Məhkəmə qərarları › İş №2(006)-2851/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2851/2024

20.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2851/2024 20.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının hüquqi varisi X6, iddiaçının hüquqi varisinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Səməndər oğlunun hüquqi varisi X6 cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki şəxsə vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Səməndər oğlunun hüquqi varisi X11 cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki şəxsə vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi və mənəvi zərərə görə kompensasiya şəklində 500.000 manat məbləğində pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutularaq tam həcmdə ona ödənilməsi və yazılı surətdə üzr istənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Səməndər oğlunun hüquqi varisi X11 iddia ərizəsini onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı İddiaçı istintaqı Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsində aparılan cinayət işi üzrə guya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona ittiham elan edilmişdir. Həmin cinayət işinin istintaqı Səbail RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Emil Muxtarov tərəfindən aparılmışdır. Sözügedən cinayət işi üzrə ibtidai istintaq zamanı mərhum həyat yoldaşı İddiaçı əməlləri sifarişli və qanunsuz olaraq məqsədyönlü şəkildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsindən 178.3.2-ci maddəsinə tövsif edilmiş və həmin maddə ilə ona ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Xüsusilə qeyd elmək istəyir ki, həyat yoldaşı Əziz Əbüləzizin əməllərində ümumiyyətlə dələduzluq cinayətinin tərkib əlamətləri olmamış, sadəcə Səbail RPİ-nin müstəntiqi Emil Muxtarov saxta ssenari və sifariş əsasında həyat yoldaşının ağır cinayətdə ittiham edilməsini və bu yolla onun həbs edilməsini təmin etdirmək məqsədi ilə ona Azərbaycan Respublikası CMnin 178.3.2-ci maddəsi ilə qanunsuz ittiham elan etmişdir. Nəzərə daha açıq-aşkar çatdırmaq istəyir ki, müstəntiq Emil Muxtarov qondarma zərərçəkmiş şəxs X12 və zərərçəkmiş şəxsin müdafiəçisi, eyni zamanda bacısı, vəkil X13 ilə qeyri-prosessual əlaqəyə girərək üzərinə günahsız bir insanın həyatı bahasına götürdüyü öhdəlik əsasında mərhum həyat yoldaşının daha ağır cəzaya məhkum edilməsinə, daha doğrusu uzun müddət azadlıqdan məhrum edilməsinə nail olmaq üçün bu addımı atmışdır. Sonradan, yəni ölümündən sonra bəraət almasına baxmayaraq məhz bu qanunsuz həbsə görə mərhum həyat yoldaşı İddiaçı cəzaçəkmə müəssisəsində vəfat etmişdir. Bu isə açıq-aşkar Səbail RPİ-nin müstəntiqi Emil Muxtarovun Azərbaycan Respublikası CM-nin 290-cı maddəsində nəzərdə tutulmuş (Təqsiri olmadığını bilə-bilə şəxsi cinayət məsuliyyətinə cəlb etmə) cinayət əməlini törətməsinin əyani sübutudur. Eyni zamanda İxtiyar Həsənov və İlhamə Həsənova da Azərbaycan Respublikası CM-nin 290-cı maddəsində nəzərdə tutulmuş (Bilə-bilə yalan xəbərçilik etmə) cinayət əməlini törətmişdir. Məhz bu iki şəxsin, müstəntiqin və adlarını aşağıda sadaladığı hakimlərin qanunsuz əməlləri həyat yoldaşı İddiaçı həbsdə vəfat etməsi ilə birbaşa əlaqəlidir. Yuxarıda da qeyd etdiyi kimi müstəntiq Emil Muxtarov Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin ictimai təhlükəliliyi və sanksiyasında nəzərdə tutulmuş cəzanın az ağır olduğunu və həmin cinayət əməli üzrə məhkəmə aidiyyətinin rayon (şəhər) məhkəmələri olduğunu, həmin Məcəllənin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin isə ictimai təhlükəliliyini və sanksiyasında nəzərdə tutulmuş cəzanın ağır, məhkəmə aidiyyətinin isə ağır cinayətlər məhkəməsi olduğunu bildiyi üçün qondarma zərərçəkmiş şəxs və onun vəkili ilə razılaşmasına uyğun olaraq mərhum həyat yoldaşının daha ağır cəzaya məhkum edilməsi üçün qanunsuz olaraq onu Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə ittiham etmiş, cinayət işinin ibtidai araşdırmasına prosessual rəhbərliyi həyata keçirən Səbail rayon prokuroru isə bütün bu qanunsuzluqları ya görməmiş, ya da ki, qəsdən görməzdən gəlmişdir. Müstəntiq tərəfindən ibtidai istintaq yekunlaşdırıldıqdan sonra mərhum həyat yoldaşı İddiaçı təqsiriləndirilməsinə dair cinayət işi araşdırılması üçün aiddiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(101)-102/2019 saylı qanunsuz və sifarişli hökmü ilə (hakimlər sədrlik edən Rahib Salmanov, Mayıl Bayramov, Samir Əliyev) mərhum həyat yoldaşı İddiaçı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən tərəflərindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(103)-689/2019 saylı qərarı ilə (hakimlər - sədrlik edən Namiq Məmmədov, Əmir Bayramov, Əflatun Qasımov) tərəflərindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü törədilmiş əmələ münasibətdə (guya mərhum həyat yoldaşının Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi hissəsində) dəyişdirilmədən saxlanılmışdır. Ərizəsinin bu hissəsində yaxşı ki, ölkədə ən ali instansiya olan Ali Məhkəmənin olmasını bildirmədən keçməməyi özünə borc hesab edir. Çünki Ali Məhkəmə olmasaydı bəlkə də günahsız biri ölümündən sonra da olmuş olsa belə bəraət hökmünü ala bilməyəcəkdi. Bundan sonra tərəflərindən Bakı Apellyasiya Məhkəməsinin 1(103)-689/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)- 124/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə tərəflərindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş və İddiaçı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilərək cinayət işi yenidən həmin məhkəmədə apellyasiya baxışına təyin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-568/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə (hakimlər- sədirlik edən Habil Məmmədov, İlqar Murquzov, Həsən Əhmədov) tərəflərindən verilmiş apellyasiya şikayəti yenə də növbəti dəfə qanunsuz olaraq təmin edilməmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü törədilmiş əmələ münasibətdə (guya mərhum həyat yoldaşının Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi hissəsində) dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra həmin qərardan tərəflərindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(102)- 1097/2021 saylı qərarı ilə kassasiya şikayətləri haqlı olaraq təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ləğv edilərək cinayət işi apellyasiya instansiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Yalnız bundan sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(103)-47/2022 saylı ədalətli hökmü ilə (hakimlər - sədirlik edən Rəşad Abdulov, Cavid Hüseyn, Qədim Babayev) tərəflərindən verilmiş apellyasiya şikayətləri təmin edilərək, mərhum həyat yoldaşı İddiaçı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(101)-102/2019 saylı hökmü ləğv edilmiş, onun təqsirli bilindiyi 300.000 manat məbləğində dələduzluq epizodu üzrə ona həmin hissədə bəraət verilmişdir. Bundan sonra qondarma zərərçəkmiş şəxs və onu buna təhrik edən vəkil bacısı İlhamə Həsənova tərəfindən kassasiya şikayəti verilsə də, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-471/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin olunmamış və bəraət hökmü qüvvədə saxlanılaraq qanuni qüvvəsini almışdır. Həmin bəraət hökmündə isə mərhum həyat yoladaşı İddiaçı açıq-aşkar qanusuz və əsassız olaraq, sifariş əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilərək ittiham olunması və həmin maddə ilə ağır cəzaya məhkum edilməsi faktları hakimlər tərəfindən sadalanmışdır. Belə ki, yuxarıda sadaladığı xüsusatlara və yekun bəraət hökmünə baxdıqda açıq-aşkar görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Rahib Salmanov, Mayıl Bayramov, Samir Əliyev, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Namiq Məmmədov, Bayram Əmirov, Əflatun Qasımov, Habil Məmmədov, İlqar Murquzov və Həsən Əhmədov da Azərbaycan Respublikası CM-nin 295-ci maddəsində nəzərdə tutulmuş (bilə-bilə ədalətsiz hökm, qərardad və qərar çıxarma) cinayət əməlini törətmişdir. Məhz bu sadalanan hakimlərin hər birinin mərhum həyat yoldaşı İddiaçı əvvəlcə qanunsuz həbs edilməsi və bunun nəticəsində də həbsdə vəfal etməsində birbaşa təqsirləri vardır. Məhz yuxarıda adlarını sadaladığı şəxslərin etdiyi qanunsuzluqlar nəticəsində ailələri həm dərin mənəvi, həm də maddi sarsıntı keçirmişdir. Belə ki, ziyalı bir ailənin ziyalı ailə başçısı törətmədiyi əmələ görə həbs edilərək ləyaqəti alçaldılmış» ailə başçısını həbsdə itirmiş ailə isə mənəvi baxımdan məhv olmuşdur. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Qanunun 7-ci maddəsinə əsasən mənəvi zərər - şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənfi xarakterli mənfi nəticələrdir. Eyni zamanda bildirir ki, ona hüquqi yardım göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər, məhkəmə iclasları zamanı çəkilmiş məhkəmə xərcləri, qanunsuz olaraq həbsdə saxlanıldığı müddət ərzində çəkilmiş digər xərclər ailələrini maddi cəhətdən də sarsıtmışdır. Belə ki, ibtidai istintaq və məhkəmə istintaqı dövründə ailələrinin maddi vəziyyəti ağır olmuş və ona görə də mərhum həyat yoldaşı İddiaçı hüquqi müdafiəsini təşkil etmək üçün borc almışdır. Borc alınmış maliyyə vəsaiti hesabına ona hüquqi yardım göstərilməsi üçün vəkil tutmuşdur. Hesab edir ki, mərhum həyat yoldaşının günahsız olaraq, törətmədiyi bir cinayət əməlinə görə cəza çəkməsinə görə ailəsinə vurulmuş maddi və mənəvi zərərin qarşılığı olan 500.000 manat məbləğində pul vəsaiti mərhum həyat yoldaşı İddiaçı varisi kimi dövlət hesabından tutularaq ona ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56-cı maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bəraət almış təqsirləndirilən şəxs vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Bildirir ki, məhkəmə hökmləri, qərarları, qətnamələri Azərbaycan Respublikasının adından çıxarıldığı üçün o da cinayət prosesini həyata keçirən orqanın səhvi və sui-istifadəsi nəticəsində ailələrinə vurulmuş ziyanın qarşılığı olaraq ödənilməli olan kompensasiyanın dövlətin hesabından tutularaq onun hesabna ödənilməsini tələb etmək məcburiyyətindədir. Eyni zamanda bildirir ki, tərəfindən Məhkəmə-Hüquq Şurasına ünvanlanmış müraciətinə verilmiş 15 mart 2024-cü il tarixli, 2-4/2-0-16xx-xx-2103/2024 saylı cavab məktubunda ona cinayət prosesini həyala keçirən orqanın səhvi və suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və kompensasiya almaq üçün qanunvericiliyə uyğun olaraq ərizə ilə məhkəməyə müraciət etməsi izah olunmuşdur. Buna görə də, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının hüquqi varisi X11 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və əlavə olaraq bildirdi ki, cavabdeh məkəməyə iddiaya etiraz təqdim etmişdir. İlk başda onu qeyd edir ki, olduqca səthi formada hazırlanmış həmin etiraz birbaşa olaraq şablon xarakterlidir. Etirazda məhz iddia ərizəsində göstərilən xüsusatların heç birinə münasibət bildirilməmişdir. Yalnız mövcud qanunvericilik normaları sadalanmışdır. Etirazda qeyd olunur ki, guya iddiaçı tərəf heç bir sübut təqdim etmədən yüksək maddi kompensasiya tələb edir. Görünür cavabdeh tərəf həm iddia ərizəsi ilə, həm də məhkəmə prosesi zamanı təqdim olunan materiallarla tanış deyildir. Belə ki, iddia ərizəsində həyat yoldaşının əsassız olaraq həbs olunduqdan vəfat etdiyi tarixə qədər səhhətindəki ciddi problemlər, həmin problemlər üçün çəkdiyi əlavə xərclər, hüquqi müdafiəsi üçün vəkillərlə bağladığı müqavilələr, ailənin yeganə qazanc gətirən şəxsinin vəfat etdiyindən ailələrinin maddi təminatını həyata keçirə bilməməsi aydın formada əsaslandırılmışdır. Məhkəmə prosesi zamanı təqdim etdiyi materiallarda isə bu dövrdə götürdüyü kreditlər, borclar, həmçinin məcburiyyət qarşısında qalıb dəyərindən olduqca aşağı qiymətə bağ evlərini satmaları görünməkdədir. Həmçinin cavabdeh orqan guya iddia ərizəsində mənəvi zərərin vurulmasına dair hər hansı sübutun olmadığını qeyd etmişdir. Cavabdeh orqanın nəzərinə çatdırır ki, həyat yoldaşı əsassız yerə həbs olunduqdan sonra, həbsdə acınacaqlı vəziyyətdə ölmüşdür. Onun ölümünün yeganə səbəbi onun əsassız yerə cinayət törətməkdə ittiham olunaraq həbs edilməyi olmuşdur. Cavabdeh orqan bu ölümü mənəvi zərər, iztirab, stress və əsəb kimi nəzərə almır. Görünür həmin etirazı yazan və imzalayan şəxslərin yaxınlarından heç biri vəfat etməmişdir. Əks halda onun iddiasına formal etirazla etiraz edib onun mənəvi ziyan çəkmədiyi bildirilməzdi. Etirazdan belə başa düşülür ki, o, həbsdə olan həyat yoldaşının müdafiəsi üçün çalışarkən, onun yanına gedib-gələrkən gələcəkdə onun vəfat etdikdən sonra bəraət alacağını təxmin etməli və bununla əlaqədar mənəvi zərərin vurulmasına dair sübutlar toplamalı idi. Bir daha qeyd edir ki, hazırki etiraz tamamilə formal xarakterli olub iddia ərizəsində qeyd olunan situasiyalar ilə heç bir əlaqəsi yoxdur. Cavabdeh orqanın etirazda əsaslandırmağa çalışdığı absurd bir hissə isə guya cavabdeh qismində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin qoyulmaması ilə bağlıdır. Cavabdeh orqanın nəzərinə çatdırır ki, onun həyat yoldaşını hər hansı bir vəzifəli şəxs həbs etməyib. İstintaqı aparan da, hökmü çıxardan da bu dövlətin orqanlarıdır və o da həyat yoldaşının ölümünə görə kompensasiyanı həmin dövlətdən tələb edir. Bir Nazirliyin belə bir absurd əsaslandırmanın arxasına sığınması qəbul edilməzdir. Halbuki «Təhqiqat, ibtidai istintaq, prokurorluq və ınəlıkomə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Qanunun 1.2-ci maddəsində də göstərilmişdir ki, vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilməlidir. Hazırda bütün ailələrinə vurulan maddi və mənəvi ziyanı Azərbaycan Respublikası Maliyyə Nazirliyi ödəməlidir. Daha sonra reqres iddia tələbi ilə məhkəməyə müraciət etmək isə artıq cavabdeh tərəfin məsələsidir. Həmçinin nəzərə çatdırır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56-cı maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bəraət almış təqsirləndirilən şəxs vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Bildirir ki, məhkəmə hökmləri, qərarları, qətnamələri Azərbaycan Respublikasının adından çıxarıldığı üçün o da cinayət prosesini həyata keçirən orqanın səhvi və sui-istifadəsi nəticəsində ailələrinə vurulmuş ziyanın qarşılığı olaraq ödənilməli olan konpensasiyanın dövlətin hesabından tutularaq onun hesabına ödənilməsini tələb edir. Bu səbəbdən, məhkəməyə təqdim edilən etirazın təmin edilməməsini, iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının hüquqi varisinin nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı qanuni nümayəndəsi X11 təhqiqat və ibtidai istintaq orqanlarının qanunsuz hərəkətləri nəticəsində dəymiş maddi və mənəvi ziyana görə 500.000 manat kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi bu prosesə cavabdeh kimi cəlb edilmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edirlər ki, həmin iddia tələbi rədd edilməlidir. İddiaçının qanuni nümayəndəsi X11 iddia ərizəsində heç bir əsas göstərmədən, xərcləri əsaslandırmadan, hər hansı təsdiqedici sübutlar təqdim etmədən maddi zərərə görə yüksək məbləğdə kompensasiya ödənilməsini tələb etmişdir. Qeyd edilmişdir ki, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində ödənilən ziyanın (məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər və s.) konkret növləri göstərilmişdir. İddiaçının nümayəndəsi həmçinin mənəvi ziyana görə kompensasiya ödənilməsini tələb edir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən mənəvi ziyan dedikdə şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr başa düşülür. Qüvvədə olan qanunvericiliyə əsasən şəxsə vurulmuş mənəvi ziyan dedikdə, vətəndaşın fiziki və mənəvi iztirabları, onun şərəf və ləyaqətinin ləkələnməsi, ona böhtan atılması, ictimaiyyət arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayılması, habelə mənəviyyatına, əxlaq normalarına, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Mənəvi ziyanın ödənilməsi tələb edildikdə şəxs keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir (ona qarşı xüsusilə ağır cinayət törədildikdə - üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə - yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə - əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə - on bir manat). Göründüyü kimi, mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. Həmçinin bildirirlər ki, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə»yə əsasən Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını (kredit sərəncamçılarını) yalnız onların sifarişinə və məxaric cədvəllərinə əsasən onların xərc smetalarında nəzərdə tutulmuş vəsaitlər həddində maliyyələşməsini həyata keçirir. Maliyyə Nazirliyinin büdcə təşkilatları əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Azərbaycan Respublikası Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyələşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Mülki qanunvericiliyin tələblərinə əsasən hər hansı şəxsə zərər vurmuş şəxs (və ya şəxslər) ona münasibətdə mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının iddia tələbində Maliyyə Nazirliyini cavabdeh qismində göstərməsinin əslində də heç bir hüquqi əsası yoxdur. Eyni zamanda «Dövlət büdcəsi» ifadəsi ümumi anlayışdır və burada hər bir büdcə təşkilatına (kredit sərəncamçılarına) müvafiq məqsədlər üçün xərc maddələri üzrə vəsait nəzərdə tutulur. Xərc maddələri isə Qanunla təsdiq olunduğundan Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ yoxdur. «Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının və problemlərinin həlli, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.3-cü maddəsinin tələblərini də nəzərə almalıdır. Belə ki, Mülki Məcəllənin 1114.3-cü maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanlarının vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödənildiyi halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır. Qeyd olunan reqres hüququnun əsaslandırılması üçün isə məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsiri müəyyən edilməli və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktlar qətnamədə göstərilməlidir. Məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən iddiaçıya ziyanın vurulduğu həqiqi faktlarla müəyyən edilərsə, bu zaman dövlətin və onun büdcəsinin də mənafeyi nəzərə alınmalı və məhkəmə tərəfindən qəbul ediləcək qərarda iş üzrə təqsirkar vəzifəli şəxslərin (adı, soyadı, vəzifəsi göstərilməklə) təqsiri müəyyən edilməlidir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya və onun qanuni nümayədəsinə qarşı hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də, iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Göründüyü kimi, cinayət prosesini həyata keçirən orqan (və ya vəzifəli şəxs) hazırkı iddia tələbi ilə bağlı təqsirkar sayılmalı və iddia tələbinə həmin orqana (və ya vəzifəli şəxsə) münasibətdə baxılıb qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandırılan halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2019-cu il tarixli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmlə həmçinin mülki iddiaçı İ.Z.Həsənovun İddiaçı qarşı mülki iddiası qismən təmin edilmişdir, eləcə də iddianı təmin etmə tədbiri qismində hökmdə sadalanan əmlakların üzərinə həbs qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 29 avqust 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2019-cu il tarixli hökmü dəyişdirilmiş, İddiaçı zərərçəkmiş şəxs X4 2011-ci ilin avqust ayında Bakı şəhəri Səbail rayonu M.F.Axundov adına parkın yaxınlığında yerləşən ofisində 50.000 manat məbləğində aldığı pulun 25.000 manat məbləğində olan hissəsini həmin ilin dekabr ayında İxtiyar Həsənova qaytarıb qalan 25.000 manat pulu isə etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirməklə zərərçəkmiş şəxs İxtiyar Həsənova 25.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi epizodu üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən İddiaçı həmin epizod üzrə cəza təyin edilməmiş, hökmlə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti isə 07 (yeddi) ilədək endirilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 avqust 2019-cu il tarixli qərarından mərhum məhkum İddiaçı müdafiəçisi X14 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 11 fevral 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilmiş və cinayət işi yeni məhkəmə baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 15 oktyabr 2020-ci il tarixli qərarı ilə mərhum məhkum İddiaçı, müdafiəçisi X17 və zərərçəkmiş şəxs X12 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, İddiaçı CM-nin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2019cu il tarixli hökmü dəyişdirilmiş, onun zərər çəkmiş şəxs X4 2011-ci ilin avqust ayında Bakı şəhəri Səbail rayonu M.F.Axundov adına parkın yaxınlığında yerləşən ofisində 50.000 manat məbləğində aldığı pulun 25.000 manat məbləğində olan hissəsini həmin ilin dekabr ayında İxtiyar Həsənova qaytarıb qalan 25.000 manat pulu isə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə zərər çəkmiş şəxs İxtiyar Həsənova 25.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi epizodu üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən və İddiaçı vəfat etdiyindən ona həmin epizod üzrə cəza təyin edilməmiş, sonuncunun təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərər çəkmiş İxtiyar Həsənova 300.000 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi epizodu üzrə ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzanın təyin edilməsinə dair hissə Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2019-cu il tarixli hökmündən xaric edilmiş, bu epizod üzrə ona cəza təyin edilməmiş, hökm qalan hissələrdə isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 oktyabr 2020-ci il tarixli qərarından mərhum məhkum İddiaçı müdafiəçisi C.S.Yusifov kassasiya şikayəti, digər müdafiəçisi X18 isə kassasiya şikayətinə əlavə vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyun 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti və kassasiya şikayətinə əlavə qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 15 oktyabr 2020-cu il tarixli qərarı həmin kassasiya müraciətlərinə əsasən ləğv edilmiş, cinayət işi isə yeni apellyasiya baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 07 sentyabr 2022-ci il tarixli hökmü ilə müdafiəçi X17 və mərhum məhkum edilmiş şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri (apellyasiya şikayətinə əlavə ilə birlikdə) qismən təmin edilmiş, zərər çəkmiş şəxs X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2019-cu il tarixli hökmü ləğv edilmiş, İddiaçı təqsirli bilindiyi 300.000 manat məbləğində dələduzluq epizodu üzrə cinayət əməlini törətməkdə təqsiri sübuta yetirilmədiyindən ona həmin hissədə bəraət verilmiş, İddiaçı CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddəyə münasibətdə qanunla nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə əsasən İddiaçı həmin maddə ilə cəza təyin edilməmiş, zərər çəkmiş şəxs İ.Z.Həsənov tərəfindən verilmiş mülki iddia qismən təmin edilmiş, vurulmuş maddi ziyana görə 25.000 manat məbləğində İ.Z.Həsənovun xeyrinə tutulması, iddianın təmin tədbiri kimi məhkum olunmuş şəxsə məxsus olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 1284 saylı bağ evinin üzərinə həbs qoyulması, həbs qoyulmuş əmlak hesabına cinayət nəticəsində vurulmuş ziyan ödənildikdən həmin əmlakın satışından əldə edilmiş pul vəsaitinin qalıq hissəsinin İddiaçı vərəsələrinə qaytarılması, İddiaçı məxsus «Mercedes GLK300» markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə, həmçinin Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi X2 ev 3/6, 4-cü mənzil üzərinə, eyni zamanda Bakı şəhəri S.Rüstəmov küçəsi ev 3/6, 16-cı mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 1(102)-471/2023 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 07 sentyabr 2022-ci il tarixli hökmü kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. AZ-İ seriyalı 017933 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X21 xx.xx.1978-ci il tarixdə Səadət Sarayında (Bakı Nikah Evi) nikahın bağlanması haqqında akt qeydləri kitabında 1501 nömrə ilə qeyd edilməklə bağlanmışdır. Nikahdan sonra arvada “Əbdüləziz” soyadı verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Müalicə Müəssisəsinin rəisi vəzifəsini icra edən ədliyyə polkovnik-leytenantı X3 ailəsinə ünvanlanmış xx.xx.2019cu il tarixli AZ1029/********** nömrəli teleqramdan görünür ki, İddiaçı vəfat etməsi ilə bağlı onun ailəsini təcili olaraq müəssisəyə çağırmışdır. AZ-İİ seriyalı 052980 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixində ölmüşdür. Bu barədə xx.xx.2019-cu il tarixdə ölüm haqqında akt qeydləri kitabında 1861 nömrə ilə qeyd edilmişdir. "xxxx" ASC ilə X11 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 6130***-*******01 nömrəli kredit müqaviləsindən görünür ki, bank ona xx.xx.2022-ci il tarixinə kimi qaytarmaq və illik 29% ödəmək şərti ilə 14.650 manat kredit vermişdir. X16 ilə X11 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 3M-696 reyestr nömrəli kredit müqaviləsindən görünür ki, ona xx.xx.2019-cu il tarixinə kimi qaytarmaq şərti ilə 20.000 manat kredit vermişdir. “X19” ASC ilə X11 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 15466sİNSH/19 nömrəli kredit müqaviləsindən görünür ki, bank ona 84 ay müddətinə illik 29% ödəmək şərti ilə 10.000 manat kredit vermişdir. X11 ilə X20 arasında notarial qaydada təsdiq edilməklə bağlanmış xx.xx.2022-ci il tarixli 4Ə-1651 reyestr nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, X11 ünvan 1 ünvanında yerləşən 0,026760 ha torpaq sahəsinin istifadəsində olan ümumi sahəsi 984,50 m2-dən ibarət fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə özünə məxsus, 3-cü mərtəbə ½ hissə payını 200.000 manat qarşılığında X10 satmışdır. "xxxx" ASC ilə X11 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 6ZİNAS119823102 nömrəli girov müqaviləsindən görünür ki, ünvan 2 ünvanında yerləşən 9 nömrəli mənzil bankın xeyrinə girov ilə yüklü edilmişdir. "xxxx" ASC ilə X11 arasında bağlanmış xx.xx.2020-ci il tarixli NSNPU-3298 nömrəli kredit müqaviləsindən görünür ki, bank ona 36 ay müddətinə illik 18% ödəmək şərti ilə 12.700 manat kredit vermişdir. "xxxx" QSC ilə X11 arasında bağlanmış girov müqaviləsindən görünür ki, xx.xx.2021ci il tarixli zərgər aktı ilə təsdiq edilmiş likvid dəyəri 1347 ABŞ dolları olan qiymətli metal "xxxx" QSC-nin xeyrinə girov ilə yüklü edilməklə, X8 12 ay müddətinə illik 40% ödəmək şərti ilə 3.430 manat kredit vermişdir. "xxxx" QSC ilə X11 arasında bağlanmış girov müqaviləsindən görünür ki, xx.xx.2021ci il tarixli zərgər aktı ilə təsdiq edilmiş likvid dəyəri 1347 ABŞ dolları olan qiymətli metal "xxxx" QSC-nin xeyrinə girov ilə yüklü edilməklə, X8 1 ay müddətinə illik 40% ödəmək şərti ilə 3.200 manat kredit vermişdir. "xxxx" QSC ilə X11 arasında bağlanmış girov müqaviləsindən görünür ki, “iPhone 12 Pro Max” markalı smartfonu "xxxx" QSC-nin xeyrinə girov ilə yüklü edilməklə, X8 12 ay müddətinə illik 35% ödəmək şərti ilə 3.099 manat kredit vermişdir. X15 ilə X9 arasında notarial qaydada təsdiq edilməklə bağlanmış xx.xx.2021-ci il tarixli 4Ə-26 reyestr nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, X15 Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahəsi, 986M ünvanında yerləşən 296,41 m2 bağ evini və mülkiyyətində olan 0.06 ha torpaq sahəsini 42.000 manat qarşılığında X1. Tətbiq edilən hüquq: «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması; barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8 və 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilən şəxsin cinayət təqibinə məruz qalması; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsin barəsində cinayət təqibinə vaxtında xitam verilməməsi və cinayət təqibinin davam etdirilməsi; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsdən buna razılıq alınmasına baxmayaraq, həmin şəxs barəsində cinayət təqibinin davam etdirilməsi; şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması; cinayət təqibi üzrə icraat zamanı şəxsin qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 176-cı və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalması; şəxsin barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi; şəxsin barəsində ictimai işlər, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Təqdim edilmiş sənədlərdən göründüyü kimi, mərhum İddiaçı Səməndər oğluna yalnız işin bir epizodu üzrə (300.000 manat məbləğində dələduzluq epizodu) bəraət verilmiş, onun Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ittiham olunduğu əməli həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilərək, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar həmin maddə üzrə ona CPM-nin 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməmişdir. Başqa sözlə ifadə etdikdə, mərhum İddiaçı Səməndər oğlu barəsində bəraət hökmü çıxmamışdır, ittihamedici əsaslar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı Səməndər oğlu bəraət qazanmış şəxs hesab olunmur (ona münasibətdə CPM-nin 55, 56-cı maddələrində nəzərdə tutulmuş əsaslar mövcud deyil). Belə ki, hətta onun barəsində hissəvi bəraət verilməsi ilə bağlı məhkəmə qərarında da bu barədə hüquq izah olunmamışdır. Qeyd edilməlidir ki, mərhum məhkuma Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ittiham elan olunmuş, barəsində həbs qətimkan tədbiri seçilmiş və vəfat etdiyi anadək həmin qətimkan tədbiri üzrə həbsdə saxlanmışdır. Sonradan onun barəsində əməlin 178.2.4-cü maddəyə tövsif edilməklə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə görə cəza təyin edilməməsi onun barəsində seçilmiş həbsi qanunsuz hesab etməyə əsas verən hal deyildir. Bu səbəbdən, cinayət təqibini həyata keçirən orqanların əməli ilə iddiaçıya münasibətdə hər hansı hüquq pozuntusu törədilməmişdir. Odur ki, iddiaçıya qarşı hər hansı maddi və mənəvi ziyan vurulması müəyyən edilmədiyindən hazırki iddia tələbi əsaslı hesab edilə bilməz. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Səməndər oğlunun hüquqi varisi X6 cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki şəxsə vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Səməndər oğlunun hüquqi varisi X6 cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki şəxsə vurulmuş zərərin ödənilməsi» təəbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar