Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-293/2022 12.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “payların naturada ayrılması” tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “payların naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsindəki 241 saylı evin 52 saylı mənzilinin 2/3 hissəsinin naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsindəki 241 saylı evin 52 saylı mənzili qanun üzrə vərəsəlik qaydasında paylara bölünərək, həmin mənzilin 1/3 hissəsi onun, 1/3 hissəsi onun azyaşlı oğlu X1 xüsusi mülkiyyətinə verilmişdir. Mənzilin qalan 1/3 hissəsinə mülkiyyət hüququ isə digər vərəsənin, yəni hazırki iddia ərizəsi üzrə cavabdeh olan Cavabdeh maraqları nəzərə alınaraq, açıq saxlanılmışdır. Cavabdeh mübahisəli mənzildə qeydiyyatda olmaqla orada yaşayır. Göründüyü kimi, qanunvericilik paylı mülkiyyətdə olan əmlakın hərrac yolu ilə satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə məhkəmədə iddia qaldırılmasını o halda mümkün hesab edir ki, ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması mümkün olmasın. Buna görə də, hazırki halda əvvəlcə payların naturada ayrılması barədə iddia irəli sürülməli və bunun mümkün olub-olmadığı məhkəmə qaydasında müəyyən edilərək, müvafiq qətnamə çıxarılmalıdır. X3 01 fevral 2018-ci ildə doğulub. Hazırda onun 3 yaşı vardır. O, X1 atası olmaqla, onun qanuni nümayəndəsidir. Buna görə də, X1 adından məhkəmədə çıxış etmək hüququ ona məxsusdur. İddiaçı tərəfindən məhkəməyə teleqram ünvanlanaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan teleqramı nəzərə alaraq, mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 241, mənzil 52 Cavabdeh adına 1/3 hissə, İddiaçı oğlunun adına 1/3 hissə və X1 adına 1/3 hissə kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəməyə təqdim edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 29.11.2021-ci il tarixli, 10/5769 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 241 saylı evin 52 saylı mənzilinin altı mərtəbəli yaşayış binasında altıncı mərtəbəsində yerləşməsini, yardımçı (mətbəx, dəhliz) və yaşayış tikililərinin və giriş qapısının yeganə olmasını, tikililərin planlı yerləşməsini nəzərə alaraq, həmin mənzillərin paylı mülkiyyətçilər arasında paylarına uyğun olaraq naturada təcrid şəkildə bölünməsinin İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun və Məhkəmə Tikinti-X2 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Beləliklə, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 241 saylı evin 52 saylı mənzili İddiaçı, Cavabdeh və X1 paylı mülkiyyətlərindədir. Hazırda iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 241 saylı evin 52 saylı mənzilinin real bölgüsünün aparılmasını tələb edir, lakin ekspert rəyinə əsasən həmin mənzilin tərəflərin paylarına uyğun bölünməsi texniki cəhətdən mümkün deyildir. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Araşdırma zamanı hazırki ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan, məhkəmə hesab edir ki, həmin rəy hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin təqdim edilməsi ilə əlaqədar 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanlara qiymət verərək, habelə ekspert rəyini əsas götürərək, belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “payların naturada ayrılması” tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Ekspertiza xərci olan 100 manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “payların naturada ayrılması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza xərci olan 100 manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-293/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-293/2022
12.01.2022 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver