Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2913/2021 01.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «dəymiş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh minik avtomobilinə vurulmuş ziyana görə 1.501 (bir min beş yüz bir) manat məbləğində pulun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “VAZ 21150” markalı ** UA *** dövlət qeydiyyat nişanlı minik avtomobili 28.04.2017-ci il tarixdən onun mülkiyyətində olmuş, 28.04.2017-ci il tarixdə avtomobil texniki baxışdan keçirilmiş, avtomobildə heç bir nasazlıq aşkar edilməmiş və həmin tarixdən avtomobil etibarnamə əsasında Cavabdeh verilmiş və etibarnamə rəsmi qaydada təsdiq edildikdən sonra qüvvəyə minmişdir. Cavabdeh etibarnamə əsasında idarə etdiyi avtomobili yüksək sürətlə idarə etmə nəticəsində “Opel Astra” markalı ** HM *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, qəza nəticəsində avtomobilə xeyli miqdarda ziyan dəymişdir. Cavadeh törətdiyi əmələ görə Azərbaycan Respublikası İXM-in 327.1 -ci maddəsi ilə məsuliyyətə cəlb edilərək 40 manat məbləğində cərimə edilmişdir. Cavabdeh avtomobili əsaslı təmir etdirməkdən qərəzli şəkildə boyun qaçırmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1237/2018 saylı 23 aprel 2018-ci il tarixli qətnaməsi ilə onun cavabdehə qarşı “əmlak tələbinə dair” iddiası təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9692/2018 saylı 18 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qeyd olunan qətnaməsi qismən qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilmişdir, həmin hissədə yeni qətnamə qəbul edilərək, ondan cavabdehin xeyrinə 2000 manat məbləğində pul tutulması qət edilmişdir, qaqşılıqlı iddia qalan hissədə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 671/19 saylı 28.01.2019-cu il tarixli qərarı ilə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsi qüvvədə saxlanmışdır. Sonradan icra sənədi ilə əlaqədar anlaşılmazlıq yaranmışdır. Belə ki, Sabunçu rayon İcra və Probasiya Şöbəsi 15.09.2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9692/2018 saylı 18 oktyabr 2018-ci il tarixli icra sənədinə izah verilməsinin xahiş etmiş və ərizəsi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9692/2018 saylı 18 oktyabr 2018-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin izaha ehtiyac olan hissəsinə aşağıdakı kimi izah verilmişdir.” “VAZ 21150 MİNİK” markalı ** UA *** dövlət qeydiyyat nişanlı minik avtomobili hazırda mövcud olduğu vəziyyətdə Cavabdeh alınaraq İddiaçı qaytarılsın”. Lakin sonradan qeyd olunan avtomobili qəbul edəkrən bir sıra avtomobil hissələrinin sıradan çıxdığı aşkar edilmişdir. Avtomobili cavabdehə etibarnamə əsasında verərkən heç bir nasazlıq mövcud olmamış və texniki baxışdan keçərkən yararlılıq vəziyyəti təsdiq edilmişdir. Avtomobildə belə nasazlıqları nəzərə alaraq,”xxxx” ASC-nin X1 AVTOVAZ Serviz mərkəzinə müraciət edilmiş, avtoekspert X4 tərəfindən Bakı şəhəri Xırdalan qəsəbəsində 24 noyabr 2020-ci il tarixdə ziyan aktı tərtib etmiş və ümumi ziyan məbləği 1501 (bir min beş yüz bir) manat hesablanmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Suraxanı RPİ tərəfindən 04.10.2016-cı il tarixdə verilmiş AZE seriyalı № ******** nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1990-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. 08.02.2021-ci il tarixli 13299 saylı mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. “xxxx” ASC-nin X1 X3 avtoeksperti tərəfindən verilmiş 24.11.2020-ci il tarixli № E/373 saylı ziyan aktından görünür ki, “VAZ 21150 MİNİK” markalı ** UA *** dövlət qeydiyyat nişanlı minik avtomobilə dəyən ziyan 1501 manat təşkil edir. Bakı şəhəri 48 saylı Notariat Kontoru tərəfindən verilmiş 28.04.2017-ci il tarixli, ƏN-İV № 079229 saylı etibarnamənin surətindən görünür ki, İddiaçı Cavabdeh “VAZ 21150 MİNİK” markalı ** UA *** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə etmək üçün səlahiyyət vermişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 04.03.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.1987-ci il tarixdə Azərbaycan Respublikası, ünvan 2 ünvanında qeydiyyatdadır. İnzibati tənbeh vermə haqqında 18.09.2017-ci il tarixli TYP № 123331 saylı Sabunçu RPİ DYPS-nin qərarından görünür ki, Cavabdeh İXM-in 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 20 aprel 2018-ci il tarixli 2(006)-1237/2018 saylı qətnaməsinin surətindən görünür ki, ilk iddia təmin edilmiş, İddiaçı məxsus “VAZ 21150” minik markalı, ** UA *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh alınaraq İddiaçı qaytarılmış pul tələbinə dair qarşılıqlı iddia isə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli, 2(103)-9692/2018 saylı qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Nəsimi rayon Məhkəməsinin qeyd olunan qətnaməsi qismən- qarşılıqlı iddianın rədd edildiyi hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, qarşılıqlı iddia qismən təmin edilərək İddiaçı Cavabdeh xeyrinə 2000 manat məbləğində pul tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 28 yanvar 2019-cu il tarixli 2(102)-671/19 saylı qərarının surətindən görünür ki, kassasiya şikayətləri təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli, 2(103)- 9692/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun 22.04.2019cu il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli 2(103)-9692/2018 saylı icra sənədinə əsasən icraat başlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli 2(103)-9692/2018 saylı qərardadının surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin ərizəsi təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9692/2018 saylı 18.10.2018-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədnin izaha ehtiyacı olan hissəsinə aşağıdakı kimi izah verilmişdir. “VAZ 21150” Minik markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobil hazırda olduğu vəziyyətdə Cavabdeh alınaraq İddiaçı qaytarılsın. İcra işində olan 20.11.2020-ci il tarixli aktın və həmin tarixli icraata xitam verilməsi haqqında qərarın surətlərindən görünür ki, avtomaşına baxış keçirilmiş, Cavabdeh nümayəndəsi tərəfindən “VAZ 21150” Minik markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobil təhvil verilmiş, İddiaçı avtomaşını olduğu vəziyyətdə qəbul etmiş, 2000 manat məbləğində pul vəsaitini Cavabdeh bank hesabına köürülməsinə dair qəbzi təqdim edilmiş və icraata xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi MM-in 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Həmin ünsürlərdən hər hansı birinin aşkar edilməməsi deliktə söykənən tələbin rədd edilməsi üçün əsasdır. Baxılan işdə iddiaçı, cavabdehin qeyri-hüquqi əməlinə istinad edərək zərərə düşdüyünü iddia etdiyi üçün yuxarıda göstərilən şərtləri sübuta yetirmək yükü iddiaçının üzərinə düşür. İlk öncə məhkəmə iddia tələbinə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Bu zaman göstərilən faktlar mülki iş üzrə iştirakçıların dairəsindən asılı olmayaraq hamı üçün preyudisialdır və bu faktlar heç kim tərəfindən mübahisələndirilə bilməz. Bundan əlavə, göstərilən maddənin məzmunundan da göründüyü kimi qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamə çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli, 2(103)-9692/2018 saylı qətnaməsində qeyd edilir ki, “İddiaçılə 28.04.2017-ci il tarixdə nəqliyyat vasitəsinin alqı-satqısına dair bağlanmış müqavilə formal xarakter daşıyan, tərəflərin həqiqi iradə ifadəsini əks etdirməyən etibarsız müqavilə olmuşdur. Bu səbəbdən müqavilə bağlandığı gün İddiaçı Cavabdeh avtomobili idarə etmək və üzərində sərəncam vermək səlahiyyətləri də daxil olmaqla bütün hüququları ehtiva edən etibarnamə vermiş və nəqliyyat vasitəsi Cavabdeh istifadə və sahibliyində qalmışdır. İddiaçı avtomobilin Cavabdeh verdiyi 7000 manat borc müqabilində onun adına keçirdiyini göstərsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Avtomobilə dair 28.04.2017-ci il tarixdə alqı-satqı müqaviləsi bağlandıqdan sonra nəqliyyat vasitəsinin Cavabdeh sahibliyində və istifadəsində saxlanılması və onun adına etibarnamə verilməsi təsdiq edir ki, İddiaçı qarşılıqlı iddiaya etirazında irəli sürdüyü mülahizələr əsassızdır...” Bundan başqa iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli 2(103)-9692/2018 saylı icra sənədinə izah verilməsi barədə qərardadında qeyd edilir ki, “VAZ 21150” Minik markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobil hazırda olduğu vəziyyətdə Cavabdeh alınaraq İddiaçı qaytarılsın. Qeyd olunan normanın tələblərinə və sadalanan hallara əsasən məhkəmə hesab edir ki, iddiaçı məhz cavabdehin qeyri-hüquqi əməlinə istinad etsə də, yuxarıda sadalanan məhkəmə aktlarına əsasən avtomobilin alqı-satqısına dair bağlanmış müqavilə formal xarakter daşıyan, tərəflərin həqiqi iradə ifadəsini əks etdirməyən etibarsız müqavilə olması və bundan əlavə qeyd olunan avtomobilin məhz olduğu vəziyyətdə İddiaçı təhvil verilməsi faktları İddiaçı iddia tələbində irəli sürdüyü mülahizlərin əsassız olduğunu təsdiq edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Mülki-prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğundan bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Beləliklə, iddiaçı tərəfindən iddia tələbinin hüquqi əsası kimi mövcud olan şərtlərin tətbiqi üçün zəruri olan sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «dəymiş maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilməli və iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-2913/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2913/2021
01.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver