Məhkəmə qərarları › İş №2(006)-2926/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2926/2021

02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2926/2021 02.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı "kredit müqaviləsinə xitam verilməsi və kredit müqaviləsi üzrə borcun tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı "kredit müqaviləsinə xitam verilməsi və kredit müqaviləsi üzrə borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin “Nur” filialı ilə Cavabdeh1 arasında 24.04.2019-cu il tarixli, № Özəl (1) F7_538/K-19 saylı kredit müqaviləsinə əsasən faiz dərəcəsi 25% olmaq 24 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Qeyd edilən kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasının təminatı kimi "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında 24.04.2019-cu il tarixli № Özəl (1) F7_538/Z-19-01 saylı, Cavabdeh2 arasında 23.04.2019-cu il tarixli Özəl (1) F7 538/Z-19 saylı zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmiş, ödəməli olduğu məbləği vaxtında ödəməmişdir. Belə ki, Cavabdeh1 24.04.2019-cu il tarixli, № Özəl (1) F7_538/K-19 saylı kredit müqaviləsinə əsasən 24 yanvar 2021-ci il tarixinə Cavabdeh1 banka 6397,75 AZN əsas, 539,01 AZN faiz, 1595,91 AZN cərimə faizi olmaqla, cəmi 8532,67 AZN kredit borcu qalmışdır. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Göstərilənlərə əsasən "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin “Nur” filialı ilə Cavabdeh1 arasında bağlanmış 24.04.2019-cu il tarixli № Özəl (1) F7_538/K-19 saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin “Nur” filialı ilə Cavabdeh1 arasında bağlanmış 24.04.2019-cu il tarixli № Özəl (1) F7_538/K-19 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 banka olan 6397,75 AZN əsas, 539,01 AZN faiz, 1595,91 AZN cərimə faizi olmaqla, cəmi 8532,67 AZN məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək, "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin “Nur” filialı ilə Cavabdeh1 arasında bağlanmış 24.04.2019-cu il tarixli № Özəl (1) F7_538/K-19 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 “Bank”a olan 6397,75 AZN əsas, 1076,05 AZN faiz, 1753,91 AZN cərimə faizi olmaqla, cəmi 9227,71 AZN məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddianı müdafiə edərək, tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Odur ki, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin “Nur” filialı ilə Cavabdeh1 arasında bağlanmış 24.04.2019-cu il tarixli № Özəl (1) F7_538/K-19 saylı kredit müqaviləsinə əsasən "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 25% olmaqla, 10.000 (on min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti ilə borclu Cavabdeh1, zamin Cavabdeh3 arasında bağlanmış 24.04.2019-cu il tarixli, № Özəl (1) F7_538/K-19-01 saylı zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh3 borclu Cavabdeh1 kredit təşkilatı qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəliklər götürmüşdür. İş materiallarında olan "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti ilə borclu Cavabdeh1, zamin Cavabdeh2 arasında bağlanmış 24.04.2019-cu il tarixli, № Özəl (1) F7_538/K-19 saylı zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 borclu Cavabdeh1 kredit təşkilatı qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəliklər götürmüşdür. İş materiallarında olan "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 24.04.2019-cu il tarixli № Özəl (1) F7_538/K-19 saylı kredit müqaviləsinə 13 may 2020ci il tarixli 1 saylı Əlavədən görünür ki, tərəflər arasında bağlanmış 24.04.2019-cu il tarixli kredit müqaviləsi üzrə 6422.79 AZN ödənişinə 24.09.2020-ci il tarixədək güzəştin verilməsi və borcalan tərəfindən həmin tarixədək yalnız faiz borcunun ödənilməsinin təmin edilməsi, kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş qrafikin ləğv edilməsi və qalıq əsas borcun və hesablanacaq faizlərin ödənilməsi üçün Əlavə №2 formasında yeni ödəniş qrafikin tərtib edilməsi, borcalan tərəfindən aylıq ödənişlər yeni qrafik əsasında aparılması, kredit müqaviləsinin 2.1 bəndində dəyişiklik edilməsi barədə "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 razılığa gəlmişdilər. Bu əlavə imzalandığı gündən qüvvəyə minir və müqavilə üzrə öhdəliklər icra olunub başa çatdıqdan sonra qüvvədən düşmüş hesab edilir. İş materiallarında olan "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 və zamin adlandırılan fiziki şəxslər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 24.04.2019-cu il tarixli № Özəl (1) F7_538/Z-19 saylı kredit müqaviləsinə 13 may 2020-ci il tarixli 1 saylı Əlavədən görünür ki, tərəflər bu əlavəni imzalamaqla, hazırki zaminlik müqaviləsi ilə təmin edilmiş, borcalan Cavabdeh1 ilə bank arasında bağlanmış kredit müqaviləsinə dəyişiklik edilməsi barədə hər bir tərəfin məlumatlı olmasını və həmin dəyişiklik üzrə öhdəlikləri qəbul etdiklərini bəyan edirlər. Zaminlik müqaviləsi ilə təmin edilmiş kredit müqaviləsinə edilmiş dəyişikliyin mahiyyəti həmin kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş qrafikinin ləğv edilməsi, qalıq borcun ödənişinə 24.09.2020-ci il tarixədək güzəşt edilməsi, güzəşt müddəti ərzində yalnız faiz borcunun ödənilməsi, həmin tarix bitdikdən sonra həm əsas, həm də faiz borcunun ödənilməsi üçün yeni ödəniş qrafikin tərtib edilməsi ilə bağlıdır. Bu əlavə imzalanmaqla zamin borcalanın bank qarşısında yeni öhdəliklərini qəbul etmiş olduğunu bildirərək bununla bağlı mübahisə qaldırmayacağını öhdəsinə götürür. Bu əlavə imzalandığı gündən qüvvəyə minir. İş üzrə İddiaçı ASC tərəfindən verilmiş 05 may 2021-ci il tarixli, 240 saylı maliyyə arayışına əsasən Cavabdeh1 05 may 2021-ci il tarixə 24.04.2019-cu il tarixli, № Özəl (1) F7_538/K-19 saylı kredit müqaviləsi üzrə 6397,75 AZN əsas, 1076,05 AZN faiz, 1753,91 AZN cərimə borcu var. İş materiallarında olan "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə ünvanlanmış 06 noyabr 2021-ci il tarixli bildirişdən (pretenziya məktubu) görünür ki, cavabdehlər bank tərəfindən kredit müqaviləsinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdurlar. İş materiallarında olan kassa məxaric orderindən görünür ki, Cavabdeh1 10000 (on min) manat vəsaiti 24.04.2019-cu il tarixli, № Özəl (1) F7_538/K-19 saylı kredit müqaviləsinə əsasən almışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 24.04.2019-cu il tarixli, № Özəl (1) F7_538/K-19 saylı kredit müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 25% olmaqla, 10.000 manat məbləğində kredit verilmiş, zaminlər Cavabdeh3 və Cavabdeh2 borclu Cavabdeh1 kredit təşkilatı qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşımaları barədə öz üzərlərinə öhdəliklər götürmüşlər. "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 və zamin adlandırılan fiziki şəxslər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 24.04.2019-cu il tarixli № Özəl (1) F7_538/Z-19 saylı kredit müqaviləsinə 1 saylı Əlavəyə əsasən tərəflər arasında bağlanmış 24.04.2019-cu il tarixli kredit müqaviləsi üzrə 6422.79 AZN ödənişinə 24.09.2020-ci il tarixədək güzəştin verilməsi və borcalan tərəfindən həmin tarixədək yalnız faiz borcunun ödənilməsinin təmin edilməsi, kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş qrafikin ləğv edilməsi və qalıq əsas borcun və hesablanacaq faizlərin ödənilməsi üçün Əlavə №2 formasında yeni ödəniş qrafikin tərtib edilməsi, borcalan tərəfindən aylıq ödənişlər yeni qrafik əsasında aparılması, kredit müqaviləsinin 2.1 bəndində dəyişiklik edilməsi barədə "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 razılığa gəlmişdilər. "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 və zamin adlandırılan fiziki şəxslər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 24.04.2019-cu il tarixli № Özəl (1) F7_538/Z-19 saylı kredit müqaviləsinə 1 saylı Əlavəyə əsasən tərəflər bu əlavəni imzalamaqla, zaminlik müqaviləsi ilə təmin edilmiş, borcalan Cavabdeh1 ilə bank arasında bağlanmış kredit müqaviləsinə dəyişiklik edilməsi barədə hər bir tərəfin məlumatlı olmasını və həmin dəyişiklik üzrə öhdəlikləri qəbul etdiklərini bəyan etdiklərini bildirmişlər. Zaminlik müqaviləsi ilə təmin edilmiş kredit müqaviləsinə edilmiş dəyişikliyin mahiyyəti həmin kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş qrafikinin ləğv edilməsi, qalıq borcun ödənişinə 24.09.2020-ci il tarixədək güzəşt edilməsi, güzəşt müddəti ərzində yalnız faiz borcunun ödənilməsi, həmin tarix bitdikdən sonra həm əsas, həm də faiz borcunun ödənilməsi üçün yeni ödəniş qrafikin tərtib edilməsi bildirilmişdir. Cavabdehlər üzərlərinə düşən öhdəlikləri tam icra etməmişlər və nəticədə cavabdehlərin banka 6397,75 AZN əsas, 1076,05 AZN faiz, 1753,91 AZN cərimə faizi olmaqla, cəmi 9227,71 AZN məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmçinin, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, cavabdehlər kredit müqaviləsi və zaminlik müqavilələri üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə iddia tələbinin əsas borcunun tutulması ilə bağlı hissəsi üzrə qeyd edir ki, cavabdehlərin 24.04.2019-cu il tarixli, № Özəl (1) F7_538/K-19 saylı kredit müqaviləsi üzrə əsas borcunun 6397,75 AZN olması öz təsdiqini tapdığından, həmin hissədə tələb əsaslı hesab edilməli və təmin edilməlidir. Həmçinin, məhkəmə faiz məbləği ilə bağlı cavabdehlərdən 24.04.2019-cu il tarixli, № Özəl (1) F7_538/K-19 saylı kredit müqaviləsi üzrə 1076,05 AZN tutulmasını əsaslı və qanuni hesab edir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Hazırki halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək, 24.04.2019-cu il tarixli, № Özəl (1) F7_538/K-19 saylı kredit müqaviləsi üzrə cərimə borcu 150 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə belə nəticəyə gələrkən dünyada baş vermiş iqtisadi böhranı, həmçinin cavabdehlərin maliyyə vəziyyətini nəzərə alır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada 6397,75 AZN (altı min üç yüz doxsan yeddi manat, yetmiş beş qəpik) əsas, 1076,05 AZN (bir min yetmiş altı manat, beş qəpik) faiz, 150 AZN (bir yüz əlli) cərimə borcu olmaqla, habelə 30 AZN (otuz manat) ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 7653,80 AZN (yeddi min altı yüz əlli üç manat, səksən qəpik) məbləğində pul alınaraq "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməkləə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada 6397,75 AZN (altı min üç yüz doxsan yeddi manat, yetmiş beş qəpik) əsas, 1076,05 AZN (bir min yetmiş altı manat, beş qəpik) faiz, 150 AZN (bir yüz əlli ) cərimə borcu olmaqla, habelə 30 AZN (otuz manat) ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 7653,80 AZN (yeddi min altı yüz əlli üç manat, səksən qəpik) məbləğində pul alınaraq "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar