Məhkəmə qərarları › İş №2(006)-2918/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2918/2020

12.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2918/2020 12.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "İddiaçı" MMC-nin Cavabdeh qarşı "pul" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "İddiaçı" MMC məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh "İddiaçı" MMC-nin xeyrinə 2495 manat borcun, 299,52 manat cərimə borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 qəpik dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, fiziki şəxs “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 2895 manat dəyərində nisyə aldığı malın 400 manatını ilkin olaraq ödəmiş, qalan 2495 manatı isə müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. "İddiaçı" MMC ilə fiziki şəxs “xxxxxxxxxxx” MMC arasında imzalanan Fakrorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunun Sazişə əsasən Fiziki şəxs “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı olan 2495 manat məbləğindəki tələb hüququ "İddiaçı" MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun “xxxxxxxxxxxxxx” MMC-yə keçməsi barədə nisyə alqı-satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Tərəflər arasında bağlanmış Nisyə alqı-satqı müqaviləsinin 1.1-ci maddəsinə görə satıcı alıcıya qeyd olunan müqavilənin 1 saylı əlavəsində göstərilən malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən alıcı tərəflər arasında Dağlanan nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmir. Belə ki, cavabdehin bugünə 2495 manat əsas borcu, 299.52 manat cərimə borcu yaranmışdır. Eyni zamanda həmin müqavilənin 2.4.4cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.5% miqdarında dəbbə pulu ödəməlidir. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli WM000123 №-li Müqavilədən və ona 1 saylı Əlavədən görünür ki, kreditor alıcıya 400 manat ilkin ödəniş etməklə 12 ay müddətinə, hər ay 207,92 manat ödəmək şərti ilə ümumi qiyməti 2895 manat dəyərində olan İphone XS 256 markalı telefon, Şərikli Ekran, X4 XS, Glass 3D İphone XS və Proqram xidməti satmış, alıcı isə müqaviləyə əsasən ödəməli olduğu pul məbləğini kreditora ödəməyi öhdəsinə götürmüşdür. Müqavilələrin 2.4.4-cü bəndinə əsasən, müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 0,5% həcmində mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş “xxxxxxxxxxx” MMC ilə “xxxxxxxxxxxxxx” MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli Faktorinq Müqaviləsinə əlavə olunan xx.xx.2019-cu il tarixli Faktorinq Sazişindən görünür ki, “xxxxxxxxxxx” MMC Cavabdeh qarşı tələb hüququnu “xxxxxxxxxxxxxx” MMC-yə güzəşt etmişdir. İş materiallarına əlavə olunmuş “xxxxxxxxxxx” MMC tərəfindən Cavabdeh ünvanlanan bildirişdən görünür ki, “xxxxxxxxxxx” MMC-nin Cavabdeh ilə bağladığı xx.xx.2019-cu il tarixli WM000123 №-li nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbinin hamısı “xxxxxxxxxxxxxx” MMC-yə güzəşt edilmişdir. İş materiallarına əlavə olunmuş “xxxxxxxxxxxxxx” MMC-nin təqdim etdiyi xx.xx.2020ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 2495 manat əsas, 299,52 manat cərimə borcu olmaqla, ümumilikdə 2794,52 manat borcu vardır. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri 3 gün müddətində yerinə yetirməsi, əks halda məhkəməyə müraciət olunacağı barədə «xxxxxxxxxxxxxx» MMC tərəfindən xəbərdar edilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş qəbzinin surətindən görünür ki, hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar iddiaçı tərəfindən 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; 194.1-ci maddəsinə görə tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 194.2-ci maddəsinə görə tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh “xxxxxxxxxxx” MMC-dən alqı-satqı müqaviləsi üzrə aldığı malın dəyərini hissəhissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. “xxxxxxxxxxx” MMC ilə “xxxxxxxxxxxxxx” MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli Faktorinq Müqaviləsinə əlavə olunan xx.xx.2019-cu il tarixli Faktorinq Sazişinə əsasən “xxxxxxxxxxx” MMC Cavabdeh qarşı tələb hüququnu “xxxxxxxxxxxxxx” MMC-yə güzəşt etmişdir. Cavabdeh müqavilə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, iddiaçı tərəfindən alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icra edilməsinin və yaranmış borcun ödənilməsinin tələb edilməsi tam əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə iddia tələbinin cərimənin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, 299.52 manat cərimələrin miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğlər müvafiq olaraq 99,52 manat məbləğinədək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən “xxxxxxxxxxx” MMC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaitinin 29 manat məbləğində hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2495 manat əsas borc, 99,52 manat cərimə borcu olmaqla cəmi 2594,52 manat pul vəsaiti və 29 manat dövlət rüsumu və bank xidmət haqqı tutularaq «xxxxxxxxxxxxxx» MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 2495 (iki min dörd yüz doxsan beş manat) manat əsas borc, 99,52 (doxsan doqquz manat əlli iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 2594,52 (iki min beş yüz doxsan dörd manat, əlli iki qəpik) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumu və bank xidmət haqqının əvəzi olaraq 29 (iyirmi doqquz) manat pul vəsaiti tutularaq «xxxxxxxxxxxxxx» MMC-nin xeyrinə ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar