Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2643/2023 05.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi ilə, İddiaçı Şahmirzəyeva Günel Hüseynqulu qızının cavabdeh Abbasov Müşfiq Vəli oğluna qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Şahmirzəyeva Günel Hüseynqulu qızı cavabdeh Abbasov Müşfiq Vəli oğluna qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 iyun 2014-cü ildə anadan olmuş Abbasov Camal Müşviq oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-3499/2020 saylı, 05.10. 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq hər ay 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilməsi və cavabdehdən alınaraq mənə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı və cavabdeh Abbasov Müşfiq Vəli oğlu 27 iyul 2013-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından 16 iyun 2014-cü ildə anadan olmuş Abbasov Camal Müşviq oğlu adlı bir övladları var. Abşeron Rayon Məhkəməsinin 2(012)-3499/2020 saylı, 05 oktyabr 2020-ci il tarixli qətnaməsilə azyaşlı övladı Abbasov Camal Müşviq oğlunun təminatı üçün hər ay sabit pul məbləğində 170 manat miqdarında alimentin alınaraq iddiaçıya verilməsi müəyyən edilmişdir. Hazırkı şəraitdə mənim bütün bu xərclərin öhdəsindən təkbaşına gəlməyim mümkün deyildir. Uşağı artıq böyüyür. Bununla bağlı olaraq da təbii ki, onun xərcləri əvvəlki miqdarda deyil. Hətta 2023-cü il üçün bir uşağın saxlanması üçün yaşayış minimumu olan məbləğ belə hazırkı aliment məbləğindən xeyli çoxdur. Məhkəmələr isə sabit pul məbləğində alimenti müəyyən edərkən minimumu yox, uşağın əvvəlki yaşayış səviyyəsinin maksimal saxlanması prinsipini rəhbər tutmalıdırlar. Buna görə də 16 iyun 2014-cü ildə anadan olmuş Abbasov Camal Müşviq oğlunun saxlanması üçün cavabdehdən tutulan aliment miqdarının artırılmasını zəruri hesab edir. xx.xx.2023-cü il tarixdə, iddiaçı Şahmirzəyeva Günel Hüseynqulu qızı məhkəməyə ərizə ilə müraciət edərək, iddianı tələbinin təmin olunmasını və mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı Şahmirzəyeva Günel Hüseynqulu qızı və cavabdeh Abbasov Müşfiq Vəli oğlu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Abşeron Rayon Məhkəməsinin 2(012)-3499/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə, iddia tələbi təmin edilmiş. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2059/2018 saylı, 29 yanvar 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 16 iyun 2014-cü il təvəllüdlü Abbasov Camal Müşviq oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdeh Abbasov Müşviq Vəli oğlundan hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı Şahmirzəyeva Günel Hüseynqulu qızına ödənilsin. AA1143145 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Şahmirzəyeva Günel Hüseynqulu qızı xx.xx.1990-cı il tarixdə Azərbaycan Respublikasında doğulmuşdur. 1 saylı Bakı şəhəri «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 15 iyul 2014-cü il tarixdə verilmiş, AZ-İİİ № 354635 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü Abbasov Camal Müşfiq oğlunun atası Abbasov Müşfiq Vəli oğlu, anası Abbasova Günel Hüseynqulu qızıdır. Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 17 sentyabr 2019-cu il tarixli, AZ-İ № 328638 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Abbasov Müşfiq Vəli oğlu ilə Abbasova Günel Hüseynqulu qızı arasında bağlanmış nikah ləğv edilmiş, bu barədə 17 sentyabr 2019-cu il tarixdə 331 nömrə ilə qeyd aparılmış, nikah ləğv olunandan sonra kişiyə “Abbasov”, qadına isə “Şahmirzəyeva” soyadı verilmişdir. Mediasiya Şurası Bakı 16 saylı Mediasiya Təşkilatı tərəfindən MŞB/16-00816 saylı, xx.xx.2023-cü il tarixdə verilmiş, mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı Şahmirzəyeva Günel Hüseynqulu qızı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh Abbasov Müşfiq Vəli oğlundan xx.xx.2014-cü il təvəllüdlü Abbasov Camal Müşfiq oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulması haqqında Abşeron Rayon Məhkəməsinin 2(012)-3499/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin qəbul edilməsindən xeyli müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmiş və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Məhkəmə yuxarıda sadalanan xüsusatları və 2023-cü il üçün uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun məbləğini nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)- 3499/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilməli, xx.xx.2014-cü il təvəllüdlü Abbasov Camal Müşfiq oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Abbasov Müşfiq Vəli oğlundan hər ay 220 manat olmaqla sabit pul məbləğində aliment tutularaq iddiaçı Şahmirzəyeva Günel Hüseynqulu qızına ödənilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndinin sonuncu abzasında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2014-cü il təvəllüdlü Abbasov Camal Müşfiq oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-3499/2020 saylı, xx.xx.2020 il tarixli qətnaməsi ilə tutulan hər ay 170 sabit pul məbləğində alimentin məbləği artırılaraq, hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilsin və qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin pul vəsaiti cavabdeh Abbasov Müşfiq Vəli oğlundan tutularaq iddiaçı Şahmirzəyeva Günel Hüseynqulu qızına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elekron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-2643/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2643/2023
05.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver