Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2761/2021 18.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması» tələbinə dair ilk iddiası; Cavabdeh1 İddiaçı ASC-yə qarşı «əsassız alınmış pulun qaytarılması» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 24 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1.241 ABŞ dolları 65 sent məbləğində əldən çıxmış fayda və 3.530 ABŞ dolları banka dəymiş zərər olmaqla, ümumilikdə cəmi 4.771 ABŞ dolları 65 sent məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 İddiaçı ASC-yə qarşı «əsassız alınmış pulun qaytarılması» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC tərəfindən əsassız olaraq alınmış 3.542 ABŞ dolları məbləğində pulun İddiaçı ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 24 dekabr 2014cü il tarixli kredit müqaviləsinə əsasən «xxxx» İKB ASC-dən illik 15 faizlə 36 ay müddətinə 29.870 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 24 dekabr 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 24 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 banka gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1.241 ABŞ dolları 65 sent məbləğində əldən çıxmış fayda və 3.530 ABŞ dolları banka dəymiş zərər olmaqla ümumilikdə cəmi 4.771 ABŞ dolları 65 sent borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. 24 dekabr 2014-cü il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də, cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, kreditorun əldən çıxmış faydası şəklində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Bir sıra qanunvericilik normalarına istinad edən iddiaçı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilk iddia üzrə İddiaçı ASC üç vərəqəlik iddia ərizəsində qanunun normalarını sadalamaqla kifayətlənmiş, işin faktiki hallarına isə istinad etməkdən qəsdən yayınmışdır. İddiaçı bank işin faktiki hallarına dair sadəcə onu qeyd etmişdir ki, 24 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 banka gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1.241 ABŞ dolları 65 sent məbləğində əldən çıxmış fayda və 3.530 ABŞ dolları banka dəymiş zərər olmaqla, ümumilikdə cəmi 4.771 ABŞ dolları 65 sent borcu vardır. Halbuki, bu tələb tamamilə əsassızdır və bank vətəndaşın hüquqlarını kobud şəkildə pozaraq ondan qanunsuz və əsassız olaraq əldə etdiyi artıq pulu ona geri qaytarmamaq üçün bu qanunsuz yola əl atmışdır. İddiaçı «xxxx» İKB ASC (İddiaçı ASC) 2018-ci ildə eyni cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada «xxxx» İKB ASC-nin xeyrinə 24 dekabr 2014cü il tarixli kredit müqaviləsi üzrə 22.050 ABŞ dolları 60 sent əsas borc, 7.284 ABŞ dolları 34 sent faiz və 8.396 ABŞ dolları 09 sent cərimə olmaqla, ümumilikdə cəmi 37.731 ABŞ dolları 03 sent borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması; borcun «xxxx» İKB ASC qarşısında ipoteka ilə yüklü edilmiş və Cavabdeh1 mülkiyyətində olan ** XX *** i/o dövlət qeydiyyat nişanlı, 2014-cü il buraxılışlı, qara rəngli «Toyota Prado» minik markalı avtomobilin açıq hərrac vasitəsi ilə satılması hesabına yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli 2(006)-2889/2018 saylı qətnaməsi ilə iddiaçı «xxxx» İKB ASC-nin iddiası qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada ödəniş vaxtı milli manatla məzənnədə əsas borca görə 22.050 ABŞ dolları 06 sent, faizə görə 7.284 ABŞ dolları 34 sent, hesablanmış cəriməyə görə 800 ABŞ dolları olmaqla, cəmi 30.134 ABŞ dolları 40 sent kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan «Toyota Prado» markalı ** XX *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması və əldə edilən pul vəsaiti hesabına kredit borcunun ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra qətnamənin surəti rəsmi qaydada cavabdehlərə təqdim edilmədiyi halda, Nəsimi rayon Məhkəməsi tərəfindən 06.08.2018-ci il tarixli icra sənədi verilmiş və bunun əsasında icraat başlanmış, avtomobilin hərraca çıxarılması üçün prosedur həyata keçirilmiş və Cavabdeh1 avtomobilinin dəyər-dəyməzə satılmaması üçün məcbur olub həmin qətnamə üzrə «xxxx» İKB ASC-yə 12.02.2019-cu il tarixdə 29.635 ABŞ dolları məbləğində pul ödəmişdir. Daha sonra cavabdeh tərəfindən qətnamənin surəti rəsmi qaydada alınmış və apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 aprel 2019-cu il tarixli 2(103)-4869/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli qətnaməsi faizin tutulması hissəsində dəyişdirilərək, faizdən 3.243 ABŞ dolları 58 sent sent məbləğində, əsas borc, faiz və cərimənin isə ümumilikdə cəmi məbləğinin 26.093 ABŞ dolları 64 sent müəyyən edilməsi və qətnamənin qalan mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılması qət edilmişdir. İddiaçı «xxxx» İKB ASC tərəfindən şəmin qətnamədən kassasiya şikayəti verilmiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18.10.2019-cu il tarixli 2(102)-6145/2019 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 aprel 2019-cu il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Cavabdeh tərəfindən borc məbləği Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli qətnaməsi və 06.08.2018-ci il tarixli icra sənədi əsasında 12.02.2019-cu il tarixdə artıqlaması ilə banka ödənilmiş olsa da, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası tərəfindən yenidən 19.04.2019-cu il tarixli icra sənədi verilmiş və Nəsimi rayon İcra və Probasiya Şöbəsi tərəfindən yenidən icra tədbirləri həyatı keçirilmişdir. Çoxsaylı müraciətlərdən sonra İddiaçı ASC tərəfindən borcun ödənildiyinə dair məktub verilmiş və bundan sonra icra işi üzrə icraata xitam verilmişdir. Daha sonra Cavabdeh1 dəfələrlə İddiaçı ASC-yə müraciət edərək, artıq ödədiyi məbləğin geri verilməsini tələb etsə də, onun bu tələbi təmin edilməmişdir. Hətta 29.01.2021-ci il tarixli 58 saylı vəkil sorğusu ilə bütün bu qeyd edilən hallar göstərilməklə İddiaçı ASC-yə müraciət edilsə də, tələbləri təmin edilməmişdir. Bundan sonra isə İddiaçı ASC əsassız və qanunsuz olaraq artıq aldığı pul məbləğini geri qaytarmamaq üçün hazırkı əsassız və qanunsuz iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi qüvvəyə minmiş 18.10.2019-cu il tarixli 2(102)-6145/2019 saylı qərarına əsasən işin faktiki halları ondan ibarətdir ki, «xxxx» İKB ASC tərəfindən 24 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 «Toyota Prado» markalı avtomobilin satın alınması üçün 36 ay müddətinə illik 15 faiz ödəmək şərti ilə 29.870 ABŞ dolları məbləğində kredit verilib. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi 24 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 məxsus olan avtomobil ipoteka qoyulub. Eləcə də, həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi Cavabdeh2la 24 dekabr 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanıb. Borclu Cavabdeh1 həmin kredit müqaviləsi üzrə borcunu ödəyə bilmədiyi üçün «xxxx» İKB ASC tərəfindən pulun tutulması üçün məhkəməyə müraciət edilmiş, müvafiq olaraq yuxarıda qeyd edilən qərarlar qəbul edilmiş və həmin kredit müqaviləsi üzrə borc artıqlaması ilə banka ödənilmişdir. Buna uyğun olaraq bank tərəfindən müvafiq cavab məktubları («xxxx» İKB ASC-nin 12.02.2019-cu il tarixli və İddiaçı ASC-nin 31.01.2020-ci il tarixli məktubları) ilə də Cavabdeh1 bank qarşısında olan borcunun tam ödənildiyi göstərilmişdir. İndi isə bank, guya cavabdehlərin həmin 24 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə borcun ödənilməsini gecikdirdiyini əsas gətirərək guya vurulmuş zərərin ödənilməsi üçün əsassız və qanunsuz olaraq yenidən məhkəməyə müraciət etmişdir. Halbuki, yuxarıda da qeyd olunduğu kimi Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.04.2019-cu il tarixli 2(103)-4869/2019 saylı qətnaməsinə əsasən Cavabdeh1 həmin 24 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə «xxxx» İKB ASC-yə (İddiaçı ASC-yə) cəmi 26.093 ABŞ dolları 64 sent borclu olduğu təsdiq edilsə də, onun tərəfindən Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin ləğv edilmiş 14.06.2018-ci il tarixli 2(006)-2889/2018 saylı qətnaməsinə və icra sənədinə əsasən banka 29.635 ABŞ dolları məbləğində pul ödəmişdir. Bununla da, «xxxx» İKB ASC (İddiaçı ASC) tərəfindən Cavabdeh1 əsassız olaraq 3.542 (29.635 – 26.093 = 3.542) ABŞ dolları məbləğində artıq pul alınmışdır. Bununla da, nəinki Cavabdeh1 və Cavabdeh2 tərəfindən banka zərər vurulmuş, əksinə İddiaçı ASC Cavabdeh1 3.542 ABŞ dolları məbləğində pulu əsassız alaraq ona zərər vurmuşdur. Bu səbəbdən, həmin pul məbləği İddiaçı ASC-dən tutularaq Cavabdeh1 qaytarılmalıdır. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında ilk iddia tələbini müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi, ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 nümayəndəsi və vəkili X4 məhkəmə iclasında ilk iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddia müddəti tətbiq edilməklə ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 nümayəndəsi və vəkili X2 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilk iddia iddia müddəti tətbiq edilməklə rədd edilməli, qarşılıqlı iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18.10.2019-cu il tarixli 2(102)-6145/2019 saylı qərarından görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli 2(006)-2889/2018 saylı qətnaməsi ilə iddiaçı «xxxx» İKB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması» tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada ödəniş vaxtı milli manata məzənnədə əsas borca görə 22.050,06 ABŞ dolları, faizə görə 7.284,34 ABŞ dolları, hesablanmış cəriməyə görə 800 ABŞ dolları olmaqla, cəmi 30.134,40 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan «Toyota Prado» markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması və əldə edilən pul vəsaiti hesabına kredit borcunun ödənilməsi qət edilmişdir. Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 aprel 2019-cu il tarixli 2(103)- 4869/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli qətnaməsi faiz tutulması hissəsində dəyişdirilmiş, faizin 3.243,58 ABŞ dolları, əsas borcun, faizin və cərimənin isə cəmi məbləğinin 26.093,64 ABŞ dolları müəyyən edilməsi və qalan mübahisələndirilən hissədə qətnamənin apellyasiya şikayətinə münasibətdə dəyişiklik edilmədən saxlanılması qət edilmişdir. İddiaçı «xxxx» İKB ASC apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18.10.2019-cu il tarixli 2(102)-6145/2019 saylı qərarı ilə iddiaçı «xxxx» İKB ASC-nin kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 aprel 2019cu il tarixli 2(103)-4869/2019 saylı qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İşin mübahisəsiz faktiki hallarından göründüyü kimi, ilk iddia üzrə iddiaçı ilk iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün nəzərdə tutulan iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 378-ci maddəsinə əsasən öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İşin faktiki hallarından görünür ki, ilk iddia üzrə iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş iddia müddətini üzürsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, hazırkı iş üzrə iddia müddəti keçdiyindən, ilk iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, 3.542 ABŞ dolları məbləğində pulun İddiaçı ASC tərəfindən əsassız olaraq alınması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən işin mübahisə edilməyən faktiki halıdır. İddiaçı ASC 3.542 ABŞ dolları əsassız varlandığından, qarşılıqlı iddia təmin edilməli, həmin pul vəsaiti ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla İddiaçı ASC-dən tutularaq Cavabdeh1 ödənilməlidir. Ödəniş tapşırığından (qəbzindən) görünür ki, məhkəməyə ilk iddia ərizəsi təqdim edilməsi üçün 30 manat, qarşılıqlı iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması» tələbinə dair ilk iddiası iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Cavabdeh1 İddiaçı ASC-yə qarşı «əsassız alınmış pulun qaytarılması» tələbinə dair qarşılıqlı iddiası təmin edilməli, 3.542 ABŞ dolları ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla İddiaçı ASC-dən tutularaq Cavabdeh1 ödənilməlidir. İlk iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu ilk iddia üzrə iddiaçıya, qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması» tələbinə dair ilk iddiası iddia müddəti tətbiq edilməklə rədd edilsin. Cavabdeh1 İddiaçı ASC-yə qarşı «əsassız alınmış pulun qaytarılması» tələbinə dair qarşılıqlı iddiası təmin edilsin. 3.542 ABŞ dolları ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla İddiaçı ASC-dən tutularaq Cavabdeh1 ödənilsin. İlk iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu ilk iddia üzrə iddiaçıya, qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-2761/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2761/2021
18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver