Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2784/2021 10.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh "xxxx" BOKT QSC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdehlər "xxxx" ASC-yə, "xxxx" BOKT QSC-yə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" Hərrac Mərkəzi MMC-yə qarşı «ipoteka predmetinin girovdan azad edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «ipoteka predmetinin girovdan azad edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ipotekaya xitam verilməsi və **- SZ-*** dövlət qeydiyyat nişanlı «Mercedes Benz GL 450» markalı avtomobilin girovdan azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan "xxxx" BOKT QSC ikinci cavabdeh, "xxxx" Hərrac Mərkəzi MMC isə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 27.03.2017-ci il tarixli 2(043)-420/2017 saylı icra sənədinə əsasən ondan cəmi 41.338 ABŞ dollarının ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı və 30 manat dövlət rüsumu tutulub cavabdeh "xxxx" ASC-nin xeyrinə ödənilməli idi. Qətnamənin icrası ilə əlaqədar olaraq borcun tutulması ipoteka ilə yüklü edilmiş ** SZ *** dövlət qeydiyyat nişanlı «Mercedes Benz GL 450» markalı avtomobilə yönəldilmişdir. Nəqliyyat vasitəsinin satılması üçün X6 09.07.2019-cu il tarixli sifarişlə müraciət edilmişdir. X5 26.07.2019-cu il tarixli, 09.08.2019-cu il tarixli, 30.08.2019-cu il tarixli bildirişləri və 13.09.2019-cu il tarixli təklif məktubuna əsasən ** SZ *** dövlət qeydiyyat nişanlı «Mercedes Benz GL 450» markalı avtomobilin hərracı keçirilmiş, lakin satılmadığından tələbkara, yəni "xxxx" ASC-yə təklif edilmişdir. Cavabdeh "xxxx" ASC ona təklif olunan ** SZ *** dövlət qeydiyyat nişanlı «Mercedes Benz GL 450» markalı avtomobili 30 təqvim günü müddətində öz balansına götürməmişdir. Daha sonra, cavabdeh "xxxx" ASC-yə ** SZ *** dövlət qeydiyyat nişanlı «Mercedes Benz GL 450» markalı avtomobilin girovdan azad edilməsi barədə məktub göndərilmişdir. Cavabdeh həmin məktubu 26.01.2021-ci il tarixdə qəbul etmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən bu günədək məsələyə münasibət bildirilməmişdir. İddia ərizəsinə əlavə olunan sənədlərdən də göründüyü kimi, "xxxx" Hərrac Mərkəzi tərəfindən ** SZ *** dövlət qeydiyyat nişanlı «Mercedes Benz GL 450» markalı avtomobil bir neçə dəfə açıq hərraca çıxarılmışdır. Buna baxmayaraq, sözügedən nəqliyyat vasitəsi hərrac vasitəsi ilə satılmamışdır. "xxxx" Hərrac Mərkəzinin 13.09.2019-cu il tarixli məktubu ilə ** SZ *** dövlət qeydiyyat nişanlı «Mercedes Benz GL 450» markalı avtomobil həmin icra sənədi üzrə tələbkar olan cavabdeh "xxxx" ASC-yə təklif edilmişdir. Cavabdeh "xxxx" ASC qanunvericiliklə müəyyən edilən müddətdə və qaydada sözügedən avtomobili öz balansına götürməmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Göründüyü kimi, həmin nəqliyyat vasitəsi 13.09.2019-cu il tarixdə cavabdehə təklif edilmişdir. Cavabdeh həmin əmlakı 30 gün müddətində öz balansına götürmədiyindən, ipotekaya 2019-cu ilin oktyabr ayından xitam verilmişdir. Lakin, cavabdeh "xxxx" ASC-yə ipoteka ilə yüklü edilmiş əmlakın girovdan azad edilməsinə dair məktubla müraciət edilsə də, cavabdeh məsələyə hər hansı münasibət bildirməmişdir. Odur ki, məhkəmənin qətnaməsi ilə ipoteka müqaviləsinə xitam verilməli və ** SZ *** dövlət qeydiyyat nişanlı «Mercedes Benz GL 450» markalı avtomobil girovdan azad edilməlidir. İddiaçı yuxarıda qeyd olunan Qanunun 43.4, 43.5, 43.7, 43.8-ci maddələrinə; «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarına istinad edərək göstərmişdir ki, onun ipotekaya xitam verilməsi və ** SZ *** dövlət qeydiyyat nişanlı «Mercedes Benz GL 450» markalı avtomobilin girovdan azad edilməsi barədə tələblər əsaslıdır. Çünki, ipoteka predmeti olan nəqliyyat vasitəsi birinci və təkrar hərraclarda satılmamış və təkrar hərracdan sonra 30 gün ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etməmişdir. Belə olan halda isə ipoteka qoyanın tələbi ilə ipotekaya xitam verilməlidir. İddiaçının nümayəndəsi və vəkili X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" BOKT QSC-nin nümayəndəsi X4 məhkəmə iclasında iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" ASC-yə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" Hərrac Mərkəzi MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh "xxxx" ASC-nin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" Hərrac Mərkəzi MMC-nin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdeh "xxxx" BOKT QSC-nin nümayəndəsi X2 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 21 fevral 2017-ci il tarixli 2(043)-420/2017 saylı (27 mart 2017-ci il tarixdə verilmişdir) icra vərəqəsinə əsasən İddiaçı 19.11.2013-cü il tarixli 1314 nömrəli kredit müqaviləsi üzrə yaranmış 27.900 ABŞ dolları əsas borc, 13.238 ABŞ dolları faiz və 200 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 41.338 ABŞ dollarının ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı və 30 manat dövlət rüsumu tutulub "xxxx" ASC-yə verilməsi; borcun tutulması ipoteka ilə yüklü edilmiş, İddiaçı məxsus olan ** SZ *** dövlət qeydiyyat nişanlı, mühərrik və ban nömrələri qeyd olunmuş, 2007-ci il buraxılışlı, universal tipli, qara rəngli «Mercedes Benz GL 450» markalı minik avtomobilinə yönəldilməli; ipoteka predmeti açıq hərracda satılmalı; ipoteka predmetinin ilkin satış qiyməti 53.000 ABŞ dollarının ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarında müəyyən edilməlidir. İcra sənədinin verilməsinə əsas olmuş qətnamə 21 mart 2017-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Gəncə şəhər üzrə İcra İdarəsinin 09 iyul 2019-cu il tarixli 102775/17 saylı məktubundan görünür ki, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 27.03.2017-ci il tarixli 2(043)-420/ nömrəli icra sənədi icra olunması üçün "xxxx" Hərrac Mərkəzi MMC-yə göndərilmişdir. "xxxx" Hərrac Mərkəzi MMC-nin 26 iyul 2019-cu il tarixli 01/2635 saylı bildirişindən (01-ci bildiriş) görünür ki, Hərrac Mərkəzi sifarişçiyə, tələbkara və ipoteka qoyana bildiriş ünvanlayaraq, Gəncə şəhəri üzrə İcra İdarəsinin sifariş məktubuna əsasən ** SZ *** dövlət qeydiyyat nişanlı «Mercedes Benz GL 450» markalı minik avtomobilinin satılmaq üçün açıq hərraca çıxarıldığını bildirmiş, əmlakın ilkin satış qiyməti və açıq hərracın keçiriləcəyi yer, tarix və saat barədə məlumat vermişdir. Hərrac 26 avqust 2019-cu il tarixə saat 11.00-a təyin olunmuşdur. "xxxx" Hərrac Mərkəzi MMC-nin 30 avqust 2019-cu il tarixli 01/2479 saylı bildirişindən (02-ci bildiriş) görünür ki, Hərrac Mərkəzi sifarişçiyə, tələbkara və ipoteka qoyana bildiriş ünvanlayaraq, Gəncə şəhəri üzrə İcra İdarəsinin sifariş məktubuna əsasən ** SZ *** dövlət qeydiyyat nişanlı «Mercedes Benz GL 450» markalı minik avtomobilinin satılmaq üçün açıq hərraca çıxarıldığını bildirmiş, əmlakın ilkin satış qiyməti və açıq hərracın keçiriləcəyi yer, tarix və saat barədə məlumat vermişdir. Hərrac 09 sentyabr 2019-cu il tarixə saat 11.00-dan 17:00-dək təyin olunmuşdur. Birinci və təkrar hərracların keçirilməsi ilə bağlı KİV-də elanlar verilmişdir. "xxxx" Hərrac Mərkəzi MMC-nin 13 sentyabr 2019-cu il tarixli 01/2056 saylı məktubundan görünür ki, həmin Mərkəz tərəfindən keçirilən hərrac zamanı alıcı olmadığı üçün əmlak satılmadığından həmin daşınar əmlak tələbkar «Azərbaycan Beynəlxalq Bankı» ASC-yə təklif olunmuşdur. "xxxx" Hərrac Mərkəzi MMC-nin 16 oktyabr 2019-cu il tarixli 01/2973 saylı məktubundan görünür ki, İddiaçı məxsus «Mercedes Benz GL-450» markalı ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobilin hərracları keçirilmiş, alıcı müraciəti olmadığından və icra müddəti başa çatdığından sənədlər Gəncə şəhəri üzrə İcra İdarəsinə geri qaytarılmışdır. Gəncə şəhəri üzrə İcra İdarəsinin 08 sentyabr 2020-ci il tarixli 102775/17 saylı məktubundan görünür ki, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 27 mart 2017-ci il tarixli 2(043)-420/2017 saylı icra sənədi Gəncə şəhəri üzrə İcra İdarəsinin 08.09.2020-ci il tarixli qərarına əsasən icra olunmadan mülki işə baxmış məhkəməyə geri qaytarılmışdır. Göründüyü kimi, məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş, qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmiş, icra vərəqəsi icraata qəbul edilərək, müvafiq prosedur qaydalara uyğun hərəkətlər yerinə yetirilmiş, maraqlı tərəflərə məktub ünvanlanmaqla, hərracın vaxtı və yeri barədə məlumat vermiş, əmlakın ilkin satış qiyməti qeyd olunmaqla, maraqlı tərəflərə keçiriləcək hərracda iştirak etmək hüquqlarının olduğunu izah etmişdir. Birinci hərrac baş tutmadığından, ikinci hərracın yeri və vaxtı barədə tərəflərə məlumat verilmiş, əmlakın ikinci (təkrar) hərracda satış qiyməti bildirilmiş, maraqlı tərəflərə keçiriləcək hərracda iştirak etmək hüquqlarının olduğu izah edilmişdir. Təkrar hərrac təyin olunmuş, lakin təkrar hərrac da baş tutmamışdır. Həmin hərracın baş tutmaması ilə bağlı kütləvi informasiya vasitəsi olan «Birja Yenilikləri» qəzetində elan dərc olunmuşdur. Nəhayət, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka predmetini 30 təqvim günü müddətində əldə etmədiyi üçün sənədlər toplusu Gəncə şəhəri üzrə İcra İarəsinə geri qaytarılmışdır. İşin qeyd olunan faktiki hallarından göründüyü kimi, ipoteka saxlayan qanunla müəyyən olunmuş müddət ərzində ipoteka predmetini əldə etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair 28.10.2014-cü il tarixli Qərarında «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddətin keçməsindən sonra da ipoteka saxlayanın ipoteka predmetini əldə etmək imkanının olub-olmamasına dair müraciətdə qaldırılmış məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, «İpoteka haqqında» Qanunda ipoteka saxlayana təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 gün müddətində ipoteka predmetini ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanı yalnız bir dəfə verilmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarar. Göründüyü kimi, ipoteka saxlayanın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməməsi halı «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 48-ci maddəsində birbaşa göstərilməsə də, həmin Qanunla nəzərdə tutulmuş ipotekaya xitam verilməsinin digər hallarından biri qismində çıxış edir. («İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 48.1.5-cimaddəsi). «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində göstərilən əsasla ipotekaya xitam verilməsinin proseduru ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ikinci hərrac keçirildikdən sonra 30 gün müddətində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyanın iddiası ilə məhkəmə icraatı qaydasında ipotekaya xitam verilə bilər. «İpoteka haqqında» Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır; - ikinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin Vİ hissəsini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 60, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Qərara almışdır ki: 1. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. 2. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. 3. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Göründüyü kimi hazırkı iş üzrə ipotekaya xitam verilməsi üçün kifayət qədər qanuni əsas vardır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında ** SZ *** dövlət qeydiyyat nişanlı «Mercedes Benz GL 450» markalı minik avtomobilinə dair bağlanmış ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməli, həmin ipoteka müqaviləsi üzrə ** SZ *** dövlət qeydiyyat nişanlı «Mercedes Benz GL 450» markalı minik avtomobili ipoteka yüklülüyündən azad edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında ** SZ *** dövlət qeydiyyat nişanlı «Mercedes Benz GL 450» markalı minik avtomobilinə dair bağlanmış ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilsin. Həmin ipoteka müqaviləsi üzrə ** SZ *** dövlət qeydiyyat nişanlı «Mercedes Benz GL 450» markalı minik avtomobili ipoteka yüklülüyündən azad edilsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-2784/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2784/2021
10.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver