Məhkəmə qərarları › İş №2(006)-2773/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2773/2022

14.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2773/2022 14.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı nümayəndəsi Cəbrayılov Azad Səhid oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşınadək saxlanılması üçün hər ay 300 manat məbləğdə aliment tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 24 avqust 2018-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Onların birgə nikahından xx.xx.2019-cu il tarixdə oğulları X3 anadan olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-2248/2021 saylı qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş, xx.xx.2019-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 175 manat məbləğində alimentin tutulması qət edilmişdir. O, xx.xx.2019-cu il tarixdən bu günədək valideynlərinə məxsus Bakı şəhəri, H.Seyidzadə küçəsi, 4 saylı edin 2 saylı mənzilində onların himayəsində yaşayır. Onların maddi ehtiyaclarını bu günədək valideynləri ödəmişdir. Övladı azyaşlı olduğundan o, işləyə bilmir və bu səbəbdən də onların maddi yardıma ehtiyacları vardır. Ölkə iqtisadiyyatında baş verən dəyişikliklər nəticəsində qiymətlərdə yüksəlişi hiss olunur. Bu səbəbdən uşağının maddi tələbatının ödənilməsi üçün xərclər artmışdır. Cari ildə yaşayış minimumunun həddi artdığı üçün övladları xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Uşağının maddi tələbatının təmin edilməsi bir valideyn kimi cavabdehin də borcudur. Göstərilənləri nəzərə alaraq məhkəmədən xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 300 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd edilən məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-2248/2021 saylı qətnaməsinə əsasən, Cavabdeh ilə X6 arasında 24 avqust 2018-ci il tarixdə bağlanmış və 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydlər kitabında 2876 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2019-cu il təvəllüdlü X2 anası X4 yanında qalması, Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X5 ödənilməsi qət olunmuşdur. Belə ki işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2019-cu il tarixdə X3 anadan olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-2248/2021 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən 175 (yüz yetmiş beş) manat məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ailə Məcəlləsinin (bundan sonra – AM) 78.1-ci maddəsinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddənin məzmunundan göründüyü kimi alimentin sabit pul məbləğində tutulması uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi olduqda mümkündür. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2022-ci il üçün yaşayış minumumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilən şərtlərlə əlaqədar isə məhkəmə qeyd edir ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosial-iqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir. Məhkəmə hesab edir ki, iddiaçı məhkəmə qətnaməsinə əsasən uşağın saxlanması üçün xeyrinə tutulan aliment məbləğinin dəyişdirilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, ödənilən aliment məbləğinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə uşaq üçün müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olması uşağın mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəbdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarına əsasən, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə məhkəmə ödəmələrin miqdarını müəyyənləşdirən halların artıq dəyişdiyini və alimentin ödənilməsinin eyni qaydada davam etməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli olmadığını, həmçinin aliment məbləğinin müəyyən edilməsinə təsir edən diqqətəlayiq digər halların mövcudluğunu nəzərə alaraq hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-2248/2021 saylı qətnaməsi ilə Cavabdeh iddiaçı Cəbrayılzadə (Əhmədova) Nuranə Azad qızının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cəbrayılzadə (Əhmədova) Nuranə Azad qızına ödənilməlidir. Məhkəmə iddianı qismən təmin etməklə gəldiyi qənaəti həmçinin iddiaçı tərəfin cavabdehin əlavə gəlirləri barədə məhkəməyə heç bir sübut təqdim etmədiyi və bununla da onun alimenti uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumundan artıq məbləğdə ödəmək imkanına malik olmasını sübuta yetirmədiyi ilə əsaslandırır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri sayır ki, uşaqların tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşaqların digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşaqlarını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Beləliklə məhkəmə işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(006)-2248/2021 saylı qətnaməsi ilə Cavabdeh iddiaçı Cəbrayılzadə (Əhmədova) Nuranə Azad qızının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cəbrayılzadə (Əhmədova) Nuranə Azad qızına ödənilməlidir. İddia digər hissədə rədd edilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-2248/2021 saylı qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü X1 üçün Cəbrayılzadə (Əhmədova) Nuranə Azad qızının xeyrinə Cavabdeh tərəfindən ödənilən alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq Cəbrayılzadə (Əhmədova) Nuranə Azad qızına ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar