Məhkəmə qərarları › İş №2(006)-2674/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2674/2021

21.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2674/2021 21.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X6 qızının katibliyi, Cavabdeh ləğv prosesində olan “xxxx” X5 nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh ləğv prosesində olan “xxxx” ASC-yə qarşı «kredit borcunun restrukturizasiyası» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit borcunun restrukturizasiyası» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək “xxxx” ASC (hazırda ləğv prosesində olan) ilə onun arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə olan borcunun Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq restrukturizasiya edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı “xxxx” ASC aralarında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 15 ay müddətinə 3000 (üç min) ABŞ dolları məbləğində kredit götürmüşdür. İddiaçı əvvəllər kredit borcunu vaxtlı-vaxtında ödəmiş, lakin sonralar devalivasiya ilə əlaqədar kreditin vaxtında ödənilməsində çətinliklər yaranmışdır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq “xxxx” ASC ilə bağladığı xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi X3 Palatası tərəfindən elektron portalda İddiaçı tərəfindən ödənilməli olan borcun məbləği 3045,90 manat müəyyən edilmişdir. İddiaçı 2019-cu ildə ləğv prosesində olan “xxxx” ASC-yə müraciət edərək kredit borcunun restrukturizasiyasını xahiş etmiş, lakin bankın işçiləri bunun növbəlilik qaydasında edildiyini bildirmişlər. İddiaçı 2019-cu il ərzində xəstə olduğuna görə və uzunmüddətli müalicə kursu keçdiyinə görə tez-tez banka getmək imkanı olmadığından məcbur olub xx xxxxxx 2020-ci il tarixində ləğv prosesində olan “xxxx” ASC-yə yenidən müraciət edərək birinci müraciətdən uzun müddət keçməsinə baxmayaraq, hazırki vaxta qədər onun kredit borcunun restrukturizasiya edilmədiyini bildirmişdir. Bununla da İddiaçı hüquq və qanunla qorunan maraqları pozulmuşdur. İddiaçı ərizə təqdim edərək cavabdeh qismində ləğv prosesində olan “xxxx” ASC-nin qeyd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə iclasında cavabdeh ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu əsl Cavabdeh ləğv prosesində olan “xxxx” ASC ilə əvəz edilməsi qərara alınmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, İddiaçı məhkəmə iclasına gəlməmiş və bunla bağlı məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh ləğv prosesində olan “xxxx” ASC-nin nümayəndəsi X4 iddianı qəbul etməyib, İddiaçı kredit borcunun restrukturizasiyası ilə bağlı müvafiq qaydada nəzərdə tutulmuş müddətdə banka müraciət etmədiyini, vaxtında müraciət edəcəyi halda bank tərəfindən güzəştli kredit müqaviləsinin bağlanmasının təklif ediləcəyini bildirdi. Həmçinin İddiaçı xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə borcun tutulması və “xxxx” ASC-yə ödənilməsi barədə Naxçıvan MR Şahbuz Rayon Məhkəməsinin 2(090)-04/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi çıxarılmış və həmin qətnamə artıq icraya yönəldilmiş, hazırki vaxta kimi həmin qətnamədən şikayət verilməmişdir. İddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə mülki işin materiallarını araşdıraraq, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, “xxxx” ASC tərəfindən İddiaçı 15 ay müddətinə, illik 28 faiz ödəmək şərtilə 3000 (üç min) ABŞ dolları məbləğində kredit verilmişdir; Tibbi sənədlərdən (lumbosakral MRT müayinəsi, xəstənin stasionar tibbi kartından çıxarış, 1324/2019 nömrəli xəstəlik tarixindən epikriz-çıxarış) görünür ki, İddiaçı müxtəlif vaxtlarda müalicələr almışdır; xx.xx.2020-ci il tarixli ləğv prosesində problemli kreditlərin kompensasiyası barədə sənəddən görünür ki, İddiaçı tərəfindən ləğv prosesində olan “xxxx” ASC-yə ödənilməli olan borcun məbləği 3045,90 manat müəyyən edilmişdir; Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış borc məbləğinin restrukturizasiya olunmasına dair ərizədən (ərizə xx.xx.2020-ci il tarixdə “xxxx” ASC-yə daxil olmuşdur) görünür ki, İddiaçı qalıq 3045,90 manat borcunun 60 (altmış) ay müddətinə restrukturizasiya olunmasını xahiş etmişdir; Naxçıvan MR Şahbuz Rayon Məhkəməsinin 2(090)-04/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 2651,25 ABŞ dolları məbləğində pulun ödəniş günü Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə tutularaq ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi qət edilmişdir; Bakı şəhəri Sabunçu rayon icra və probasiya şöbəsinin icra məmuru İlqar Ağayevin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı 2651,25 ABŞ dolları pul vəsaiti və 16,2 manat dövlət rüsumunun tutularaq “xxxx” ASC-yə ödənilməsi barədə Naxçıvan MR Şahbuz Rayon Məhkəməsinin 2(090)-04/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası barədə xəbərdar edilmişdir; Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış borc məbləğinin restrukturizasiya olunmasına dair ərizədən (ərizə xx.xx.2020-ci il tarixdə “xxxx” ASC-yə daxil olmuşdur) görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanının qüvvədə olduğu dövrdə səhhəti ilə bağlı müraciət edə bilmədiyindən kredit məbləğinin restrukturizasiya olunmasını xahiş etmişdir; Ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilən mülki işin mübahisəsiz hallarından görünür ki, “xxxx” ASC tərəfindən xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı 15 ay müddətinə, illik 28 faiz ödəmək şərtilə 3000 (üç min) ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin İddiaçı kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirməmiş və banka olan borcunu ödəməmişdir. Həmçinin xx.xx.2020-ci il tarixli ləğv prosesində problemli kreditlərin kompensasiyası barədə sənədə əsasən İddiaçı tərəfindən ləğv prosesində olan “xxxx” ASC-yə ödənilməli olan borcun məbləği 3045,90 manat müəyyən edilmiş, yekunda isə mübahisələndirilən kredit müqaviləsi üzrə borcun tutulması barədə Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixli qətnamə çıxarılmış və həmin qətnamə icraya yönəldilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllənin) 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 6.1 və 6.1.2, 6.2-cı maddəsinə əsasən mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanla (bundan sonra - Fərman) fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə hazırlanmış, fiziki şəxslərin vaxtı keçmş kredit borclarının restrukturizasiya olunacağı nəzərə alınaraq, banklar tərəfindən bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini təmin edən tədbirlərin görülməsi banklara tövsiyyət edilmişdir. Fərmanın 1-ci hissəsinə əsasən devalvasiyaların baş verdiyi tarixlərə (xx.xx.2015-ci və xx.xx.2015-ci il tarixlərə) fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinə kompensasiyaların verilməsi, habelə xx xxxx 2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollaradək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası nəzərdə tutulmuşdur. Fərmanın 8.6-cı bəndinə əsasən vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar başa düşülür. Azərbaycan Respublikası Mərkəzi Bankın “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 6.16-cı bəndində göstərilmişdir ki, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Yuxarıda qeyd olunan qanunverilicilik aktlarını nəzərə alıb məhkəmə hesab edir ki, işin yeganə mübahisəli halı iddiaçının kredit borcunun restrukturizasiyası ilə bağlı müvafiq qaydada və nəzərdə tutulmuş müddətdə müraciət edib etməməsidir. İlk növbədə qeyd olunmalıdır ki, qüvvədə olan qanunvericiliyə əsasən ödəniş ediləcək fiziki şəxslərin siyahısının və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin (kompensasiyanın) məbləğinin müəyyən edilməsi Azərbaycan Respublikasının Maliyyə X1 (hazırda Mərkəzi Bankın) səlahiyyətinə aid edilmişdir. Banklar (eləcə də ləğvetmə prosesində olan banklar üzrə Əmanətlərin Sığortalanması Fondu) isə Palatanın (hazırda Mərkəzi Bankın) müəyyən etdiyi pul məbləğini siyahıya alınmış şəxslərə ödənilməsini təmin edirlər. Beləliklə, kompensasiyanın məbləğini və ödəniləcək şəxslərin siyahısını (həmçinin restrukturizasiya olunacaq kreditləri) Banklar müəyyən etmirlər. Bu səbəbdən məhkəmə hesab edir ki, ödəniş ediləcək fiziki şəxslərin siyahısının və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin (kompensasiyanın) məbləğinin müəyyən edilməsi cavabdeh ləğv prosesində olan “xxxx” ASC-nin və Azərbaycan Respublikasının Maliyyə X1 (hazırda Mərkəzi Bankın) səlahiyyətinə aid edildiyindən, eləcə də iddiaçı müvafiq qaydaya əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulu üçün nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra, yəni xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərində “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etdiyindən, İddiaçı «kredit müqaviləsinin restrukturizasiya edilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Yekun olaraq məhkəmə iddiaçının 2019-cu il ərzində xəstə olması və uzun müddətli müalicə kursu keçməsi səbəbindən kredit müqaviləsinin restrukturizasiya edilməsi ilə bağlı Banka gedə bilməməsi dəlilini qəbul etmir. Belə ki, Mülki Prosessual Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni zamanda, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Qanunun tələbindən də göründüyü kimi iddiaçının məhkəməyə təqdim etdiyi sənədin izahatında qeyd etdiyi halların sübut etməsi üçün kifayət deyildir, həmçinin bu sübutun mötəbərliyi məhkəmə tərfindən yoxlanılmalı və həmin sübuta qiymət verilməldir. Mülki Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunan maddələrin mənasına görə, işə baxan məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. Formalaşmış hüquqi mövqeyə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini aydın göstərməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar xx xxx 2006-cı il tarixli AR KM-nin Qərarı). İddiaçı 2019-cu il ərzində xəstə olduğuna görə və uzunmüddətli müalicə kursu keçdiyinə görə tez-tez banka getmək imkanı olmadığından məcbur olub xx xxxxxx 2020-ci il tarixində ləğv prosesində olan “xxxx” ASC-yə yenidən müraciət edərək birinci müraciətdən uzun müddət keçməsinə baxmayaraq, hazırki vaxta qədər onun kredit borcunun restrukturizasiya edilmədiyini bildirmiş, xəstə olması və müalicə kursu almasını təqdim etdiyi tibbi sənədlər - lumbosakral MRT müayinəsi, xəstənin stasionar tibbi kartından çıxarış və 1324/2019 nömrəli xəstəlik tarixindən epikriz-çıxarış ilə sübut etməyə çalışmışdır. Məhkəmə hesab edir ki, göstərilən zaman kəsiyində iddiaçının xəstə olması, buna görə uzunmüddətli müalicə alması, onun hamı üçün bəyan edilmiş və müraciət hüququ müddətlə məhdudlaşdırılmış kredit məbləğinin restrukturizasiya edilməsi ilə bağlı həmin il ərzində müraciət edə bilməməsi üçün əsas deyildir. Bu səbəbdən də iddiaçının sadaladığı əsaslarlara görə göstərilən müddətdə müraciət etməməsi üzürlü hesab edilə bilməz. Qeyd edilənlərə əsasən, iddia tələbi əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübut edilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllənin) 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi təmin edilmədiyindən, ödədiyi 20 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan “xxxx” ASC-yə qarş ”xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə olan borcunun Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq restrukturizasiya edilməsi” tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 20 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar