Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-293/2025 23.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X6 iştirakı ilə İddiaçı X1 cavabdehlər LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə və X7 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə və X7 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 4000 manat dəymiş zərərə görə əvəzin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə və X7 qarşı pul tələbinə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 20 fevral 2024-cü il tarixdə saat 23:35 radələrində Bakı şəhəri Nizami Rayonu Qara Qarayev prospektində «Opel Astra» minik markalı ** FR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində yol nəqliyyat hadisəsi törədərək idarə etdiyi “Mersedec” minik markalı ** TJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini arxadan vuraraq onun avtomobilini tamamilə yararsız hala salaraq 4000 manatdan çox miqdarda ona maddi zərər vurmuşdur. Avtomobili "xxxx" Dövlət Sığorta Şirkəti tərəfindən sığortalandığı üçün sığorta hadisəsi baş vermişdir. Ona dəymiş ziyanın ödənilməsi üçün "xxxx" sığorta şirkətinə yazılı müraciət etməsinə baxmayaraq cavab verilməmişdir. «Opel Astra» minik markalı ** FR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar məcəlləsinin 327.1- ci maddəsi ilə nəzərdə tutulmuş hüquq pozuntsu törətməsi barədə DYP-nin əməkdaşı tərəfindən xx.xx.2024-cü il tarixdə İXP ******* saylı inzibati protokol tərtib edilmiş və həmin tarixdə TP ******* saylı qərarla sürücü O.Məmmədli 40 manat miqdarında cərimə olunmuşdur. Ona dəymiş zərər yüksək təhlükə mənbəyi olan «Opel Astra» markalı avtomobil tərəfindən yetirilməsi yol nəqliyyat hadisəsi barədə tərtib edilmiş protokol, hadisə yerinin sxemi və digər sənədlərlə subuta yetirilmişdir. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə. nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Sürücü Cavabdeh1 yüksək təhlükə mənbəyi sayılan «Opel Astra» markalı avtomobillə ona 4000 manat miqdarında maddi ziyan vurmuşdur. Qanunun tələbinə görə sürücü mülkü hüquq pozuntusuna görə vurduğu zərəri ödəməyə haqlıdır. Ona vurulmuş maddi ziyanın könüllü ödənməsi üçün sığorta şirkətinə və sürücü Cavabdeh1 yazılı təklif olunmasına baxmayaraq cavab verilməmişdir. Vurulmuş ziyanın sığorta şirkəti və sürücü tərəfindən müştərək qaydada ödənilməsi üçün məhkəmyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti iddiaya etiraz təqdim edərək, iddianın ona aid hissədə rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, qeyd olunan hadisə ilə bağlı şirkətin heç bir öhdəliyi yaranmamışdır. Belə ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, “Opel Astra” markalı, 99FR097 dövlət qeydiyyat nişanlı avtomobil yol hərəkəti qaydalarını pozaraq iddiaçının idarə etdiyi “Mercedes Benz C230” markalı, 90TJ837 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq, ona maddi zərər vurmuşdur. İddiaçı bildirir ki, “Opel Astra” markalı, 99FR097 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmiş və AR İnzibati Xətalar Məcəlləsinin 327.1 -ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. İddiaçı özü qeyd etdiyi hallardan məlum olur ki, baş vermiş yol-nəqliyyat hadisəsi sığorta hadisəsi hesab edilmir. İddiaçının idarə etdiyi "Mercedes Benz C230” markalı, 90TJ837 dövlət qeydiyyat nişanlı avtomobil şirkət tərəfindən “avtonəqliyyat vasitələrinin sürücülərinin mülki məsuliyyətinin icbari sığortası” növündə sığortalanmışdır. Qeyd olunan sığorta növündə sığortaçı sığortaladığı avtomobilin sürücüsünün üçünçü şəxslər qarşısında yaranma ehtimalı olan mülki məsuliyyətini qanunla müəyyən edilmiş sığorta məbləği miqdarında sığortalayır. Qeyd olunan hadisədə isə iddiaçı zərərvuran yox, zərərçəkən qismində çıxış edir. Yəni, üçüncü bir şəxs qarşısında mülki məsuliyyəti yaranmamışdır. Həmçinin, “İcbari sığortalar haqqında” Qanuna əsasən, yol-nəqliyyat hadisəsi nəticəsində zərər yalnız hadisədə iştirak edən avtonəqliyyat vasitələrinə (birinə və ya hər ikisinə) dəydikdə və yol-nəqliyyat hadisəsində hər biri ilə bağlı bu Qanunda nəzərdə tutulmuş mülki məsuliyyətin icbari sığorta müqaviləsi qüvvədə olan iki avtonəqliyyat vasitəsi iştirak etdikdə yol-nəqliyyat hadisəsində zərərçəkən zərərin əvəzinin ödənilməsini onun idarə etdiyi avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıdan tələb edir. İcbari Sığorta Bürosunun məlumat portalı (İSB.AZ) vasitəsilə əldə edilən məlumata əsasən xx.xx.2024-cü il tarixində “Opel Astra” markalı, 99FR097 dövlət qeydiyyat nişanlı avtomobilin qüvvədə olan sığorta müqaviləsi olmamışdır. Qanunverici tərəfindən müəyyən edilmiş iki şərtdən biri mövcud olmadığı üçün iddiaçı ona dəymiş zərəri idarə etdiyi avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıdan - şirkətdən tələb edə bilməz. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı əsl iddiaçı X8 ilə əvəzlənmişdir. İddiaçı X8 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməklə, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X11 iddia tələbini etiraf etməyərək, onlara dair hissədə iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh X9 iddianı qismən etiraf etməklə, tərəfindən avtomobilə ziyanın vurulduğunu qeyd etmişdir. Lakin, zərərin məbləğinin iddiada qeyd edilən midarda olmadığını bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz C230” markalı, ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X3r. İş materiallarında olan nəqliyyat vasitəsinin idarə edilməsi barədə etibarnamədən görünür ki, həmin etibarnamə X8 tərəfindən xx.xx.2033-cü il tarixinədək İddiaçı “Mercedes Benz C230” markalı, ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi haqqında verilmişdir. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə əldə edilmiş məlumata əsasən “Opel Astra” minik markalı ** FR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsi üçün X7 xx.xx.2033-ce il tarixinədək qüvvədə olan etibarnamə verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 xx.xx.2024-cü il tarixində saat 23:35-də Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti ərazisində “Opel Astra” minik markalı ** FR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə tərtib edilmiş müstəqil ekspert rəyindən görünür ki, “Mercedes Benz C230” markalı, ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobilə 4000 manat zərər dəymişdir. İş materiallarında olan LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən iddiaçıya ünvanlanmış məktubda göstərilmişdir ki, hadisə anında Opel Astra” minik markalı ** FR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyəti Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən icbari qaydada sığortalanmamışdır. Həmin məktuba əlavə edilmiş İcbari Sığorta Bürosu tərəfindən verilmiş icbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması barədə məlumatda göstərilmişdir ki, hadisə tarixinə icbari avtonəqliyyat sığortası üzrə ** FR *** dövlət qeydiyyat nişanlı avtomobil üzrə müavilə tapılmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, 1,2,3 nəzəri hesablama yolu ilə, iş materiallarında olan “F/Ş X10 VÖEN **********" tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktı məlumatlarına əsasən 1997-ci il buraxılışlı, "Mercedes Benz C230" markalı ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 3200,00 manat müəyyən edilir. O cümlədən-dəyişilməli hissələrin qiyməti - 1530,00 manat; təmir-bərpa işlərinin qiyməti-1670,00 manat. Qeyd: avtoservis müəssisələrinin səviyyəsindən, mövcud olan tələb və təklifdən asılı olaraq, yuxarıda müəyyən edilmiş təmir işlərinin dəyərində qismən dəyişiklik olması istisna edilmir. Aparılmış ekspert tədqiqatı zamanı mərkəz tərəfindən işlənib hazırlanmış «Nəqliyyat vasitələrinin tədqiqi və qiymətləndirilməsi» nə dair metodik vəsaitdən istifadə edilmişdir. Nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə ekspertizası mərkəzinin 27 yanvar 2015-ci il tarixli 422-li məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrin əmtəəşünaslıq ekspertizaların aparılması məqsədə müvafiq hesab olunduğundan “Mecedes Benz C230” markalı ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası məqsədilə zədələnmiş hissələrin (dəyişilməli və bərpa oluna bilən) və görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı iş materiallarında qüsur aktı əsasında hesablanmışdır. Yol-nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəsislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Həmçinin fotoşəkillərə əsasən yol-nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitəsinin zədələnmiş hissələrini tam həcimdə müəyyən etmək mümkün deyildir. Ona görə də, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası üzrə tədqiqat aparılmır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. İşin müəyyən olunmuş və tərəflərin mübahisələndirmədiyi halları ondan ibarətdir ki, cavabdeh X4 baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu sübuta yetirildiyindən (yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu qanuni qüvvədə olan inzibati xəta haqqında qərarda var) həmin hadisə nəticəsində iddiaçının əmlakına vurulmuş zərərə görə də onun mülki hüquqi məsuliyyəti yaranmışdır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1 və 1108.2-ci maddələrində isə təsbit edilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İş materiallarından görünür ki, “Opel Astra” minik markalı ** FR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsi üçün X7 etibarnamə verilmişdir. İddia tələbindən göründüyü kimi, iddiaçı yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində əmlakına vurulmuş zərərin əvəzini tələb edir. Məhkəmə tutulmalı olan zərərin həcmini müəyən edilməsi üçün ekspertiza təyin etmiş, ekspertiza tədqiqtanın nəticəsi olaraq dəymiş zərəin həcminin 3200 manat olması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ekspert rəyi əsas götürülməlidir. Məhkəmə tələb edilən məbləğin müştərək qaydada X9 və LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutulmasına münasibətdə qeyd edir ki, zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulduğundan, tələb olunan məbləğ cavabdeh X2 tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, hadisə anında Opel Astra” minik markalı ** FR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyəti Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən icbari qaydada sığortalanmamışdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verməklə belə qənaətə gəlir ki, 3200 manat cavabdeh X2 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manatın da cavabdeh X2 tutulması qənaətinə gəlir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X2 3200 manat alınaraq iddiaçı X5 verilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 100 manat cavabdeh X2 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-293/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-293/2025
23.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver