Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2717/2022 21.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, cavabdehin nümayəndələri X3 və X4 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lerik rayonunun Orand kəndində İdin adlanan ərazisində elektrik naqillərinin bərbad olması səbəbilə elektrik gərginliyi nəticəsində ona məxsus at ölmüşdür. Atın ölməsi nəticəsində ona 1000 (min) manat maddi ziyan dəymişdir. Dəymiş 1000 manat maddi ziyanın X9 (“Azərişıq ASC)-dən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən cavabdeh X9 əsl cavabdeh "xxxx" ASC ilə əvəz edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 1984-cü il tarixdə Lerik rayonunun Orand kəndində anadan olmuşdur. Lerik rayonunun Orand kəndində qeydiyyatda olmaqla orda yaşayır. Ailəlidir, bir oğlu, bir qızı var. Heç bir yerdə işləmir. Təsərrüfatla məşğul olur. Təsərrüfatında iribuynuzlu heyvanlarla yanaşı bir ədəd at saxlayırdı. Bildiyimiz kimi at təsərrüfatda böyük əhəmiyyət daşıyır. Bütün təsərrüfat işləri at vasitəsilə görülür. Kənddə elektrik naqilləri və dirəkləri bərbad vəziyyətdədir. Elektrik dirəklərinin bu halda olması həm kənd sakinləri üçün, həm də təsərrüfatları üçün real təhlükədir. Bununla bağlı aidiyyəti qurumlara müraciətlər etsələr də, bir nəticə verməmişdir. 2020-ci il sentyabr ayının 23-də kəndin İdin adlanan ərazisində elektrik gərginliyi nəticəsində atı ölmüşdür. Xoşbəxtlikdən ətrafdan adamlar və digər heyvanlar olmamışdır. Əlaqədar hadisə ilə bağlı Lerik Rayon İcra hakimiyyətinə sorğu göndərmişdir. Sorğunun nəticəsi olaraq Orand kənd inzibati ərazi dairəsinin nümayəndəsi tərəfindən hadisənin olduğu yerə baxış keçirilmişdir. Pirəsora məntəqəsinin baytar həkimi və digər kənd sakinlərinin iştirakı ilə yerində akt tərtib edilmişdir. Müəyyən edildi ki, ona məxsus at həqiqətən elektrik naqillərinin yaxınlığında elektrik vurması nəticəsində tələf olmuşdur. Bununla əlaqədar o "xxxx" ASC-yə, daha sonar Azərbaycan Respublikasının Energetika Nazirliyinə müraciətlər etmişdir. Müraciətinə cavab olaraq X1 Agentliyinin Lənkəran filialında baxıldığı göstərilmişdir. Müraciətin nəticəsi olaraq bildirilmişdir ki, guya elektrik dirəkləri və naqilləri təzə dəyişdirilmiş və bərpa olunmuşdur. Guya elektrik dirəklərində və naqillərində heç bir təhlükəli vəziyyət olmamışdır. O da qeyd olunmuşdur ki, guya ona məxsus at naməlum səbəbdən tələf olmuşdur. Bütün müraciətləri nəticəsiz qaldığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq, mülki işin baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndələri cavabdehin nümayəndələri X3 və X7 Məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Əsaslandırıcı hissə: Məhkəmə cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Orand kənd Ərazi İcra Nümayəndəsi tərəfindən verilmiş Arayışdan görünür ki, İddiaçı, 1984-cü il təvəllüdlüdür. Lerik rayon Orand kəndində pasport qeydiyyatındadır. Lerik rayon Orand kəndində yaşayır. Orand kənd ərazi icra nümayəndəsinin müavini vəzifəsində işləyir. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini tənzimləmə X5 tərəfindən İddiaçı ünvanlanmış AERA-26-278/22 saylı məktubdan görünür ki, xx.xx.2020ci il tarixdə kəndin İdin adlanan meşəlik ərazidə atın öldüyünü bildikdən sonra müxtəlif qurumlara edilmiş müraciətlər araşdırılmış və ona rəsmi cavablar verilmişdir. Cavab məktublarda atın gərginliyə düşməsi barədə sübutedici faktlar qeyd olunmamışdır. Yaranmış problemə münasibət bildirilməsi məqsədilə "xxxx" ASC-nin X13 Təchizatı və Satışı İdarəsinə məktub ünvanlanmışdır. X6 xx.xx.2022-ci il tarixli 018 nömrəli cavab məktubunda vətəndaşın yaşadığı ərazinin enerji təchizatını təmin edən 6 nömrəli 10 kVluq hava elektrik verilişi xəttində (HEVX) 225 ədəd yararsız ağac dayaq yeni dəmir dayaqlarla, 10000 metrdən çox naqil yenisi ilə əvəz olunduğu, həmçinin HEVX-də mütəmadi təmir işlərinin aparıldığı, təhlükəli vəziyyətin tam aradan qaldırıldığı və atın gərginliyə düşmədiyi, naməlum səbəbdən öldüyü bildirilmişdir. Azərbaycan Respublikası Lerik Rayon İcra Hakimiyyəti Başçısının Orand kənd inzibati ərazi dairəsi tərəfindən Lerik Rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 33 №-li məktubun surətindən görünür ki, 23 sentyabr 2021-ci il tarixdə hadisənin olduğu yerə baxış keçirilmişdir. Bununla bağlı Pirəsora məntəqəsinin baytar həkimi və digər kənd sakinlərinin iştirakı ilə yerində akt tərtib olunmuşdur. Müəyyən olunmuşdur ki, İddiaçı məxsus at həqiqətən elektrik naqillərinin yaxınlığında elektrik vurması nəticəsində tələf olmuşdur. Lerik rayon Orand kəndinin Elektrik təsərrüfatında bərpa işləri görülməmişdir. Orand kənd Ərazi İcra Nümayəndəsi Vasif Manafov, Orand kənd Ərazi İcra Nümayəndəsinin müavini İddiaçı, Pirəsora məntəqə baytar həkimi Əsəd Rzayev, Orand kənd sakini Əkrəm Rzayev, Orand kənd sakini Savalan Mikayılov tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli Aktın surətindən görünür ki, 20 sentyabr 2021-ci il tarixində Orand kəndində elektrik enerjisinin verilməsi dayandırılmışdır. Elektrik şəbəkəsi işçilərinin şifahi məlumatına əsasən İdin ərazisində dirəklər və elektrik naqilləri yer ilə təmasda olmuşdur. Orand kənd sakini İddiaçı məxsus at İdin ərazisində həmin qəzalı dirəklərin yanında yüksək gərginlik vuraraq öldürmüşdür. Əsəd Rzayev, İddiaçı, Əkrəm Rzayev, Savalan Mikayılov tərəfindən tərtib edilmiş Yarma Protokolundan görünür ki, Lerik rayon Orand kənd sakini İddiaçı 4 yaşlı kəhər-sarı, erkək cinsli at 23 sentyabr 2021-ci il tarixdə elektrik cərəyanı vurması nəticəsində ölmüşdür. Bədəndə yanğınlar var. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi Lerik Rayon İdarəsi tərəfindən verilmiş 23 sentyabr 2021-ci il tarixli rəydən görünür ki, Lerik rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin Baytar həkimi X2 rayon Orand kənd sakini İddiaçı şəxsi təsərrüfatına məxsus 1 baş 4 yaşda 270 kq diri kəkili kəhər-sarı rəngli erkək at Orand kənd ərazisinin İdin deyilən ərazidə elektrik cərəyanın vurulmasından ölmüşdür. Orand kənd sakini İddiaçı şəxsi təsərrüfatlarına məxsus bir baş atın elektrik cərəyanın vurulmasından öldüyü üçün vətəndaşa bazar qiymətinə əsasən 800 (səkkiz yüz) manat dəyərində ziyan dəymişdir. İddiaçı, Rzayev Əsəd, Manafov Vasifin iştirakı ilə tərtib edilmiş AERA/26-0070 saylı, xx.xx.2022-ci il tarixli Aktdan görünür ki, hər üç nəfərin verdiyi izahata görə aktın öldüyü yerə baxış keçirilərkən elektrik naqilinin atın üstündə olmadığını bildirdilər. İki-üç gündən sonra atın həmin yerdə olmadığı bildirildi. Azərişıq ASC tərəfindən Lerik rayon Orand kənd sakini İddiaçı ünvanlanmış məktubun surətindən görünür ki, onun təsərrüfatda olan at gərginliyə düşməmiş və şəbəkəyə məlum olmayan səbəbdən tələf olmuşdur. Şəbəkənin əməkdaşları hadisə zamanı həmin sahəyə baxış keçirərkən ölmüş atın cəsədini hava xəttinə 80-100 metr aralı məsafədə tələf olmasını müəyyən etmişdilər. Şəbəkənin əməkdaşları atın üstündəki, elektrik cərəyanın təsirindən zədə (termiki yanıq və digər xəsarətlər) alması halları müəyyən etməmişdilər. Atın tələf olunan tarixlərdə 6 saylı 10 kv-luq hava elektrik veriliş xəttində qəza və qısa-qapanmadan açılma halları olmamışdır. Onun həmin hadisədən 6 ay sonra təqdim etdiyiniz yerli baytarlıq həkimin rəy protokolunda tarix və cəsədin elektrik cərəyanından tələf olunma nişanələri qeyd olunmamış işlədiyi ərazinin ƏlN-nin öz möhürü ilə təsdiq edilmişdir. Bundan başqa yazılmış yerli akt hadisədən xeyli müddət keçdikdən sora yazıldığı üçün tarix qeyd olunmamışdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı Lerik rayonu Orand kənd sakinidir. Hadisə baş verən zaman, yəni xx.xx.2021-ci il tarixdə İddiaçı məxsus 4 yaşlı kəhər-sarı, erkək cinsli at yüksək gərginlikli elektrik xəttinin qırılaraq yerə düşməsi nəticəsində cərəyan vurmasından tələf olmuşdur. Bu barədə müvafiq akt tərtib olunmuşdur. İddiaçı məxsus 4 yaşlı kəhər-sarı, erkək cinsli atın həmin ərazidə tələf olmasına gətirib çıxaracaq digər yüksək təhlükə mənbəyi yoxdur. Göründüyü kimi, cavabdeh tərəfindən ərazidə olan elektrik xətləri və dirəkləri saz vəziyyətdə saxlanmamış, təhlükəsizlik qaydalarına riayət edilməmiş və həmin xəttlər və dirəklərlə bağlı texniki istismar qaydalarının, aidiyyatı təlimatların tələbləri pozulmuşdur. Nəticədə iddiaçıya maddi ziyan vurulmuşdur. Vurulmuş maddi ziyanın həcminə gəldikdə, məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş maddi ziyan 800 manat həddində təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi Lerik Rayon İdarəsi tərəfindən verilmiş 23 sentyabr 2021-ci il tarixli rəydən görünür ki, Lerik rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin Baytar həkimi X2 rayon Orand kənd sakini İddiaçı şəxsi təsərrüfatına məxsus 1 baş 4 yaşda 270 kq diri kəkili kəhər-sarı rəngli erkək at Orand kənd ərazisinin İdin deyilən ərazidə elektrik cərəyanın vurulmasından ölmüşdür. Orand kənd sakini İddiaçı şəxsi təsərrüfatlarına məxsus bir baş atın elektrik cərəyanın vurulmasından öldüyü üçün vətəndaşa bazar qiymətinə əsasən 800 (səkkiz yüz) manat dəyərində ziyan dəymişdir. İddiaçı dəymiş maddi ziyanın ödənilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, ona vurulmuş maddi ziyan ödənilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi, elektrik enerjisinin verilişi ilə məşğul olan cavabdeh aidiyyatı xəttlərin və dirəklərin istismar qaydalarına riayət olunmasını təmin və buna nəzarət etməmiş, elektrik xəttinin qırılması və cərəyan vurması nəticəsində iri buynuzlu mal tələf olmuş və iddiaçıya maddi ziyan dəymişdir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən iddia tələbi 7000 manat maddi ziyanın vurulmasına dair hissədə əsaslıdır və iddiaçıya vurulmuş zərər cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Ödəniş tapşırığından (qəbzindən) görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş maddi zərərə görə cavabdeh "xxxx" ASC-dən 800 manat tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş maddi zərərə görə cavabdeh "xxxx" ASC-dən 800 manat tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-2717/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2717/2022
21.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver