Məhkəmə qərarları › İş №2(006)-2823/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2823/2020

01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2823/2020 01.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh LPO “xxxx” KB QSC-nin nümayəndəsi X2 qızının iştirakları ilə, İddiaçı cavabdeh LPO “xxxx” KB QSC-yə qarşı “borcun olmamasının müəyyən olunması və borclu olmama barədə qeydin aparılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxxx 2020-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, LPO QSC “Bank Standart” KB ilə aralarında bağlanmış xx.xx.2007-ci il tarixli müqaviləsi üzrə hesablanmış 8.618,93 manat borcun iddia və tələbetmə müddəti keçdiyinə görə silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan QSC “xxxx” KB ilə xx.xx.2007-ci il tarixdə avtomobil kredit müqaviləsi bağlamışlar. Həmin müqavilənin tərəfi, yəni borcalan o, olmağına baxmayaraq, kreditlə alınan “BMW-X5” markalı avtomobil faktiki olaraq başqa şəxsə məxsus olmuşdur. Buna səbəb onun Sumqayıt şəhər qeydiyyatında olmağı idi. Müqavilə üzrə ödənişləri də avtomobilə faktiki sahiblik edən şəxs həyata keçirməli idi. O, uzun müddət bu məsələ, yəni kreditin ödənilib-ödənilməməsi ilə maraqlanmamışdır. Lakin 2017-ci ildə başqa bankdan kredit götürərkən ona məlum olmuşdur ki, QSC “xxxx” KB ilə aralarında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilə üzrə ödənişlər tam həyata keçirilməmişdir və onun 8618,93 manat kredit borcu yaranmışdır. Ona məlum olmuşdur ki, bank ödəniş həyata keçirilmədiyinə görə avtomobilin üzərinə həbs qoydurmuş və avtomobil bankın dayanacağına gətirilmişdir, lakin sonradan ona məlum olmayan səbəbdən avtomobil yenidən sahibinə qaytarılmışdır. O, dəfələrlə ləğv prosesində olan QSC “xxxx” KB-yə iddia və tələbetmə müddəti ötmüş borcun silinməsinə dair müraciətlər etsə də heç bir nəticə olmamışdır, bank isə bilərəkdən kredit borcunun ödənilməsinə dair tələblə məhkəməyə müraciət etmir. Beləliklə onun kredit tarixçəsində adına hələ də ödənilməmiş kredit borcunun olduğu görünür. Bu isə onun yeni kredit almağına ciddi maneə yaradır və sahibkarlıq fəaliyyətimə mane olur. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, ləğv prosesində olan QSC “Bank Standart” KB ilə aralarında bağlanmış xx.xx.2007-ci il tarixli kredit müqaviləsinin müddəti xx.xx.2011-ci il tarixində bitmişdir. Müqavilənin müddətinin bitməsindən artıq 9 il keçmişdir. Bu müddət ərzində bank və sonradan ləğvedici tərəfindən ona qarşı kredit borcunun ödənilməsinə dair hər hansı bir tələb və ya iddia irəli sürülməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil oğlu yuxarıda qeyd olunan məzmunda izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 iddianı qəbul etməyərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. “xxxx” MMC-dən xx.xx.2020-ci il tarixli SF-1301 saylı Çıxarışdakı “Borcalan aktiv öhdəlikləri” qrafasından görünür ki, İddiaçı LPO “xxxx” KB QSC-yə xx.xx.2007-ci il tarixli kredit müqaviləsinə əsasən 120A046907 kredit hesabı üzrə kreditin qalıq məbləği üzrə 8618,93 manat, faiz məbləği üzrə 3524,69 manat məbləğində borcu vardır. Beləliklə, məhkəmə tərəfindən araşdırılmış iş materiallarından görünür ki, iddiaçı kredit əldə etmək məqsədilə müxtəlif banklara müraciət etmiş, lakin ona kredit verilməsindən imtina olunmuşdur. İmtinanın səbəbi kimi banklar tərəfindən iddiaçının adında “xxxx” KB QSC-dən götürülmüş 8618,93 manat kredit borcunun bugünə kimi bağlanmaması göstərilmişdir. “xxxx” MMC-nin iddiaçının adına tərtib edilmişxx.xx.2020-ci il tarixli, SF-1301 saylı çıxarışı əsasında İddiaçıLPO “xxxx” KB QSC-yə xx.xx.2007-ci il tarixli kredit müqaviləsinə əsasən kreditin faiz məbləği üzrə 3524,69 manat məbləğində borcunun olması müəyyən edilmişdir. Hazırda iddiaçı LPO QSC “Bank Standart” KB ilə aralarında bağlanmış xx.xx.2007-ci il tarixli müqaviləsi üzrə hesablanmış borcun iddia və tələbetmə müddəti keçdiyinə görə silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının iddia müddətinin keçməsinə istinadən borcun silinməsi tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci və 373.2-ci maddələrinə görə, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, iddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Bu hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Qərarda həmçinin qeyd olunur ki, qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (Mülki Məcəllə; maddə 375.2.). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə, məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Qeyd edilən maddi hüquq normalarının, həm də Konstitusiya Məhkəməsinin mövqeyindən müəyyən olunur ki, iddia müddətinin tətbiqi, iddiaçının məhkəmədə iddia qaldırmaq hüququndan istifadə etməsi və iddia tələbinin yönəldiyi tərəfin “iddia müddətinin tətbiq edilməsi barədə” ərizə verməsindən asılıdır. Lakin hazırki iş çərçivəsində bu hallar müşahidə olunmur. Belə ki, iş üzrə cavabdeh olan Bank borcun iddiaçıdan tutulması məsələsini məhkəmə qaydasında mübahisələndirməmiş, başqa sözlə iddiaçıya qarşı “borcun ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Göstərilənlər əsasında isə məntiqi olaraq bu nəticəyə gəlinir ki, “iddia müddətinin tətbiq edilməsi” barədə ərizə vermək hüququ iddianı qaldıran şəxsə deyil, yalnız iddia tələbinin yönəldiyi tərəfə məxsusdur. Belə olmadığı, yəni Bank tərəfindən məhkəmədə müvafiq iddia qaldırılmadığı halda, hazırki iş üzrə iddiaçının iddia müddətinin tətbiqinə əsasən borcun silinməsi tələbi istisna edilir. Məhkəmə iddianın qanuni əsası kimi iddiaçının iddia müddətinin tətbiqinə istinadı ilə razılaşmasa da, Mülki Məcəllənin 550-ci maddəsinə əsasən, tələb etmək hüququna dair müddətin keçməsi ilə əlaqədar öhdəliyə xitam verilməsi və onun əsasında yaranmış borcun silinməsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 550-ci maddəsinə əsasən, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Göstərilən Məcəllənin 551.2.1-ci maddəsinə əsasən, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Eyni Məcəllənin 552.1-ci maddəsinə əsasən öhdəliklərin xitamı üçün müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Bunu nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki öhdəlik hüquq münasibətlərindən irəli gələn tələblərin qüvvədə olması müddəti Mülki Məcəllənin 551.2.1ci maddəsinə əsasən, beş il kimi müəyyən edilməlidir və baxılan iş üzrə həmin müddətin keçməsi halı aşkardır. Belə ki, Mülki Məcəlləsinin 368-ci maddəsi ilə qanunverici öhdəliklərin xitamı üçün müddətin axımının başlanmasını tələbin icra müddətinin çatması ilə əlaqələndirir. İş materiallarından göründüyü kimi xx xxxxx 2007-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrası müddətinin sonu xx xxxxxx 2011-ci il tarixi kimi müəyyən edilmişdir. İcra müddətinin keçməsindən artıq 9 il ötdüyündən, kreditor öhdəliyin icrasını tələb etmədiyindən, iddiaçı həmin öhdəliklərə xitam verilməsini tələb etməkdə tam haqlı olmuşdur. “xxxx”na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən, Büroya borc haqqında məlumatları məlumat təchizatçıları təqdim edirlər. Məlumat təchizatçıları Büroya təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir. Büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. Həmin Qanunun 10.4.8-ci maddəsinin tələblərinə görə informasiya sahibi həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır. Beləliklə qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, LPO «xxxx» KB QSC kredit məlumatlarının təchizatçısı kimi İddiaçı xx.xx.2007-ci il tarixli kredit müqaviləsinə əsasən yaranmış borcunun silinməsini təmin etməli və bu barədə məlumatı "xxxx" MMC-yə verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. LPO “xxxx” KB QSC İddiaçı xx.xx.2007-ci il tarixli kredit müqaviləsinə əsasən yaranmış borcunun silinməsini təmin etsin. Bu barədə məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsi LPO “xxxx” KB QSC-yə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar