Məhkəmə qərarları › İş №2(006)-2790/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2790/2024

06.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2790/2024 06.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «aliment miqdarının artırılması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı «aliment miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər uşağa görə sabit alimentin məbləğinin artırılaraq hər ay 235 manat tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2005-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə həyatı qumuşlar. 2008-ci ildə nikahları pozulmuş, lakin xx.xx.2010-cu il tarixdə yenidən nikaha daxil olmuşlar. Birgə nikahdan doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2007-ci il təvəllüdlü X8 adlı iki övladları var. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(006)-170/2022 saylı qətnaməsi ilə cavabdehlə 12 oktyabr 2010-cu il tarixdə Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsində 871 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2007-ci il təvəllüdlü X8 onun himayəsinə verilmiş, 02 avqust 2006-cı il təvəllüdlü X1 və 14 sentyabr 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh onun xeyrinə 05 mart 2021-ci il tarixdən başlayaraq 31 dekabr 2021-ci il tarixədək hər ay qazancın (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında və eyni zamanda hər ay hər uşağa görə 125 manat olmaqla, cəmi 250 manat, 01 yanvar 2022-ci il tarixdən başlayaraq hər ay qazancın (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında və eyni zamanda hər ay hər uşağa görə 143 manat olmaqla, cəmi 286 manat pul məbləğində aliment tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Məhkəmə qətnaməsi ilə cavabdehdən tutulan aliment məbləği hal-hazırda övladlarının təlabatlarını ödəmir. Qətnamənin qəbul edilməsindən keçən iki il ərzində ölkədə və dünyada iqtisadi sahələr üzrə bütün qida və geyim əşyalarının qiymətləri olduqca yüksəlmiş, bundan əlavə uşaqların yaşları artmaqla onların geyim və qida təlabatları da artmışdır. Eyni zamanda, qızı Atatürk Universitetində bu ildən pullu təhsil alır, oğlu isə universitetə hazırlıq mərhələlərində davamlı olaraq maddi vəsait hesabına hazırlıqlara gedir. Qeyd etmək istəyir ki, cavabdeh tərəfindən verilmiş alimet uşaqların özlərinin aylıq təminatlarını belə ödəmir. O, demək olar ki, uşaqların və ailənin böyük xərcli ehtiyaclarını Banklardan mütəmadi şəkildə götürmüş olduğu kreditlər hesabına həll etməyə çalışır. Bundan başqa, ölkədə uşaqlar üçün yaşayış minimumu da 2022-ci ilə münasibətdə iki ilə münasibətdə dəyişməklə 2024-cü ildə hər uşaq üçün 235 manat müəyyən edilmişdir. Bakı 18 saylı Mediasiya təşkilatında ilkin mediasiya sessiyası keçirilmiş və xx.xx.2024-cü il tarixli MŞB/18-2024-00269 saylı arayış verilmişdir. Bu səbəbdən də, aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətdə qalmışdır. Hesab edir ki, ölkə üzrə yaşayış minimumu, minimal aylıq əmək haqqının miqdarı nəzərə alınaraq, tutulan aliment məbləği artırılmalıdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh «Elektron Məhkəmə» sistemi vasitəsi ilə 25 iyul 2024-cü il tarixli ərizə göndərərək, alimentin artırılmasına etiraz etmədiyini bildirmişdir. İş materialları: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(006)-170/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı X2 cavabdeh X4 qarşı (Bakı şəhəri Nəsimi RİH Qəyyumluq və Himayəçilik Orqanı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «nikahın pozulması, uşaqların ananın himayəsinə verilməsi və aliment» tələbinə dair iddiası qismən təmin edilmiş, tərəflər arasında 12 oktyabr 2010-cu il tarixdə Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsində 871 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2007-ci il təvəllüdlü X8 anaları X6 ilə saxlanılmış, xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh X2 xeyrinə 05 mart 2021-ci il tarixdən başlayaraq 31 dekabr 2021-ci il tarixədək hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında və eyni zamanda hər ay hər uşağa görə 125 manat olmaqla, cəmi 250 manat, 01 yanvar 2022-ci il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında və eyni zamanda hər ay hər uşağa görə 143 manat olmaqla, cəmi 286 manat pul məbləğində aliment tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı 18 saylı Mediasiya Təşkilatının 27 mart 2024-cü il tarixli MŞB/18/2024-00269 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə saat 15:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etsə də, cavabdeh mediasiya prosesinə gəlməmişdir. İddiaçı 50 manat mediasiya xərci və 10 manat poçt xərci ödəmişdir. “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə verilmiş müvafiq sorğulardan İddiaçı ilə Cavabdeh arasında olan birgə nikahdan 2 övladları – xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2007-ci il təvəllüdlü X8 olduğu görünür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8 nömrəli qərarının 8.13-cü bəndində qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Plenum qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 235 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(006)-170/2022 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 235 manat sabit pul məbləğində aliment tutulmalıdır. İddia qalan hissədə təmin edilə bilməz. Belə ki, iş materiallarından göründüyü kimi, uşaqlardan biri, yəni xx.xx.2006-cı il təvəllüdlü X5 qətnamə qəbul edilən tarixə artıq yetkinlik yaşına çatmışdır. İddiaçı öz tələbində alimentin artımının iddia ərizəsinin məhkəməyə təqdim edildiyi vaxtdan hesablanmasını tələb etsə də, bu qəbildən olan işlər üzrə aliment qətnamə qanuni qüvvəyə mindikdən sonra tutulur. İddia ərizəsi ilə məhkəməyə müraciət edilən vaxtdan aliment tutulmasına hazırkı halda yol verilmir. Odur ki, iddia tələbi yalnız bir yetkinlik yaşına çatmayan uşağa-xx.xx.2007-ci il təvəllüdlü X7 münasibətdə əsaslı hesab edilə bilər. Məhkəmə iddiaçının ödənilməsindən azad edildiyi dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti (235-143=92 manat, 92 x 12 = 1104 manat, 1104-1000=104, 104 x 1% = 1,04; 30+1,04 = 31,04 manat) 1000 manatdan çox olduğundan, cavabdehdən 31,04 manat məbləğində dövlət rüsumu tutulmaqla Dövlət Büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(006)-170/2022 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 31,04 (otuz bir manat dörd qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar