Məhkəmə qərarları › İş №2(006)-2929/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2929/2022

18.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2929/2022 18.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı nümayəndəsi Mənsimov Rasim Əhməd oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29 oktyabr 2018-ci il ildən cavabdehdən tutulan alimentin miqdarının artırılaraq, 17 may 2008-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər 193 manat sabit pul məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin iş 2 (006)-201/2013 saylı 04 mart 2013-cü il qətnaməsinə əsasən Cavabdeh 93 (doxsan üç) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Daha sonra Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 2 (006)- 6237/2018 saylı, 29 sentyabr 2013-ci il tarixli qətnaməsinə əsasən 154 (yüz əlli dörd) manat artırılması qət edilmişdir. Hal-hazırda oğlunun 13 yaşı var, qət edilən 154 manat uşağının maddi ehtiyaclarını ödəmir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X5 yuxarıda qeyd edilən məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 099125 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2008-ci il tarixdə 1042 nömrə ilə qeyd edilmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-6237/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnamənin surətindən görünür ki, iddia təmin edilmiş, 17 may 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən 2(006)-6905/2014 saylı, 03 dekabr 2014-cü il tarixli qətnaməsi ilə tutulan alimentin məbləğinin artırılaraq hər ay 154 (yüz əlli dörd) manat məbləğində müəyyən edilməsi və həmin pul vəsaitinin 28 sentyabr 2018-ci il tarixdən başlayaraq Cavabdeh hər ay sabit pul məbləğində tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2008-ci il tarixdə X4 anadan olmuşdur. Daha sonra tərəflər arasında bağlanmış nikah pozulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6237/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə isə 17 may 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat məbləğində alimentin X2 tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ailə Məcəlləsinin (bundan sonra – AM) 78.1-ci maddəsinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarında əks olunan hüquqi mövqeyin nəzərə alınmasının zəruri olduğunu qeyd edir. Belə ki, həmin qərarın 8.3-cü və 8.13-cü bəndlərinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Göstərilən qərarda Məhkəmə qeyd etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarına əsasən məhkəmə hesab edir ki, aliment ödənilməsini təmin edən tərəfin başqa nikahdan iki uşağının olması halı qeyd edilməli, hər iki tərəfin qanuni mənafeləri arasında ədalətli balansa nail olunması üçün həmin Qərarda müəyyən edilən prinsiplər ağlabatan həddə nəzərə alınmalıdır. Belə olan halda məhkəmə alimentin məbləğini müəyyən edərkən ödəmələrin miqdarını müəyyənləşdirən halların artıq dəyişdiyinə və alimentin ödənilməsinin eyni qaydada davam etməsi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli olmadığına, həmçinin konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallara da qiymət verilməlidir. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 6237/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. İddia digər hissədə rədd edilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-6237/2018 saylı qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X1 üçün İddiaçı xeyrinə Cavabdeh tərəfindən ödənilən alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar