Məhkəmə qərarları › İş №2(006)-2694/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2694/2021

20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2694/2021 20.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məmmədov İlkin Umud oğlunun katibliyi, İddiaçı Ləğvetmə prosesində olan «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğvetmə prosesində olan «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğvetmə prosesində olan «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 117.76 ABŞ dolları əsas, 31.38 ABŞ dolları faiz, 714.73 ABŞ dolları cərimə, 21.50 ABŞ dolları gecikdirilmiş vaxt üçün (illik 5%) faiz borcu olmaqla, cəmi 885.37 ABŞ dolları borcun və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan «xxxx» ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, «xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən cavabdehə 29 ay müddətinə 15 faizlə 1049 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2020-ci il tarixə cavabdehin kredit üzrə borcu cəmi 885.37 ABŞ dolları olmaqla, bundan 117.76 ABŞ dolları əsas, 31.38 ABŞ dolları faiz, 714.73 ABŞ dolları cərimə, 21.50 ABŞ dolları gecikdirilmiş vaxt üçün (illik 5%) faiz borcu təşkil edir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********138 saylı xx.xx.2020-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və bildirdi ki, tərəflər arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi bankın arxivində aşkar edilmədiyi üçün müqavilənin əslini, yaxud müqavilənin notarial qaydada təsdiq olunmuş surətini məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Ləğvetmə prosesində olan İddiaçı1 ASC tərəfindən verilən xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu-ci il tarixədək olan dövrü əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh adına olan 4-70360555-8 saylı hesab nömrəsi üzrə 117.76 ABŞ dolları məbləğində qalıq mövcuddur. xx.xx.2020-ci il tarixli, **********771 saylı maliyyə arayışından görünür ki, xx.xx.2015ci il tarixli ********* saylı saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə Cavabdeh ləğvetmə prosesində olan İddiaçı1 ASC-yə 117.76 ABŞ dolları əsas, 31.38 ABŞ dolları faiz, 714.73 ABŞ dolları cərimə, 21.50 ABŞ dolları gecikdirilmiş vaxt üçün (illik 5%) faiz borcu olmaqla, cəmi 885.37 ABŞ dolları borcu vardır. xx.xx.2020-ci il tarixli, **********138 saylı bildirişin surətindən görünür ki, borcalan kredit müqaviləsinin şərtlərini pozaraq əsas və faiz borcunun ödənilməsini təmin etmədiyinə, ödəmə vaxtlarını müxtəlif vaxtlarda pozduğuna görə, ona ləğvetmə prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən borc məbləğinin könüllü şəkildə ödənilməməsi halında məhkəmə qaydasında kredit üzrə faizlərin, gecikdirilmiş gün üçün faizlərin və dəbbə pulunun tutulması barədə xəbərdarlıq edilmişdir. xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh xx.xx.1957-ci il tarxidə Ermənistan SSR, Qafan rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. xx.xx.2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı ləğvetmə prosesində olan İddiaçı1 ASC tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyər hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüquu vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır; 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin; 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Yuxarıda sadalanan normaların məzmunundan göründüyü kimi, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə bağlanmalıdır. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. İşin hallarından göründüyü kimi iddiaçı peşəkarlıq qaydasında kreditlər verilməsi ilə məşğul olanbank təşkilatıdır və kredit müqaviləsinin mövcudluğuna istinad edərək əsas borc, faiz borcu və cərimə borcu tələb edir. Lakin iddiaçı kredit müqaviləsinə istinad edərək pul tələb etsədə müqavilənin əslini və ya təsdiq edilmiş surətini məhkəməyə təqdim etməmişdir. Mülki Məcəllənin 740-cı maddəsinin münasibətlərin yarandığı zaman qüvvədə olan normasına əsasən, yəni xx.xx.2016-cı il tarixədək borc müqaviləsinin yazılı formada bağlanmalı olmasına dair xüsusi qeyd-şərt olmamışdır. Lakin bank təşkilatları ilə bağlanmış kredit müqaviləsi elə təbiətli müqavilədir ki, tərəflər borcun qaytarılmasının müddəti, qrafiki, faizi və. s barədə razılaşmalıdırlar. Bununla bağlı “Banklarda kreditlərin verilməsi qaydaları”, “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları”və .s barədə normativ hüquqi aktlar və digər normativ xarakterli hüquqi aktlar mövcuddur. Hazırkı mübahisədə yazılı qaydada tərtib edilmiş kredit müqaviləsi iş materiallarında aşkar olunmamış və iddiaçı tərəf də həmin müqavilənin təqdim edilə bilməyəcəyini qəbul edir. Bu baxımdan məhkəmə o qənaətə gəlir ki, cavabdehdən əsas borcun, faiz borcunun, cərimənin, habelə borcun gecikdirilməsi ilə bağlı faizlərin ödənilməsini tələb edilməsinə baxmayaraq, həmin borcun məbləği, qaytarılma müddəti və qrafiki, o cümlədən ona hesablanacaq faiz dərəcəsinə, gecikdirildiyi halda ödəniləcək cəriməyə dair yazılı razılaşma, habelə göstərilən məbləğin cavabdehə borc kimi verilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən iddiaçı ilə cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmamışdır. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Bu baxımdan məhkəmə o qənaətə gəlir ki, cavabdehin müqavilə və qanuni əsas olmadan iddiaçının tələbinin əsasını təşkil edən məbləği qəbul etdiyi təsdiq olunmuş olsa belə, bununla bağlı tələb hüququ artıq aradan qalxmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı ləğvetmə prosesində olan «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddiası rədd edilməli və iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar