Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2821/2022 30.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, cavabdeh "xxxx" Kommersı̇ ya Bankı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" KB ASC-yə və Cavabdeh3 MMC-yə qarşı «kredit borcunun restrukturizasiya edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" KB ASC-yə, Azərbaycan Respublikası Mərkəzi Bankına və Cavabdeh3 MMC-yə qarşı «kredit borcunun restrukturizasiya edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" KB ASC ilə onun arasında bağlanmış 05 mart 2014-cü il tarixli 381 micXRD/14-EM saylı kredit müqaviləsinə əsasən yaranmış borcun «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı əsasında restrukturizasiya edilməsi vəzifəsinin cavabdehlər "xxxx" KB ASC-yə, Azərbaycan Respublikası Mərkəzi Bankına və Cavabdeh3 MMC-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-2821/2022 saylı qərardadı ilə mülki iş üzrə icraata Azərbaycan Respublikası Mərkəzi Bankına aid hissədə xitam verilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə aralarında bağlanmış 05 mart 2014-cü il tarixli, 381 micXRD/14-EM saylı kredit və bank hesabı müqaviləsinə əsasən, kreditor bank tərəfindən ona istehlak məqsədləri üçün 60 ay müddətinə ödəmək şərtilə 30.000 manat məbləğində kredit limiti ayrılmış və həmin müqaviləyə əlavə olaraq tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalana, yəni ona 12.500 ABŞ dolları məbləğində kredit verilmişdir. Bağlanmış əsas kredit müqaviləsinin təminatı kimi X5 həmin müqaviləyə zamin kimi qoşularaq onun müqavilə üzrə götürmüş olduğu öldəliklər üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. Ölkədə baş vermiş hər iki devalivasiyaya qədər o, kreditindən ödəmişdir. Lakin sonuncu devalivasiyadan sonra dollar 100 faizdən də çox bahalaşdığına görə hər ay aylıq qrafik üzrə ödənilməli olan məbləğ qədər maddi vəsaiti olmadığı üçün krediti vaxtında ödəyə bilməmişdir. Ona görə də, həmin kredit müqaviləsi üzrə qalıq borcunun ödənməsi tələbi ilə barəsində qeydiyyatda olduğu yer üzrə Naxçıvan Muxtar Respublikası Şərur rayon Məhkəməsinə ərizə ilə müraciət edilmişdir. Şərur rayon Məhkəməsinin (hakimi X7) xx.xx.2015-ci il tarixli 2(110)-410/2014 saylı məhkəmə əmri ilə "xxxx" Kommersiya Bankı ASC-nin ona və X4 qarşı «borcun ödənilməsi haqqında» məhkəmə əmrinin verilməsinə dair ərizəsi təmin edilərək, ondan və X2 müştərək qaydada ödəniləcək zaman məzənnəyə uyğun olaraq manat ekvivalentində 5.424,26 ABŞ dolları məbləğində əsas borc, 345,08 ABŞ dolları məbləğində laiz, 120,18 ABŞ dolları məbləğində cərimə olmaqla, ümumilikdə 5.889,52 ABŞ dolları məbləğində borc və 20 manat dövlət rüsumunun alınaraq kreditor "xxxx" KB ASC-nin hesab nömrəsinə ödənilməsi əmr edilmişdir. Şərur rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(110)-410/2014 saylı məhkəmə əmri icra edilməsi üçün qeydiyyatda olduğu Şərur rayon İcra və Probasiya Şöbəsinə yönəldilmişdir. O, faktiki olaraq Bakı şəhərində yaşayır və krediti də "xxxx"ın Xırdalan Filialından almışdır. Hal hazırda Şərur rayon İcra və Probasiya Şöbəsi tərəfindən onun ölkəyə giriş və çıxışına məhdudiyyət qoyulmuşdur. O, öz valideynlərini gedib görə bilmir. Azərbaycan Respublikası Prezidenti İ.Əliyev «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli Fərman imzalamışdır. Fərmanla bağlı hesablanmış kompensasiya məbləği xx.xx.2019-cu il tarixdə Palata tərəfindən 242sXRD/14 saylı müqaviləyə yönləndirilmişdir. Lakin konkret olaraq kompensasiya məbləği və qalıq borcunun qalıb-qalmaması barədə rəsmi qaydada ona məlumat verilməmişdir. Azərbaycan Respublikası Prezidentinin fərmanının icrası normativ xarakterli akt olaraq icrası bütün fiziki və hüquqi şəxslər, eyni zamanda dövlət və özünü idarə edən orqanlar üçün məcburi olduğu halda, cavabdeh "xxxx" KB ASC bu fərmandan irəli gələn öhdəlikləri icra etmək istəmir. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanına əsasən fiziki şəxslərə müvafiq kompensasiyalar yalnız devalivasiyanın baş verdiyi günə (xx.xx.2015-ci il və ya xx.xx.2015-ci il tarixlərə) banklar və digər kredit təşkilatlarında əsas kredit borcları üzrə qalıq məbləğləri cəmi 10.000 ABŞ dollarınadək (və ya ekivalentdə digər xarici valyutada ifadə olunan məbləğdə) olduğu təqdirdə verilir. Eyni zamanda fərmanda fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək (və ya ekivalentdə digər xarici valyutada) milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunması nəzərdə tutulmuşdur. Hesab edir ki, tələbi əsaslı olduğundan təmin edilərək, fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanı tətbiq edilməli, qalıq kredit borcunun fərmandan irəli gələn tələblərə əsasən restrukturizasiya edilməsi vəzifəsi cavabdehlərə həvalə edilməlidr. Göstərilənlərə əsasən, cavabdeh "xxxx" KB ASC ilə aralarında bağlanmış 05 mart 2014-cü il tarixli, 381 micXRD/14-EM saylı kredit müqaviləsinə əsasən qalıq qalan ümumi borcunun 60 ay müddətinə restrukturizasiya edilməsinin cavabdeh "xxxx" KB ASC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etməlidir. 05 mart 2014-cü il tarixli 381 micXRD/14-EM saylı müqavilə üzrə hesablanmış kompensasiya məbləği barədə, problemli kreditlər siyahısında adında hər hansı kredit borcunun olub-olmaması, varsa kredit borcunun məbləği barədə rəsmi qaydada ona məlumat verilməsinə köməklik edilməsini cavabdehlərin hər birindən xahiş etmişdir. Lakin ona bu barədə ətraflı, dolğun cavab verilməmişdir. Təkrar müraciətləri isə cavabdehlər tərəfindən biri digərinin üzərinə yönəldilərək, qalıq nə qədər borcunun olması, qalıq kredit borcunun restruktruzasiyası aparılmamışdır. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019cu il tarixli Fərmanı ilə devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həlli tələbinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının ********** saylı, 27 mart 2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq edilərək güzəştlərin müəyyən edilməsi Qaydası»nın 2.1.7-ci bəndinə əsasən restrukturizasiya kredit təşkilatı tərəfindən əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsidir. Restrukturizasiya proseslərinin təşkili üçün kredit təşkilatı tərəfindən müvafiq məlumatları özündə əks etdirən bildirişlərin (SMS, elektron poçt və alınmasını təsdiq edən digər formada) fiziki şəxsə göndərilməsi (təqdim olunması, çatdırılması) və Fərmandan və bu Qaydadan irəli gələn digər tədbirlərin görülməsi təmin olunur (7.10-cu bənd). Beləliklə cavabdehlər «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı ilə üzərinə düşən və restrukturizasiya prosesinin bir hissəsi olan restrkturizasiya olunacaq kredit barədə fiziki şəxsin məlumatlandırılmasına dair vəzifəsini icra etsə də, güzəştli şərtlər ilə kredit müqaviləsinin bağlanmasına iddiaçının razı olduğu və bununla əlaqədar müraciət etdiyi təqdirdə müqavilənin bağlanması istiqamətində edilməli olan tədbir görməmişdir. "xxxx" KB ASCnin və digər cavabdehlərin bu hərəkətləri məhkəmə tərəfindən qiymətləndirilərək Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.2 və 425.2-ci maddələrində təsbit edilən, icra ilə bağlı olmayan və bütün müqavilə tərəfləri üçün nəzərdə tutulan müqavilə münasibətləri zamanı və belə münasibətlərdən sonra qarşı tərəfin hüquqlarına xüsusi qayğı göstərmək və öhdəliklərin icrasını pozacaq hərəkətlərə yol verməmək vəzifəsinə əməl etməməsi kimi qiymətləndirərək hesab edir ki, cavabdehlərin bu hərəkətləri iddiaçı kimi müvafiq maliyyə itkilərinə məruz qalmasına səbəb olmaqla hüquqlarının pozulması kimi qəbul olunmalıdır. Hesab edir ki, buraxılmış müddət üzürlü hesab edilməli, Naxçıvan Muxtar Respublikası Şərur rayon İcra və Probasiya Şöbəsi 3-cü şəxs qismində işə cəlb edilməli, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək iddia tələbi əsaslı olduğundan təmin edilməli, "xxxx" KB ASC ilə onun arasında bağlanmış 05 mart 2014-cü il tarixli 381 micXRD/14-EM saylı kredit müqaviləsinə əsasən yaranmış borcun «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı əsasında restrukturizasiya edilməsi vəzifəsi cavabdeh "xxxx" KB ASC-yə həvalə edilməlidir. İddiaçı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Kommersı̇ ya Bankı ASC-nin nümayəndəsi X3 iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, restrukturizasiyaya salınması ilə bağlı səlahiyyətlər bankda deyildir. Azərbaycan Respublikası Mərkəzi Bankının səlahiyyətlərinə aiddir. Onunla bağlı iddiada Bakı İnzibati Məhkəməsinə verilməlidir. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən gecikmə günü 360 gündən çox olarsa, restrukturizasiyaya salınmır. İddiaçıda da gecikmə 360 gündən çox olduğu üçün restrukturizasiyaya salınmamışdır. xx.xx.2019-cu il tarixə qədər restrukturizasiyaya salına bilərdi. Amma indi restrukturizasiya edə bilmirlər. Yalnız inzibati qaydada qərar çıxarılarsa ola bilər. Buna görə də iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh3 MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, iş materiallarından görünür ki, borcun iddiaçıdan tutulmasına dair qanuni qüvvəyə minmiş, icrası məcburi olan məhkəmə əmri mövcuddur; iddiaçı banka 2019-cu ilin dekabrın 31-dək restrukturizasiya ilə bağlı müraciət etməmişdir. Məlumdur ki, «Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi» Qaydasında fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədi ilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulunun 2019-cu ilin dekabrın 31-də başa çatması nəzərdə tutulmuşdur. Digər tərəfdən, iddia ərizəsində də adı qeyd edilən Fərmanla vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri banklara tövsiyə olunmuşdur. Həmçinin, məhkəmə iddiaçının nəzərinə çatdırır ki, Bank fiziki şəxslə müqavilə bağlamağa məcbur edilə bilməz, qanunvericilik bunu qəti şəkildə qadağan edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" KB ASC-yə və Cavabdeh3 MMC-yə qarşı «kredit borcunun restrukturizasiya edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" KB ASC-yə və Cavabdeh3 MMC-yə qarşı «kredit borcunun restrukturizasiya edilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-2821/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2821/2022
30.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver