Məhkəmə qərarları › İş №2(006)-2689/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2689/2023

01.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2689/2023 01.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X11 oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1643/2018 saylı, 22 fevral 2018-ci il tarixli qətnaməsi üzrə aliment məbləğinin artırılaraq Cavabdeh 21 may 2007-ci il təvəllüdlü X8 və 25 iyun 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 01 yanvar 2023-cü il tarixdən başlayaraq hər ay üçün hər bir uşağa görə 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin artırılaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını, Cavabdeh 22 dekabr 2022-ci il tarixədək borc qalığı 11.400 (on bir min dörd yüz) manatın məcburi qaydada ödənilməsi haqqında Masallı rayon İcra və Probasiya Şöbəsi qarşısında yeni qərar qəbul edilməsinə baxılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 07 sentyabr 2005-ci il tarixdə nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahlarından 21 may 2007-ci il təvəllüdlü X8 və 25 iyun 2009-cu il təvəllüdlü X6 anadan olmuşdur. Bakı şəhəri Nəsimi rayonu qeydiyyat şöbəsində 14 mart 2017-ci il tarixdə AZ-İ № 261843 saylı nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1643/2018 saylı, 22 fevral 2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2018-ci il tarixdən başlayaraq, hər ay hər bir uşaq üçün 154 manat, cəmi 308 manat sabit pul məbləğində alimentin tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. Lakin Cavabdeh 22 dekabr 2022-ci il tarixədək borc qalığı 11.400 (on bir min dörd yüz) manat pulu ödəməmişdir. Baxmayaraq ki, o, hər ay 308 (üç yüz səkkiz) manat ödəməlidir, ancaq hər ay 70-100-130 manat vəsaiti ödəməklə kifayətlənib məhkəmənin 308 (üç yüz səkkiz) manat alimentin ödənilməsi barədə qərarı icra etməkdən yayınır. Bundan başqa, 2023-cü ilin yanvar, fevral, mart, aprel və may aylarından hal-hazırki vaxtadək Cavabdeh tərəfindən aliment pulu ödənilmir. Belə ki, Cavabdeh 2023-cü ilin fevral ayından 570 (beş yüz yetmiş) manat əlilliyə görə pensiya alır, ona baxılması üçün 100 (bir yüz) manat xidmət haqqı isə şəxsə ödənilir. İddiaçı cavabdehdən hər ay aldığı 570 (beş yüz yetmiş) manat vəsaitdən hər ay üçün hər bir uşağa görə 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin, o cümlədən qalıq 11.400 (on bir min dörd yüz) manat aliment borcundan isə hər ay azaldılmaqla 100 (bir yüz) manat və ya birdəfəlik vəsaitin tam ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir. Uzun müddətdir ki, əmək fəaliyyəti ilə məşğul olmur, hal-hazırda cavabdehlə ayrı ünvanlarda yaşayıb, ayrı təsərrüfat aparırlar, iddiaçı övladları ilə birlikdə valideynlərinin evində qalır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddianı müdafiə edib bildirdi ki, 2(006)- 1643/2018 saylı qətnamə üzrə Cavabdeh 22 dekabr 2022-ci il tarixədək 11.400 manat aliment pulunu ödəməmiş, illər ötsə də, iki halda 70-100 manat, 3-cü qrup əlil olaraq hər ay 130 manat vəsait almaqla, cəmi 170 manat aliment ödəməklə məsuliyyətdən yayınmışdır. 01 fevral 2023-cü ildən 270 manat əmək pensiyası, 300 manat müavinət, 100 manat isə cavabdehə baxana görə birbaşa pul ödənilir, cavabdeh cəmi 570 manat aylıq pensiya alır. Cavabdeh bu günədək göstərilən məbləğdən əlavə heç bir aliment pulunu ödəməmişdir. İddiaçı tərəf Masallı rayon İcra və Probasiya Şöbəsində və 15 aprel 2023-cü il tarixdə isə əyani qəbulda olmuş, məktubla müraciət etmişdir. Eyni zamanda həmin şöbənin rəisi və icra məmuru ilə qəbulda olub saysız-hesabsız telefon danışıqları aparmışdır ki, məcburi qaydada aliment pulunun ödənilməsini təmin etsinlər. Bu istiqamətdə aliment pulunun aylarla ödənilməsində heç bir real nəticə, irəliləyiş əldə edilməmişdir. Cavabdeh 01 fevral 2023-cü il tarixdən birinci qrup əlil olaraq 570 manat pensiya alır, Nəsimi Rayon Məhkəməsinin qətnaməsi əsasında üçüncü qrup əlil olaraq 130 manat pensiya aldığı halda həmin məhkəmə tərəfindən xx.xx.2018-ci il tarixdə hər ay hər iki uşağa görə 309 manat alimentin pulunun tutulmasına dair qətnamə qəbul edilmişdir. Məhkəmənin gedişi zamanında 220 manat alimentin pulunun artırılaraq ödənilməsinə bitərəf qalmışdır. Lakin hazırki iş üzrə hakim əvvəlki iclasda bildirmişdir ki, “cavabdeh birinci qrup əlildir, aliment pulunu necə ödəsin” və sanki elə bil onun vəkili kimi hüquqlarını müdafiə və himayə etməyə götürmüşdür və görünür ki, vəsaitin artırılması haqqında qanunla müəyyən edilmiş qərar qəbul etmək istəmir, cavabdehi məsuliyyətdən yayınmağa rəvac verir. Cavabdeh iddiaçı ilə ailə qurmamışdan öncə ailəli olmuş və o xanımla da nikahı pozulmuşdur. Həmin nikahdan bir qız övladı dünyaya gəlmiş, cavabdeh həmin ailəyə də aliment ödəməmiş, tənha həyatın axarına buraxmışdır. Cavabdeh 570 manat pensiya aldığı halda hər iki uşağın yetkinlik yaşına çatanadək 440 manat pulun ödənilməsi qanunla təmin edilməlidir. Bundan əlavə olaraq işə baxan hakim minimum yaşayış pulundan əlavə inflyasiyanı, gündən-günə artan ərzaq-qida, geyim paltarlarının, məhsulların, uşaqların getdikcə artan tələbatlarını nəzərə almaqla, yüksək 250-280 manat hər bir uşağa görə aliment pulunu artırıb müvafiq ədalətli qətnamə çıxara bilər. Hal-hazırda iddiaçı işləmir, valideynlərinin himayəsində yaşayır, övladlarının ərzaq, geyim, dəftər-kitabının vaxtlı-vaxtında təmin edilməsində çətinlik çəkib yaşayırlar, onların hüquqları pozulmuş və onlara maddi-mənəvi ziyan vurulmuşdur. İddiaçının hüquqları pozulmaqla Azərbaycan xanımına hörmətsizlik, ögey münasibət göstərilir, stress keçirməklə xəstəlik tapdığına görə müalicə olunur. Hazırki iş üzrə hakim olaraq işi tam araşdırıb, qərərsiz qərar qəbul etmək, iddiaçının maddi durumu nəzərə alınıb və gələcəkdə artıq apellyasiya məhkəməsində yenidən işə baxılmasına zərurət yaranmamasını təmin edib ədalətli qərar qəbul etmək məhkəmədən xahiş edilir. Azərbaycan Respublikası qanunverciliyində ölkə üzrə minimum əmək haqları, əmək pensiyaları uşaqların yaşaması üçün 2018-ci ildə 154 manat, 2019-cu il tarixdə 160 manat, 2020-ci ildə 170 manat, 2021-ci ildə 175 manat, 2022-ci il tarixdə 193 manat, 2023-cü il üçün yaşayış minimumu isə ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində nəzərdə tutulmuşdur. Cavabdeh aylıq 570 manat olmaqla bərabər ona baxana isə 100 manat ödənilir. İqtisadi təhlilə əsasən aylıq 570 manat pensiyasından 308 manat aliment pulunu ödədikdən sonra onun 262 manat əlavə yaşaması üçün kifayət qədər vəsait qalır və buna bərabər ölkə üzrə pensiya məbləği 199 manat nəzərdə tutulmuşdur, 570 manat – 199 manat çıxıldıqda 371 manat və bu məbləğdən 308 manat hər ay ödənildikdən sonra əlavə 63 manat vəsait qalır. Beləliklə, iqtisadi təhlilə əsasən cavabdehin minimum yaşayışı üçün 1-ci halda 199+63=262 manat, 2-ci halda isə yenə də 262 manat, 3-cü halda 570 - 199 – 308 = 63 manat sərbəst vəsaiti özündə qalır. Dövlət tərəfindən heç bir vətəndaşa, əlilə imtiyaz verilməmişdir ki, aliment pulunun ödənişindən yayınmasına nail olsunlar. Aliment pulunun ödənilməsi qanunla məcburi qaydada tənzimlənir, əks halda məsuliyyətə cəlb edilir. Cavabdeh Konstitusiya ilə müəyyən edilmiş borcu icra etməmiş, eyni zamanda qanunla müəyyən edilən aliment pulunu da ödəmir və heç bir halda qanunla müəyyən edilən aliment pulunun ödənişindən və artırılmasından cavabdeh imtina edə bilməz və məhkəmə qanunla aliment pulunun artırılmasını təmin etməlidir. Qeyd etdiklərinə əsasən, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2689/2023 saylı, 01 avqust 2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı iddia tələbinin “aliment borcunun məcburi qaydada ödənilməsi haqqında yeni qərar qəbul edilməsi” hissəsində iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan: Nikah haqqında AZ-İ seriyalı 160466 №-li şəhadətnamədən görünür ki, Cavabdeh ilə X4 nikahı Nəsimi rayon VVADQ şöbəsində 07 sentyabr 2005-ci il tarixdə 459 № ilə qeydə alınmış, nikah bağlandıqdan sonra arvada “Ağayeva” soyadı verilmişdir. Nərimanov rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş doğum haqqında AZ-İ seriyalı 954170 nömrəli şəhadətnamədən görünür ki, X8 21 may 2007-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası qrafasında Cavabdeh, anası qrafasında İddiaçı qeyd edilmişdir. Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş doğum haqqında AZ-İİ seriyalı 296893 nömrəli şəhadətnamədən görünür ki, X6 25 iyun 2009-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası qrafasında Cavabdeh, anası qrafasında İddiaçı qeyd edilmişdir. Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən 16 mart 2017-ci il tarixdə verilmiş nikahın pozulması haqqında AZ-İ seriyalı 261843 nömrəli şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı nikahı ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 14 mart 2017-ci il tarixdə 73 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 fevral 2018-ci il tarixli 2(006)-1643/2018 saylı qətnaməsindən görünür ki, iddia ərizəsinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli, 2(006)-8320/2017 saylı qətnaməsi ilə müəyyən edilən alimentin məbləğinin artırılaraq Cavabdeh 21 may 2007-ci il təvəllüdlü X5 və 25 iyun 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 16 yanvar 2018-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 154 (bir yüz əlli dörd) manat, cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində alimentin alınıb İddiaçı ödənilməsi, qətnamənin dərhal icra olunması, iddia ərizəsinin qalan hissədə əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Bakı 16 saylı Mediasiya təşkilatının mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞB/16-00919 nömrəli arayışından görünür ki, bu arayış Cavabdeh və İddiaçı arasında olan “aliment tələbi və ödənilməyən alimentin ödənilməsi (borc 11400 manat – 2023-cü ilin yanvar, fevral, mart ayları)” tələbinə dair ailə mübahisəsi üzrə həmin tarixdə 11:00- 11:30-da həmin təşkilatda keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etmədiyini təsdiq etmək üçün verilmişdir. Nərimanov Rayon İcra Şöbəsi tərəfindən İddiaçı verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Nəsimi Rayon Məhkəməsinin 22 fevral 2018-ci il tarixli 2(006)-1643/2018 saylı icra sənədi üzrə borclu Cavabdeh xx.xx.2022-ci il tarixə ödənilməmiş 11400 manat ödənilməmiş aliment borcu mövcuddur. TƏBİB “Masallı Rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən Masallı Rayon Poliklinikasının endokrinoloji kabinetində dispanser qeydiyyatında durur. Diaqnoz: şəkərli diabet tip

2. Ağır forma, insulin tələbli. TSEK-də sonuncu müayinəyə dair məlumatın verilməsi barədə sənəddən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Orqanizmin funksiyalarının 90 % pozulması müşahidə edilmiş, əlilliyin səbəbi ümumi xəstəlik – gözdən əlil qeyd edilmiş, əmək qabiliyyətsiz hesab olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının 11 iyul 2023-cü il tarixli cavab məktubundan görünür ki, Cavabdeh sosial müavinət (s/m 003738 Masallı) ödənişi aşağıdakı ardıcıllıqla həyata keçirilmişdir: - ümumi səbəbdən 3-cü qrup əlilliyə görə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi 110.0 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi 120.0 manat, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi 150.0 manat; - orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə xx.xx.2023-cü il tarixdən-xx.xx.2023-cü il tarixə kimi 270.0 manat sosial müavinət, xx.xx.2023-cü il tarixdən-xx.xx.2023-cü il tarixə kimi 300.0 manat Prezident təqaüdü. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 11 iyul 2023-cü il tarixli cavab məktubundan görünür ki, Masallı rayon sakini Cavabdeh əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, Cavabdeh əlillik vəziyyəti 37 nömrəli Şəhər Poliklinikasının 2743003AABG8 nömrəli göndərişi əsasında xx.xx.2020-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına aid Əsasnamə”yə müvafiq olaraq ümumi xəstəlikgözdən əlilliyi olan şəxs səbəbindən müddətsiz üçüncü dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Növbəti dəfə vətəndaşın əlillik vəziyyəti xx.xx.2023-cü il tarixində dövlət tibb müəssisəsinin göndərişi əsasında yenidən qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs səbəbindən (əmək zəmanəti: əmək qabiliyyətsizdir) müddətsiz orqanizmin funksiyalarının 90 faiz pozulması barədə qərar qəbul edilmişdir. Cavabdeh dair tibbi-sosial ekspertiza sənədlərinin surəti məktuba əlavə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 11 iyul 2023-cü il tarixli cavab məktubuna əlavə edilmiş tibbi-sosial ekspertiza sənədlərindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə ilkin müayinə olunmuş, ona müddətsiz üçüncü dərəcə əlillik təyin edilmiş, görmə itiliyi otələb olunmayan işlərdə işləyə bilməsi barədə qeyd edilmişdir. xx.xx.2023-cü il tarixdə isə təkrar müayinə olunmuş, orqanizmin funksiyalarının pozulmasının yekun faizi 90 % qeyd edilmiş, müddətsiz əlilliyi müəyyən olunmuş, əmək qabiliyyətsiz hesab olunmuş, başqasının qulluğuna ehtiyacı olduğu qeyd edilmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə 07 sentyabr 2005-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından 21 may 2007-ci il təvəllüdlü X8 və 25 iyun 2009-cu il təvəllüdlü X6 anadan olmuşdur. Sonradan tərəflərin nikahı pozulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 fevral 2018-ci il tarixli 2(006)-1643/2018 saylı qətnaməsinə əsasən, həmin məhkəmənin 10 oktyabr 2017-ci il tarixli 2(006)-8320/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq Cavabdeh yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün 154 (bir yüz əlli dörd) manat, cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində alimentin alınıb İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı yetkinlik yaşına çatmayan uşaqlarının saxlanılması üçün tutulan alimentin miqdarının uşaqların tələbatının ödənilməsi üçün kifayət etmədiyini və ölkə üzrə yetkinlik yaşına çatmayanların yaşayış minimumunun artırıldığını bildirərək, cavabdehdən tutulan alimentin miqdarının artırılaraq, hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat məbləğində müəyyən edilməsini tələb edir. Cavabdeh isə uşaqların anası ilə birgə xaricdə yaşadığını, aliment qismində pensiya kartını onlara verdiyini, aliment borcuna görə həbs olunduğunu qeyd edərək 2018-ci ildən 3-cü qrup, cari ilin fevral ayından isə 1-ci qrup əlilliyinin təsdiqləndiyini, 275 manat pensiya, 300 manat prezident təqaüdü, cəmi 575 manat məbləğində aylıq gəliri olduğunu bildirir, buna görə də alimentin artırılmamasını məhkəmədən xahiş edir. Bundan əlavə iddiaçı tərəf iddia ərizəsində uşaqları ilə birgə valideynlərinin evində yaşadığını qeyd etsə də, məhkəmə araşdırmaları dövründə iddiaçının nümayəndəsi onların xaricdə yaşaması faktını təsdiqləmişdir. Məhkəmə tərəflərin dəlillərini işdə olan sübutlarla yanaşı qiymətləndirərək hesab edir ki, tələb təmin edilməməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, təkrar müayinə nəticəsində xx.xx.2023-cü il tarixdə Cavabdeh orqanizminin funksiyalarının 90 %-nin pozulması müəyyən olunmuş, ona müddətsiz əlillik təyin edilərək, əmək qabiliyyətsiz hesab olunmuş və başqasının qulluğuna ehtiyacı olduğu nəticəsinə gəlinmişdir. Hazırda aylıq gəliri cəmi 570 manat təşkil edən sosial müavinət və prezident təqaüdündən ibarətdir və qüvvədə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 fevral 2018-ci il tarixli qətnaməsinə əsasən ondan 308 manat məbləğində aliment tutulur. Məhkəmə hesab edir ki, 570 manat aylıq gəliri olan əmək qabiliyyətsiz şəxsdən 308 manat məbləğində aliment tutulduqdan sonra qalan məbləğ yalnız onun yaşayışı üçün kifayət edəcəkdir. Nəzərə alınmalıdır ki, cavabdeh əmək qabiliyyətsiz olduğundan işləyib əlavə aylıq gəlir əldə edə bilməz, üstəlik onun qulluğa da ehtiyacı vardır. Belə olan halda ondan tutulan alimentin məbləğinin artırılması məqsədəmüvafiq hesab oluna bilməz. İddiaçı tərəf cavabdehin aliment pulunu tam ödəmədiyindən borcu yarandığını mübahisələndirir, cavabdeh isə bunu təsdiq edərək əlavə edir ki, maddi imkanı olmadığından alimenti ödəyə bilmədiyinə görə həbs olunmuşdur. Təbii ki, heç bir hal məhkəmə qətnaməsinin icra edilməməsinə və ya tam icra edilməməsinə əsas ola bilməz, lakin cavabdehin vəziyyəti nəzərə alındıqda onun aliment borcunun yaranması, borca görə həbs olunması Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 fevral 2018-ci il tarixli qətnaməsi ilə müəyyənləşdirilmiş 308 manat məbləğində alimentin belə ödənilməsinin cavabdeh üçün çətin olmasının göstəricisidir. Məhkəmə göstərilənlərə əsasən qeyd edir ki, uşaqların mənafeyi əsas götürülməklə yanaşı, cavabdehin maddi vəziyyətinin perspektivi, eyni zamanda, onun səhhəti və digər diqqətəlayiq məqamlar nəzərə alındıqda ondan tutulan alimentin miqdarının məhkəmə tərəfindən artırılması cavabdehin maddi vəziyyətini hədsiz dərəcədə çətinləşdirəcəkdir. Belə olan halda alimentin məbləğinin artırılması barədə tələbin təmin və ya qismən təmin edilməsi ədalətli hesab oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi 22 fevral 2018-ci il tarixli qətnaməsi ilə cavabdehdən cəmi 308 manat məbləğində alimentin tutulmasını müəyyən edərkən o, əmək qabiliyyətli olmuş, işləyib özünü və uşaqlarını saxlamaq iqtidarında olmuşdur. Hazırda cavabdeh əmək qabiliyyətsizdir, gözdən əlildir, işləmək və qazanc əldə etmək iqtidarında deyil, eyni zamanda, başqasının qulluğuna da ehtiyacı vardır. Belə olan halda başqa heç bir məqam nəzərə alınmadan məhz uşaqlar üçün yaşayış minimumunun artırılması səbəbindən məhkəmə tərəfindən hazırki tələbin təmin edilməsi ədalətli, məqsədəmüvafiq və ağlabatan hesab oluna bilməz. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, təkcə bu müddət ərzində uşaqlar üçün yaşayış minimumunun artması alimentin artırılması üçün əsas ola bilməz, bunun üçün qanunvericiliklə müəyyən edilmiş paralel əsaslar da olmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar