Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-289/2022 12.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi X1 qızının iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 136.067 manat 27 qəpik əsas borc, 32.306 manat 87 qəpik faiz olmaqla, cəmi 168.374 manat 14 qəpik pul vəsaiti, ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik xidmət (bank xidməti) haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, iddiaçı "xxxx" ASC Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, 136.067 manat 27 qəpik əsas borc, 39.472 manat 47 qəpik faiz olmaqla, cəmi 175.539 manat 74 qəpik pul vəsaiti, ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik xidmət (bank xidməti) haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 19.12.2014-cü il tarixli 1-19-12-2014 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 12 faizlə 120 ay müddətinə 161.900 manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi kreditorla Cavabdeh2 MMC arasında 19.12.2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Yuxarıda qeyd olunan müqavilələr üzrə müəyyən edilmiş öhdəliklər yerinə yetirilməmişdir. 19.12.2014-cü il tarixli 1-19-12-2014 saylı kredit müqaviləsinə əsasən 21.06.2021-ci il tarixə 136.067 manat 27 qəpik əsas borc, 32.306 manat 87 qəpik faiz olmaqla, cəmi 168.374 manat 14 qəpik borcu mövcuddur. İddiaçının nümayəndəsi X1 qızı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh1 və Cavabdeh2 MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-nin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 19.12.2014-cü il tarixli 1-19-12-2014 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh1 120 ay müddətinə illik 12 % ödəmək şərti ilə 161.900 manat məbləğində kredit verilmişdir. 21.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 iddiaçı "xxxx" ASC-yə 136.067 manat 27 qəpik əsas borc, 32.306 manat 87 qəpik faiz olmaqla, cəmi 168.374 manat 14 qəpik məbləğində borcunun olduğu qeyd edilmişdir. 08.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 iddiaçı "xxxx" ASC-yə 136.067 manat 27 qəpik əsas borc, 35.798 manat 66 qəpik faiz olmaqla, cəmi 171.865 manat 93 qəpik məbləğində borcunun olduğu qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 noyabr 2021-ci il tarixli 9/8395 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan maliyyə arayışı məlumatları, 19 dekabr 2014-cü il tarixli 1-19-12-2014-H96 MTK saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, Cavabdeh1 08.09.2021-ci il tarixə "xxxx" ASC-yə olan borcu 171.865 manat 93 qəpik təşkil edir, o cümlədən: Əsas borcu – 136.067 manat 27 qəpik; Faiz – 35.798 manat 66 qəpik. Ekspert rəyinin tərtib edildiyi 29.11.2021-ci il tarixə Cavabdeh1 "xxxx" ASC-yə olan borcu 175.539 manat 74 qəpik məbləğində müəyyən edilir, o cümlədən: Əsas borcu – 136.067 manat 27 qəpik; Faiz – 39.472 manat 47 qəpik. Aparılmış tədqiqatın dəyəri 150 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddia tələbinin əsası kimi istinad olunan zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə zamin kimi göstərilən Cavabdeh2 MMC-nin səlahiyyətli şəxsi tərəfindən imzalanmamışdır. Yuxarıda qeyd edildiyi kimi, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Lakin Cavabdeh2 MMC ilə iddiaçı və digər cavabdeh arasında belə bir müqavilə yoxdur. Ona görə də, iddia Cavabdeh2 MMC-yə münasibətdə əsassızdır. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh1 yuxarıda qeyd olunan müqavilə üzrə "xxxx" ASC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair həmin bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtıvaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Xəbərdarlıq məktubundan görünür ki, "xxxx" ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh1 borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 19.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə 136.067 manat 27 qəpik əsas borc, 39.472 manat 47 qəpik faiz olmaqla, cəmi 175.539 manat 74 qəpik pul vəsaiti, ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik xidmət (bank xidməti) haqqı Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. 150 manat ekspertiza xərci Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 19.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə 136.067 manat 27 qəpik əsas borc, 39.472 manat 47 qəpik faiz olmaqla, cəmi 175.539 manat 74 qəpik pul vəsaiti, ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik xidmət (bank xidməti) haqqı Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. 150 manat ekspertiza xərci Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-289/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-289/2022
12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver