Məhkəmə qərarları › İş №2(006)-2687/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2687/2022

07.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2687/2022 07.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və uşağın müalicəsi üçün əlavə xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və uşağın müalicəsi üçün əlavə xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdehin birgə nikahlarından 28 noyabr 2016-cı il təvəllüdlü X5 anadan olmuşdur. Aralarında olan nikah münasibətlərinə xitam verildikdən sonra uşaq iddiaçının yanında qalmış və uşağın saxlanılması üçün hər ay 137 manat məbləğində aliment və uşağı üç yaşına çatanadək 50 manat məbləğində pul tutulmuşdur. Hazırda uşaq üç yaşına çatdığına görə həmin 50 manat pul kəsilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın minimum tələbatının ödənilməsinə yetmir. Uşaq böyümüş, inkişaf etməsi üçün məsrəfləri yetərincə artmışdır. Bundan başqa ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2022-ci ildə hər uşaq üçün 193 manat müəyyən edilmişdir. Hazırda həmin məbləğ uşağın ehtiyaclarını ödəmək üçün çox azdır. Həmçinin uşaqda autizm sindromu vardır. Həmin xəstəliyin müalicəsi üçün artıq 1 il 2 aydır hər ay 700 manat məbləğində müalicə xərci iddiaçının atası tərəfindən çəkilir. Uşağın həm təlim-tərbiyəsi, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçı üçün çox çətindir. Göstərilənlərə əsasən, Cavabdeh yetkinlik yaşına çatmayan 28 noyabr 2016-cı il təvəllüdlü X1 üçün tutulan alimentin məbləği 137 manatdan artırılaraq 193 manat müəyyən olunması, bundan başqa uşağın autizmlə bağlı aldığı müalicələrə görə hər ay 700 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, aliment məbləğinin artırılmasına etirazı yoxdur. O məbləği ödəməyə gücü çatar, lakin xəstəliyiə görə tələb olunan əlavə 700 manat pulu ödəməyə imkanı yoxdur. Himayəsində xəstə anası var, özü 600 manat əmək haqqı alır. İddia tələbinin qismən təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 5.Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə:

6. İş materiallarında olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 aprel 2017-ci il tarixli, 2(006)-3139/2017 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 28 noyabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 02 mart 2017-ci il tarixdən başlayaraq hər ay 137 manat və 28 noyabr 2016-cı il təvəllüdlü X5 üç yaşına çatanadək 50 manat, ümumilikdə 187 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilməsi, iddia ərizəsi qalan hissədə əsassız olduğundan rədd edilməsi qət edilmişdir.

7. İş materiallarında olan 2 saylı Bakı “ASAN Xidmət” X6 tərəfindən 21 yanvar 2017ci il tarixində verilmiş AZ-İİİ № 900046 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 28 noyabr 2016-cı il tarixində Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.

8. İş materiallarında olan tibbi sənədlərdən görünür ki, X3 autizm sindromu mövcuddur.

9. İşin materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 06 mart 2022-ci il tarixli, MŞB/6-997 saylı arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

10. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən bir övladları anadan olmuşdur. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 aprel 2017-ci il tarixli, 2(006)-3139/2017 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 28 noyabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 02 mart 2017-ci il tarixdən başlayaraq hər ay 137 manat və 28 noyabr 2016-cı il təvəllüdlü X5 üç yaşına çatanadək 50 manat, ümumilikdə 187 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda uşaq üç yaşına çatdığına görə həmin 50 manat pul kəsilmiş və 137 manat uşağın saxlanılması üçün kifayət etmədiyindən iddiaçı alimentin artırılması və uşağın müalicəsi üçün əlavə xərclərin ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia tələbi ilə qismən razıdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

12. Eyni Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquqi varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

13. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır.

14. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı).

15. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

16. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

17. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

18. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

19. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

20. Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

21. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır.

22. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir.

23. Belə olan halda məhkəmə qanunvericiliyin tələblərini, uşağın mənafeyini və onun saxlanılması üçün cavabdehdən hər ay 137 manat sabit pul məbləğində alimentin tutulmasını hazırki dövrdə kifayət etmədiyini, iddiaçının digər gəlirlərinin olmadığını, cavabdeh tərəfin isə razı olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi tam həcmdə təmin edilməli və alimentin məbləği dəyişdirilərək, hər ay 193 manat məbləğində müəyyən edilməlidir.

24. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. 25.Bundan əlavə, əlavə xərclərin ödənilməsi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Ailə Məcəlləsinin 81.1 və 81.2-ci maddəsinin tələbinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.

26. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.

27. “Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir.

28. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarını, eyni zamanda 28 noyabr 2016-cı il təvəllüdlü X2 maddi imkanının aşağı olmasını, yüksək gəlirə malik olmamasını, həmçinin xəstəliyin forma və xarakterini, bu kimi xəstəlikdə daimi müalicə və müayinəyə ehtiyacını nəzərə alaraq hesab edir ki, iddia tələbi əlavə xərclər hissəsində qismən təmin edilməli, Cavabdeh tərəflərin birgə nikahından anadan olmuş X4 (autizm sindromu xəstəliyindən əziyyət çəkir) çəkilən əlavə xərclərə cəlb edilməli və əlavə xərclərə görə hər ay 100 manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

29. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

30. Mülki işin materiallarından görünür ki, iddiaçı əlavə xərclərə görə alimentin tutulması tələbi ilə 25.04.2022-ci il tarixində məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, əlavə xərclərə görə aliment həmin tarixdən başlayaraq tutulmalıdır.

31. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

32. Məhkəmə habelə hesab edir ki, əlavə xərclərə görə alimentin tutulması hissəsində qətnamə dərhal icra edilməlidir.

33. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflərin birgə nikahlarından anadan olmuş 28 noyabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment və əlavə xərclərə görə 25.04.2022-ci il tarixindən başlayaraq hər ay 100 (bir yüz) manat alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

34. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

35. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

36. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. 37.Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. (293-187=106 manat. 106 x 12 = 1272 manat. 272 x 1% = 2,72 manat. 30+2,72= 32,72 manat) 38.Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti 1000 manatdan çox olduğundan, cavabdehdən 32,72 manat məbləğində dövlət rüsumu tutulmaqla Dövlət Büdcəsinə ödənilməlidir.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Tərəflərin birgə nikahlarından anadan olmuş 28 noyabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Nəsimi Rayon Məhkəməsinin 03 aprel 2017-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində müəyyən edilsin və həmin pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh hər ay sabit pul məbləğində tutularaq İddiaçı ödənilsin. Cavabdeh 25 aprel 2022-ci il tarixindən başlayaraq tərəflərin birgə nikahından anadan olmuş 28 noyabr 2016-cı il təvəllüdlü X2 xəstəliyi ilə əlaqədar əlavə xərclərə görə hər ay 100 (bir yüz) manat tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə əlavə xərclərə görə tutulan aliment ilə bağlı dərhal icra olunsun. Cavabdeh 32,72 (otuz iki manat, yetmiş iki qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar