Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2901/2023 27.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Finca Azerbaijan” MM QBKT-yə ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Finca Azerbaijan” MM QBKT-yə ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2015-ci il tarixində “Finca Azerbaijan” MM QBKT **********1724 saylı kredit müqaviləsinə əsasən biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 23.82 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 3500 ABŞ dolları məbləğində kredit verilmişdir. “Finca Azerbaijan” MM QBKTnin tərəfindən ona və zamini X3 qarşı xx.xx.2015-ci il tarixli **********1724 nömrəli kredit müqaviləsi üzrə borcun alınaraq “Finca Azerbaijan” MM QBKT-nin xeyrinə ödənilməsi tələbinə dair məhkəməyə müraciət etmiş, iş üzrə cavabdeh tərəf ona qarşı etibarsız mübahisə edilən müqavilədən gələn öhdəliklər üzrə məhkəmədə iddia qaldırmışdır, o baxımdan bu məsələni məhkəmədən kənar pretenziya qaydasında həll etmək mümkün deyil, çünki cavabdeh tərəf nəinki məsələni həll etməyə çalışmır, əksinə onu məhkəməyə vermişdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-1570/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsinə əsasən “Finca Azerbaijan” MM QBKT-nin ona və zamininə qarşı verdiyi borcun ödənilməsi tələbi barədə iddiasının rədd edilməsi, iş üzrə 30 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı “Finca Azerbaijan” MM QBKT həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-1570/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-3138/2021-ci il tarixli qətnaməsinə əsasən “Finca Azerbaijan” MM QBKT tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. "xxxx" MMC-dən Mərkəzləşdirilmiş Kredit Reyestri üzrə adının borclu siyahısından çıxarılmasını və hesablanmış borc məbləğinin kredit reyestrindən silinməsinə dair bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, “Finca Azerbaijan” MM QBKT ilə bağlanmış xx.xx.2015-ci il tarixli, **********1724 nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə üzrə "xxxx" MMCdə olan kredit reyestrindən onun və zamini X2 adının borclular siyahısından çıxarılmasına dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia tələbinin məzmununa uyğun izahat verərək və iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə cavabdeh “Finca Azerbaijan” MM QBKT və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa dəvət edilmiş, lakin qabaqcadan məhkəməyə hər hansı bir məlumat vermədən məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə hazırki işə cavabdeh “Finca Azerbaijan” MM QBKT və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMCnin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Mülki işin materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 sentyabr 2021-ci il tarixli, 2(104)-3138/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı cavabdeh “Finca Azerbaijan” MM QBKT cavabdehlər İddiaçı və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 2041,69 ABŞ dolları kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, lakin Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-1570/2021 nömrəli qətnaməsi ilə iddia müddətinin keçməsi əsası ilə iddiaçı cavabdeh “Finca Azerbaijan” MM QBKT cavabdehlər İddiaçı və X3 qarşı “borcun ödənilməsi” tələbi barədə iddiasının rədd edilməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 sentyabr 2021-ci il tarixli, 2(104)-3138/2021 saylı qətnaməsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-1570/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülki işin materiallarında olan “Finca Azerbaijan” MM QBKT tərəfindən X3 ünvanlanan 30 mart 2023-cü il tarixli məktubdan görünür ki, hər iki məhkəmə qətnaməsi ilə onun 2041,69 ABŞ dolları məbləğində borcunun olması təsdiq edilmiş, məhkəmə tərəfindən təşkilat üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır. Hal-hazırda onun təşkilata qalıq borcunun 2041,69 ABŞ dolları olduğu qeyd edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50-ci maddəsinə görə tərəflər iddiaçı və cavabdehdir. İddia müddətinin keçməsi cavabdehin xeyrinə olduğu üçün həmin müddətin tətbiq edilməsi barədə ərizəni adətən o verir. Lakin, öhdəliklərin qarşılıqlı icrası hallarında (Mülki Məcəlləsinin 441-ci maddəsi) iddia müddətinin tətbiq edilməsi barədə ərizə qarşılıqlı surətdə iddiaçı tərəfindən də verilə bilər. Göründüyü kimi hazırda iddiaçının irəli sürdüyü iddia tələbi ilə bağlı iddia müddəti tətbiq edilə bilməz. Məhkəmə onu da qeyd edir ki, müddətin keçməsi öhdəliyin xitamına səbəb olmur. Belə ki, iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Məhkəmə onu da qeyd edir ki, hazırki kredit müqaviləsindən irəli gələn tələb hüququna dair 3 illik iddia müddəti keçmiş olsa belə, bu, kreditorun tələb hüququnu, borclunun isə öhdəliyini aradan qaldırmır. İddia müddətinin keçməsi yalnız kreditorun tələb hüququnun məhkəmə qərarı ilə məcburi icrasını mümkünsüz edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plunumunun xx.xx.2023cü il tarixli Qərarında da qeyd edilmişdir ki, iddia müddəti öhdəliklərin icrası ilə bağlı tələblərə şamil olunmaqla, kreditorun öz tələbini məhkəmə qaydasında məcburi icra etdirmək imkanına qoyulmuş bir məhdudiyyətdir. Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə uyğun olaraq, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 11 fevral tarixli Qərarında da göstərilmişdir ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Odur ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2-ci maddələri). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Finca Azerbaijan” MM QBKT-yə ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və borcun silinməsi”nə dair iddia tələbi əsassız olduğuna görə təmin edilməməli, iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “Finca Azerbaijan” MM QBKT-yə ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-2901/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2901/2023
27.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver