Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2690/2023 10.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Vərəslı̇ Elşad Əfraz oğluna qarşı «alimentin artırılması və s.» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Vərəslı̇ Elşad Əfraz oğlundan Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə kəsilmiş aliment miqdarının onun xeyrinə artırılaraq, xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2009-cu il təvəllüdlü Vərəslı̇ Elgün Elşad oğlunun yetkinlik yaşına çatana kimi saxlanmaları üçün sabit pul məbləğində hər ay hər uşağa 220 manat olmaqla, cəmi 440 manat alimentin və əlavə xərc olaraq 500 manat pulun iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Vərəslı̇ Elşad Əfraz oğlu ilə 2005-ci il tarixdə ailə həyatı qurmuş və nikahları isə xx.xx.2005-ci il tarixdə rəsmiləşdirilmişdir. Birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü Vərəslı̇ Əfraz Elşad oğlu və xx.xx.2009-cu il təvəllüdlü Vərəslı̇ Elgün Elşad oğlu anadan olmuşdur. Lakin ailə münasibətləri alınmadığından tərəflərin nikahı pozulmuş və uşaqlar iddiaçının yanında saxlanılmışdır. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə uşaqların saxlanması üçün cavabdeh Vərəslı̇ Elşad Əfraz oğlundan hər ay hər uşağa görə 175 manat, cəmi 350 manat aliment tutulması qət edilmişdir. 350 manat aliment hazırki vəziyyətdə onların saxlanılmasına kifayət etmir. Ona görə də iddiaçı alimentin Prezidentin Sərəncamına uyğun olaraq müəyyən edilməsini tələb edir. Belə ki, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Uşaqlar böyüdükcə onların tələbatları da çoxalır və ona görə də onların saxlanılmaları üçün alimentin artırılması zəruridir. Bundan başqa iddiaçı xx.xx.2009-cu il təvəllüdlü Vərəslı̇ Elgün Elşad oğlunun hazırlıq kurslarına görə hər ay 200 manat, xx.xx.2006-cı il təvəllüdlü Vərəslı̇ Əfraz Elşad oğlunun hazırlıq kurslarına görə isə hər ay 800 manat pul ödəyir. Ona görə də cavabdehdən əlavə xərc olaraq 500 manat pul tutulmasını da məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Vərəslı̇ Elşad Əfraz oğlu məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: AA4749786 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Vərəslı̇ Əfraz Elşad oğlu xx.xx.2006-cı il tarixdə doğulmuşdur. AZE seriyalı 12832179 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Vərəslı̇ Elgün xx.xx.2009-cu il tarixdə Bakı şəhərində doğulmuş, atası Vərəslı̇ Elşad, anası İddiaçıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6413/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbinin təmin edilməsi, Vərəslı̇ Elşad Əfraz oğlu ilə İddiaçı arasındakı 08 avqust 2005-ci il tarixində Füzuli rayon VVADQ şöbəsində nikah haqqında akt qeydləri kitabında 292 nömrəsi ilə bağlanmış nikahın pozulması, tərəflərin övladları xx.xx.2006-cı il təvəllüdlü Vərəslı̇ Əfraz Elşad oğlu və xx.xx.2009-cu il təvəllüdlü Vərəslı̇ Elgün Elşad oğlunun anaları İddiaçı yanında qalmaları, Vərəslı̇ Elşad Əfraz oğlundan xx.xx.2006-cı il təvəllüdlü Vərəslı̇ Əfraz Elşad oğlu, xx.xx.2009-cu il təvəllüdlü Vərəslı̇ Elgün Elşad oğlunun yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat, ümumilikdə 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin xx.xx.2021-ci il tarixdən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli 25 №-li tədris müqaviləsindən görünür ki, Vərəsli Əfraz "xxxx" MMCdə 1 aylıq kurs üçün müəyyən olunmuş 180 manat ödədikdən sonra 1 ay ərzində 8 dərs, həftədə 2 dəfə 90 dəqiqə davam edən dərslərdə iştirak edir. Bakı 16 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞB/16-00968 nömrəli arayışından görünür ki, ailə mübahisəsi - alimentin artırılması və uşaqların təhsil haqqına görə əlavə xərc tələbi üzrə mediasiya işi ilə bağlı xx.xx.2023cü il tarixə, saat 13:00-13:30-a ilkin mediasiya sessiyası təyin edilmiş və bu barədə xx.xx.2023-cü il tarixdə tərəflərə bildiriş göndərilmişdir. İlkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, lakin Vərəslı̇ Elşad Əfraz oğlu iştirak etməmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Vərəslı̇ Elşad Əfraz oğlu (VÖEN: **********) avto diaqnostika xidmətlərinin göstərilməsi ilə məşğul olan vergi ödəyicisidir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh Vərəslı̇ Elşad Əfraz oğlu 08 avqust 2005-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü Vərəslı̇ Əfraz Elşad oğlu və xx.xx.2009-cu il təvəllüdlü Vərəslı̇ Elgün Elşad oğlu anadan olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6413/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, uşaqların İddiaçı yanında saxlanılmaları və onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Vərəslı̇ Elşad Əfraz oğlundan hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı cavabdehdən tutulan 350 manat məbləğində alimentin uşaqların tələbatının ödənilməsi üçün kifayət etmədiyini və ölkə üzrə yetkinlik yaşına çatmayanların yaşayış minimumunun artırıldığını bildirərək, alimentin miqdarının artırılmasını, hər ay hər uşağa 220 manat olmaqla, cəmi 440 manat alimentin və eyni zamanda, uşaqların hazırlıq kurslarına görə əlavə xərc olaraq 500 manat pulun cavabdehdən tutularaq ödənilməsini tələb edir. Məhkəmə “alimentin artırılması” ilə əlaqədar iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçı əvvəllər müəyyənləşdirilmiş alimentin uşaqların tələbatını ödəməyə imkan verməməsinə əsaslanmaqla alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi 2(006)-6413/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflərin uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Vərəslı̇ Elşad Əfraz oğlundan hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsini müəyyənləşdirərkən həmin dövrün həyat standartlarını, uşaqların ehtiyaclarının səviyyəsini əsas götürmüşdür. Həmin qətnamə Vərəslı̇ Elşad Əfraz oğlu tərəfindən mübahisələndirilməmiş, qanuni qüvvəsini almış və müvafiq qaydada icraya yönəldilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, sözügedən qətnamə əsasında verilmiş icra sənədi üzrə icra işi hazırda (icra məmuru: Əkbərov F.A.) icraatdadır. Hazırki iddia tələbinin dəlillərinə nəzər salınan zaman alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Uşaqların iddiaçının himayəsində qalması uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərcinin aliment kimi digər valideyndən – cavabdehdən tutulmasına əsas hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMTnin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. Ailə Məcəlləsinin: 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının: 8.2-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.13-cü bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14-cü bəndində qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2023-cü il üçün yaşayış minumumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin “əlavə xərc” hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, hazırki işin faktiki halları valideynlərin əlavə xərclərdə iştirakı ilə bağlı qanunvericiliklə müəyyən edilmiş hallara aid edilmədiyindən tələb bu hissədə təmin edilməməlidir. Belə ki, Ailə Məcəlləsinin 81.1 və 81.2-ci maddəsinin tələbinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. İddiaçı əlavə xərc tələbini məhz uşaqların hazırlıq kurslarına aylıq 1000 manat ödədiyi ilə əsaslandırdığından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki: Təhsil cəmiyyətin və dövlətin inkişafında mühüm rol oynayan, strateji əhəmiyyəti ilə fərqlənən fəaliyyət sahəsidir. Təhsil hüququ vətəndaşların əsas hüquqlarındandır. Belə ki, Konstitusiyanın 42-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır və dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. “Təhsil haqqında” Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanununun 19.4, 19.14 və 19.18-ci maddələrinə əsasən, Azərbaycan Respublikasında ümumi təhsil ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsildən ibarətdir, ümumi orta təhsil icbaridir. Tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur. Ailə Məcəlləsinin: 58.4-cü maddəsinə əsasən, valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. “Uşaq hüquqları haqqında” Qanunun 22-ci maddəsi uşaqların icbari ümumi orta təhsildən yayındırılmasını qadağan edir. Valideynlərin uşağın təhsilində iştirakı ilə bağlı hüquqları və vəzifələri “Təhsil haqqında” Qanunda da göstərilmişdir. Həmin Qanunun 34-cü maddəsinə görə valideynlərin aşağıdakı hüquqları vardır: uşaqları üçün təlim-tərbiyə müəssisəsini seçmək, uşağının tərbiyəsi və təhsili ilə bağlı dövlət orqanlarına müraciət etmək, təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsi ilə əməkdaşlıq etmək və s. 58.5-ci maddəsində qeyd olunur ki, valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Göründüyü kimi, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Təhsil üçün çəkilən xərclər Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən valideynlərin məhkəmə tərəfindən ödənilməsinə cəlb oluna bildiyi əlavə xərclərə aid edilmir və bu normaya istinadən əlavə xərc kimi təhsil üçün çəkilmiş xərcin digər valideyndən tələb edilməsi əsassızdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6413/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılmalı, xx.xx.2006-cı il təvəllüdlü Vərəslı̇ Əfraz Elşad oğlu və xx.xx.2009-cu il təvəllüdlü Vərəslı̇ Elgün Elşad oğlunun yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdeh Vərəslı̇ Elşad Əfraz oğlundan hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, iddia qalan hissədə təmin edilməməlidir. Müki Prosessual Məcəllənin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6413/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılsın. xx.xx.2006-cı il təvəllüdlü Vərəslı̇ Əfraz Elşad oğlu və xx.xx.2009-cu il təvəllüdlü Vərəslı̇ Elgün Elşad oğlunun yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdeh Vərəslı̇ Elşad Əfraz oğlundan hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-2690/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2690/2023
10.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver