Məhkəmə qərarları › İş №2(006)-2760/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(006)-2760/2024

27.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2760/2024 27.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şifahi borc müqaviləsinə əsasən borca verilmiş 2.000 manat pul vəsaitinin və dövlət rüsumuna görə ödənilmiş 40 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi rayonu sakini, yaxından tanıdığı Cavabdeh ona repetitor fəaliyyəti ilə məşğul olduğunu, bununla bağlı olaraq icarəyə obyekt və digər lazımi ləvazimatlar almaq üçün müəyyən miqdarda vəsait lazım olduğunu bildirərək ondan borca pul istəmişdir. Bundan sonra o, Cavabdeh 24 avqust 2022-ci il tarixində 2900 manat borc pul vermişdir. Borc verən zaman Cavabdeh ona aylıq gəlirinin ***-**** manat arası olduğunu deyərək ona borc verdiyi 2900 manat pulu 6 ay müddətinə hər ay 500 manat olmaqla qaytaracağını bildirmiş və bu barədə Cavabdeh ilə aralarında şifahi razılaşma olmuşdur. Cavabdeh 1 il müddətinə ona hissə-hissə olaraq cəmi 900 manat pul qaytarmış, lakin qalıq qalan 2000 manat pulu isə müxtəlif bəhanələr gətirərək qaytarmamışdır. Dəfələrlə zəng etməsinə və edilmiş xəbərdarlığa baxmayaraq, cavabdeh onun pulunu qaytarmır, müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən boyun qaçırır, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən imtina edir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. İddiaçının işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsinə dair ərizəsini nəzərə alınaraq, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)- 2760/2024 saylı qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - “WhatsApp” yazışmalarına əsasən yazışma İddiaçı ilə Aynur adlı şəxs (yazışmalara əsasən “Aynur Muellime”) arasında aparılmışdır. Fotoşəkillərdən birində Aynur adlı şəxsin özünə məxsus 5522 0993 1314 6813 nömrəli plastik kartın şəklinin İddiaçı göndərildiyi aşkar olunur. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(006)- 2760/2024 saylı qərardadı ilə "xxxx" ASC-dən 5522 0993 1314 6813 nömrəli plastik karta dair məlumatların verilməsi tələb edilmişdir. - "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubuna əsasən xx.xx.2022-ci il tarixdə sifariş edilmiş və 2026-cı ilin fevral ayına qədər etibarlılıq müddəti olan 5522 0993 1314 6813 nömrəli plastik kart "xxxx" ASC-nin müştərisi, xx.xx.1977-ci il təvəllüdlü, Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan, 051 5107680 saylı mobil nömrənin istifadəçisi Cavabdeh (AZE0*******, FİN kod: xxxxxxx) məxsusdur. - “Elektron məhkəmə” İnformasiya Sistemindən çıxarışa əsasən hazırda cavabdeh qismində cəlb edilmiş xx.xx.1977-ci il təvəllüdlü Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. - 14.2-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri qismində çıxış edir. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmə qeyd edir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş həqiqi halı ondan ibarətdir ki, tərəflər arasında qarşılıqlı razılıq əsasında borc münasibətləri yaranmışdır. Belə ki, əldə edilmiş razılığa görə İddiaçı 2900 manat məbləğində pul vəsaitini Cavabdeh verməyi, sonuncu isə aldığı borc məbləğini hissə-hissə olmaqla, 6 ay müddətində geri ödəməyi öz öhdəsinə götürmüşdür. İşdə olan materiallar, daha dəqiq desək, tərəflər arasında «WhatsApp» tətbiqi vasitəsi ilə aparılmış yazışmalar borc münasibətlərini və digər halları təsdiq edir. «WhatsApp» tətbiqi vasitəsi ilə aparılmış yazışmaların isə məhz hazırda tərəf qismində çıxış edən şəxslər arasında aparılması məhkəmənin sorğusu əsasında daxil olmuş məktubla sübuta yetirilmişdir. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarında formalaşmış mövqe ondan ibarət olmuşdur ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Qərarında davamında qeyd edilmişdir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə tərəflər arasında şifahi borc müqaviləsinin bağlanması və bunun əsasında da borc münasibətlərinin yaranması aşkardır. Lakin işdə olan materiallarla müəyyən edilən digər hal ondan ibarətdir ki, iddiaçıdan fərqli olaraq cavabdehin əldə edilmiş razılığın şərtlərinə əməl etməməsi tərəflər arasında məhkəmə mübahisəsinin yaranmasına səbəb olmaqla, ididaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi ilə nəticələnmişdir. İşin araşdırıldığı dövrdə isə məhkəməyə məlum olmuşdur ki, tərəflər arasında bağlanmış olan şifahi borc müqaviləsinə əsasən cavabdeh 2900 manat məbləğində borc götürmüş olsa da, həmin məbləği şərtləşdirilmiş vaxtadək geri ödəməmiş və nəticədə iddiaçı qarşısında 2.000 manat məbləğində icra edilməmiş öhdəliyi mövcuddur. Bununla da, əksi sübuta yetirilmədiyinə görə iddia tələbi təmin edilməklə, iddiaçı tərəfindən verilmiş, lakin tam şəkildə geri ödənməmiş borc cavabdehdən alınmalıdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, borcun əvəzi olaraq 2.000 manat və dövlət rüsumuna görə ödənilmiş 40 manat pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 238, 241-244 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Borcun əvəzi olaraq 2.000 manat və dövlət rüsumuna görə ödənilmiş 40 manat pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. Cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində bu qətnamənin ləğvi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar