Məhkəmə qərarları › İş №2(006)-2919/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2919/2023

10.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2919/2023 10.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı Hüseynova Gülbənı̇ z Zı̇ yad qızının, cavabdeh Məmmədov Ramı̇ z Oruc oğlunun iştirakları ilə İddiaçı Hüseynova Gülbənı̇ z Zı̇ yad qızının cavabdeh Məmmədov Ramı̇ z Oruc oğluna qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Hüseynova Gülbənı̇ z Zı̇ yad qızı cavabdeh Məmmədov Ramı̇ z Oruc oğluna qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə faktiki nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X3 dünyaya gəlmişdir. O, daha əvvəl məhkəməyə müraciət edərək uşağının yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay 103 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 11 sentyabr 2014-cü il tarixli, 2(060)-6790/2014 saylı qətnaməsi ilə Cavabdeh hər ay 103 manat sabit pul məbləğində alimentin xx.xx.2014-cü il tarixindən başlayaraq tutulub xx.xx.2008-ci ildə doğulmuş X2 yetkinlik yaşma çatana kimi X1 verilməsi qət edilmişdir. Cavabdeh hələ də uşağın saxlanılmasında iştirak etmir və Hüseynova Gülbənı̇ z Zı̇ yad qızı uşağının təkbaşına saxlanılmasında çətinlik çəkir. Cavabdehin uşağın saxlanılmasında heç bir yardımı olmamışdır, halbuki, bu onun borcudur. Cavabdeh fərdi fəaliyyətlə məşğuldur və qeyrimüntəzəm və dəyişkən qazanc və gəlirə malikdir. Göstərilənlərə əsasən Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 220 manat sabit pul məbləğində alimentin və mediasiya prosesi zamanı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdeh Məmmədov Ramı̇ z Oruc oğlu ilə aralarında faktiki nikah münasibətləri mövcud olmuş və həmin münasibətdən xx.xx.20087-ci il təvəllüdlü X3 dünyaya gəlmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 11 sentyabr 2014-cü il tarixli qətnaməsi ilə cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 103 manat məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Lakin cavabdeh 2 il alimenti ödəməkdən yayınmış və sonradan ödəməyə başlamışdır. Hazırda övladı 9-cu sinifdə təhsil alır. Ödənilən 100 manat məbləğində aliment onun ehtiyaclarının ödənilməsi üçün çox azdır. O da tək valideyn kimi onun maddi ehtiyaclarının ödənilməsində çətinlik çəkir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında cavabdeh Məmmədov Ramı̇ z Oruc oğlu izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul edir və iddianın təmin olunmasına etiraz etmir.

5. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

6. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin faktiki nikah münasibətlərindən bir övladları anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 11 sentyabr 2014-cü il tarixli, 2(060)-6790/2014 saylı qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2014-cü il tarixindən başlayaraq Məmmədov Ramı̇ z Oruc oğlundan Hüseynova Gülbənı̇ z Zı̇ yad qızının xeyrinə hər ay 103 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda həmin məbləğ uşağın saxlanılması üçün kifayət etmədiyindən iddiaçı alimentin artırılmasını tələb edir. Cavabdeh isə iddia tələbini qəbul edir.

b) Mülki işin materialları:

7. Mülki işin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 11 sentyabr 2014-cü il tarixli, 2(060)-6790/2014 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Məmmədov Ramı̇ z Oruc oğlundan hər ay 103 manat sabit pul məbləğində aliment xx.xx.2014-cü il tarixdən başlayaraq tutulub xx.xx.2008-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Hüseynova Gülbənı̇ z Zı̇ yad qızına verilməsi qət edilmişdir.

8. Mülki işin materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/16-00312 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Məmmədov Ramı̇ z Oruc oğlu Hüseynova Gülbənı̇ z Zı̇ yad qızı tərəfindən təsvir edildiyi kimi ailə mübahisəsi üzrə xx.xx.2023-cü il tarixində 11:00-11:30 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

10. Eyni Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquqi varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

11. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır.

12. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı).

13. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

14. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

15. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

16. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

17. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

18. Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

19. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır.

20. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

21. Belə olan halda məhkəmə qanunvericiliyin tələblərini, uşağın mənafeini və onun saxlanılması üçün cavabdehdən hər ay 103 manat sabit pul məbləğində alimentin tutulmasını hazırki dövrdə kifayət etmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi tam həcmdə təmin edilməli və alimentin məbləği artırılaraq, hər ay 220 manat məbləğində müəyyən edilməlidir.

22. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

23. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsində göstərilmişdir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

24. Eyni Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

25. Həmin Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

26. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, tərəflərin faktiki nikahlarından anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Məmmədov Ramı̇ z Oruc oğlundan Sumqayıt Şəhər Məhkəməsinin 11 sentyabr 2014-cü il tarixli, 2(060)-6790/2014 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilməli və həmin pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Məmmədov Ramı̇ z Oruc oğlundan hər ay sabit pul məbləğində tutularaq Hüseynova Gülbənı̇ z Zı̇ yad qızına verilməlidir.

27. Bundan əlavə, məhkəmə hesab edir ki, iddiaçının “mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğində pul” tələbi hissəsində də təmin edilməli, cavabdeh Məmmədov Ramı̇ z Oruc oğlundan tutularaq iddiaçı Hüseynova Gülbənı̇ z Zı̇ yad qızına ödənilməlidir.

28. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinin tələblərinə görə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

31. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

32. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

33. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Məmmədov Ramı̇ z Oruc oğlundan Sumqayıt Şəhər Məhkəməsinin 11 sentyabr 2014-cü il tarixli, 2(060)-6790/2014 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilsin və həmin pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Məmmədov Ramı̇ z Oruc oğlundan hər ay sabit pul məbləğində tutularaq Hüseynova Gülbənı̇ z Zı̇ yad qızına verilsin. Mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manat məbləğində pul cavabdeh Məmmədov Ramı̇ z Oruc oğlundan tutularaq iddiaçı Hüseynova Gülbənı̇ z Zı̇ yad qızına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar