Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2757/2025 24.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3.504 (üç min beş yüz dörd) manat cinayət əməli nəticəsində vurduğu ziyan və iş üzrə ödənilmiş 56 (əlli altı) manat məbləğində dövlət rüsumunun, cəmi 3.560 (üç min beş yüz altmış) manatın tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(060)-11/2025 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cavabdeh iddiaçının etibarından suiistifadə və aldatma yolu ilə 3.504 manat məbləğində pulunu ələ keçirməklə dələduzluq etmiş, Ümrə ziyarətinə aparmaq adı ilə iddiaçını aldatmışdır. İddiaçının xx.xx.2023-cü ildə Sumqayıt şəhəri, 10cu mikrorayon, Babək prospektində hipermarketə quraşdırılmış ödəniş terminalı vasitəsilə cavabdehin istifadəsində olan 4169 7388 4075 0438 nömrəli kart hesabına göndərmiş olduğu 901 manat pulu cavabdeh ələ keçirmişdir. Bundan əlavə, eyni zamanda xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 17-ci mikrorayon, İ.Qayıbov küçəsində quraşdırılmış ödəniş terminalı vasitəsilə cavabdehin istifadəsində olan həmin kart hesabına iddiaçının göndərdiyi 901 manat, 851 manat, xx.xx.2023-cü ildə 851 manat pulu cavabdeh ələ keçirərək, sonradan verdiyi vədə əməl etməyib, vahid niyyətlə əhatə olunan qəsdlə iddiaçıya 3.504 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. İddiaçı yuxarıda qeyd edilən hökmlə zərərçəkmiş şəxs kimi tanınmışdır.
a) Məhkəmə prosesi:
3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 saylı İstintaq Təcridxanasında cəza çəkməsi müəyyən edildiyindən, iddia ərizəsi və məhkəmə bildirişləri cavabdehə çatdırılması və onun məhkəmə iclasında iştirak etmək istəyib-istəməməsi barədə məlumatın məhkəməyə bildirilməsi məqsədilə həmin təcridxanaya göndərilmişdir. Cavabdehin məhkəməyə göndərilmiş ərizələrində və qəbzdə iddia ərizəsi və bildirişlərin ona elan olunması qeyd edilmiş, məhkəmə iclasının iştirakı olmadan keçirilib, ədalətli qərar qəbul edilməsi xahiş edilmişdir. Buna görə də məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
5. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) İş materialları:
6. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-11/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, İddiaçı iş üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. Hökmün 59-cu səhifəsində qeyd edilmişdir ki, 29 dekabr 2023-cü il tarixdə Cavabdeh İddiaçı 3504 manat pulunun etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirilməsi faktı əsasında toplanmış HK-1/2913 saylı saylı material ********* nömrəli cinayət işinə əlavə edilmişdir. Hökmün nəticə hissəsində zərərçəkmiş şəxslərə mülki tələblərlə bağlı məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir.
7. Sumqayıt Şəhər Məhkəməsinin 01 aprel 2025-ci i tarixli 1(060)-11/2025 saylı göstərişi ilə müəyyən edilir ki, həmin məhkəmənin 1(060)-11/2025 saylı, 21 yanvar 2025-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinmiş və o, 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökm 01 aprel 2025-ci il tarixdə qanuni qüvvəyə minmişdir.
8. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 55 (əlli beş) manat rüsum ödənilmiş, 0,40 (qırx qəpik) manat komissiya tutulmuşdur.
9. Sumqayıt Şəhər Məhkəməsinin 22 aprel 2025-ci il tarixli məktubundan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə həmin məhkəmənin 1(060)-11/2025 saylı, 21 yanvar 2025ci il tarixli hökmü 01 aprel 2025-ci il tarixdə qanuni qüvvəyə minmişdir.
10. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubu ilə əsilləri cinayət işinin materiallarında saxlanılmış, iddiaçı tərəfindən cavabdehə 2 dəfə 851 manat, 2 dəfə 901 manat məbləğlərində pul vəsaitinin ödənilməsinə dair ödəniş qəbzlərinin surəti təqdim edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
11. Beləliklə, məhkəmə müəyyən etdi ki, cavabdeh tərəfindən törədilmiş dələduzluq cinayət əməli nəticəsində iddiaçıya iddia etdiyi məbləğdə ziyan dəyməsi mübahisəsizdir.
12. Belə ki, bu fakt qanuni qüvvəsini almış məhkəmə hökmü ilə təsdiq olunur. Mülki mübahisəyə baxan məhkəmə üçün cinayət işi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarının hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburi olması barədə qanunvericiliyin tələbinə görə, məhkəmə hesab edir ki, cavabdehin iddiaçının 3.504 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməsi faktını müəyyən edən Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2025-ci il tarixli hökmü həmin hissələrdə hazırkı iş üzrə preyudisial əhəmiyyətə malikdir.
13. Məhkəmə sorğusuna əsasən əldə edilmiş əsli cinayət işinin materiallarında saxlanılan ödəniş qəbzlərinin surətləri ilə iddiaçının iddia ərizəsində göstərilən halların (ödəniş terminalının yerləşdiyi ünvan, cavabdehə məxsus kart hesabı, ödənilən məbləğlər və s.) doğruluğu bir daha sübuta yetirilmişdir.
14. İstinad olunan hökmdə zərərçəkmiş şəxslərə mülki tələblərlə məhkəməyə müraciət etmək hüquqları izah olunduğundan, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
c) Məhkəmənin mövqeyi:
15. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya qarşı cinayət törətməsi və bunun nəticəsində iddiaçıya 3.504 manat məbləğində maddi ziyan dəyməsi faktı iddiaçı tərəfindən müvafiq qaydada sübuta yetirildiyindən, iddia tələbi həmin hissədə təmin edilməlidir.
16. Məhkəmə iddiaçının 56 manat dövlət rüsumunu tələb etməsi ilə əlaqədar qeyd edir ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 55 manat rüsum ödənilmiş, rüsumun ödənilməsinə görə 0,40 manat komissiya tutulmuş, terminala daxil edilən 56 manatdan qalan 0,60 manat isə “qalıq şifrə” kimi formalaşdırılaraq, həmin məbləğin sonradan istifadə edilmə qaydası göstərilmişdir. Buna görə də məhkəmə hesab edir ki, tələb bu hissədə qismən təmin edilməli, iddia məbləği tam təmin edildiyindən, ödənilmiş rüsum və komissiya cavabdehdən tutularaq iddiaçıya verilməlidir.
17. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3.504 (üç min beş yüz dörd) manat məbləğində pul və iş üzrə ödənilmiş 55 (əlli beş) manat məbləğində dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidmət haqqının əvəzi tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
18. Qeyd olunur ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa), iddia haqlı sayılır, uzlaşmırsa, rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:
19. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-21.2-ci maddə. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddə. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddə. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunun bu normalarının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddə. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-76.2-ci maddə. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddə. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddə. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 82.4-cü maddə. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 88-ci maddə. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddə. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddə. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.3-cü maddə. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddə. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
21. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
22. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
23. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3.504 (üç min beş yüz dörd) manat məbləğində pul və iş üzrə ödənilmiş 55 (əlli beş) manat məbləğində dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidmət haqqının əvəzi tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
Nəticə:
24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh 3.504 (üç min beş yüz dörd) manat məbləğində pul və iş üzrə ödənilmiş 55 (əlli beş) manat məbləğində dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidmət haqqının əvəzi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmən verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova