Məhkəmə qərarları › İş №2(006)-2933/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2933/2023

25.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2933/2023 25.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "yeni müqavilə bağlama öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdehlər ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı "əsassız hesablanmış faizlərin silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə ləğvedilmiş Cavabdeh2 ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən illik 33 faiz olmaqla 23 ay müddətinə 3800 ABŞ dolları məbləğində kredit verilmiş və həmin kredit üzrə ödənişləri həyata keçirmiş, lakin manatın dollar qarşısında devolvasiyaya uğraması səbəbindən ödənişlər tam aparılmamışdır. Qarşı tərəf ona qarşı Sumqayıt şəhər məhkəməsində kredit borcunun tələbinə dair iddia qaldırmış və məhkəmənin 10 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş və məndən ümumilikdə 3507,90 ABŞ dollarə məbləğində pulun və 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Məhkəmə qətnaməsindən sonra Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı ilə devolvasiyalardan qabaq götürülmüş kreditlərə görə fiziki şəxslərə kompensasiyaların ödənilməsi qaydası müəyyən olunmuşdur. Həmin Fərmana əsasən fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarmadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi nəzərdə tutulmuşdur. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə - bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilmiş, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilmişdir. Bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edilməsi və və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməsi Maliyyə Bazarlarına nəzarət Palatasına həvalə edilmişdir. Onun götürmüş olduğu bu kredit məbləği də həmin fərmanın təsiri altına düşmüş, onun pensiyasından 2228,14 manat vəsait tutulmuş, banka qalan borc 567,73 manat olduğu halda əlavə olaraq 1594,50 manat məbləğində faiz hesablanmışdır. Onun bankdan götürmüş olduğu kreditin 567,73 manatı restruktizasiya məbləğidir. Lakin həmin məbləğə də bu illər ərzində onun xəbəri olmadan faiz hesablanmış və həmin məbləğin tutulması onun pensiyasına yönəldilmişdir. O, həmin faiz məbləğini hesablanan faizin silinməsi ilə bağlı cavabdeh AR Milli Bankına müraciət etmiş, lakin ona bildirilmişdir ki, həmin vəsaiti ödəməlidir, guya o, vaxtında bununla bağlı ərizə verməmişdir. Halbuki, ona bu barədə hər hansı xəbərdarlıq olmamışdır. O, ağır formalı şəkərli diabet, artirioz, xəstəliyindən əziyyət çəkir, hərəkət qabiliyyəti məhdudluğundan əziyyət çəkir, 2-ci qrup əlildir. Ondan əsassız olaraq tələb olunan bu məbləğ onun üçün böyük vəsaitdir, buna görə də həmin vəsaitin silinməsi zəruridir. Göstərilənlərə əsasən ləğv prosesində olan Cavabdeh2 ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən götürdüyü və AR Prezidentinin Fərmanının təsiri altında düşən və restruktizasiyaya məbləğə hesablanmış 1594,50 manat faizinin silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Daha sonra iddiaçının nümayəndəsi X2 dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətini əsl cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə əvəz etməyi, həmçinin cavabdehin üzərinə 567,73 AZN məbləğində pulun restrukturizasiya edilməsi, yeni müqavilə bağlanması öhdəliyinin qoyulmasını məhkəmədən xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi Qanuni nümayəndə iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı 31 dekabr 2019-cu il tarixə qədər restrukturizasiya olunma ilə bağlı ərizə ilə onlara müraciət etməli olduğu halda bunu etməmişdir. Yəni, bununla bağlı müəyyən olunmuş müddət artıq keçmişdir. Bundan əlavə, həmin borcla bağlı işə Sumqayıt Şəhər Məhkəməsində artıq baxılmış, müvafiq qətnamə qəbul olunmuş və qanuni qüvvəsini almışdır. Hazırda həmin qətnamə icra mərhələsindədir və iddiaçı tərəfindən borcun bir qismi ödənilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

6. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehin nümayəndəsi qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, eyni zamanda, məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iddia tələbini qəbul etmirlər, qeyd olunan tarixə təyin edilmiş məhkəmə baxış iclasını iştirakları olmadan keçirməsi və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

7. Məhkəmə iddisçının nümayəndəsi X1 izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

8. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya illik 33 faiz olmaqla 3800 ABŞ dolları məbləğində kredit verilmişdir. Hazırda iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin restrukturizasiya olunması və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq iddiaçı ilə yeni müqavilə bağlanmasını ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə həvalə olunmasını tələb edir.

b) Mülki işin materialları:

9. Mülki işin materiallarında olan “Problemli kreditlərin kompensasiyası” haqqında çıxarışdan görünür ki, İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə cəmi 2569,96 manat borcu vardır. Həmin kredit müqaviləsi ilə bağlı 1541,98 manat məbləğində kompensasiya hesablanmış, kreditin qalan 567,73 manat hissəsi isə restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına düşmüşdür.

10. Mülki işin materillarında olan xəstəlik tarixçəsi barədə çıxarışdan (1962751 saylı) görünür ki, İddiaçı şəkərli diyabetin ağır formasından əziyyət çəkir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

11. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

12. Həmçinin, Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.

13. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən həmin Fərman baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə qəbul olunmuşdur.

14. Həmin Fərmanın 6.1-ci bəndinə əsasən Banklara tövsiyə olunmuşdur ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər.

15. Fərmanın 10-cu bəndi ilə Əmanətlərin Sığortalanması Fonduna və ləğvedici funksiyalarının həvalə olunduğu digər şəxslərə tövsiyə edilmişdir ki, ləğvetmə prosesində olan banklarda fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyasını təmin edən tədbirlər görsünlər.

16. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının № ********** 27 mart 2019-cu il tarixli “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” barədə qərarının 6.16-ci maddəsinə qeyd edilmilşdir ki, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır.

17. Məhkəmə qeyd edir ki, iddiaçı tərəf bununla bağlı həmin dövr ərzində xəstə olması səbəbindən qeyd edilən müddəti üzrlü səbəbdən ötürmüşdür.

18. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin restrukturizasiya olunması və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq iddiaçı ilə (567,73 AZN (beş yüz altmış yeddi manat, yetmiş üç qəpik)) barəsində, yeni müqavilə bağlanması ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə həvalə olunmalıdır.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

21. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

24. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

25. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin restrukturizasiya olunması və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq iddiaçı ilə (567,73 AZN (beş yüz altmış yeddi manat, yetmiş üç qəpik) barəsində) yeni müqavilə bağlanması ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə həvalə olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar