Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2874/2021 02.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Tağıyeva Ofelya Telman qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi X2, Cavabdeh Ləğv prosesində olan QSC “Bank Standart” KB-nın nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdehlər Qapalı Səhmar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Cavabdeh3 MMC-yə qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Qapalı Səhmar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Cavabdeh3 MMC-yə qarşı "borcun tutulması" tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Bank Standart” Kommersiya Bankının əməliyyat sistemində və kredit bürosunda çıxarışda qeyd edilmiş 7247,38 manat gecikdirilmiş faiz borcun silinməsi (gecikmə günlərin silinməsi də daxi olmaqla) və borclu olmaması barədə qeydin aparılmasının Qapalı Səhmar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun, Cavabdeh3 MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankından aralarında bağlanmış 25.08.2009-cü il tarixli kredit müqaviləsinə əsasən illik 25% olmaqla, 24 ay müddətinə ödəmək şərtilə 4000 manat kredit götürmüş, həmin müqavilə üzrə öhdəliklərini 2011-ci il tarixdə tam yerinə yetirərək banka olan borcunu tam bağlamış, bank tərəfindən İddiaçı müvafiq arayış təqdim edilmişdir. İddiaçı 13.01.2021-ci il tarixində kredit sifariş vermək üçün banklardan birinə müraciət etdikdə onun 25.08.2009-cü il tarixli kredit müqaviləsi üzrə 3900 gn gecikmə olmaqla 7247,38 manat gecikdirilmiş faiz borcun olması bildirilmişdir. İddiaçı “Bank Standart” Kommersiya Bankının əməliyyat sistemində və kredit bürosunda çıxarışda qeyd edilmiş 7247,38 manat gecikdirilmiş faiz borcun silinməsi (gecikmə günlərin silinməsi də daxi olmaqla) və borclu olmaması barədə qeydin aparılması barədə Qapalı Səhmar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etsə də müsbət cavab almamışdır. Məhkəmənin nəzərinə çatdırır ki, ləğv prosesində olan QSC “Bank Standart” KB ilə aralarında bağlanmış 25.08.2009-cü il tarixli kredit müqaviləsinin müddəti 25 avqust 2011-ci il tarixində bitmişdir. Müqavilənin müddətinin bitməsindən artıq 10 il keçmişdir. Bu müddət ərzində bank və sonradan ləğvedici tərəfindən ona qarşı kredit borcunun ödənilməsinə dair hər hansı bir tələb və ya iddia irəli sürülməmişdir. İddiaçı vəkili-nümayəndəsi X4 iddia tələbinin dəqiqləşdirilməsi dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər ləğv prosesində olan «xxxx» QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun və Cavabdeh3 MMC-nin əsl cavabdeh ləğv prosesində olan «xxxx» QSC ilə əvəz edilməsi, «xxxx» QSC ilə İddiaçı arasında bağlanmış 25.08.2009-cu il tarixli kredit müqaviləsi üzrə borcun olmaması barədə məlumatların "Cavabdeh3" MMC-yə verilməsi vəzifəsinin Ləğv prosesində olan «xxxx» QSC-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi X4 iddianı müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Ləğv prosesində olan QSC “Bank Standart” KB-nın nümayəndəsi X3 iddianı qəbul etməyib, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatını, vəkilin çıxışını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Mülki işin materiallarında olan «xxxx» QSC-nin “Azadlıq” filialı tərəfindən verilmiş kassa mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən «xxxx» QSC-nin hesabına 3778 manat pul ödənilmiş, ödənişin təyinatı kreditin ödənilməsi üçün mədaxil kimi qeyd edilmiş, həmin qəbz ödəyən şəxs və xəzinədar tərəfindən imzalanmışdır. Mülki işin materiallarında olan «xxxx» QSC-nin 18.12.2013-cü il tarixli 58/349 saylı arayışından görünür ki, İddiaçı «xxxx» QSC-dən 25.08.2009-cu il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə 4000 manat məbləğində kredit götürülməsi, 18.12.2013-cü il tarixinə İddiaçı müqavilə üzrə borcunun olmaması qeyd edilmişdir. Mülki işin materiallarında olan Cavabdeh3 MMC-dən 18.01.2021-ci il tarixli SF-556 saylı Çıxarışdakı “Borcalan aktiv öhdəlikləri” qrafasından görünür ki, İddiaçı «xxxx» QSC-yə 25.08.2009cu il tarixli kredit müqaviləsinə əsasən **********9 kredit hesabı üzrə kreditin qalıq məbləği üzrə 0 manat, faiz məbləği üzrə 7247,38 manat məbləğində borcu vardır. Mülki işin materiallarında olan ləğv prosesində olan «xxxx» QSC-nin təqdim etdiyi 19.04.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı 25.08.2009-cu il tarixli kredit müqaviləsi üzrə müqavilə müddəti üçün hesablanmış və tələb olunan 7247,38 manat məbləğində borcu vardır. Beləliklə, məhkəmə tərəfindən araşdırılmış iş materiallarından görünür ki, iddiaçı kredit əldə etmək məqsədilə müxtəlif banklara müraciət etmiş, lakin ona kredit verilməsindən imtina olunmuşdur. İmtinanın səbəbi kimi banklar tərəfindən iddiaçının adında “xxxx” KB QSC-yə olan 7247,38 manat gecikdirilmiş faiz borcunun bu günə kimi bağlanmaması göstərilmişdir. Cavabdeh3 MMC-nin iddiaçının adına tərtib edilmiş 18.01.2021-ci il tarixli SF-556 saylı çıxarışı əsasında İddiaçı LPO “xxxx” KB QSC-yə 25.08.2009-cu il kredit müqaviləsinə əsasən kreditin faiz məbləği üzrə 7247,38 manat məbləğində borcunun olması müəyyən edilmişdir. Hazırda iddiaçı LPO QSC “Bank Standart” KB ilə aralarında bağlanmış 25.08.2009-cu il tarixli müqaviləsi üzrə hesablanmış borcun iddia və tələbetmə müddəti keçdiyinə görə silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının iddia müddətinin keçməsinə istinadən borcun silinməsi tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllənin) 372.1-ci maddəsinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 372.2-ci və 373.2-ci maddələrinə görə, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05.06.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08.05.2008-ci il tarixli qərarında göstərilir ki, iddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Bu hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Qərarda həmçinin qeyd olunur ki, qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (Mülki Məcəllə; maddə 375.2.). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə, məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Qeyd edilən maddi hüquq normalarının, həm də Konstitusiya Məhkəməsinin mövqeyindən müəyyən olunur ki, iddia müddətinin tətbiqi, iddiaçının məhkəmədə iddia qaldırmaq hüququndan istifadə etməsi və iddia tələbinin yönəldiyi tərəfin “iddia müddətinin tətbiq edilməsi barədə” ərizə verməsindən asılıdır. Lakin hazırki iş çərçivəsində bu hallar müşahidə olunmur. Belə ki, iş üzrə cavabdeh olan Bank borcun iddiaçıdan tutulması məsələsini məhkəmə qaydasında mübahisələndirməmiş, başqa sözlə iddiaçıya qarşı “borcun ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Göstərilənlər əsasında isə məntiqi olaraq bu nəticəyə gəlinir ki, “iddia müddətinin tətbiq edilməsi” barədə ərizə vermək hüququ iddianı qaldıran şəxsə deyil, yalnız iddia tələbinin yönəldiyi tərəfə məxsusdur. Belə olmadığı, yəni Bank tərəfindən məhkəmədə müvafiq iddia qaldırılmadığı halda, hazırki iş üzrə iddiaçının iddia müddətinin tətbiqinə əsasən borcun silinməsi tələbi istisna edilir. Məhkəmə iddianın qanuni əsası kimi iddiaçının iddia müddətinin tətbiqinə istinadı ilə razılaşmasa da, Mülki Məcəllənin 550-ci maddəsinə əsasən, tələb etmək hüququna dair müddətin keçməsi ilə əlaqədar öhdəliyə xitam verilməsi və onun əsasında yaranmış borcun silinməsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Mülki Məcəllənin 550-ci maddəsinə əsasən, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Mülki Məcəllənin 551.2.1-ci maddəsinə əsasən, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Mülki Məcəllənin 552.1-ci maddəsinə əsasən öhdəliklərin xitamı üçün müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, hazırki öhdəlik hüquq münasibətlərindən irəli gələn tələblərin qüvvədə olması müddəti Mülki Məcəllənin 551.2.1-ci maddəsinə əsasən, beş il kimi müəyyən edilməlidir və baxılan iş üzrə həmin müddətin keçməsi halı aşkardır. Belə ki, Mülki Məcəlləsinin 368-ci maddəsi ilə qanunverici öhdəliklərin xitamı üçün müddətin axımının başlanmasını tələbin icra müddətinin çatması ilə əlaqələndirir. Mülki işin materiallarından göründüyü kimi 25 avqust 2009-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrası müddətinin sonu 25 avqust 2011-ci il tarixi kimi müəyyən edilmişdir. İcra müddətinin keçməsindən artıq 9 ildən artıq müddət ötdüyündən, kreditor öhdəliyin icrasını tələb etmədiyindən, iddiaçı həmin öhdəliklərə xitam verilməsini tələb etməkdə tam haqlı olmuşdur. Cavabdeh3na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən, Büroya borc haqqında məlumatları məlumat təchizatçıları təqdim edirlər. Məlumat təchizatçıları Büroya təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir. Büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. Həmin Qanunun 10.4.8-ci maddəsinin tələblərinə görə informasiya sahibi həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, LPO “xxxx” KB QSC İddiaçı 25.08.2009-cu il tarixli kredit müqaviləsinə əsasən yaranmış borcunun silinməsini təmin etməli, bu barədə məlumatın "Cavabdeh3" MMC-yə verilməsi vəzifəsi LPO “xxxx” KB QSC-yə həvalə edilnəlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. LPO “xxxx” KB QSC İddiaçı 25.08.2009-cu il tarixli kredit müqaviləsinə əsasən yaranmış borcunun silinməsini təmin etsin. Bu barədə məlumatın "Cavabdeh3" MMC-yə verilməsi vəzifəsi LPO “xxxx” KB QSC-yə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-2874/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2874/2021
02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver