Məhkəmə qərarları › İş №2(006)-263/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-263/2021

10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-263/2021 10.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı QSC BOKT-nin Cavabdeh qarşı «əsas borcun və faizin qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT Cavabdeh qarşı «əsas borcun və faizin qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 25.209 ABŞ dolları əsas borc, 12.618 ABŞ dolları 72 sent faiz olmaqla, cəmi 37.827 ABŞ dolları 72 sent məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC BOKT-yə ödənilməsi; Cavabdeh mülkiyyətində olan ** RL *** dövlət qeydiyyat nişanlı «Dodge Durango» markalı (2012-ci il buraxılışlı, 1C4RDDCJCC282288 ban nömrəli, qara rəngli) avtomobilə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin İddiaçı QSC BOKT-nin hesabına ödənilməsi; satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması; satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutulub İddiaçı QSC BOKT-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC BOKT iddia ərizəsini onunla əsaslandırmışdır ki, «xxxx» ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq «xxxx» ASC ilə İddiaçı QSC arasında bağlanmış «tələb hüququnun güzəşt edilməsinə dair» 11.08.2015-ci il tarixli müqaviləyə görə «xxxx» ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci bəndə əsasən Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum («X1 Edilməsi Agentliyi» MMC) vasitəsi ilə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən «xxxx» ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər 11.01.2018-ci il tarixli S-AVK-1889 saylı təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. «X1 Edilməsi Agentliyi» MMC 04 iyul 2018-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət edərək Cavabdeh «əsas borc və faizin tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi» barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27.09.2018-ci il tarixli 2(006)-4932/2018 saylı qətnaməsi ilə mülki iş üzrə iddia tələbi qismən təmin edilmişdir. Apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.11.2019-cu il tarixli 2(103)-1374/2019 saylı qərardadı ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27.09.2018-ci il tarixli 2(006)-4932/2018 saylı qətnaməsi ləğv edilmiş və iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərin əslini «X1 Edilməsi Agentliyi» MMC-yə 12.01.2020-ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Hesab edirlər ki, yuxarıda qeyd olunan halları nəzərə alaraq yenidən məhkəməyə müraciət edildiyi zaman iş üzrə iddia müddətinin ötürülməsi səbəbi məhkəmə tərəfindən üzürlü sayıla bilər. «xxxx» ASC-nin Sənaye filialı ilə Cavabdeh arasında 27.09.2012-ci il tarixdə 0658 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 18 % tətbiq edilməklə, 36 ay müddətinə 43.758 ABŞ dolları məbləğində kredit verilmişdir. 17.10.2012-ci il tarixli kassa məxaric orderindən də göründüyü kimi, cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan ** RL *** dövlət qeydiyyat nişanlı «Dodge Durango» markalı (2012-ci il buraxılışlı, 1C4RDDCJCC282288 ban nömrəli, qara rəngli) avtomobil ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və 27.09.2012-ci il tarixli AA seriyalı 057500 saylı «İpoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. Kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən bank avtomobil alınması üçün 43.758 ABŞ dolları məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. Borc alan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən kredit vəsaitlərindən istifadə müddətinin axımı borc alanın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixdən başlanır. Borc alana verilən vəsaitdən istifadə müddəti 36 aydır. Kredit vəsaitindən istifadə müddəti 27 sentyabr 2015-ci il tarixdə bitib. Kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə kredit verənə illik 18 % ödəyir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan əsas borcu 25.209 ABŞ dolları, faiz 12.618 ABŞ dolları 72 sent olmaqla, cəmi 37.827 ABŞ dolları 72 sent təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan borc müqaviləsi üzrə əsas borc, borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə göndərərək, iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin ərizəsini nəzərə alaraq mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, «xxxx» ASC ilə Cavabdeh arasında 27.09.2012-ci il tarixdə 0658 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 18 % tətbiq edilməklə, 36 ay müddətinə, 43.758 ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilənin müddəti 27.09.2015-ci il tarixdə bitmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 avqust 2020-ci il tarixli 9/2585 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 03 mart 2015ci il tarixli 0658 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh 27 sentyabr 2012-ci il tarixli 0658 saylı kredit müqaviləsi üzrə 27 sentyabr 2015-ci il tarixə «xxxx» ASC-yə olan borcu ümumilikdə aşağıdakı kimi müəyyən edilir, o cümlədən: 27.09.2015-ci il tarixə (müqavilə müddəti bitən tarixə) 37.123,35 ABŞ dolları: - əsas borc üzrə – 28.490,67 ABŞ dolları; - faiz üzrə – 8.632,67 ABŞ dolları. Ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 dekabr 2020-ci il tarixli 9/5118 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 03 mart 2015ci il tarixli 0658 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh 27 sentyabr 2012-ci il tarixli 0658 saylı kredit müqaviləsi üzrə 27 sentyabr 2015-ci il tarixə İddiaçı BOKT QSC-yə olan borcu ümumilikdə 33.559 ABŞ dolları 96 sent məbləğində müəyyən edilir, o cümlədən: 27.09.2015-ci il tarixə (müqavilə müddəti bitən tarixə): - əsas borc üzrə – 25.755,91 ABŞ dolları; - faiz üzrə – 7.804,04 ABŞ dolları. Ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil edir. Kredit müqaviləsi üzrə öhdəliklərin təmin edilməsi üçün tərəflər arasında 27 sentyabr 2012-ci il tarixli 658 saylı ipoteka predmeti bağlanmış və cavabdehin mülkiyyətində olan ** RL *** dövlət qeydiyyat nişanlı «Dodge Durango» markalı (2012-ci il buraxılışlı, 1C4RDDCJCC282288 ban nömrəli, qara rəngli) avtomobil ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi 27 sentyabr 2012-ci il tarixdə qeydiyyata alınmış, ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA seriyalı 057500 saylı çıxarış verilmişdir. «xxxx» MMC-nin 03 may 2021-ci il tarixli H/06-PLS saylı hesabatından görünür ki, ipoteka predmeti olan avtomobilin hazırda mövcud olan likvid qiyməti 23.500 manat təşkil edir. Qiymətləndirmə xərci 200 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 378-ci maddəsinə əsasən öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İşin faktiki hallarından görünür ki, iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 3 illik iddia müddətini üzürsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra iddia ərizəsi ilə 03.02.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, hazırkı iş üzrə iddia müddəti keçdiyindən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Ödəniş tapşırığından (qəbzindən) görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı QSC BOKT-nin Cavabdeh qarşı «əsas borcun və faizin qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. 300 manat ekspertiza xərci İddiaçı QSC BOKT-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. 200 manat qiymətləndirmə xərci İddiaçı QSC BOKT-dən tutularaq «xxxx» MMC-nin təqdim etdiyi hesaba ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı QSC BOKT-nin Cavabdeh qarşı «əsas borcun və faizin qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. 300 manat ekspertiza xərci İddiaçı QSC BOKT-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. 200 manat qiymətləndirmə xərci İddiaçı QSC BOKT-dən tutularaq «xxxx» MMC-nin təqdim etdiyi hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar