Məhkəmə qərarları › İş №2(006)-290/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-290/2024

22.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-290/2024 22.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Şirkəti ASC-dən 5000 manat dəymiş zərərə görə sığorta ödənişinin, həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 124 manatın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 09 sentyabr 2022-ci ildə Samux rayonu Qırmızı Samux yolunda idarə etdiyi “Zil 431410” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “VAZ 21” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermişdir. Həmin hadisə barədə dərhal Samux rayon DYPŞ və cavabdehin sığortaçısı olan ''AtaSığorta” Sığorta Şirkətinə məlumat verilmişdir. Hadisə yerinə DYPŞ-nin əməkdaşları gələrək, yol nəqliyyat hadisəsinə dair lazımı tədbirlər görmüş, yol nəqliyyat hadisəsinin plan-sxemini çəkmiş və izahatı alınmışdır. Hadisə zamanı sərnişin VAZ 2106 olan X4 vəfat etmişdir. Samux RPŞ-nin İQ-nin müstəntiqi X5 05 yanvar 2023-cü il tarixində cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul etmişdir. Yol hərəkəti hadisəsi nəticəsində onun avtomobilinə külli miqdarda maddi ziyan dəymişdir. Cavabdeh sığorta şirkəti həmin maddi ziyanı 2000 manat məbləğində qiymətləndirmişdir, yəni dəymiş zərərin məbləğinin 39 faizini təşkil edir. Tərtib olunmuş qüsur aktından görünür ki, onun əmlakına 5110 məbləğində ziyan dəymişdir. Qüsur AKTİ Azərbaycan Respublikası “Avtoservis və ticarət” İstehsalat Birliyinin “Avtomotoservis və ticarət” Gəncə müəssisinə müraciət etdikdən sonra tərtib edilib. Həmin müəssisədə xüsusi biliyə malik olan mütəxəssis tərəfindən 61A №-li xx.xx.2022-ci il tarixli qüsur aktı-Rəy verilmişdir. Həmin rəydə əmlaka dəymiş zərərin dəyəri 5110 manat qiymətləndirilmişdir. Müvafiq icra orqanı tərəfindən cavabdeh olan sığortaçıya qeyd olunan Qüsur aktı-Rəy və Samux rayon Polis şöbəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada məktub vasitəsilə göndərilmişdir. Lakin, bu günə qədər cavabdeh olan sığorta şirkəti dəymiş zərərə görə sığorta ödənişini ödəməkdən müxtəlif vasitələrlə və bəhanələrlə boyun qaçırır, halbuki həmin qiymətləndirmə də dəymiş zərəri ödəmir. Bundan əlavə cavabdeh sığorta şirkəti yol nəqliyyat hadisəsini araşdırmaq səlahiyyəti olan dövlət qurumuna, onun rəhbərliyinə və müxtəlif onun bağlı orqanlara öz mülahizəsi ilə hadisənin hüquqi qiymətləndirilməsini məcbur etməyə çalışır. Belə ki, cavabdeh sığorta şirkətinin nümayəndəsi onunla dəfərlərlə telefon danışığında açıq-aşkar günahkar olduğunu israrla sübut etməyə çalışmış, müvafiq icra orqanı tərəfindən aparılmış araşdırma-istintaq hərəkətləri ilə razı olmadıqlarını bildirmiş və bu səbəbdən təzyiq xarakterli məktublar müvafiq orqanlara göndərmişlər. Bütün bunlara səbəb ona ödəniləcək sığorta ödənişini 39 faizlə ödənilməsi istəyidir. Bundan başqa qeyd etmişdir ki, "xxxx" Sığorta Şirkəti qanununvericiliklə müəyyən edilmiş qaydada 5000 manatdan artıq ödəniş etmir, lakin ona dəymiş real zərər 5110 manat təşkil edir. Ona görə 5000 manat "xxxx" Şirkətindən, alınmalıdır. Bildirmək istəmişdir ki, Gəncə şəhər DYPŞ-si tərəfindən cavabdeh "xxxx" Sığorta Şirkətinə qanunvericilikdə nəzərdə tutulan Forma-4 217516 kodu ilə xx.xx.2023-cü il tarixdə rəsmən göndərilmişdir. Yəni Qanunun 18.1-ci maddəsində nəzərdə tutulan müddət məhz xx.xx.2023-cü ildən hesablanmalıdır. Beləliklə, qanunda nəzərdə tutulmuş bütün sənədlər cavabdeh "xxxx" Sığorta Şirkətinə xx.xx.2023-cü ildə rəsmən göndərilib, bu halda qanun normasına uyğun olaraq müstəqil ekspert tərəfindən verilmiş Rəyə əsasən əmlaka dəymiş zərər 5240 manat xx.xx.2023-cü il tarixdən hər günün sığorta ödəniş məbləğinin 0,2 faizi həcmində dəbbə pulu hesablanmalıdır. 5240 manatın 0,2 faizi 52 manat 40 qəpik təşkil edir. xx.xx.2023-cü il tarixdən bu günədək 110 gün təşkil edir. Yəni, 52 manat 40 qəpik 110 günə = 5764,2 manat dobbə pıılu və 5240 dəymiş zərər, ümumilikdə 11056.40 manat təşkil edir. Cavabdeh iddiaya etiraz təqdim edərək, iddianın qismən təmin edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X10 arasında xx.xx.2022-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ-21061” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. İddiaçı şirkətə ərizə ilə müraciət edərək həmin avtonəqliyyat vasitəsinin xx.xx.2022-ci il tarixdə qəzaya uğradığını və nəticədə “ZİL-431410” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəydiyini bildirməklə, hadisə ilə bağlı sığorta tədbirlərinin həyata keçirilməsini xahiş etmişdir. Təqdim edilmiş ərizəyə baxılmış, hadisə tam təfsilatı ilə araşdırılmış və sığorta ödənişinin verilməsi qərara alınmışdır. "xxxx" ASC-nin mütəxəssisləri tərəfindən zərər dəymiş avtomobilə texniki baxış keçirilmiş və hesablama aktı tərtib olunmaqla dəymiş ziyan 2000 manat məbləğində müəyyən edilmişdir. Daha sonra iddiaçı X11 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC-dən 5000 manat sığorta ödənişinin və iddianın verilməsi üçün ödənilmiş 124 manat, ümumilikdə 5124 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının Cəmiyyətə təqdim etdiyi sığorta tələbi barədə ərizəyə əsasən "xxxx" ASC-nin mütəxəssisləri tərəfindən zərər dəymiş əmlaka texniki baxış keçirilmiş və hesablama aktı tərtib olunmaqla dəymiş ziyanın məbləği 2000 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunan maddəyə əsasən, xx.xx.2022-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını müəyyən etmək "xxxx" ASC-nin hüququdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbini qismən etiraf edərək, iddiaçıya 2000 manat ödənilməsinə etiraz etmədiklərini bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Samux RPŞ-nin İQ-nin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə başlanmış və həmin məcəllənin 263.3-cü maddəsinə tövsif edilmiş ********* nömrəli cinayət işinin icraatına xitam verilməsi qərara alınmışdır. Həmin qərarda həmçinin göstərilmişdir ki, X1 idarə etdiyi "VAZ 21061” markalı 5İ-BE- 637 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi İddiaçı idarə etdiyi "Zil 431410” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin arxa sol hissəssəsinə dəyərək toqquşmuşdur. Həmçinin İddiaçı məxsus "ZİL-431410" markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5510 manat məbləğində maddi ziyan vurulması ilə nəticələnən yolnəqliyyat hadisəsi törədərək yol hərəkəti qaydalarını pozmuşdur. İş materiallarında olan "xxxx" tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, cəmiyyətlə X10 arasında xx.xx.2022-ci il tarixdə PAA22038 13870 saylı sığorta müqaviləsi bağlanmış və "VAZ 21061” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığorta təminatı almışdır. O, ərizə ilə müraciət edərək, həmin avtonəqliyyat vasitəsinin xx.xx.2022-ci il tarixdə qəzaya uğradığı və nəticədə ona məxsus " ZİL-431410” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı yük avtomobilinə zərər dəydiyini bildirməklə, hadisə ilə bağlı sığorta tədbirlərinin həyata keyirilməsini xahiş etmişdir. Təqdim edilmiş ərizəyə baxılmış, hadisə tam təfsilatı ilə araşdırılmış və şığorta ödənişinin verilməsi qərara alınmışdır. "AtaSığorta” ASC-nin mütəxəssisləri tərəfindən zərər dəymiş avtomobilə texniki baxış keçirilmiş və hesablama aktı tərtib olunmaqla dəymiş ziyan 2000 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən, avtomobilin təmir olunması üyün müəyyən edilmiş 2000 manat məbləğində sığorta ödənişi məbləğinin pul şəklində tərəflərindən ona ödənilə biləcəyi barədə məlumatlandırmışdır. İş materiallarında olan “Avtomotoservis və ticarət” Gəncə müəssisəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş qüsur aktı-rəydən görünür ki, “ZİL-431410” yük markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 5110 manat təşkil edir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “ZİL-431410” yük markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X8r. İş materiallarında olan "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli hesablama aktından görünür ki, “ZİL-431410” yük markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilinə ümumilikdə 2000 manat ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/9154 saylı rəyndən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan, "Avtomotoservis və ticarət” Gəncə müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1988-ci il buraxılışlı “Zil-431410” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 4310,0 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti - 3760,0 manat; təmir- bərpa işlərinin qiyməti - 550,0 manat. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan, "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1988-ci il buraxılışlı “Zil-431410” markalı **-BM- *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2000,0 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti – 850, təmirbərpa işlərinin qiyməti – 1150 manat. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus “Zil-431410” yük markalı **-BM- *** dövlət qeydiyyat nişanlı avtomobilinə maddi ziyan dəymişdir. Hazırda iddiaçı həmin məbləğin məhkəmə qaydasında cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “İcbari Sığortalar Haqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1-ci maddəsinə uyğun olaraq bu Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Həmin Qanunun 16.3-cü maddəsinə əsasən sığortalı və ya sığorta olunan zərər məbləğinin sığortaçı tərəfindən və ya onun razılığı ilə bu Qanunun 16.4-cü maddəsində nəzərdə tutulmuş müddətdə qiymətləndirilməsinin başladığı anadək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətində saxlamadıqda və ya dəymiş zərərin qiymətləndirilməsi üçün şərait yaratmadıqda, zərərin sığortaçı tərəfindən müvafiq şəkildə qiymətləndirilməsinin nəticələrini qəbul etməlidir.[ Həmin Qanunun 52–1.1-ci maddəsinə əsasən zərər yalnız hadisədə iştirak edən avtonəqliyyat vasitələrinə (birinə və ya hər ikisinə) dəydikdə (52–1.1.1.), yol-nəqliyyat hadisəsində hər biri ilə bağlı bu Fəsildə nəzərdə tutulmuş mülki məsuliyyətin icbari sığorta müqaviləsi qüvvədə olan iki avtonəqliyyat vasitəsi iştirak etdikdə (52–1.1.2) yol-nəqliyyat hadisəsində zərərçəkən zərərin əvəzinin ödənilməsini onun idarə etdiyi avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıdan tələb edir. Məhkəmə hesab edir ki, yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus “Zil- 431410” yük markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş maddi ziyan "xxxx" ASC-dən tutulmalıdır. Məhkəmə cavabdehdən tutulmalı olan maddi ziyanın məbləğini müəyyən edərkən ekspertiza rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla müqayisəli şəkildə qiymət verərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli, cavabdehdən 4310 manat tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Belə ki, yol nəqliyyat hadisəsi baş verdiyi xx.xx.2022-ci il tarixdən sonra iddiaçının müraciəti ilə "Avtomotoservis və ticarət” müəssisəsi tərəfindən 12 bənddə dəyişdirilməli olan ehtiyyat hissələri göstərən xx.xx.2022-ci il tarixdə verilən güsur aktına münasibətdə cavabdeh tərəfindən hadisədən bir il keçdikdən sonra xx.xx.2023-cü il iddiaçıya ünvanladığı məktubda göstərdiyi kimi “zərər dəymiş avtomobilə texniki baxış keçirilmiş” ifadəsi əsasında 5 bənddə ehtiyyat hissələri göstərilən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş hesablama aktı real görsənmir. Hesablama aktının tərtibinin əsasını təşkil edən xx.xx.2023-cü il iddiaçıya ünvanlanmış məktubda göstərilmiş “zərər dəymiş avtomobilə texniki baxış keçirilmiş” ifadəsi ilə cavabdeh tərəfindən hansı hərəkətlərin keçirildiyini və bunun hansı formada, nə vaxt və kimin iştirakı ilə rəsmiləşdirildiyini bildirən və təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bunun əvəzinə isə cavabdeh tərəfindən “Zil-431410” yük markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisədən əvvəl və ya sonra çəkilməsini, zədəli və ya bərpa olunmuş vəziyyətdə olmasını, zədəli olduğu halda hansı ehtiyyat hissələrinin zədəli olduğunu müəyyən etməyə imkan verməyən fotoşəkillər təqdim edilmiş. Bununla da, cavabdehin təqdim etdiyi hesablama aktı qeyri-mötəbər görünməklə, iddiaçının təqdim etdiyi güsur aktında göstərilən ehtiyyat hissələrin sayı, təmir bərpa işlərinin həcmi və onların qiymətinə dair məhkəmə ekspertinin rəyində göstərilən məbləğlər barədə məlumat və tədqiqat hərtərəfli, obyektiv, inandırıcı və ağlabatan hesab edilir. Əlavə olaraq qeyd edilməlidir ki, iddiaçının avtomobilinə dəymiş ziyanın həcmi barədə məlumat istintaq mərhələsində də əks olunmuşdur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın ödənilmiş 124 manat dövlət rüsumunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə də iddia qismən təmin edilməlidir. İş materiallarında görünür ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 70 manat dövlət rüsumu ödəmişdir. Odur ki, ödənilmiş 70 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdeh "xxxx" ASC-dən alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən dəymiş zərərin əvəzi olaraq 4310 manat və ödənilmiş dövlət rüsumuna görə 70 manat tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdeh "xxxx" ASC-dən alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, müxbir hesab AZ41NABZ********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar