Məhkəmə qərarları › İş №2(006)-291/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-291/2024

26.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-291/2024 26.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi (anası) X3 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «kompensasiya» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq,. MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «kompensasiya» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğu dövlətə xəyanət və hərbi xidmət əleyhinə olan digər cinayət faktları üzrə xx.xx.2017-ci ildə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ********* nömrəli cinayət işi başlayıb. İddiaçı sözügedən cinayət işi çərçivəsində müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu kimi hərbi xidmətdə olarkən 2017-ci ilin may ayında heç bir hüquqi əsaslar olmadan saxlanılmış, ona qarşı dəhşətli işgəncələr verilib. İddiaçı xx.xx.2017-ci ildə Azərbaycan Respublikası CM-nin 274-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində məhkəmənin qərarı ilə 4 il müddətinə həbs qətimkan tədbiri seçilib. 29.08. 2017-ci ildə Bakı Hərbi Məhkəməsi tərəfindən iddiaçının həbsdə saxlanılma müddəti xx.xx.2018-ci il tarixədək, xx.xx.2017-ci il tarixdə isə onun həbsdə qalma müddəti xx.xx.2018-ci ilə qədər uzadılıb. xx.xx.2018-ci ildə iddiaçıya Azərbaycan Respublikası CM-nin 331.3-cü maddəsi ilə əlavə ittiham elan olunub. xx.xx.2018-ci il tarixdə iddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə aparılan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən xitam verilib, ancaq CM-nin 331.3-cü maddəsi ilə ittiham saxlanılıb. xx.xx.2018-ci ildə Azərbaycan Respublikası CM-nin 331.3-cü maddəsi ilə davam edən ibtidam istintaq tamamlanaraq iş baxılması üçün aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilib. Tərtər Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən iddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və cəza müddətinin bitməsi səbəbi ilə azadlığa çıxıb. İddiaçının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 303.31,303.3.6, 303.3.8, 391.8 və 391.8.1-ci maddələrinin tələblərinin kobud pozuntularına yol verildiyindən Azərbaycan Respublikası Baş Prokurorunun müavini, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov tərəfindən apellyasiya protesti verilib. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilib, Tərtər Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü və məhkəmənin xx.xx.2018-ci il tarixli hazırlıq iclasının qərarı ləğv edilərək, cinayət işi yenidən baxılması üçün həmin məhkəmənin hazırlıq mərhələsinə qaytarılıb. Tərtər Hərbi Məhkəməsinin hazırlıq iclasının xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 331.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən həmin pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Gəncə hərbi prokuroruna qaytarılıb. xx.xx.2022-ci ildə cinayət işi Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib, həmin tarixdən cinayət işi üzrə istintaqın davam etdirilməsi Baş prokurorluğun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə müşaviri Ceyhun Hümbətova həvalə edilib. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin dəyişiklik edilməsi haqqında» xx.xx.2020ci il tarixli Qanunun 1.73-cü maddəsinə əsasən Cinayət Məcəlləsinin 331-ci maddəsinin ləğv olunması əsas götürülərək xx.xx.2022-ci il tarixli qərarla cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsinə tövsif edilib. İstintaqın nəticəsində xx.xx.2022-ci ildə iddiaçı barəsində Azərbaycan Respublikası CM-nin 329.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan cinayət işinin icraatına əməldə cinayət tərtibi olmadığına görə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi haqqında qərar çıxarılıb. İddiaçının saxlanıldıqdan sonra ağır işgəncələrə məruz qalması Tərtər Hərbi Məhkəməsinin 1(098)-7/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə təsdiq olunur. Bu iş üzrə N saylı hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi ədliyyə mayoru X19, N saylı hərbi hissənin sabiq hərbi qulluqçusu baş gizir X13 və N saylı hərbi hissənin sabiq hərbi qulluqçusu kiçik gizir X9 Azərbaycan Respublikası CM-nin 125, 126.2.1, 126.2.3, 126.3, 127.2.2, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 134, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə təqsirləndirilərək məhkum ediliblər. Tərtər Hərbi Məhkəməsinin (X25 oğlunun sədrliyi ilə) xx.xx.2019-cu il tarixli hökmü ilə Fuad Ağayev 10 il, Qurban Cümşüdov və Cavid Ağadadaşovu isə hər biri 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər. 2017-ci il mayın ilk günlərindən etibarən həmin il boyunca Tərtər rayonu Manquşevan kəndində köhnə hərbi tikilinin binasında müəyyən fasilələr verilməklə, lakin davamlı şəkildə ilk öncə əllərini və görməməsi üçün gözlərini bağlayaraq əynindəki paltarları çıraraq soyundurulub rezin borularla, qol və ayaq zərbələri ilə günlərlə döyülüb, mütəmadi bədəninə davamlı elektrik cərəyanı verilib və s. (xx.xx.2019-cu il tarixli hökmünün 33-cü və 209-210-cu səhifələr). Məhkəmə-tibbi ekspertizasının xx.xx.2017-ci il tarixli, 255/10 saylı rəyindən görünür ki, «İddiaçı bədənində boynun arxa və sağ yan səthlərində cəmi 5 ədəd, sağ əlin arxa səthində 1 ədəd çapıqpiqmentasiyaları, hər iki mil bilək, oynağı nahiyələrində, sol baldır və sol budda, cəmi 20 ədəd piqmentasiya sahələri aşkar edilmişdir. Bunlardan çapıq piqmentasiyalar həmin nahiyələrdə olmuş, çox güman ki, məhdud termik yanıq yaralarının, piqmentasiyalar isə qançırların izi olub, yanıq izləri yanan siqaret ucluğunun təsirindən, qançırlar isə bərk küt əşyaların təsirindən törənə bilərdilər, əmələ gəlmə vaxtı ekspertiza tarixindən 1-2 ay əvvələ uyğun gələ bilər və dərəcəsinə görə çapıq-piqmentasiyalar istər ümumilikdə, istərsə də ayrılıqda sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər, piqmentasiya sahələri isə istər ümumilikdə, istərsə də ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin edilmir (xx.xx.2019-cu il tarixli hökmün 416cü səhifəsi). Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X27 Goranboy rayon X10 Hüquqi Şəxsi tərəfindən verilmiş 663 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Novruzov X7 MRX-nın Poliklinika şöbəsinin ruhi-əsəb kabinetində xx.xx.2018-ci il tarixdən aşağıdakı diaqnozla dispanser qeydiyyatındadır. İddiaçı işgəncələr nəticəsində postravmatik sindrom və digər trasmatik mənşəli psixoloji pozuntulardan əziyyət çəkir. İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia qaldıraraq, ona vurulmuş mənəvi zərərə görə 100.000 manat, maddi zərərə görə 7.150 manat olmaqla,cəmi 107.150 manat manat məbləğində kompensasiyasının cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. xx.xx.2022ci ildə Bakı şəhəri Nəsimi rayon Məhkəməsi 2(006)-822/2022 saylı qətnaməsi ilə iddianı qismən təmin edib, iddiaçıya vurulmuş mənəvi zərərə görə 20.000 manat məbləğində pul və 7150 manat maddi ziyan cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsini qət edib. Cavabdeh bu qətnamədən apellyyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının kollegiyasının (hakimlər A.N.İmanov (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və T.Ş.Talışinski) 2(103)-1228/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-822/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılıb. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti versə də, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-218/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməyib, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-1228/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılıb. İddiaçı ona vurulmuş maddi və vənəvi ziyanı ödənilməsi barədə iddia qaldırsa da, lakin ona vurulmuş fiziki ziyan və ya sağlamlığına vurulmuş ziyanın ödənilməsi barədə iddia qaldırmayıb. İddiaçı dövlətə xəyanət kimi ağır və dəhşətli iztirab verən cinayətdə əsassız ittiham edilib və təqsirli bilindiyi və ümumiyyətlə ibtidai araşdırma zamanı gördüyü işgəncələr nəticəsində ciddi psixoloji travmalar alıb. Onda PTC (trasmatik mənşəli psixi pozuntular) yaranıb, bu səbəbdən fiziki sağlamlığına zərər dəyib. Bu psixoloji travmaların müalicəsi uzun müddətli və çox bahalıdır, dəfələrlə psixoterapevtin seanslarına getmək, müxtəlif bahalı dərmanlarla müalicə kursları almaq, massaj seansları almaq, iynəterapiyası (akupunktuasiya), müalicəvi bədən tərbiyəsi, manual terapiya, qrup və fərdi məşğuliyyətlər lazımdır. Beləliklə ona tam reabilitasiya və fiziki zərəri aradan qaldırmaq üçün 33.316 ABŞ dolları və ya 56.637 manat vəsait lazımdır. Göstərilənlərə əsasən cavabdeh təşkilatın üzərinə iddiaçıya fiziki ziyanın kompensasiya olaraq 56.637 manat ödənilməsi öhdəliyi qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. İddiaçının nümayəndəsi (anası) X12 iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında iddiaçının nümayəndəsi (anası) X12 iddia tələbini və orada qeyd edilən xüsusatları müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, oğlu, yəni hazırki mülki iş üzrə iddiaçı iddia ərizəsində qeyd edilən işgəncələr nəticəsində ağır xəsarətlər aalmış və ağır fiziki və psixi iztirablar çəkmişdir. Hazırda onun psixi vəziyyəti yerində deyil və hər an özünü qəsd etmək istəyir. Buna görə də daimi nəzarət altında saxlayırlar. Hazırda yataq xəstəsidir. Aldığı işgəncələr nəticəsində yeriyə bilmir. Onun tam sağalması üçün Türkiyəyə gedib orada müayinə və müalicə olunmalıdır. Bunun üçün isə xeyli miqdarda maddi vəsait tələb olunur. Bütün bu halları nəzərə almasını xahiş etmişdir. 5.Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndələri lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmişlər və gəlməmələri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Odur ki, məhkəmə işə cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. 6.Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, əvvəllər İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Hərbi Prokurorluğuna qarşı ona vurulmuş mənəvi zərər görə 100.000 manat, vurulmuş maddi zərərə görə 27.100 manat olmaqla, cəmi 127.100 manat məbləğində kompensasiyanın cavabdehdən alınaraq ona verilməsi tələbi ilə Bakı şəhəri Nəsimi rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı vurulmuş mənəvi zərərə görə 20.000 manat məbləğində pulun və 7.150 manat maddi ziyanın cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə və Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Bildirirlər ki, yuxarıda qeyd olunan icra sənədinə uyğun olaraq 27.150 manat vəsaitin İddiaçı bank hesabına köçürülməsi xx.xx.2023-cü il tarixdə təmin edilmişdir. Hazırda İddiaçı məhkəmədə iddia qaldıraraq ona fiziki ziyanın kompensasiya olaraq 56.637 manat ödənilməsini tələb edir. Bildirirlər ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki iztirab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyinin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ail əvə tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Göründüyü kimi, fiziki zərər mənəvi zərərin tərkib hissəsi olaraq artıq iddiaçıya ödənilmişdir. Bununla bağlı bildirirlər ki, Azərbaycan Respublikası MPM-nin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 261.0.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiasının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. İşin materiallarından da göründüyü kimi, eyni tərəflər arasında eyni predmet barəsində yuxarıda qeyd olunan məhkəmələrin artıq qanuni qüvvəyə minmiş qərarları mövcuddur və hətta icra olunub və bu səbəbdən qanunvericiliyə əsasən iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən İddiaçı iddia ərizəsinə etirazları bildirir və iddia tələbini rədd edərək icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. 7.Məhkəmə proses iddiaçının onun nümayəndəsinin (anasının) izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. İş materiallarında olan Tərtər Hərbi Məhkəməsinin 1(098)-7/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə N saylı hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi ədliyyə mayoru X19, N saylı hərbi hissənin sabiq hərbi qulluqçusu baş gizir X13 və N saylı hərbi hissənin sabiq hərbi qulluqçusu kiçik gizir X9 Azərbaycan Respublikası CM-nin 125, 126.2.1, 126.2.3, 126.3, 127.2.2, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 134, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə təqsirləndirilərək, Fuad Ağayev 10 il müddətinə, Qurban Cümşüdov və Cavid Ağadadaşov isə hər biri 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Həmin hökmü ilə müəyyən edilmişdir ki, Fuad Ağayev xx.xx.2017-ci il tarixdə axşam saatlarında N nömrəli hərbi hissəsinin tan bölüyünün mexanik sürücüsü vəzifəsində, kiçik çavuş rütbəsində xidmət edən, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu İddiaçı N nömrəli hərbi hissənin köhnə qərargah binasının yaxınına gəlib orada baş verənlərlə maraqlanmasından şübhələnərək, İddiaçı da dövlətə xəyanət etdiyini düşünmüş, onun sifətinə bir sillə zərbəsi vurmuş, İddiaçı onun bu hərəkətinə etirazını bildirdikdə, fiziki və psixi zor tətbiq edilməklə və işgəncə verilməklə onun sorğu-sual edilməsinə dair göstəriş vermişdir. Fuad Ağayevin qanunsuz göstərişinə əsasən N nömrəli hərbi hissənin istintaqla şəxsiyyəti müəyyən edilmiş hərbi qulluqçuları və N nömrəli hərbi hissənin istintaqla şəxsiyyəti müəyyən edilmiş hərbi qulluqçuları İddiaçı onun düşmən tərəfindən kimin vasitəsilə, hansı şəraitdə, nə vaxtdan məxfi əməkdaşlığa cəlb edilməsi, düşmənlə əlaqələri, onun özünün hansı hərbi qulluqçuların düşmən tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsini təşkil etməsi, düşmənlə əməkdaşlıq edən digər hərbi qulluqçular barədə məlumatlar verməsini tələb edərək, ona qarşı zor hərəkətlər etmiş, yəni günün müxtəlif, o cümlədən gecə saatlarında, arada müəyyən fasilələr verilməklə, davamlı şəkildə, köhnə qərargah binasının birinci və ikinci mərtəbələrində olan otaqlarda, əllərini arxadan, habelə ətrafda baş verənləri görməməsi üçün əski parçasını gözünün üstünə salıb üstündən yapışqanlı lentə bağladıqları İddiaçı bədəninin müxtəlif nahiyyələrinə yumruq və təpiklə, habelə plastik boru ilə çoxsaylı zərbələr vurmuş, xüsusi qurğu vasitəsi ilə, naqillərini sayaq bədəninin müxtəlif nahiyyələrinə birləşdirməklə uzun müddət ərzində dəfələrlə elektrik cərəyənı vermiş, bədəninin müxtəlif nahiyyələrində yanan siqaret söndürmüş, İddiaçı düşmənlə əməkdaşlıq etməsini təkzib etdiyindən, xx.xx.2017-ci il tarixədək eyni qaydada fiziki zor tətbiq edərək və isgəncə verərək ona sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən «hər iki mil-bilək oynağı nahiyyələrinin, sol baldır və sol budun çoxsaylı qançırları» xəsarətlərini və sağlamlığa yüngül zərərvurmaya aid olan «boyun arxa və sağ yan səthlərinin, sağ əlin arxa səthinin termo yanıq yaraları» xəsarətlərini yetirmişlər. Nəticədə İddiaçı işgəncələrdən yaxa qurtarmaq üçün düşmənlə müxfi əməkdaşlıq etməsini təsdq etmək məcburiyyətində qalmışdır.

9. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi ədliyyə müşaviri X14 tərəfindən qəbul edilmiş cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikası CM-nin 329.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayətişinin icraatına əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir.

10. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 822/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı vurulmuş mənəvi zərərə görə 20.000 manat məbləğində pulun və 7150 manat maddi ziyanın cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi qət edilmişdir.

11. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2181/2023 saylı qərarın surətindən görünür ki, Bakı Apellyasiya Məzkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 1228/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-822/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı vurulmuq mənəvi zərərə görə 20.000 manat məbləğində pulun və 7150 manat maddi ziyanın cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1228/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-822/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır.

12. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tibbi arayışından görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə "xxxx" klinikasına burun tənəffüsünün çətin olması, xarici burun deformasiyası və baş ağrılarının olması şikayətləri ilə daxil olmuşdur. Aparılan kliniki, laborator və instrumental müayinələr nəticəsində «Burun çəpər əyriliyi, Xarici burun deformasiyası» diaqnozu təsdiq olunmuşdur. Xəstəyə xx.xx.2020-ci il tarixdə «Septorinoplastika» əməliyyatı icra olunmuşdur. Əməliyyatdan sonrakı dövrd normal keçmişdir. xx.xx.2020-ci il tarixində ambulator müalicə almaq üçün evə yazılmışdır. Xəstənin Klinikaya ödədiyi ümumi məbləğ 860 manat olmuşdur.

13. İş materiallarında olan Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X17 «Goranboy rayon Mərkəzi Xəstəxanası» X26 tərəfindən verilmiş 663 nömrəli, xx.xx.2022-ci il tarixi arayışın surətindən görünür ki, Novruzov X7 MRX-nin Poliklinika şöbəsinin ruhi-əsəb kabinetində xx.xx.2018-ci il tarixdən «BBTX nəticəsində (travmatik mənşəli) kəskin ifadəli nəzərə çarpan şəxsiyyət dəyişkənliyi, uzun müddətli pozulmalarla, psixogen hallarla tez-tez baş verən psixopatabənzər davranış və dekompensasiya halları, anamnezində olunmuş sui-qəsd cəhdləri» diaqnozla dispanser qeydiyyatdadır, İİ qrup əlildir.

14. İş materiallarında olan Türkiyə Respublikasının Ankara şəhərində yerləşən «Liv Hospital» tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tibbi sənəddən görünür ki, İddiaçı «Liv Hospital»da müayinə və müalicədə olmuş, tibbi xidmətlərin qiyməti – 30.000 ABŞ dolları təşkil etmişdir.

15. İş materiallarına əlavə olunmuş tibbi sənədlərdən və ödəniş qəbzlərdən görünür ki, İddiaçı müayinə və müalicə üçün 48 manat, 113 manat, 200 manat pul ödənilmişdir.

16. İş materiallarında olan Gəncə şəhər Psixiatriya Xəstəxanası tərəfindən verilmiş stasionar kitabçadan (xəstəlik tarixidən) çıxarışının surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Gəncə şəhər Psixiatriya Xəstəxanasında müalicədə olmuş, «Baş beyin travmatik xəstəliyi nəticəsində (travmatik mənşəli) kəskin ifadəli nəzərə çarpan psixi pozuntular şəxsiyyət və davranış pozuntulları, psixotik simptomlara cərəyan edən ağır depressiya (sui-qəsd cəhdlərlə (intihar cəhdləri))» diaqnozu qoyulmuşdur.

17. Məhkəmənin sorğusuna cavabdeh olana İcbari Sığorta Bürosu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, müraciətin Büronun səlahiyyətlərinə aid olmadığını nəzərə alaraq aidiyyəti üzoə «İcbari Tibbi Sığorta X23» PHŞ-yə yönləndirilmişdir.

18. Məhkəmənin sorğusuna cavab olaraq «X29 Beynəlxalq Hospital» tərəfindən verilmiş 347 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, məktubda qeyd etdiyi xəstəliyin müayinə və müalicəsi «X29 İnternational Hospital»da mümkül deyildir.

19. İş materiallarında olan «Respublika Psixiatriya Xəstəxanası» X26 tərəfindən verilmiş ambulator kitabçasından (xəstəlik tarixindən) çıxarışının surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə «Respublika Psixiatriya Xəstəxanası» PHŞ-də müalicədə olmuş, «Üzvi şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, koqnitiv funksiyaların enməsi, anamnezində psixotik hallar F07.0» diaqnozu qoyulmuşdur.

20. İş materiallarında olan «Respublika Psixiatriya Xəstəxanası» X26 tərəfindən verilmiş Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli, 1814 nömrəli rəyinin surətindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il 3- 28/3-1-118/2023 saylı «Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə» əmrinə uyğun olaraq İddiaçı Respublikası Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatri Komissiyası tərəfindən müayinə olunub, «Üzvi şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, koqnitiv funksiyaların enməsi, anamnezində psixotik hallar F07.0» diaqnozu qoyulmuşdur.

21. İş materiallarında olan Mingəçevir şəhər X18 Dispanseri tərəfindən verilmiş Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli tibbi qərarından görünür ki, İddiaçı Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub, «F-07.0. Üzvi şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, koqnitiv funksiyaların enməsi, anamnezində psixotik hallar» diaqnozu qoyulmuş, ehtiyac olarsa stasionara göndərilməsi qərara alınmışdır.

22. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İcbari Tibbi Sığorta X23 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İcbari Tibbi Sığorta üzrə Dövlət X1 diaqnozu qoyulmuş baş-beyin travmatik xəstəliyinin müalicəsinin icbari tibbi sığortanın Xidmətlər Zərfinə aid olub-olmaması barədə müraciətə Agentlikdə aidiyyəti üzrə baxılmışdır. Məktubda göstərilən ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışda qeyd edilən xəstəliklərin beynəlxalq təsnifatının 10-cu baxışı üzrə xəstəlik kodu F07.0 (Üzvi mənşəli şəxsiyyət pozğunluğu) olan diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli «İcbari tibbi ığorta üzrə Xidmətlər Zərfi»nin təsdiq edilməsi haqqında Qərarında öz əksini tapmamışdır.

23. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, - «Kapial Bank» tərəfindən X5 xx.xx.2022-ci il tarixdə, 60 ay müddətinə, illik 23% ödəmək şərti ilə 1060 manat məbləğində, - «Kapial Bank» tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixdə, 35 ay müddətinə, illik 19% ödəmək şərti ilə 5000 manat məbləğində, - «Kapial Bank» tərəfindən X6 xx.xx.2023-cü il tarixdə, 35 ay müddətinə, illik 20% ödəmək şərti ilə 5000 manat məbləğində, - «Kapial Bank» tərəfindən X6 xx.xx.2023-cü il tarixdə, 35 ay müddətinə, illik 16% ödəmək şərti ilə 5680 manat məbləğində kredit verilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

24. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunmuş, xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 274-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Hərbi Prokuroru tərəfindən CM-nin 274-cü maddəsi ilə irəli sürülmüş ittihama xitam verilmiş, lakin CM-nin 331.3-cü maddəsi ilə təqsirləndirilmiş, 2018ci ildə həmin maddə ilə 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və 2018-ci ilin mart ayında cəza müddətinin bitməsi səbəbi ilə azadlığa çıxmışdır. İddiaçı qanunsuz və əsassız cinayət təqibinə məruz qalmış və 2017-ci ilin may-iyun aylarında ona amansız işgəncələr verilmişdir. İddiaçı fiziki, maddi və mənəvi ziyana məruz qalmış, özü və ailələri da stress və sarsıntı keçirmişdir. Təhqiqat və istintaq orqanının qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulmuş mənəvi, fiziki və maddi ziyana görə iddiaçı kompensasiya almalıdır. Qanuni qüvvəyə minmiş Nəsimi rayon Məhkəməsinin 2(006)-822/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı vurulmuş mənəvi zərərə görə 20.000 manat məbləğində pul və 7150 manat maddi ziyanın cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi qət edilmişdir. İddiaçı dövlətə xəyanət kimi ağır və dəhşətli iztirab verən cinayətdə əsassız ittiham edilmiş və təqsirli bilindiyi və ümumiyyətlə ibtidai araşdırma zamanı gördüyü işgəncələr nəticəsində ciddi psixoloji travmalar almışdır. Onda PTC (trasmatik mənşəli psixi pozuntular) yaranıb, bu səbəbdən fiziki sağlamlığına zərər dəymişdir. Bu psixoloji travmaların müalicəsi uzun müddətli və çox bahalıdır, dəfələrlə psixoterapevtin seanslarına getmək, müxtəlif bahalı dərmanlarla müalicə kursları almaq, massaj seansları almaq, iynəterapiyası (akupunktuasiya), müalicəvi bədən tərbiyəsi, manual terapiya, qrup və fərdi məşğuliyyətlər lazımdır. Bu səbəbdən iddiaçı cavabdehlərin üzərlərinə ona fiziki ziyanın kompensasiya olaraq 56.637 manat ödənilməsi öhdəliyi qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

25. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə görə, hər kəsin azadlıq hüququ vardır.

26. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin 2 bəndinə əsasən hər kəsin dövlət orqanlarının yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-ci maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.

28. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi özünün «Reybok Sloveniyaya qarşı» işində qeyd etmişdir ki, daxili qanunvericilik kompensasiya hüququnu yalnız azadlıqdan məhrum edilmənin qanunsuz olduğu və ya səhvən baş vermiş hallarla məhdudlaşdırmışdır. Çünki həmin işdə məhkəmə İnsan Hüquqlarının və X8 X2 5-ci maddəsinin 5-ci bəndinin pozulduğunu müəyyən etdi, çünki Konvensiyanın 5-ci madəsinin 4-cü bəndi (həmin bəndə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliynə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir) pozulması nəticəsində yaranmış ərizəçinin konpensasiya hüququ kifayət qədər dəqiq şəkildə təmin edilməmişdir.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

30. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququni bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüquqi pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

31. Azərbaycan Dövlətinin hüquqi dövlət olması, Azərbaycan Respublikası Konstitusiyasında insan hüquq və azadlıqlarının təmininin dövlətin ali məqsədi kimi bəyan edilməsi, insan hüquq və azadlıqlarının bərpa olunmasının məhkəmələrin vəzifəsi kimi müəyyənləşdirilməsi, həmçinin Konvensiyanın 41-ci maddəsi və Avropa Məhkəməsinin təcrübəsini insan hüquq və azadlıqlarının pozulduğu hallarda ədalətli satisfaksiyası yolu ilə əvvəlki vəziyyətin bərpa edilməsi ona dəlalət edir ki, milli məhkəmələr mənəvi ziyanın ödənilməsi barədə tələblərə baxarkən qeyd olunanları əsas götürməli və pozulmuş hüququn tam bərpasına nail olunması üçün ədalətli kompensasiya ödənilməsini təmin etməlidirlər.

32. Məhkəmə hesab edir ki, iddiaçının törətmədiyi cinayətə görə qanunsuz olaraq təqsirləndirilən şəxs qismində tanınması, əsassız olaraq barəsində həbs qətimkan tədbirinin tətbiq edilməsi, ibtidai araşdırma zamanı gördüyü işgəncələr nəticəsində ciddi psixoloji travmaların alınması fiziki sağlamlığına zərər dəyməsinə səbəb olduğundan, onun müalicəsinə mütləq zərurət olduğundan ona vurulmuş ziyan ödənilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli və iddiaçının xeyrinə 30.000 ABŞ dolları və 1221 manat məbləğində pul tutulmalıdır. Məhkəmə qeyd edir ki, fiziki ziyanın kompensasiyanın 30.000 ABŞ dolları və 1221 manat məbləğində müəyyən edilməsi işin hallarına uyğundur və tam ədalətlidir.

33. Məhkəmə maddi ziyanın qsimən təmin olunan hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının sağlamlığının bərpasının ölkə hüdudlarında mümkün olmaması (çətin olması) , icbarı tibbi sığorta üzrə Xidmətlər Zərfində müəyyən edilmədiyindən müayinə və müalicəsinə iddiaçının təqdim etmiş olduğu digər ölkədə mümkün olması barədə sübut təqdim etmişdir. Bunun isə məbləği 30.000 ABŞ dolları cıvarında olması müəyyən edilmişdir. Bundan əlavə isə iddiaçı ona daha artıq maddi ziyan dəydiyini qeyd etsədə bunları məhkəmədə sübuta yetirə bilməmiş və bunun sübutlar ilə əlaqələndirə bilməmişdir. Yalnız məhkəməyə təqdim etmiş olduğu, 860 manat, 200 manat, 113 manat, 48 manat manat məbləğləri təqdim edə bilmişdir. Bundan əlavə isə məhkəmə qeyd edir ki «Kapial Bank» tərəfindən X5 verilmiş kreditlərin onun sağlamlığı ilə əlaqadər olmaması müəyyən edildiyindən sübut kimi qiymətləndirilə bilməz.

34. Lakin məhkəmə hesab edir ki, iddiaçının xeyrinə tutulacaq pul məbləği dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə ödənilməlidir.

35. Bu səbəbdən məhkəmə iddia tələbinin maddi ziyanın kompensasiyanın Azərbaycan Respublikası Müdafiə Nazirliyindən tutulması hissəsində əsassız hesab edir (subyektiv cavabdeh deyildir) .

36. Belə ki, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə bilər və təmin oluna bilər. İddiaçının cavabdeh qismində göstərdiyi şəxs isə məhkəmənin istinad etdiyi qanunvericilik normaları çərçivəsində hazırkı iddiaya cavab verməli olan subyekt olaraq qəbul edilə bilməz.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli qərarında subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, «subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz».

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşdıqda aydın olur ki, Azərbaycan Respublikası Azərbaycan Respublikası Müdafiə Nazirliyi İddiaçı iddiasına cavab verməli olan şəxs olmamışdır.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin dispozisiyasına əsasən məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq deyil, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur.

41. Eyni Məcəllənin 48-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir.

42. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.

43. İstinad olunan prosessual hüquq normasının dispozisiyasından göründüyü kimi, yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.

44. Qanunun mənasına görə cavabdeh bir qayda olaraq iddiaçının hüququnu pozan, yaxud onun hüququnu mübahisələndirən tərəf olur. İddia ərizəsini qəbul edərkən məhkəmə cavabdeh kimi göstərilən şəxsin iddia üzrə cavab verməli şəxs olub-olmamasını müəyyən etməlidir. Hazırki iş üzrə qeyd olunan halın düzgün müəyyən edilməməsi nəticəsində əsl olmayan tərəfin işdə iştirakı mübahisənin qanuni və əsaslı həllinə mane olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur.

45. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Əsasnaməsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarəedilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

46. Göründüyü kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-ci maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Yəni hazırki mülki iş üzrə iddiaçıya zərər vuran, işgəncələr verən dövlət orqanın vəzifəli şəxsi (ləri) olmuş (Ağayev Fuad) və bu barədə iddiaçı həmin hökmlə zərərçəkmiş şəxs kimi tanınmışdır.

47. Belə olan halda, iddiaçıya vurulmuş ziyanın əvəzinin ödənilməsi Dövlət büdcəsinin vəsaiti hesabına (Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə) həyata keçirilməli, iddia tələbi digər cavabdehə münasibətdə təmin edilməməlidir.

48. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «kompensasiya» tələbinə dair iddiası qismən təmin edilməli, İddiaçı fiziki ziyanın kompensasiya olaraq 30.000 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 1221 manat pulun ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə münasibətdə təmin edilməməlidir.

49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

51. Eyni Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

52. Həmçinin, MPM-nin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

53. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «kompensasiya» tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı fiziki ziyanın kompensasiya olaraq 30.000 (otuz min) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 1221 (bir min iki yüz iyirmi bir ) manat pulun ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə münasibətdə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar