Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2879/2025 29.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqaviləsi üzrə borcun restrukturizasiya edilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqaviləsi üzrə borcun restrukturizasiya edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə borcunun restrukturizasiya edilmiş 1.406,19 manat məbləğə yönəldilməsi, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə borcunun restrukturizasiya edilmiş 280,50 manat məbləğə yönəldilməsi və yeni müqavilənin bağlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi ilə o, Cavabdeh ASC-dən 24 ay müddətinə illik 25 % dərəcəsi ilə 2.500 ABŞ dolları, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi ilə 36 ay müddətinə illik 25 % dərəcəsi ilə 297,70 ABŞ dolları kredit götürmüşdür. Kredit götürdükdən sonra, yəni 2015-ci ildə ardıcıl iki dəfə Azərbaycan manatının devalvasiyası baş vermiş və Azərbaycan manatının məzənnəsi ABŞ dollarına nisbətdə kəskin şəkildə dəyərdən düşdüyündən müqavilə üzrə öhdəliklərini yerinə yetirə bilməmişdir. Azərbaycan Respublikası Prezidentinin «Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən LPO Cavabdeh ASC ilə bağladığı bir kredit müqaviləsi üzrə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının elektron portalında borcu 280 manat 50 qəpik, digər kredit müqaviləsi üzrə isə 1.406 manat 19 qəpik müəyyən edilmişdir. Sözügedən Fərmana əsasən hələ 2019-cu il tarixdə dəfələrlə LPO Cavabdeh ASC-yə və eləcə də, Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək, yeni müqavilənin bağlanmasını xahiş etmişdir. Ona bildirilmişdir ki, onunla əlaqə saxlanılacaq və yeni müqavilə bağlanacaq, ancaq bu günə kimi də onunla həmin kredit borclarına dair sözügedən Fərmanın tələblərinə uyğun müqavilə bağlanılmamışdır. xx.xx.2025-ci il tarixdə Əmanətlərin Sığortalanması Fonduna rəsmi şəkildə poçt vasitəsi ilə müraciət edərək, yuxarıda adı çəkilən Fərmana əsasən kredit borcu üzrə yeni kredit müqaviləsinin bağlanmasını xahiş etmişdir. Ancaq bu günə kimi də müraciətinə heç bir cavab verilməmişdir. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə ərizə ilə müraciət edərək, iddianı qəbul etmədiklərini bildirmiş, mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Qazax Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(023)-2119/2016 saylı qiyabi qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ASC-nin cavabdehlər İddiaçı və X2 qarşı «borcun tutulması» tələbinə dair iddiası təmin edilmiş, 1.542,41 manat əsas borc, 354,83 manat faiz, 125,99 manat cərimə olmaqla, cəmi 2.023,23 manat pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər İddiaçı və X1 müştərək qaydada tutularaq iddiaçı Cavabdeh ASC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən göründüyü kimi, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 24 fevral 2014-cü il tarixli 297/AZN saylı kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh ASC-dən 24 ay müddətinə illik 32 % ödənilməsi şərti ilə 2.500 manat kredit almışdır. - 27.12.2024-cü il tarixdə çap olunmuş problemli kreditlərin kompensasiyasına dair məlumatdan (çıxarışdan) görünür ki, İddiaçı kredit müqavilələri üzrə LPO Cavabdeh ASCyə olan 280,50 manat və 1.406,19 manat əsas kredit borcları restrukturizasiya olunması təklif olunan kreditlər siyahısında göstərilmişdir. - 17 mart 2025-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna məktubla müraciət edərək, yuxarıda qeyd olunan həmin kredit borclarının restrukturizasiya olunmasını və Fərmanın tələblərinə uyğun yeni müqavilə bağlanmasını xahiş etmişdir. İddiaçının bildirdiyinə görə, həmin müraciətinə cavab verilməmişdir. Araşdırılmış iş materiallarından göründüyü kimi, hazırda iddiaçıya aid qalıq borcların «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşməsi işin mübahisələndirilməyən halıdır. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı ilə devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həlli tələbinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının ********** saylı, 27 mart 2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası»nın 2.1.7-ci bəndinə əsasən restrukturizasiya – kredit təşkilatı tərəfindən əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsidir. Restrukturizasiya proseslərinin təşkili üçün kredit təşkilatı tərəfindən müvafiq məlumatları özündə əks etdirən bildirişlərin (SMS, elektron poçt və alınmasını təsdiq edən digər formada) fiziki şəxsə göndərilməsi (təqdim olunması, çatdırılması) və Fərmandan və bu Qaydadan irəli gələn digər tədbirlərin görülməsi təmin olunur (7.10-cu bənd). Qaydaların 6.16-cı bəndinə əsasən, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. İşdə olan sənədlərdən göründüyü kimi, yuxarıda adı çəkilən Fərmana əsasən iddiaçının bankla bağladığı kredit müqavilələri üzrə borclarına kompensasiya məbləği hesablanmış və iddiaçının kredit borclarından silinmişdir. Lakin ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanaraq aidiyyəti banklara təqdim olunmuş siyahıda iddiaçı ilə Cavabdeh ASC arasında imzalanmış kredit müqavilələri üzrə qalıq borcların restrukturizasiya edilməsi göstərilməmişdir. Halbuki, onun adı, eləcə də restrukturizasiya edilməsi təklif olunan məbləğ həmin siyahıda göstərilməli idi. İddiaçı da ona restrukturizasiya edilməsi təklif edilən məbləğlə tanış olaraq, banka müvafiq qaydada müraciət etməli idi. İddiaçının adının və restrukturizasiya edilməsi təklif edilən məbləğin həmin siyahıda göstərilməməsi, iddiaçını vaxtında aidiyyəti üzrə rəsmi şəkildə müraciət etmək hüququndan məhrum etmişdir. Məhkəmə qeyd olunan halı Mülki Məcəllənin 385.2 və 425.2-ci maddələrində təsbit edilən, icra ilə bağlı olmayan və bütün müqavilə tərəfləri üçün nəzərdə tutulan müqavilə münasibətləri zamanı və belə münasibətlərdən sonra qarşı tərəfin hüquqlarına xüsusi qayğı göstərmək və öhdəliklərin icrasını pozacaq hərəkətlərə yol verməmək vəzifəsinə əməl olunmaması kimi qiymətləndirərək hesab edir ki, iddiaçının adının və restrukturizasiya edilməsi təklif edilən məbləğin müvafiq siyahıda göstərilməməsi nəticəsində iddiaçının hüquqları pozulmuşdur. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.2-ci maddəsinə əsasən dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına aiddir. Həmin Məcəllənin 385.2-ci maddəsinin tələblərinə görə öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Ödəniş qəbzindən göründüyü kimi, məhkəmədə iddia qaldırılması üçün 37 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən və xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən qalıq qalmış borcun «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı əsasında restrukturizasiya edilməsi və İddiaçı ilə yeni kredit müqaviləsinin bağlanması vəzifəsi cavabdeh LPO Cavabdeh ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən və xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən qalıq qalmış borcun «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı əsasında restrukturizasiya edilməsi və İddiaçı ilə yeni kredit müqaviləsinin bağlanması vəzifəsi cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-2879/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2879/2025
29.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver