsiyyətnamə təqdim edilsə də, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh iddiaçıya münasibətdə sonuncunun hüquqlarını pozan, mənafeyinə aid hər hansı qanuna zidd hərəkət və ya hərəkətsizlik etməmişdir. İşin faktiki hallarından görünür ki, bank tərəfindən notariusun sorğusuna cavab verilərək, öldüyü günə iddiaçının anası X1 adına olan hesabda pul vəsaitinin olmadığı qeyd olunmuşdur. Bunadək olan dövr isə İddiaçı müraciəti əsasında hüquq mühafizə orqanları tərəfindən araşdırılmış, 11 aprel 2022-ci il tarixdə Binəqədi RPİ 4-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru X5 qərarına əsasən cinayət işinin başlanması rədd edilmişdir. Sonradan, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 16 yanvar 2022-ci il tarixli qərar 17 mart 2022-ci il tarixdə ləğv edilərək, material əlavə araşdırma aprılması üçün Binəqdəri rayon Polis idarəsinin 4-cü polis şöbəsinə qaytarılmışdır. Göründüyü kimi, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, notarius sorğusuna əsasən Cavabdeh ASC-də mərhum anası X1 xx.xx.2021-ci il tarixə qalığı 0,00 olan cari hesab aşkar edilmişdir. Mərhum anası X1 adına Cavabdeh ASC-də açılmış hesabın əvvəlki dövriyyəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin vəsaitlərin olub olmaması ilə bağlı məlumatın ona verilməsi vəzifəsinin Cavabdeh ASC-nin üzərinə qoyulmasının hüquqi əsası müəyyən edilməmişdir. Eyni zamanda məsələ ilə bağlı materiallar hazırda polis oqranları tərəfindən araşdırılır. Göstərilənlər əsasən iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı «məlumat verilməsi vəzifəsinin qoyulması» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı tələblə bağlı iddiaçı dövlət rüsumu ödəməkdən azad edilmiş şəxsdir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «məlumat verilməsi vəzifəsinin qoyulması» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar