Məhkəmə qərarları › İş №2(006)-2726/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2726/2025

05.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2726/2025 05.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9000 manat, borc müqaviləsini rəsmiləşdirmək üçün ödədiyi 26 manat və dövlət rüsumu olaraq ödədiyi 110 manat olmaqla, ümumilikdə 9136 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

3. xx.xx.2024-cü il tarixli borc müqaviləsindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh 9000 manat pul məbləğində borc verməyi, borc alan isə xx.xx.2024-cü il tarixədək borcunu borc verənə qaytarmağı öhdələrinə götürmüşdür.

4. xx.xx.2025-ci il tarixli icra qeydindən görünür ki, Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X2 xx.xx.2024-cü il tarixli borc müqaviləsi üzrə İddiaçı xeyrinə Cavabdeh vaxtında ödənilməmiş 9000 manat və 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 9025 manat pulun tutulması barədə icra qeydi aparmışdır.

5. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X1 xx.xx.2025-ci il tarixli “icraata başlamaq haqqında” qərarından görünür ki, icra sənədi üzrə borclu Cavabdeh 9025 manat məbləğində pul vəsaiti tutularaq tələbkar İddiaçı xeyrinə ödənilməsi barədə icra sənədi üzrə icraata başlanması qərara alınmışdır.

6. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X1 xx.xx.2025-ci il tarixli “icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” qərarından görünür ki, icra sənədinin icra olunması üçün Abşeron rayon İcra və probasiya şöbəsinə göndərilməsi qərara alınmışdır.

7. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 110 manat dövlət rüsumu ödənilmişdir.

b) məhkəmənin mövqeyi:

8. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli borc müqaviləsi üzrə cavabdehin öz öhdəliyini yerinə yetirməməsi səbəbindən Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən icra qeydi aparılmışdır. Həmin icra qeydi üzrə Nəsimi rayon İcra şöbəsinin icra məmuru tərəfindən icraata başlanılmışdır. Daha sonra isə icra sənədi aidiyyəti üzrə icra olunması üçün Abşeron rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Hazırda iş materiallarından müəyyən edilir ki, icra qeydinin ləğv edilməsi barədə məhkəməyə heç bir sənəd təqdim edilməmişdir.

9. İcra qeydi müqaviləyə əsaslanan öhdəliyin məcburi icrası üsuludur və öhdəliyin mübahisəsiz olduğu hallarda tətbiq edilir. İcra qeydi hüquqi təbiəti etibarilə müqavilə öhdəliyinin icra olunması ilə bağlı qəti vəzifə müəyyən edir və məhkəmə tərəfindən verilən icra sənədi ilə eyni qüvvəyə malik olmaqla, icrası məcburidir.

10. Məhkəmə izah edir ki, iddiaçının hazırkı tələbi məhkəmə tərəfindən təmin edildiyi halda məhkəmə həmin qətnamənin icra olunması üçün müvafiq icra şöbəsinə icra vərəqəsi göndərməlidir. Notariusun apardığı icra qeydi məhkəmə tərəfindən veriləcək icra sənədi ilə eyni qüvvəyə malik olan sənəd olduğuna görə iddiaçının hüquqlarının təminatı baxımından hazırkı iddia tələbinə məhkəmədə baxılmasına zərurət yoxdur. Hazırkı mübahisə barədə artıq icra sənədi mövcuddur və həmin icra sənədi icra olunmalıdır. Buna görə də iddiaçı tərəfindən pozulmuş hesab etdiyi hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət etməyə lüzum yoxdur. İddiaçı hazırkı mübahisə ilə bağlı Abşeron rayon İcra və probasiya şöbəsinə müvafiq icra sənədinin icra vəziyyəti barədə məlumat almaq üçün müraciət edə bilər.

11. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: 6.1.4-cü maddə. Notariusun icra qeydləri icra sənədi sayılır.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 114.1.2-ci maddə. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. 153.2.1-ci maddə. Ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddə. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.6-cı maddə. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir.

13. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iddia tələbinə məhkəmə qaydasında baxılmalı olmadığına görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli və iddiaçıya Abşeron rayon İcra və probasiya şöbəsinə müvafiq icra sənədinin icra vəziyyəti barədə məlumat almaq üçün müraciət etmək hüququnun olduğu izah edilməlidir.

14. Məhkəmə iddiaçının məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün ödədiyi dövlət rüsumuna münasibətdə hesab edir ki, iddia ərizəsi məhkəmə tərəfindən baxılması üçün qəbul edilmədiyinə görə iddiaçının dövlət büdcəsinə dövlət rüsumu kimi ödədiyi 110 manat məbləğində pul ona geri qaytarılmalıdır.

Nəticə:

15. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİM:

İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 110 (bir yüz on) manat məbləğində pul İddiaçı geri qaytarılsın (qəbz №: **********). Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ) şikayət verilə bilər.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar