Məhkəmə qərarları › İş №2(006)-2834/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2834/2024

02.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2834/2024 02.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Bakıxanov Gülmira Akif qızının Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakıxanov Gülmira Akif qızı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya vurulmuş zərərin əvəzi kimi 1100 manat məbləğində pul vəsaitinin, həmçinin məhkəmə xərclərinin əvəzi kimi 31 manat məbləğində pul vəsaitinin tutularaq Bakıxanov Gülmira Akif qızına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Bakıxanov Gülmira Akif qızı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 1100 manat məbləğində pul vəsaiti alınıb iddiaçıya verilməlidir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-466/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutumuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 06 ay (altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin cinayət işi üzrə sübuta yetirilmişdir ki, Cavabdeh tamah niyyəti ilə Bakıxanov Gülmira Akif qızının əmlakını talamışdır. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 03 radələrində İddiaçı yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi küçəsi, 119 saylı evdə olarkən yataq otağında dolabda geyim əşyalarının arasından qiyməti 400 manat olan əyyarı 585, çəkisi 3,55 qram bir ədəd qızıl qolbağı və qiyməti 700 manat olan əyarı 585, çəkisi 6,22 qram bir ədəd qızıl qolbağı gizli olaraq talamışdır. Cinayət işi üzrə onun əməli sübuta yetirilmişdir, lakin həmin zaman Bakıxanov Gülmira Akif qızına cinayət işindən mülki iddia verə biləcəyi hüququ izah edilməmişdir. Hazırda mövcud iddia ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı Bakıxanov Gülmira Akif qızı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddia ərizəsini qəbul etmədiyini bildirərək, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhər Yasamal Rayon Məhkəməsinin1(004)-466/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutumuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 06 ay (altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 01 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 05 ay 29 gün gün (beş ay iyirmi doqquz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli hökm çıxarıldığı vaxtdan, yəni 29 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 1(004)-466/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023cü il tarixli 9/6413 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, may ayına 01 ədəd 585 əyarlı, çəkisi 3,55 qram qızıl boyunbağının orta bazar qiyməti 302 manat, 01 ədəd 585 əyarlı, çəkisi 6,22 qram olan qızıl boyunbağının orta bazar qiyməti 528 manat ümumilikdə 830 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Belə ki, cinayət işi üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və may ayına 01 ədəd 585 əyarlı, çəkisi 3,55 qram qızıl boyunbağının orta bazar qiymətinin 302 manat, 01 ədəd 585 əyarlı, çəkisi 6,22 qram olan qızıl boyunbağının orta bazar qiymətinin 528 manat olmaqla, ümumilikdə 830 manat təşkil etməsi faktı aşkar olmaqla, cinayət işi üzrə qanuni qüvvəyə minmiş hökmlə sübut edilmişdir. Həmin faktın yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş zərərə görə 830 manat və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı Bakıxanov Gülmira Akif qızına ödənilməlidir. İddia qalan hissədə təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş zərərə görə 830 manat və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı Bakıxanov Gülmira Akif qızına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar