Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2839/2020 30.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X7, cavabdehin nümayəndəsi X9 iştirakları ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh ASC-yə qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X15 ASC-dən 135000 (bir yüz otuz beş) min manat əmanətə hesablanmış və 2019-cu ilin noyabr-dekabr ayları üçün ödənilməmiş 2250 (iki min iki yüz əlli) manat pulun va vurulmuş mənəvi zərərin əvəzi olaraq 10000 manat ümumilikdə 10250 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2018-ci il tarixdə Cavabdeh ASC-nin ''BAKİ" filialında ******************** saylı depozit hesabına 36 aylıq, illik 10 % olmaqla 135 000 (bir yüz otuz beş min) manat əmanət yerləşdirməyi barədə X15 ASC (bundan sonra bank) ilə ******************** nömrəli fiziki şəxslərə əmanət (depozitin) yerləşdirilməsi üzrə xidmətlərin göstərilməsi haqqında müqavilə bağlamışdır. Həmin məbləğə görə hər ay üçün hesablanan 1125 (bir min yüz iyirmi beş) manat faiz məbləği bank tərəfindən verilmiş kart hesabına köçürülmüşdür. Lakin noyabr ayında onun kartı naməlum şəraitdə itdiyi üçün o, təcili banka zəng edib həmin kartın bağlanmasını xahiş etmişdir. Bankdan onun sorğusu ilə verilən cavab məktubunuda onun müraciətinin xx.xx.2019-cu il olduğu göstərilsə də bildirir ki, onun müraciəti dekabr deyil 2019-cu ilin noyabr ayında olub. xx.xx.2020-ci ildə banka zəng edərək depozit və ona hesablamış faizlərin təhlükəsizliyi ilə maraqlananda bankdan ona arxayın olmağını və həm əsas məbləğin, həm də ona hesablanmış faizlərin hesabda olduğunu, kartın bloklaşdırıldığını bir daha təsdiq etmişlər. Eyni zamanda ona daha arxayın olmaq üçün Narmina.q@ azerturkbank.az mail ünvanına bir daha müraciət etməyini bildirmişlər və o, həmin mail ünvanına da yazaraq hesabın (kartın) bloklaşlaşdırılmasını xahiş etmiş və bildirmişdir ki, özü şəxsən yaxınlaşıb yeni kart sifariş edəcək. Bir neçə dəqiqədən sonra isə bankın əməkdaşı Nərminə 055 *** ** ** nömrəli telefonla zəng edib narahat olmamağını və kartın bloklaşdırılması ilə bağlı bütün əməliyyatların həyata keçirildiyini bildirmişdir. xx.xx.2020-ci il tarixdə banka yaxınlaşıb yeni kart sifariş vermək istədikdə isə ona bildirmişlər ki, xx.xx.2020-ci ildə telefon zəngi əsasında faiz hesabında olan blok ləğv edilib və həmin hesabda olan 2250 manat götürülmüşdür. O, etiraz etmiş və məsələni araşdırmaq üçün banka bir daha müraciət etmişdir. Lakin bankdan verilən cavab məktubunda bildirilmişdir ki, guya onun zəngi əsasında ödəniş kartı aktivləşdirilmişdir. O, bildirmişdir ki, onun tərəfindən heç vaxt belə zəng, müraciət olunmayıb və hesablanmış faiz, məbləğləri ona qaytarılmalıdır. Lakin cavabdeh bu günədək həmin məbləği ona qaytarmaqdan imtina edir. Eyni zamanda bildirir ki, məhz cavabdehin (bankın) qanunsuz əməlləri nəticəsində o, iki ay əmlakından məhrum olmuşdur. Həmçinin cavabdehin bu əməlləri onun hesabının təhlükəsizliyinə dair onda psixi həyəcan vəziyyəti yaratmış, o, güclü əsəb və sarsıntı keçirmişdir. Hesab edir ki, 10.000 manat mənəvi zərərin əvəzi olaraq cavabdehdən tutularaq ona ödənilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, X15 ASC-dən 135000 (bir yüz otuz beş) min manat əmanətə hesablanmış və 2019-cu ilin noyabr-dekabr ayları üçün ödənilməmiş 2250 (iki min iki yüz əlli) manat pulun va vurulmuş mənəvi zərərin əvəzi olaraq 10000 manat ümumilikdə 10250 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək Cavabdeh ASC-dən 2019-cu ilin noyabr-dekabr ayları üçün ödənilməmiş 2270 (iki min iki yüz yetmiş) manat pulun (faiz məbləğinin), vurulmuş mənəvi zərərin əvəzi olaraq 10.000 manat, maddi ziyanın əvəzi olaraq isə 1.000 manat ümumilikdə 11.270 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona həm də maddi ziyan dəymişdir. Belə ki, o, hər ay özünün və ailəsinin xərclərini cavabdeh bankda yerləşdirdiyi depozit məbləğinə hesablanmış və ona ödənilən faizlərlə ödəmişdir. Həmin ərəfələrdə onun ailəsində ziddiyyətlər yaranmış və o, 2 uşaqla həyat yoldaşına məxsus mənzili tərk edib anasının evinə sığınmaq məcburiyyətində qalmışdır. Bu zaman və hal-hazıradək isə onun heç bir əmək fəaliyyəti olmayıb. Kartı naməlum şəraitdə itdiyi və onun xahişi ilə cavabdeh tərəfindən bloklandığı üçün həmin məbləğdən də istifadə edə bilməmişdir. Dekabr-yanvar aylarında o, uşaqlarını və özünü anasının maddi dəstəyi və yaxın adamlarından, konkret olaraq bacısından aldığı borc pul ilə dolanmağa məcbur olmuşdur. Belə ki, o, yanvar ayında Cavabdeh ASC-yə gəlib yığılmış faiz məbləğinin götürəcəyinə ümidli olmuşdur. Lakin göründüyü kimi cavabdehin qanunsuz əməlləri nəticəsində o, əmlakından məhrum olmuşdur. Göründüyü kimi məhz cavabdehin (bankın) qanunsuz əməlləri nəticəsində o, iki ay əmlakından məhrum olmuşdur. Həmçinin cavabdehin bu əməlləri onun hesabının təhlükəsizliyinə dair onda psixi həyəcan vəziyyəti yaratmış, o, güclü əsəb və sarsıntı keçirmişdir. O, dəfələrlə keçirdiyi ağır sarsıntı, həyəcan, stress nəticəsində səhhətində yaranmış ağrılarla əlaqədar həkim müayinə və müalicəsindən keçmişdir və müalicəsi hələ də davam edir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili X11 yuxarıda qeyd olunan məzmunda izahat vermiş iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X12 iddiaya etiraz etməklə təmin edilməməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. xx.xx.2018-ci il tarixli ******************** saylı fiziki şəxslərə əmanətin (depozitin) yerləşdirilməsi üzrə xidmətlərin göstərilməsi müqaviləsindən görünür ki, İddiaçı illik 10% dərəcəsi ilə 36 ay müddətinə faiz ödənişi aylıq olmaqla 135.000 manat Cavabdeh ASC-də depozitə qoymuşdur. xx.xx.2018 – xx.xx.2020-ci il tarixli dövr üzrə hesabdan çıxarışdan görünür ki, İddiaçı bank hesabından xx.xx.2020-ci il, xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixlərində 2270 manat məbləğində əmanət üzrə faiz nağdlaşdırılmışdır. İddiaçı tərəfindən Elektron ünvan ünvanı vasitəsilə Narmina.q@azərturkbank.az ünvanına xx.xx.2020-ci il tarixdə göndərilmiş məktubdan görünür ki, o, Narmin adında bank işçisindən depozit hesabından özündən başqa heş kimə, əsasən X3, eibarnamə əsasında olsa belə, istənilə əməliyyatın aparılmasına icazə verilməməsini, iki ay əvvəl kartının bloklaşdırılmasına dair xahişini birdə nəzərdən keçirilməsini, yaxın zamlarda yeni kartın verilməsini xahiş etmişdir. İddiaçı tərəfindən Cavabdeh ASC-nin Bakı filialına ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, filialda xidmət olunan ******************** saylı depozit hesabı barədə məlumat, nağd və ya nağdsiz ödəniş onun tərəfindən verilən etibarnamə əsasında belə (xüsusi ilə X3) heç bir şəxsə verilməməsi xahiş edilmişdir. Qeyd edir ki, bu xəbərdarlığı mail vasitəsi ilə xx.xx.2020-ci il tarixdə ona yazmışdır. İddiaçı tərəfindən Cavabdeh ASC-nin Bakı filialına ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, o, xx.xx.2020-ci il tarixdə telefon vasitəsilə bankın 012 495 nömrəsinə zəng vuraraq kartının (******************** hesab nömrəsi) bloklaşdırılması ilə əlaqədar müraciət etməsinə baxmayaraq, xx.xx.2020-ci il tarixdə, saat 10:50-də 055 *** ** ** nömrəli telefon vasitəsilə zəng vurmuş xanım tərəfindən blokdan çıxarlmışdır. Aparılacaq araşdırma barədə məlumat verilməsi xahiş edilmişdir. İddiaçı tərəfindən Cavabdeh ASC-nin Bakı filialına ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, ona aid AZ87AZRT******************** saylı cari hesabını dormant statusundan azad edilməsinə və hesabının yenidən aktiv edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İddiaçı tərəfindən Cavabdeh ASC-nin Bakı filialına ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, ona aid visa infinite depozit azn (461386******4764 ) kartının tam bağlanılmasına köməklik göstərilməsini xahiş etmişdir. İddiaçı tərəfindən Cavabdeh ASC-nin Bakı filialına ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, o, xx xxxxxx 2020-ci il tarixinə onun bankda yerləşdiyi 135000 manat depozit hesabının və onun üzərində aparılan hər-hansı əməliyyat barədə rəsmi məlumatın ona verilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixli, ******************** nömrəli Fiziki şəxslərə bank hesabının açılması və istifadəsi üzrə xidmətlərin göstərilməsi müqaviləsindən görünür ki, tərəflər bank AZ87AZRT******************** saylı hesab nömrəsi üzrə bank hesabının aılması və istifadəsi xidmətinin göstərilməsi barədə razılığa gəlmişlər. Cavabdeh ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, xx.xx.2020-ci il tarixli 01/F-08/192 qeydiyyat nömrəli ərizəsinə əsasən ******************** saylı depozit hesabında olan 135000 (bir yüz otuz beş min) manat məbləğində əmanəti xx.xx.2020-ci il tarixində bank tərəfindən bloklaşdırılmışdır. Cavabdeh ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, xx.xx.2018-ci il tarixində Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra Bank) Bakı filialında tərəflərindən əmanət müqaviləsinə əsasən qoyulmuş əmanət məbləği üçün müəyyən edilmiş və hesablanan faizlərin ödənişi ilə bağlı Bank tərəfindən təqdim edilmiş ödəniş kartı müraciəti əsasında xx.xx.2019-cu il tarixində qeyri-müəyyən müddətə bloklaşdırılmışdır. Məlum edirlər ki, onun xx.xx.2020-ci il tarixində Banka etdiyi telefon zənginə əsasən (eyniləşdirmə üsulları tətbiq edilməklə) yuxarıda qeyd edilən ödəniş kartı müvafiq qaydada aktivləşdirilmişdir. İddiaçı tərəfindən Cavabdeh ASC-nin Bakı filialına ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, onun faiz hesabında noyabr-dekabr ayları üçün toplanmış 2250 manat pulun 3 gün ərzində ona ödənilməsini, əks halda məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 205 saylı arayışdan görünür ki, 1979-cu il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə X2 həkim nevropatoloqu Nigar Heydərovaya müraciət etmiş və müayinə olunaraq müvafiq müalicə təyin edilmişdir (Diaqnoz: Nevrasteniya). Məhkəmə baxışı zamanı cavabdeh tərəfindən təqdim edilmiş diskdəki səs yazısı səsləndirlmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, iddiaçı onun bacısıdır. Bacısı dekabr ayından öz yaşadığı evdən çıxıb anasının evinə getmişdir. O vaxtdan orada yaşayır. O, ona imkanı olduqca köməklik etmişdir. Fevral ayında onun müalicəsi və uşaqlarının bağça pulunu ödəmişdir. İndiyə qədər onun iddiaçıya xərclədiyi pulun məbləği 2000 manat təşkil edir. Ödəniş qəbzindən (623444754 nömrəli) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin mübahisələndirilməyən hallarından görünür ki, tərəflər arasında bank əmanəti müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, Cavabdeh ASC iddiaçının açdığı hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürmüşdür. İddiaçı Banka xx xxxxxx 2019-cu il tarixdə müraciət etməklə bank hesabının qeyri-müəyyən müddətə bloklaşdırılmasını xahiş etmiş, xx xxxxxx 2020-ci il tarixdə isə cavabdehin rəsmi elektron ünvanına məktub göndərməklə kartın blokda olub-olmaması barədə məlumat verilməsini, depozit faizinin keçirilməsi üçün yeni kartın hazırlanmasını xahiş etmişdir. İddiaçı məxsus bank hesabından xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə 2270 manat məbləğində əmanət üzrə faiz nağdlaşdırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944-cü maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Əmanətin qoyulduğu hesab üzrə bank ilə əmanətçinin münasibətlərinə bank hesabı müqaviləsi haqqında qaydalar tətbiq olunur, bir şərtlə ki, bu Məcəllənin bu fəslinin müddəalarında ayrı hal nəzərdə tutulmasın və ya bank əmanəti müqaviləsinin mahiyyətindən ayrı hal irəli gəlməsin. Həmin Məcəllənin 966-cı maddəsinin tələblərinə görə müştəriyə gələn pul vəsaitinin vaxtında hesaba salınmadığı və ya bank tərəfindən əsassız olaraq hesabdan silindiyi, habelə pul vəsaitinin hesabdan köçürülməsi və ya hesabdan verilməsi haqqında müştərinin göstərişlərinin lazımınca yerinə yetirilmədiyi hallarda bank həmin məbləğ üçün bu Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş qaydada və miqdarda faizlər ödəməlidir. Məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, iddiaçının bank hesabının bloklaşdırılmış vəziyyətdə saxlanmasını xahiş etməsinə baxmayaraq cavabdeh tərəfindən banka edilmiş zəng vasitəsilə blokdan çıxarma əməliyyatı keçirilmiş, hesabdan əmanət üzrə faiz çıxarılmasına şərait yaradılmışdır. Halbuki müştərinin hesabında saxlanılan pul vəsaitlərinin salamatlığı bank əmanəti müqaviləsindən irəli gələn əsas iqtisadi məqsədlərdən biridir və bank səlahiyyəti olmayan şəxslər tərəfindən verilən tapşırıqların icrası nəticəsində müştəriyə dəymiş ziyana görə məsuliyyəti hətta o halda daşıyır ki, tapşırığın səlahiyyətli olmayan şəxs tərəfindən verilməsi faktını bank qaydaları və müqavilə ilə nəzərdə tutulan prosedurlardan istifadə etməklə müəyyən etmək mümkün olmasın. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin); b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. Yuxarıda qeyd edilənlərə əsasən mqəyyən edilir ki, hazırkı işdə iddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 966-cı maddəsinin dispozisiya şərtləri mövcuddur və bu şərtlər bank hesabından qeyri-müəyyən şəxs tərəfindən qanunsuz olaraq pulun silinməsi nəticəsində iddiaçıya dəymiş zərərə görə məsuliyyətin cavabdehin üzərinə qoyulması üçün kifayətdir. Cavabdehin bank hesabından pulun qanunsuz silinməsinin məhz iddiaçının ehtiyatsızlığı nəticəsində baş verdiyi ilə bağlı dəlillər isə məhkəmənin qənaətinə görə ehtimal xarakter daşıyır və bankın ümumi iqtisadi siyasətinə ziddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Bu Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “İstehlakçının hüquqlarının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 10-cu bəndinə əsasən iş görülməsində və xidmət göstərilməsində, istehlakçının həyatını, sağlamlığını və ya əmlakının təhlükəsizliyini təmin etməyən materialların, avadanlıqların cihazların, alətlərin, qurğuların və başqa vasitələrin tətbiqi nəticəsində vətəndaşın həyatına, sağlamlığına və ya əmlakına zərər dəyərsə, icraçı onlar xassələrini bilib-bilmədiyindən asılı olmayaraq məsuliyyət daşıyır. Həmin Qanunun 26-cı maddəsinin 2-ci bəndinə əsasən istehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia “dəymiş maddi zərərin ödənilməsi” hissəsində qismən təmin edilməli, Cavabdeh ASC-dən iddiaçıya dəymiş maddi ziyan məbləğində məsuliyyət daşıdığından 2270 manat pul tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə idiaçının sağlamlığına dəymiş 10000 manat məbləğində zərərlə bağlı təqdim etdiyi müalicə və müayinəsinə dair qəbzləri işin faktiki hallarını təsdiq edə biləcək sübut qismində nəzərə almır və gəldiyi qənaəti onunla əsaslandırır ki, iddiaçının sağlamlığının pozulduğunun məhz naməlum şəxs tərəfindən ona məxsus bank hesabından pulun çıxarılması ilə əlaqəli olduğu faktı məhkəməyə təqdim edilmiş heç bir sübutla öz təsdiqini tapmamışdır. Məhkəmə dəymiş ziyanın mövcudluğunu təsdiq edən şahidin ifadəsi ilə bağlı həmçinin qeyd edir ki, şahid qismində dindirilmiş X1 iddiaçının yaxın qohumu olması onun tərəfsizliyini şübhə altına alır. Belə ki, şahidin iddiaçı ilə qohumluq münasibətləri, habelə qeyd olunan faktların digər mötəbər sübutlarla öz təsdiqini tapmadığını əsas götürərək məhkəmə onun ifadəsini inandırıcı hesab etmir. Məhkəmə iddianın “mənəvi zərərin ödənilməsi” hissəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 saylı Qərarına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və X10 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Dəymiş ziyanın ödənilməsi və s. ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər (2-ci bənd). Həmin Qərarın 7-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Qərarın 10-cu bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə vurulmuş mənəvi ziyanın ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçının izahatından və iş materiallarından da aydın oldu ki, cavabdeh, bank əmanəti müqaviləsində və qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşıdığı vəzifələri lazımi qaydada yerinə yetirmədiyindən iddiaçıya məxsus hesabdan pulun naməlum şəxs tərəfindən çıxarılmasına faktiki olaraq şərait yaratması nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirablar keçirməsinə səbəb olmuşdur. Belə olan halda iddiaçı bankdan (cavabdehdən) vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır və ona vurulmuş zərər cavabdeh tərəfindən ödənilməlidir. Eyni zamanda məhkəmə mənəvi zərərin məbləğinin iddia tələbində 10.000 manat göstərilməsini çox olmaqla real qiymətləndirmir və hesab edir ki, zərərin baş verməsinə səbəb olmuş hərəkət nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmaqla dəymiş mənəvi zərərin 200 manat məbləğində müəyyən edilməsi daha ağlabatan və ədalətli olar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, maddi zərərə görə 2270 manat, mənəvi zərərə görə 200 manat Cavabdeh ASC-dən alınaraq İddiaçı xeyrinə ödənilməlidir. İddia digər hissədə rədd edilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Həmçinin təqdim olunmuş sənədlər əsasında iddiaçının iddia ərizəsinin verilməsi ilə əlaqədar 30 manat xərc çəkdiyi müəyyən olunmuşdur. İddianın qiyməti 11.270 manat, ödənilmiş tələb isə 2470 manat təşkil edir. Yəni iddiaçının tələbinin 22 faizi təmin olunduğundan, məhkəmə xərcləri də həmin nisbətdə tərəflərə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Maddi zərərə görə 2270 manat, mənəvi zərərə görə 200 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 7 manatı, cəmi 2477 manat məbləğində pul Cavabdeh ASCdən tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-2839/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2839/2020
30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver