Məhkəmə qərarları › İş №2(006)-2770/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2770/2025

24.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2770/2025 24.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona dəymiş ziyana görə 24.000 AZN və 162 AZN dövlət rüsumu olmaqla, ümumilikdə 24162 AZN məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, torpaq alqı-satqısı ilə məşğul olan X8 vasitəsilə tanıdığı X1 2021-ci ilin aprel ayında Binəqədi rayonu Baksol yaşayış massivində yerləşən 96 kv metr torpaq sahəsini almaq qərarına gəldi. X9 isə dələduzluq yəni etibardan sui istifadə etmə və ya aldatma yolu özgənin əmlakını ələ keçirmək məqsədi ilə Binəqədi rayonu Baksol yaşayış massivində İncəçay küçəsindəki yaşadığı evin yanında yerləşən 96 kv metr torpaq sahəsini 2021-ci ilin aprel ayında ona 6000 manata satacağına vəd verib həmin məbləğdə pulu almış daha sonra aralarındakı razılığa əsasən yaşadığı 3 otaqlı evi ona 45000 manata satacağını bildirib əvvəl satdığı 96 kv metr torpaq sahəsini geri alaraq 17 mart 2023-cü il tarixdə yaşadığı evdə ondan 9000 manat sonradan isə yenədə hissə hissə olmaqla 9000 manat olmaqla ümumilikdə 24000 manat olmaqla xeyli miqdarda pulunu ələ keçirib dələduzluq cinayətini törətmişdir. Qeyd olunanlarla bağlı Binəqədi Polis İdarəsində araşdırma aparılmış və cinayəti törətmiş şəxs öldüyü üçün cinayət işinin başlanması rədd edilmiş və mülki mübahisə ilə bağlı məhkəməyə müraciət edilməsi izah olunmuşdur. Onuda qeyd edir ki o, E.Əliyevin öldüyünü bildikdən sonra onun bacısı Cavabdeh ilə həm telefon vasitəsi ilə həmdə əyani olaraq görüşüb bu məsələnin həlli üçün danışmışdır. O əvvəlcə qardaşının vərəsəsi kimi bu məsələni həll edəcəyini bildirsədə sonradan yayınmağa başladı. Qeyd edir ki, hazırda yuxarıda qeyd edilən Elçin Əliyevə məxsus torpaq sahəsinə və üzərindəki evlərə cavabdeh sahiblik etməkdədir.Lakin bu günədək Cavabdeh tərəfindən ona heç bir ziyan ödənilməmişdir. Bütün bunların nəticəsi olaraq mən hal-hazırda cavabdeh tərəfindən ona dəymış ziyanın ödənilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəldi. Daha sonra Cavabdeh nümayəndəsi və vəkili Vəkil etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddiasının hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1, və 1097.3-cü maddələrinə istinad etmişdir. İddiaçı ona qarşı mövcud iddia tələbi əsassızdır və iddiasının faktiki və hüquqi əsası yoxdur. Belə ki, iddia ərizəsinin məzmunundan aşkar surətdə göründüyü kimi, İddiaçı guya qardaşı E.Əliyev torpaq və ev alması ilə əlaqədar pul verməsinə və yalnız Elçin Əliyevin ölümündən sonra onu tanımasına istinad etmişdir. Onunla iddiaçı arasında hər hansı hüquq münasibətləri yaranmadığından onun iddiaçı qarşısında hər hansı öhdəliyi yoxdur. İddiaçı həmçinin onun X3 vərəsəsi olmağına dair dəlilləri də əsassızdır. Belə ki, X3 birinci növbəli vərəsəsi 04 mart 2001-ci tarixdə anadan olmuş X2r. X3 İddiaçı hər hansı məbləğdə pul alması, sonuncunun qarşısında hər hansı öhdəliyinin olması həqiqətə uyğun deyildir və işin hər hansı sübutu ilə təsdiq olunmur. Digər tərəfdən, X1 hər hansı bir miras əmlakı qalmamışdır və onun vərəsəsi tərəfindən qəbul edilməmişdir. Göründüyü kimi, qanuna, qanunun şərhinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən vərəsənin miras qoyanın kreditorları qarşısında məsuliyyəti onun qəbul etdiyi mirasın həcmi ilə məhdudlaşır. Göstərilənlərə əsasən, X3 birinci növbəli vərəsəsi 04 mart 2001-ci tarixdə anadan olmuş X5 olduğundan, bununla da onun vərəsəliyi istisna olunduğundan; X3 İddiaçı hər hansı məbləğdə pul alması, sonunucunun qarşısında hər hansı öhdəliyinin olması sübutu olinmadığından; habelə X1 hər hansı bir miras əmlakı qalmadığından və onun vərəsəsi tərəfindən qəbul edilmədiyindən İddiaçı onun Elçin Əliyevin vərərəsəsi olmağına dair dəlilləri də əsassızdır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahat verərək bildirmişdir ki, Elçin Əliyevi uzun müddət tanıyır. Elçin ona demişdir ki, evinin həyətinin bir hissəsini, təxminən 96 kvadratmetr hissəsini satmaq istəyir. Nanə ilə birlikdə gedib həmin torpağa baxmışlar. Nanə Elçin ilə danışmış, 96 kvadratmetr torpaq sahəsini Elçin Nanəyə 6.000 manata satmağa razılaşmışlar və 6.000 manat pulu Nanə onun yanında Elçinə vermiş. Ondan sonra onun Nanə ilə Elçinin hər hansı bir işlərindən xəbəri olmamışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil izahat verərək iddianın rədd ediməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında olan: - Abbasov Aydın, Əliyev Elçin və İddiaçı tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli müqavilənin surətindən göünür ki, X9 həyətindən 90 kv.m olan yerini İddiaçı satdı. X4 şahidliyi əsasında İddiaçı X6 6.000 AZN pulu verdi. - Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ-İİ seriyalı, 399612 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2024-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 194 nömrə ilə qeyd edilmişdir. - Binəqədi RPİ-nin “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X9 Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətdikdən sonra öldüyü üçün material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə ilk olaraq onu qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki: Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan baş qa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə ilk növbədə onu qeyd edir ki, baxılan iş üzrə İddiaçı iddia tələbi ilə çıxış edərək Cavabdeh ona dəymiş 24.000 manat məbləğində maddi ziyanın ödənilməsini tələb etsə də, mülki işin materiallarının məzmunundan və tərəflərin izahatlarından aydın olur ki, cavabdeh tərəfindən iddiaçıya qarşı hər hansı bir maddi zərər vurulmamışdır. İş üzrə toplanmış sübutlardan göründüyü kimi, iddiaçının göstərdiyi pul ödənişləri birbaşa cavabdehlə deyil, artıq vəfat etmiş X9 ilə şəxsi münasibətlər və qarşılıqlı razılaşmalar əsasında həyata keçirilmişdir. İddiaçının iddiası Elçin Əliyevin torpaq və yaşayış evi satmaq adı ilə aldığı məbləğləri sonradan qaytarmaması ilə əlaqələndirilir. Bununla belə, təqdim edilmiş sənədlər və sübutlar arasında Cavabdeh həmin məbləğləri birbaşa alması, onlardan şəxsi mənfəət əldə etməsi və ya bu borcu öz üzərinə götürməsi barədə hər hansı etibarlı məlumat və ya sübut mövcud deyildir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçı qarşısında maddi məsuliyyət daşıması üçün onun ya birbaşa zərərvuran şəxs kimi iştirakı, ya da hüquqi əsasla – məsələn, mirasın qəbul edilməsi yolu ilə – məsuliyyət daşıması sübuta yetirilməlidir. Halbuki, iş materiallarında belə bir hal təsdiqini tapmamışdır. Bundan əlavə, iş üzrə toplanmış sənədlərdən görünür ki, Elçin Əliyevin ölüm faktından sonra Binəqədi Rayon Polis İdarəsində aparılan araşdırma nəticəsində dələduzluq əlamətləri üzrə cinayət işinin başlanması rədd edilmiş, iddiaçıya mülki qaydada məhkəməyə müraciət etməsi izah olunmuşdur. Lakin cinayət işinin başlanmamasının səbəbi – təqsirli şəxsin vəfat etməsi – iddiaçının hüquq tələbinin avtomatik olaraq mərhumun bacısına, yəni cavabdehə yönəldilməsinə hüquqi əsas vermir. Məhkəmə həmçinin müəyyən edir ki, iş materiallarında mərhum X1 qalmış hər hansı miras əmlakın mövcudluğu barədə məlumat yoxdur. Bu səbəbdən Cavabdeh vərəsəlik hüququ barədə şəhadətnamə verilməmişdir və o, qanunvericiliyə əsasən mərhumun vərəsəsi qismində çıxış etmir. Qanunvericiliyə görə, mirası qəbul etmiş vərəsə yalnız qəbul etdiyi miras payı həcmində miras qoyanın kreditorları qarşısında məsuliyyət daşıyır. Miras əmlak aşkar edilmədikdə və vərəsəlik şəhadətnaməsi təqdim olunmadıqda, belə məsuliyyətin yaranması üçün əsas yoxdur. Beləliklə məhkəmə qeyd edir ki, Cavabdeh mərhum X3 mirasını qəbul etmiş vərəsəsi olmadığından ümumiyyətlə hazırki iş üzrə subyektiv cavabdeh deyil. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə, toplanmış materialları ümumilikdə qiymətləndirərək belə qənaətə gəlir ki, cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçıya hər hansı maddi zərər dəyməmiş, cavabdeh ilə iddiaçı arasında borc və ya öhdəlik münasibətləri yaranmamışdır. Həmçinin, miras əmlakın mövcudluğu sübuta yetirilmədiyindən cavabdehin mərhum Elçin Əliyevin borclarına görə məsuliyyət daşıması üçün hüquqi əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun müvafiq olaraq iddiaçının özünə aid edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəticə hissə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar