Məhkəmə qərarları › İş №2(006)-286/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-286/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-286/2021 06.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı ("xxxx" QSC BOKT mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı ("xxxx" QSC BOKT mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan buraxılış ili 2002-ci il olan, “Mersedes BENZ-320 CDİ” markalı, ** RP *** dövlət nömrə nişanlı avtomobilin qanunsuz olaraq əlindən alınması nəticəsində ona vurulmuş 47500 ABŞ dolları məbləğində zərərin “xxxx” ASC-dən alınaraq 35098 ABŞ dolları hissəsinin qətnamə borcuna ödənilməsi, qalan 12402 ABŞ dolları hissəsinin isə ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 18.09.2007-ci il tarixində “xxxx” ASC ilə onun arasında 680 saylı kredit müqaviləsi bağlanmış və 18 ay müddətinə, illik 23 faiz olmaqla 26000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi cavabdehlə onun arasında 18.09.2007-ci il tarixli İpoteka müqaviləsi bağlanaraq 2002-ci il buraxılış ili olan “Mersedes BENZ-320 CDİ markalı, ** RP *** dövlət nömrə nişanlı avtomobil İpoteka ilə yüklü edilmişdir. Həmin avtomobil “xxxx” ASC-nin “Sənaye” filialı tərəfindən satışa çıxarılmışdı. O, həmin avtomobili almaq istədiyini bildirdikdən sonra yuxarıda göstərilən müqavilələr bağlanaraq avtomobil onun mülkiyyətinə verilmişdir. Müqavilə bağlanan zaman həmin avtomobil Bank tərəfindən 38000 ABŞ dolları dəyərində qiymətləndirilmişdir. Bir müddət avtomobili idarə etdikdən sonra kreditin ödənilməsində çətinlikləri yaranmışdır. Buna görə də Bankın “Sənaye” filialına müraciət edərək avtomobili sataraq borcu ödəmək istədiyini bildirmişdir. Lakin Bankın filial müdiri buna qəti etiraz edərək avtomobili təcili qaytarmalarını tələb etmişdir. Avtomobilin tərəflərindən satılmasına icazə verməyən “Bank” (Bankın əməkdaşları) bir müddət sonra yəni 27.07.2008-ci il tarixində zorla həmin avtomobili yolda əlindən alaraq aparmışlar. Dəfələrlə müraciət etməyinə, avtomobilini tələb etməyinə baxmayaraq nə avtomobil barədə onlara məlumat verilmişdir, nə də avtomobilin satılaraq borcun bağlanmasına yönəldilməsi istiqamətində iş aparılmamışdır. Bankın əməkdaşları hər müraciətindən sonra narahat olmamağını, avtomobili sataraq borcu bağlayacaqlarını bildirmişlər. Bank tərəfindən avtomobil əlindən zorla alındıqdan təxminən 3 ilə yaxın bir müddət keçdikdən sonra Xətai rayon Məhkəməsində ona qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka əmlaka yönəldilməsi tələbinə dair iddia qaldırılmışdır. Məhkəmə prosesində həmçinin “Bank” tərəfindən ərizə verilərək avtomobilin üzərinə həbs qoyulması tələb edilmişdir. Onlar isə avtomobilin 2008-ci ilin iyul ayının 27-dən əlindən zorla alındığını bildirdikdən sonra məhkəmə həmin tələbi rədd edərək avtomobilin Bankda olması səbəbindən vəsatəti təmin etməmişdir (bu barədə məhkəmə iclas protokolunda məlumat var). Xətai rayon Məhkəməsi 21.07.2011-ci il tarixində qətnamə qəbul edərək ondan “xxxx” ASC-nin “Sənaye” filialının xeyrinə 25230 ABŞ dolları əsas, 7368 ABŞ dolları faiz, 2500 ABŞ dolları dəbbə pulu olmaqla ümumillikdə 35098 ABŞ dollarının tutulması və tələbin “Mersedes Benz- 320D” minik markalı, ** RP *** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsini qət etmişdir. Bundan sonrakı proseslərdən onların xəbəri olmamışdır. 2020ci ilin yanvar ayının ortalarında “xxxx” MMC-dən ünvanına gələn məktubdan sonra avtomobilin 1800 manat hərraca çıxarıldığını öyrənmişdir. Bundan sonra Xətai rayon Məhkəməsinə və Xətai rayon İcra və probasiya şöbəsinə müraciət edərək bunun nə iş olduğu ilə maraqlanmışdır. İşlə tanış olan zaman onlara məlum olmuşdur ki, Xətai rayon Məhkəməsinin 2(011)-2924/2011 saylı, 21.07.2011-ci il tarixli qətnaməsi üzrə tələb hüququnun idarə edilməsi “X12 edilməsi Agentliyi” MMC-yə keçmişdir. Həmçinin həmin qətnamə 24.08.2011-ci il tarixində icraya yönəldilmiş və avtomobil 28.01.2013-cü il tarixində 3187 manat 50 qəpiyə “xxxx” ASC-ə satılmışdır. Bununla bağlı Məhkəmənin diqqətinə çatdırır ki, 2011-ci il tarixində Xətai rayon İcra Şöbəsində icraata başlanıldıqdan sonra o, həmin şöbəyə dəvət edilmişdir və ondan avtomobilin təhvil verilməsi tələb edilmişdir. 14.09.2011-ci il tarixində həmin şöbədə onun izahatı alınarkən avtomobilin 27.07.2008-ci il tarixində Bankın əməkdaşları tərəfindən əlindən alındığını və hazırda Xətai rayonu ərazisində yerləşən “Neapol” dairəsi deyilən yerdə binanın həyətində saxlanıldığını bildirmişdir. Bundan sonra icra məmurları tərəfindən 14.09.2011-ci il tarixində “AKT” tərtib edilərək avtomobilin həqiqətən də “xxxx” ASC-in əməkdaşları tərəfindən həmin yerə saxlanca təhvil verildiyi müəyyən edilmişdir. İş materiallarında olan “xxxx” MMC-nin 14.06.2012-ci il tarixli Əmlakın Qiymətləndirilməsi Barədə Ekspert Rəyindən görünür ki, əmlaka həmin tarixdə 5000 manat qiymət qoyulmuşdir. Tamamilə saxta və qanunsuz olan bu qiymətlənmə rəyi əsasında əmlak hərraca çıxarılmış və 28.01.2013-cü il tarixli “X10 06/55 saylı Protokol əsasında əmlak Banka satılmışdır. Əmlakı əldə edən bank öz növbəsində 16.07.2013-cü il tarixli məktubu ilə əmlakı hərracdan aldıqları üçün avtomobilin üzərindəki məhdudiyyətin götürülməsi ilə bağlı Xətai rayon İcra şöbəsinə məktubla müraciət etmişdir. Lakin hansısa bilmədiyi səbəblərdən bu günə kimi avtomobili Bankın mülkiyyətinə keçirməmiş və onun mülkiyyətində saxlamaqdadır. Bütün bu icra hərəkətləri edildikdən sonra avtomobil 2008-ci ildən 2011-ci ilə kimi qanunsuz olaraq Bankın əməkdaşları tərəfindən istifadə edilərək yararsız hala salındıqdan sonra 2013-cü ildə həmin avtomobili dəyərindən 10 dəfə aşağı qiymətə əldə edən Bank hazırda həmin avtomobili daha da aşağı qiymətlə, 1800 manata təkrar əldə etmək istəyir. Bu qədər qanunsuzluq və hüquqsuzluqla məşğul olan bir təşkilat barəsində isə müvafiq tədbirlər görməli olan dövlət orqanları isə bu işə heç bir münasibət göstərmirlər. Necə ola bilər ki, Bankın özü tərəfindən 2007-ci ildə 38000 ABŞ dolları dəyərində qiymətləndirilən avtomobil qısa bir zamanda bu qədər qiymət itirmiş olsun. Həmin avtomobil onun əlindən 2008-ci il tarixində alınan zaman tam istifadəyə yararlı və saz vəziyyətdə idi. Həmin avtomobilə 2008-ci il tarixində 47000 manata müştəri gətirdiyi halda Bankın əməkdaşları bu işi özləri həll edəcəklərini bildirmişlər. Cinayət yolu ilə avtomobilinin əlindən alınaraq yararsız hala salınaraq ucuz qiymətə satışını təşkil edən “xxxx” ASC ona küllü miqdarda zərər vurmuşdur. Belə ki, avtomobili aldıqları zaman onun real bazar dəyəri 50000 manatdan yuxarı idi. ABŞ dollarının rəsmi məzənnəsi isə 0.809 qəpik təşkil edirdi. Məhkəmənin öz qətnaməsi ilə müəyyən etdiyi 35098 ABŞ dolları borc Azərbaycan manatına münasibətdə 28395 manat təşkil edirdi. Avtomobili isə Bank özü 38000 ABŞ dolları, Azərbaycan Manatına münasibətdə 30742 manat dəyərində qiymətləndirmişdi. Bu rəqəmlərlə hesabladıqda Banka olan borcu tam şəkildə bağlandığı halda Bankın cinayətkar əməlləri nəticəsində əmlakı məhv edilmiş və hazırda məhkəmə qətnaməsi üzrə küllü miqdarda borcu qalmaqdadır. Avtomobili alan zaman o nəğd olaraq 10000 manat pul ödəmiş qalan məbləğ isə bank krediti yolu ilə (26000 ABŞ dolları) verilmişdir. Həmin avtomobili o, 38500 ABŞ dollarına almışdır. Həmin avtomobilin dəyəri 2007-ci il tarixində orta qiymət olaraq 38000 manat (47500 ABŞ dolları), 2008-ci il tarixində 35000 manat (43750 ABŞ dolları) təşkil edirdi. 2012-ci il tarixində 32000 manat (40000 ABŞ dolları) təşkil edirdi. Qiymətləndiricinin bu rəyindən də göründüyü kimi “xxxx” MMC-nin 14.06.2012-ci il tarixli Əmlakın Qiymətləndirilməsi Barədə Ekspert Rəyi tam qanunsuz və əsasızdır. Bunu sübut edən “xxxx” MMC-nin MMC-nin qiymətlənmə rəyi iş materiallarına əlavə edilmişdir, (həmin dövrdə ABŞ dollarının Azərbaycan Manatına olan rəsmi məzənnəsi 0.809 qəpik təşkil edirdi.). Avtomobil qanunsuz olaraq əlindən alınaraq qanunsuz olaraq istismar edilərək dəyərinin azaldılması bir başa Bankın günahıdır. Bu qanunsuzluğuna görə Bank ona zərər vurmuşdur. Göründüyü kimi “xxxx” ASC ona 47500 ABŞ dolları məbləğində zərər vurmuşdur. Həmin dövrdə avtomobil normal qaydada, qanunvericiliyin təlbinə uyğun şəkildə satılsaydı həm Bankın borcu tam bağlanar həm də satışdan əldə edilən məbləğ ona qaytarılardı. Avtomobilin ümumi dəyərindən qətnamə üzrə borcu çıxdıqda Bank tərəfindən ona 12402 ABŞ dolları qaytarılmalı olduğu adi bir riyazi hesablama ilə müəyyən edilir. (47500-35098=12402). Avtomobilin 2008-ci il tarixində onun əlindən alınmasını təsdiq edəcək şahidləri həmçinin İcra şöbəsini tərtib etdiyi müvafiq AKT var. “xxxx” ASC-nin “Sənaye” filialının əməkdaşlarının ona qarşı törətdiyi qanunsuz əməlləri nəticəsində vurulmuş zərəri “xxxx” ASC tam şəkildə ödəməlidir. İddiaçı iddia həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan buraxılış ili 2002-ci il olan, “Mersedes BENZ-320” CDİ markalı, ** RP *** dövlət nömrə nişanlı avtomobilin qanunsuz olaraq 2008-ci ildə əlindən alınması nəticəsində ona vurulmuş 33374 ABŞ dolları məbləğində vurulmuş zərərin "xxxx” ASCdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddia tələbini ekspert rəyinə uyğun olaraq müəyyən etmək istəyir. Belə ki, məhkəmə tərəfindən təyin edilən məhkəmə-əmtəəşünaslıq ekspertizasının 2903.2021-ci il tarixli 9/171 saylı rəyindən məlum olur ki, buraxılış ili 2002ci il olan "Mersedes BENZ-320” CDİ markalı avtomobilin 2008-ci ilə bazar dəyəri 27000 manat təşkil edir. 27000 manat isə 2008-ci ilin məzənnəsinə əsasən 33374 ABŞ dolları təşkil edir. Halbuki, cavabdeh Bank ipoteka müqaviləsində avtomobilə 38000 ABŞ dolları dəyər müəyyən etmişdir. 38000 ABŞ dolları isə həmin dövrün məzənnəsi ilə 46971 manat təşkil edir. Deməli 2007-ci ildə həmin avtomobilin dəyəri 46971 manatdan da baha olmuşdur. Buna baxmayaraq ekspert 2008-ci il üçün avtomobilin dəyərini 27000 manat müəyyən edir. Cavabdeh təşkilat tərəfindən avtomobil ondan 2008-ci ildən alınaraq qanunsuz istifadə edilmiş, satılaraq kredit borcunun ödənilməsinə yönəldilməmiş və ona küllü miqdarda zərər vurulmuşdur. Əgər cavabdeh təşkilat həmin avtomobili 2008-ci ildə ondan zorla aldıqdan sonra dərhal sataraq borcun ödənilməsinə yönəltmiş olsaydı bu gün onun Banka borcu olmazdı. "xxxx" ASC-nin "Sənaye" filialının əməkdaşlarının ona qarşı törətdiyi qanunsuz əməlləri nəticəsində vurulmuş zərəri "xxxx" ASC tam şəkildə ödəməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 yuxarıda qeyd olunan məzmunda izahat vermiş və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X9 iddiaya etiraz etməklə təmin edilməməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. İpoteka saxlayan «xxxx» ASC ilə ipoteka qoyan İddiaçı arasında bağlanmış 18.09.2007-ci il tarixli, 680 saylı ipoteka müqaviləsinə əsasən İddiaçı tərəf olduğu 18.09.2007-ci il tarixli, 680 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin təminatı olaraq “Mersedes Benz 320CDİ” minik markalı avtomobil ipoteka ilə bankın xeyrinə yüklü edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21.07.2011-ci il tarixli, 2(011)-2994/2011 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 25.230 (iyirmi beş min iki yüz otuz) ABŞ məbləğində əsas kredit borcu, 7.368 (yeddi min üç yüz altmış səkkiz) ABŞ dolları məbləğində hesablanmış faiz borcu, 2.500 (iki min beş yüz) ABŞ dolları dəbbə pulu, cəmi 75.098 (otuz beş min doxsan səkkiz) ABŞ dollar məbləğində borc (ödənildiyi anda Azərbavcan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 20 (iyirmi) manat dövlət rüsumunun tutulması, tutmanın İddiaçı mülkiyyətində olan “Mersedes Benz 320D” minik markalı **-RP-*** dövlət qeydiyyat nişanlı bankda girov qoyulmuş avtomaşına yönəldilərək, ixtisaslaşdırılmış təşkilatlar tərəfindən açıq hərrac yolu ilə satılması, borc məbləğinin ödənildikdən sonra qalan pul vəsaiti mülkiyyətçi İddiaçı qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. 24.08.2011-ci il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Xətai Rayon Məhkəməsinin 23.08.2011-ci il tarixli, 2(011)-2994/2011 saylı icra sənədi üzrə Xətai rayon icra şöbəsi tərəfindən qərar qəbul edilmiş və həmin tarixdə İddiaçı göndərilmişdir. 14.09.2011-ci il tarixdə Xətai rayon icra şöbəsinin böyük icra məmuru Ş.Bahadırov tərəfindən tərtib edilmiş aktdan göründüyü kimi, icra sənədinin icrası zamanı borclu İddiaçı izahat verərək banka qoyulmuş avtomaşının onda olmadığını, avtomaşının tələbkar təşkilatın işçiləri tərəfindən 2008-ci ildə alındığını və Xətai rayonu ərazisində saxlanıldığını bildirmişdir. Məlum oldu ki, həqiqətən borclunun mülkiyyətində olan “Mersedes Benz 320D” minik markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Telnov küçəsində həyətdə saxlanılır. Sözügüdən avtomobilin «xxxx» ASC-nin işçiləri tərəfindən təhvil verildiyi, xeyli müddətdir ki, burada saxlanıldığı, avtomobilin akkumulyator batareyasının işləmədiyi müəyyən edilmişdir. Bakı şəhəri Xətai rayon icra şöbəsi tərəfindən «xxxx» ASC-yə ünvanlanmış 14.09.2011-ci il və 07.02.2012-ci il tarixli eyni məzmunlu məktublardan görünür ki, icra sənədinin icrasını tələbə uyğun həll edilməsi üçün adı çəkilən avtomaşını və avtomaşının qeydiyyat şəhadətnaməsini təcili olaraq Xətai rayon icra şöbəsinə təhvil verilməsi xahiş olunmuşdur. Əmlakın qiymətləndirilməsi barədə 14.06.2012-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı məxsus “Mersedes Benz 320D” minik markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qiyməti 5.000 manat təşkil edir. Hərracın keçirilməsi barədə 08.09.2012-ci il və 22.09.2012-ci il tarixli bildirişdən görünür ki, İddiaçı “Mersedes Benz 320D” minik markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dair hərracın 08.10.2012-ci il tarixdə keçirilməsi ilə bağlı məlumat verilmişdir. Azərbaycan Respublikası Respublika Xammal və X16 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin «xxxx» ASC-yə, İddiaçı və Bakı şəhəri Xətai rayon icra şöbəsinə ünvanladığı 10.12.2012-ci il tarixli 2665 nömrəli məlumatdan görünür ki, «xxxx» ASC İddiaçı məxsus “Mersedes Benz 320D” minik markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobili 30 gün müddətində almaq üçün müqavilə bağlaması və əks halda işin sifarişçi icra şöbəsinə qaytarılması barədə xəbərdar olunmuşdur. Azərbaycan Respublikası Respublika Xammal və X16 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi tərəfindən “xxxx” ASC-yə ünvanlanmış 28.12.2012-ci il tarixli məktubdan görünür ki, “Mersedes Benz 320D” minik markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair açıq hərraclar yekunlaşdırılmışdır. Əmlakın bankın mülkiyyətinə verilməsi üçün nümayəndəsinin iştirakını təmin etməsi xahiş edilmişdir. “xxxx” ASC tərəfindən xxxxnə ünvanlanmış 25.12.2012-ci il tarixli məktubdan görünür ki, Bankın İddiaçı məxsus “Mersedes Benz 320D” minik markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qeyd olunmuş qiymətlə, yəni təkrar hərracdakı ilkin satış qiymətindən 25% aşağı qiymətlə alınmasına etirazı yoxdur. X10 06/55 saylı, 28.01.2013-cü il tarixli protokoldan görünür ki, “Mersedes Benz 320D” minik markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobilinin ilkin satış qiyməti 5.000 manat, əmlakın təkrar hərracdakı ilkin satış qiymətindən 25% aşağı olan qiyməti 3187,5 manat müəyyən edilmişdir. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 28.01.2013-cü il tarixli müqavilədən görünür ki, İddiaçı məxsus Mercedes Benz 320D markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı minik avtomobili “xxxx” Açıq Səhmdar Cəmiyyəti 3187,5 manata əldə etmişdir. Azərbaycan Respublikası Respublika Xammal və X16 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin direktoru tərəfindən Xətai rayon icra şöbəsinin rəisinə ünvanlanmış 28.01.2013-cü il tarixli məktubdan görünür ki, 28.01.2013-cü il tarixdə təqdim edilən sifarişə əsasən auksion mərkəzi tərəfindən hərrac keçirilmişdir. Hərracda müəyyən olunmuşdur ki, 17/74 14783/2 saylı, 31.07.2012 ci il tarixli sifariş məktubuna əsasən İddiaçı məxsus Mercedes Benz 320D markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı minik avtomobili 35098 dollar tələbi olan «İpoteka Haqqında» Azərbaycan Respublikası Qanununun 43.7 maddəsinə əsasən 3187,5 manata tələbkar “xxxx” Açıq Səhmdar Cəmiyyəti əldə etmişdir. Hərracın keçirilməsi barədə 13.12.2019-cu il və 27.12.2019-cu il tarixli bildirişdən görünür ki, İddiaçı “Mersedes Benz 320D” minik markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dair hərracın 14.01.2020-ci il tarixdə saat 11:00-da keçirilməsi ilə bağlı məlumat verilmişdir. Azərbaycan Respublikası xxxx MMC qiymətləndirmə şirkətinin 13.02.2020-ci il tarixli hesabatından görünür ki, “Mersedes Benz GLS320D” minik markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobilinin bazar dəyəri 2008-ci il üzrə 28.800 manat, 2012-ci il üzrə 25900 manat hesablanmışdır. AA 994072 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi əsasında müəyyən edilmişdir ki, “Mersedes Benz 320D” minik markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomaşının mülkiyyətçisi İddiaçıdur. BDYPİ Qeydiyyat-imtahan İdarəsinin rəis müavini tərəfindən ünvan 4 ünvanlanmış 02.04.2020-ci il tarixli məktubdan görünür ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına «MERCEDES BENZ 320D» markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobil 18.09.2007-ci il tarixdə ünvan 5 ünvanında qeydiyyatda olan xx.xx.1968-ci il təvəllüdlü İddiaçı adına qeydiyyata alınmış, 19.02.2020-ci il tarixdə onun adından qeydiyyatdan çıxarılmışdır. Sözügedən avtomobilə 27.02.2020-ci il tarixdə hərrac protokolu əsasında **-DS-*** dövlət qeydiyyat nişanı təhkim edilərək ünvan 6 ünvanında qeydiyyatda olan 24.01.1982-ci il təvəllüdlü X4 adına rəsmiləşdirilmişdir (kompüter çıxarışı əlavə olunur). 20.09.2017-ci il tarixli, S-AVK-665 saylı aktdan görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti İddiaçı cəmi 35098 ABŞ dolları borcunun tələb hüququnu “xxxx” QSC-yə güzəşt etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29.03.2020-ci il tarixli 9/171 nömrəli ekspert rəyindən görünür ki, "Mersedes Benz 320 D minik” markalı, 2002-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin 2008-ci, 2011-ci, 2012-ci və 2013-cü illər üçün nəzəri orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən olunur: 2008-ci il üçün - 27000,00 (iyirmi yeddi min) manat; 2011-ci il üçün - 24500,00 (iyirmi dörd min beş yüz) manat; 2012-ci il üçün - 23000,00 (iyirmi üç min) manat; 2013-cü il üçün - 22500,0 (iyirmi iki min beş yüz) manat. "Mersedes Benz 320 D minik” markalı, 2002-ci il buraxılışlı ** RP *** dövlət qeydiyyat nişanlı avtomobilin 27.07.2008-ci il tarixdən 28.01.2013-cü il tarixədək açıq havada və qeyri-işlək vəziyyətdə qalması nəticəsində aşınmasını (amortizasiyası) nəzərə alaraq satış qiymətinin normal vəziyyətdə, qəzaya uğramamış avtomobilin orta bazar satış qiymətindən 10% aşağı olması istisna edilmir (aparılmış tədqiqatın dəyəri: 100 manat) “xxxx” QSC BOKT tərəfindən verilmiş 06.05.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı 35098 ABŞ dolları məbləğində borcu “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən “xxxx” QSC-yə 20.09.2017-ci il tarixdə ötürülmüşdür. xxxxnin 03/01 nömrəli, 14.01.2020-ci il tarixli X10 Protokoluna əsasən İddiaçı məxsus Mercedes Benz 320D markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı minik avtomobil 1800 manata hərracdan X1. Həmin vəsait konvertasiya olunaraq 1053,56 ABŞ dolları İddiaçı kredit borcundan azaldılmışdır. Nəticədə İddiaçı 04.05.2021-ci il tarixə “xxxx” QSC-yə olan borcu 34.044,44 ABŞ dolları (24176,44 USD və 9868,00 USD faiz borcu). Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, 2007-ci ildə Cavanşir ilə maşını götürüb 1-2 ay ödəniş etdikdən sonra ödənişlərdə problemlər yaranmışdır. Problemlər yarandıqdan sonra bankın işçiləri maşını götürərək bankın həyətinə qoymuşlar. Əvvəlcədən 10.000 ABŞ dolları vermişdir. 27.000 ABŞ dolları olan məbləği isə ödəməli idi. O, Cavanşirlə birgə banka getdikdə onlara maşının satıldığını və maşının qalan pulunun onlara qaytarılacağını bildirmişlər.. Xətai Rayon Məhkəməsində olan proseslərdə iştirak eləmişlər. Xətai Rayon Məhkəməsinin nümayəndəsinin iştirakı ilə 2011-ci ildə yerli baxış keçirilmişdir. Bank Cavanşirdən maşını götürəndə maşın işlək vəziyyətdə olmuşdur. 13 il onlar mübarizə aparmış və dayanmadan gedib-gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, Cavanşir 10.000 ABŞ dolları əvvəlcədən ödəniş etməklə maşın almışdır. Bir neçə ay ödəniş etdikdən sonra ödənişlərdə problemlər yarandığından bank maşını ondan almışdır. Banka təhvil verilən zaman maşın yaxşı vəziyyətdə olmuşdur. Bank işçiləri hər şeyi özlərinin yoluna qoyacaqlarını bildirmişlər. Sonradan maşını Əhmədlidə olan dayanacağa aparmışlar. Maşına gündəlik nəzarət etmişdir, arada işə salaraq mühərriyi qızdırmışdır. Sonradan 2 ay olmamış maşının satılacağı Cavanşirə bildirilmişdir. Müştəri gətirəcəyini bankın nümayəndəsinə bildirmişdir. Xətai Rayon Məhkəməsində olan proseslərdə yerli baxış zamanı maşını görmüşlər. Maşını başqa yerə aparmışlar. Maşının sonrakı qiyməti və aqibəti ilə bağlı məlumatı yoxdur. Maşın iddiaçıdan ödəniş edilməsi üçün yeni qrafikin tərtib edilməsi bəhanəsi ilə təhvil alınmışdır. İşin mübahisələndirilməyən hallarından görünür ki, «xxxx» ASC ilə İddiaçı arasında bağlanmış 18.09.2007-ci il tarixli, 680 saylı ipoteka müqaviləsinə əsasən İddiaçı tərəf olduğu 18.09.2007-ci il tarixli, 680 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin təminatı olaraq “Mersedes Benz 320CDİ” minik markalı avtomobil ipoteka ilə bankın xeyrinə yüklü edilmişdir. Sözügedən kredit müqaviləsi üzrə irəli gələn öhdəlikləri lazımi qaydada icra etməyən borclu İddiaçı barəsində cavabdeh tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət olunmuş, məhkəmənin 21.07.2011-ci il tarixli, 2(011)- 2994/2011 saylı qətnaməsinə əsasən borcludan Bankın xeyrinə cəmi 75.098 ABŞ dollar məbləğində borcun tutulması, tutmanın onun mülkiyyətində olan “Mersedes Benz 320D” minik markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və daha sonra ixtisaslaşdırılmış təşkilatlar tərəfindən açıq hərrac yolu ilə satılması qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23.08.2011-ci il tarixli, 2(011)-2994/2011 saylı icra sənədi üzrə Xətai rayon icra şöbəsi 24.08.2011-ci il tarixdə icraata başlanılmış, müvafiq icra hərəkətləri həyata keçirilmişdir. Belə ki, icra sənədinin icrası zamanı Xətai rayon icra şöbəsi tərəfindən sözügedən avtomobilin tələbkar təşkilatın işçiləri tərəfindən İddiaçı 2008-ci ildə alındığı və o vaxtdan Xətai rayonu ərazisində yerləşən “xxxx” MMC-yə məxsus dayanacaqda saxlanıldığı müəyyən edilmişdir. Bununla əlaqədar Xətai rayon icra şöbəsi tərəfindən 14.09.2011-ci il tarixli akt tərtib edilmiş, 14.09.2011-ci il və 07.02.2012-ci il tarixli eyni məzmunlu məktublarla «xxxx» ASC-dən icra sənədinin icrasının tələbə uyğun qaydada həll edilməsi üçün adı çəkilən avtomobilin təcili olaraq Xətai rayon icra şöbəsinə təhvil verilməsi xahiş olunmuşdur. Avtomobilin yeri müəyyən edildikdən sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23.08.2011-ci il tarixli, 2(011)-2994/2011 saylı icra sənədinin icrası ilə əlaqədar Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “xxxx” MMC tərəfindən 2012-ci ildə ilkin və təkrar hərraclar keçirilmiş, hərracın alıcı olmadığından baş tutmamış elan edilməsi səbəbilə ipoteka müqaviləsi üzrə ipoteka saxlayan qismində çıxış edən «xxxx» ASC-yə 10.12.2012-ci il tarixdə “ipoteka predmetinin alqı-satqısı üçün müqavilə bağlanmasının təklif edilməsi barədə” bildiriş göndərilmiş, Bank göndərilmiş bildirişlə 30 gün müddətində əmlakı almadığı təqdirdə sənədlərin sifarişçi icra şöbəsinə geri qaytarılacağı barədə xəbərdarlıq edilmişdir. İddiaçı məxsus “Mersedes Benz 320D” minik markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeyd olunmuş qiymətlə, yəni təkrar hərracdakı ilkin satış qiymətindən 25% aşağı qiymətlə alınmasına etirazının olmadığını bildirən «xxxx» ASC tərəfindən ipoteka predmeti olan avtomobilin əldə edilməsinə dair “xxxx” MMC ilə müqavilə bağlanmış, avtomobil Banka 3187,5 manata satılmışdır. Buna baxmayaraq həmin vəsait hesabına İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21.07.2011-ci il tarixli, 2(011)-2994/2011 saylı qətnaməsinə əsasən yaranmış kredit borcunun azaldılması müəyyən edilməmişdir. Belə ki, 20.09.2017-ci il tarixli, S-AVK-665 saylı akta əsasən «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən “xxxx” QSC-yə güzəşt edilmiş İddiaçı borcuna dair tələb hüququnun 35098 ABŞ dolları təşkil edilməsi müəyyən edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş digər hallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23.08.2011-ci il tarixli, 2(011)-2994/2011 saylı icra sənədinin icrası ilə əlaqədar yenidən keçirilmiş hərracın nəticəsində 03/01 nömrəli, 14.01.2020-ci il tarixli X10 Protokol tərtib edilmiş, İddiaçı məxsus “Mercedes Benz 320D” markalı, **-RP- *** dövlət qeydiyyat nişanlı minik avtomobil 1800 manata X1. Satışdan əldə olunmuş vəsait konvertasiya olunmuş, İddiaçı kredit borcu 1053,56 ABŞ dolları məbləğində azaldılmışdır. İşdə olan sənədlərə əsasən İddiaçı “xxxx” QSC-yə olan borcunun 04.05.2021-ci il tarixə 34.044,44 ABŞ dolları (24176,44 USD və 9868,00 USD faiz borcu) məbləğində olduğu müəyyən edilmişdir. Qeyd edilən xüsusatlar məhkəmə baxışı zamanı dindirilmiş şahidlərin ifadələri ilə öz təsdiqini tapmışdır. Beləliklə məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096 və 1097.1-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1099-cu maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Məhkəmə yuxarıda sadalanan maddələrə əsasən qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi «xxxx» ASC-nin işçilərinin yol verdikləri qanuna zidd hərəkətləri nəticəsində iddiaçının qanuni mənafelərinə zərər dəymişdir: - 2008-ci ildə ipoteka predmeti olan avtomobilin mülkiyyətçisi olduğu İddiaçı alınıb “xxxx” MMC-yə məxsus dayanacağa yerləşdirilməsinə baxmayaraq «xxxx» ASC tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi”nə dair iddia ərizəsi ilə yalnız 2011-ci ildə müraciət edilməsi; - keçirilmiş hərrac nəticəsində İddiaçı məxsus “Mercedes Benz 320D” markalı, **-RP- *** dövlət qeydiyyat nişanlı minik avtomobilin 28.01.2013-cü il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə”yə əsasən 3187,5 manata banka satılması, lakin hərracdan əldə olunmuş pul vəsaitinin iddiaçının borcunun azaldılmasına yönəldilməməsi; - 18.09.2007-ci il tarixli, 680 saylı ipoteka müqaviləsinə əsasən 38000 ABŞ dolları məbləğində qiymətləndirilmiş “Mercedes Benz 320D” markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin təkrar keçirilmiş hərrac nəticəsində 14.01.2020ci il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə”yə əsasən (avtomobilin iddiaçının qanuni sahibliyindən çıxdıqdan 12 il sonra) 1800 manata yenidən satılması. Beləliklə hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehin işçiləri tərəfindən yol verilmiş qanunsuz hərəkətlərin (hərəkətsizliyin) nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu, habelə onların təqsirli olmaları müəyyən edilmişdir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vurmayan şəxsin öhdəsinə qoyula bildiyindən və hüquqi şəxs (və ya fiziki şəxs) öz işçisinin törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıdığından «xxxx» ASC işəgötürən kimi işçilərinin vurduqları zərərə görə maddi məsuliyyət daşıyır. İddiaçıya cavabdehin işçiləri tərəfindən dəymiş zərərin məbləğinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertizanın keçirilməsi labüd hesab edilmiş, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29.03.2020-ci il tarixli 9/171 nömrəli ekspert rəyindən görünür ki, "Mersedes Benz 320 D minik” markalı, 2002-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin 2008-ci, 2011-ci, 2012-ci və 2013-cü illər üçün nəzəri orta bazar qiyməti təxminən 2008-ci il üçün - 27000,00 (iyirmi yeddi min) manat; 2011-ci il üçün - 24500,00 (iyirmi dörd min beş yüz) manat; 2012-ci il üçün - 23000,00 (iyirmi üç min) manat; 2013-cü il üçün - 22500,0 (iyirmi iki min beş yüz) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, tutmanın ipoteka predmetinə yönəldilməsi məqsədi ilə 2012-ci ildə keçirilmiş hərracın nəticəsində ipoteka predmeti olan “Mercedes Benz 320D” markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin 23.000 manat ilkin satış qiyməti ilə həqiqətən hərraca çıxarılacağı, avtomobilin ilkin satış qiymətini təşkil edən məbləğdən 15% və daha sonra 25% aşağı qiymət ilə satılacağı təqdirdə iddiaçının borcu 14666 manat məbələğində azaldıla bilərdi. Məhkəmə 14.01.2020-ci il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə”yə əsasən avtomobilin 1800 manata yenidən satıldığını və borcundan cəmi 1710 manat məbləğində pulun çıxıldığını nəzərə alaraq hesab edir ki, iddiaçıya dəymiş ziyan 12956 (14666-1710) manat təşkil etməkdədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş maddi ziyana görə 12956 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 7 manatı cavabdeh «xxxx» ASC-dən alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Maddi zərərə görə 12956 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 7 manatı, cəmi 12963 manat məbləğində pul cavabdeh «xxxx» ASC-dən tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar