Məhkəmə qərarları › İş №2(006)-285/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-285/2022

28.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-285/2022 28.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, iddiaçının nümyənədəsi X1, Cavabdeh1 nümayəndəsi X17 oğlunun iştirakları ilə, iddiaçı X5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı X10 Cavabdeh1 qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X11 tərəfindən ona vurulmuş 3.000 manat dəyərində olan maddi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, göstərilən ünvanda 2013-cü ildən mülkiyyət sahibidir. Cavabdeh isə bu ünvanda ailəsi ilə birlikdə 1992-ci ildən yaşayır. Yaşadığı bina xüsusi mülkiyyətdə olub, 3 mərtəbəli 2 blokludur. Cavabdehin 3-cü mərtəbədə hər iki blokda mənzilləri var. O isə 2-ci mərtəbədə yaşayır. Onun mənzilinin üstündə Cavabdeh1 və digər qonşu Kərimov Salmanın mənzilləri yerləşir. Cavabdehin mənzilinin mətbəxi, hamam və sanitar qovşağı onun mətbəxinin üstündədir. Orada cavabdehin Elvira adlı bacısı xəstə atası ilə yaşayırlar. May ayının 3-də anası Musayeva Solmaz səhər yuxudan ayılan zaman mətbəxin ortasında olan dayaq sütununun qıraqlarından çirkab suyun axdığını görür və onun qarşısının alınması üçün 3-cü mərtəbədə yaşayan cavabdehin bacısı Elvira və onun qonşusu Kərimov Salman ilə görüşüb iradlarını bildirir. Anası hər iki mənzilə baxdıqda heç bir nöqsan tapa bilmir. X16 bildirir ki, o sübh tezdən 04:00 radələrində Ramazan orucunu tutub və yatıb. Heç bir yerdə sudan istifadə etməyib. Onu anası saat 10:00 radələrində yuxudan oyadıb. Bundan sonra axan su fasilələrlə axmağa başlayıb. O, anasının çağırışı ilə gəlmiş və bu mənzərənin şahidi olmuşdur. Qonşu S.Kərimovla söhbət etmişdir. Ona məlum olmuşdur ki, onun su borularından su axa bilməzdi. X18 ilə telefon danışığı oldu. O qətiyyətlə dedi ki, onun mənzilinə suyu onlar yox, qonşu S.Kərimov axıdır. Bu fikir həqiqətdən uzaq idi. O həmin günün axşam tərəfi internetdən istifadə edərək "ustam.az " şirkəti ilə əlaqə yaratmışdır. Onlar texniki vasitələrdən istifadə edərək mənzillərdə baş verən su axıntılarının dəqiq yerini müəyyən edirlər. Orada işləyən Fuad adlı mütəxəssis ilə (***-***-**-**) saylı mobil telefonu ilə əlaqə yaratmışdır. Gəlib yoxlmaları üçün 100 manata razlığa gəlmişlər. Mayın 3-də onlardan ibarət iki nəfərlik qrup gəlmişdir. Əvvəl cavabdehin bacısı Elviranın yaşadığı mənzilə baxış keçirtdilər. Sonra isə qonşu S.Kərimovun mənzilinə texniki baxış keçirildi və məlum oldu ki, su onun mətbəxinə cavabdehin sanitar qovşağı və hamam hissəsindən (konkret yer məlumdur) axır. Həmin axşam suyun qarşısı fasilələrlə alındı. Mayın 4-də mətbəxinə axan çirkab su daha çox axmağa başladı. O və anası suyu qurulayıb qarşısını ala bilməmişlər ki, döşəmənin bahalı olan laminatı islanmasın. Axşamüstü cavabdehin əri X6 təkidlə mənzilinə çağırmışdır ki, mənzərəni öz gözüylə görsün. O, bu mənzərəni gördü və bildirdi ki, dəymiş ziyanı ödəyəcək. O yenidən "ustam.az" firmasını dəvət etmişdir. Onlar yenidən gəlib yoxlama aparmış və Qarayev Raufa konkret yer göstərmişlər ki, su onların sahəsindən axır. Bu firmanın göstərişi ilə boruların müəyyən vintləri bağlandı və axan su dayandı. Qarayev Rauf həmin şirkətdən usta dəvət edərək həmin yerləri təmir etdirdi. Cavabdehin təqsiri üzündən mətbəxinin bütün tavanı, işıqlar, döşəmə, ortada yerləşən dayağın üstü (xüsusi materialdan qaplanıb) ciddi ziyana uğramışdır. Ona 3.000 (üç min) manata qədər maddi ziyan vurulmuşdur. O dəfələrlə telefon vasitəsilə X11 və onun əri Qarayev Rauf ilə vurduqları maddi ziyanın aradan qaldırılmasını tələb etsə də onlar bundan imtina etmişlər və günahın onlarda olmadığını bildirmişlər. Daha sonra iddiaçının nümyənədəsi X3 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona vurulmuş 4.000 manat dəyərində olan maddi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, eyni zamanda Cavabdeh2 əlavə cavabdeh qismində cəlb olunması barədə məhkəməyə ərizə vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümyənədəsi X3 yuxarıda qeyd olunan məzmunda izahat vermiş, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi X12 iddia tələbinin Cavabdeh1 aid olan hissədə rədd edilməsini xahiş etmiş, zərərin baş verməsində digər qonşunun təqsirli olduğunu bildirmişdir. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia Cavabdeh1 münasibətdə qismən təmin edilsin. İddia Cavabdeh2 münasibətdə rədd edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi 184 saylı evin 9/60 hissəsi xüsusi mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi 184 saylı evin tikiliüstünün 1/48 hissəsi və zirzəmi 30,0 kv.m – Cavabdeh2 daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci tarixdə ********* nömrə ilə, tikiliüstünün 8/16 hissəsi – Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/4113 nömrəli, xx.xx.2021-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin yerləşməsini, yəni iddiaçıya məxsus 18 saylı mənzilin binanın 2-ci mərtəbəsində cavabdehə məxsus 22 saylı mənzilin isə 18 saylı mənzilin üstündə 3-cü mərtəbəsində yerləşdiyini, 18 saylı mənzilin mətbəx tikilisində və mətbəxə bitişik sahədə qüsurlar gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, həmçinin mülki iş materiallarındakı məlumatları nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi saylı evin 18 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 22 saylı mənzildən su axıdılığı və nəticədə 18 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi 184 saylı evin 18 saylı mənzilinə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinin bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 2.029,0 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3539 nömrəli, xx.xx.2022-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 18 saylı mənzilin binanın 2-ci mərtəbəsində, cavabdehə məxsus 22 saylı mənzilin isə 18 saylı mənzilin üstündə 3-cü mərtəbədə yerləşdiyini, 18 saylı mənzilin mətbəx tikilisində və mətbəxə bitişik sahədə qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, həmçinin mülki iş materiallarındakı məlumatları nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi 184 saylı evin 18 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 22 saylı mənzildən su axıdıldığı və nəticədə 18 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunur ki, 22 saylı mənzilə baxış keçirilən zaman sözügedən mənzilin su kanalizasiya xəttlərinin təmir olunduğundan, üzərində hər hansı bir qüsurun olmadığından, eləcə də baxış zamanı su sızması davam etmədiyindən, 18 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 18 saylı mənzilə su sızması 22 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 22 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi 184 saylı evin 18 saylı mənzilinə su sızma nəticəsində qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinin uyğun ümumi dəyəri təqribən 2029,0 manat məbləğində müəyyən edilmişdir. İş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, iddiaçı X10 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üst mərtəbədə yaşayan qonşuları Cavabdeh1 və ya Cavabdeh2 məxsus mənzildən mütəmadi olaraq onun yaşadığı mənzilə su sızdığını, bunun nəticəsində ona xeyli miqdarda maddi ziyanın dəydiyini, mənzilinin yararsız hala düşdüyünü bildirmişdir. Qeyd edilən halların və iddiaçıya dəymiş maddi ziyanın məbləğini müəyyən etmək məqsədi ilə məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(006)-285/2022 saylı qərardadı ilə iş üzrə tikinti-texniki ekspertizası təyin edilmişdir. Belə ki, ekspert rəyinə əsasən iddiaçıya məxsus 18 saylı mənzilin binanın 2-ci mərtəbəsində cavabdehə - Cavabdeh1 məxsus 22 saylı mənzilin isə 18 saylı mənzilin üstündə 3-cü mərtəbəsində yerləşdiyini, 18 saylı mənzilin mətbəx tikilisində və mətbəxə bitişik sahədə qüsurlar gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, həmçinin mülki iş materiallarındakı məlumatları nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi saylı evin 18 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 22 saylı mənzildən su axıdılığı və nəticədə 18 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən edilmiş, su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinin bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 2.029,0 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh1 nümayəndəsi X7 şifahi vəsatətinə əsasən xx.xx.2022-ci il tarixli, 2(006)-285/2022 saylı qərardadı ilə iş üzrə təkrar təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizası üzrə nəticə eyni olmuşdur. Mülki Məcəllənin (bundan sonra - MM) 1096, 1097.1, 1097.3 və 1111.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Beləkilə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Məhkəmə yuxarıda sadalanan maddələrə əsasən qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Hazırkı mülki iş üzrə zərərin baş verməsi, yəni iddiaçının evinə suyun axıdılması nəticəsində ona zərər dəyməsi, suyun Cavabdeh2 məxsus mənzildən yox, Cavabdeh1 məxsus mənzildən axıdılması müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia Cavabdeh2 aid olan hissədə rədd edilməlidir. Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iddiaçının mənzilinə cavabdehin mənzilindən su sızması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün ekspert rəyinə əsasən müəyyən olunan məbləğin 2.029 manat təşkil etdyini nəzərə alaraq hesab edir ki, iddia Cavabdeh1 münasibətdə qismən təmin edilməli, ondan dəymiş maddi zərərə görə iddiaçının xeyrinə 2.029 manat məbləğində pul tutulmalıdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia Cavabdeh1 münasibətdə qismən təmin edilməli, mənzilə su sızması nəticəsində dəymiş maddi zərər olaraq 2.029 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 15 manatı, cəmi 2.044 manat məbləğində pul Cavabdeh1 tutularaq X8 ödənilməlidir. İddia Cavabdeh2 münasibətdə rədd edilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumunun ödənilməsi barədə qəbz əsasında müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində pul ödəmişdir. Həmçinin, ekspert tədqiqatının dəyəri ekspertiza xərclərinə dair bildirişə görə 200 manat təşkil edir. İddiaçının tələbinin 51%-i təmin edildiyindən çəkilmiş məhkəmə xərci də həmin nisbətdə tərəflərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia Cavabdeh1 münasibətdə qismən təmin edilsin. Maddi zərərə görə 2.029 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 15 manatı, cəmi 2.044 manat məbləğində pul Cavabdeh1 tutularaq X8 ödənilsin. İddia Cavabdeh1 münasibətdə digər hissədə və Cavabdeh2 münasibətdə tam olaraq rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 200 manatın 98 manatı iddiaçı X4, 102 manatı Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar