Məhkəmə qərarları › İş №2(006)-2695/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2695/2022

06.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2695/2022 06.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ İş № 2(006)-2695/2022 xx.xx.2022 QƏTNAMƏ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçı Əliyeva (Nağıyeva) Səbinə Təbrik qızının iştirakı ilə, iddiaçı Əliyeva (Nağıyeva) Səbinə Təbrik qızının Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Əliyeva (Nağıyeva) Səbinə Təbrik qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 aprel 2022-ci il tarixdən başlayaraq Cavabdeh 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşınadək saxlanılması üçün hər ay Cavabdeh tutulan alimentin məbləğinin artırılaraq, "Yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, hər ay 193 manat məbləğdə tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olmuş və onların birgə nikahından xx.xx.2016-cı il tarixdə uşaqları X6 anadan olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-603/2019 saylı qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş və övladları X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 160 (yüz altmış) manat məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Sonradan o, 2021-ci il tarixdə alimentin məbləğinin artırılması ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Cavabdehin məhkəmədə razılığı ilə alimentın 175 manat məbləğində ödənilməsi məsələsi həll olunduğundan, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsin xx.xx.2021-ci il tarixli, 2(006)-2520/2021 saylı qərardadı ilə ərizə baxılmamış saxlanılmış və cavabdeh növbəti aylardan 175 manat məbləğində aliment ödəməyə başlamışdır. Lakin hal-hazırda ödənilən həmin aliment məbləği uşağın maddi tələbatlarının ödənilməsi üçün kifayət etmir. Qızının 5 yaşı var. O, işləmir və əlavə gəlir yeri yoxdur. Cari ildə minimum yaşayış həddi artdığı üçün hazırda ödənilən aliment uşağın sağlamlığına və digər təlabatlarına xərclənən məsrəfləri ödəmir. Göstərilənləri nəzərə alaraq məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı Əliyeva (Nağıyeva) Səbinə Təbrik qızı yuxarıda qeyd edilən məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. 1 saylı Bakı “ASAN” Xidmət mərkəzinin qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İİİ seriyalı 784756 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında X5 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 3056 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-603/2019 saylı qətnaməsinə əsasən, iddia qismən təmin edilmiş, Cavabdeh ilə X5 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış və Nəsimi rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 364 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2016-cı il təvəllüdlü X4 anası X2 yanında qalmasının müəyyən edilməsi, 20 may 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün 08 oktyabr 2018-ci il tarixdən başlayaraq 31 dekabr 2018-ci ilədək hər ay 154 manat, 01 yanvar 2019-cu il tarixdən başlayaraq hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq X3 ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Belə ki işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, iddiaçı Əliyeva (Nağıyeva) Səbinə Təbrik qızı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2016-cı il tarixdə X6 anadan olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-603/2019 saylı qətnaməsi ilə iddiaçı Əliyeva (Nağıyeva) Səbinə Təbrik qızı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə bağlanmış və Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 364 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahlarından anadan olmuş X4 anası Əliyeva (Nağıyeva) Səbinə Təbrik qızının yanında qalması müəyyən edilmiş, Cavabdeh 20 may 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 08 oktyabr 2018-ci il tarixdən başlayaraq 31 dekabr 2018-ci ilədək hər ay 154 manat, 01 yanvar 2019-cu il tarixdən başlayaraq hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Əliyeva (Nağıyeva) Səbinə Təbrik qızına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1. maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2022-ci il üçün yaşayış minumumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə hesab edir ki, iddiaçı məhkəmə qətnaməsinə əsasən uşağın saxlanması üçün xeyrinə tutulan aliment məbləğinin dəyişdirilməsinə, alimentin sabit pul məbləğində tutulmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, ödənilən aliment məbləğinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə uşaq üçün müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olması uşağın mənafeyinin əhəmiyyətli dərəcədə pozulmasına səbəbdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilən şərtlərlə əlaqədar məhkəmə qeyd edir ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosial-iqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri sayır ki, uşağın tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşağın digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşağını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək, ödəmələrin miqdarını müəyyənləşdirən halların artıq dəyişdiyini və alimentin ödənilməsinin eyni qaydada davam etməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli olmadığını, həmçinin aliment məbləğinin müəyyən edilməsinə təsir edən diqqətəlayiq digər halların mövcudluğunu nəzərə alaraq hesab edir ki, iddia bu hissədə təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-603/2019 saylı qətnaməsi ilə Cavabdeh iddiaçı Əliyeva (Nağıyeva) Səbinə Təbrik qızının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Əliyeva (Nağıyeva) Səbinə Təbrik qızına ödənilməlidir. Məhkəmə iddianı “aliment məbləğinin artırılaraq 19 aprel 2022-ci il tarixdən tutulması” hissəsində təmin etməyərək qeyd edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsi ilə müəyyən edilmiş qaydalardan fərqli olaraq, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirildiyi (artırıldığı və ya azaldıldığı) təqdirdə, miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə çıxarılmış məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən başlanılır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-603/2019 saylı qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X1 üçün iddiaçı Əliyeva (Nağıyeva) Səbinə Təbrik qızının xeyrinə Cavabdeh tərəfindən ödənilən alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq Əliyeva (Nağıyeva) Səbinə Təbrik qızına ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar