Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2933/2025 07.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (Bakı Slavyan Universiteti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı (Bakı Slavyan Universiteti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Cavabdeh ilə Bakı Slavyan Universitetinə əlavə təhsil almaq üçün sənədlərini təqdim edəndə tanış olmuşdur. Həmin vaxt o, universitetin əlavə və qiyabi təhsil şöbəsində işləyirdi. Əlavə təhsil üçün lazımi sənədləri hazırlamış və sənədlərini o qəbul edib. Pandemiya ilə əlaqəli olaraq universitet təhsili onlayn şəkildə davam etdirməyi planlamışdır. Həmin dövrdə cavabdeh universitetin bank hesabının işləmədiyini bildirərək təhsil haqqını öz hesabına köçürməyini istəmişdir. Bu istəyini əlavə təhsil üçün yaratdığı whatsapp qrupunda da elan etmişdir. İddiaçı bir çox tələbə kimi onun qeyd etdiyi hesaba əlavə təhsil üçün həmin ilin birinci semestr ödənişini 750 manat X1 filialından göndərmiş, cavabdeh onun ödənişini qəbul etmiş, yəni hesabına çatdığını bildirmişdir. Sonra da iddiaçının da digər tələbələr kimi dərs sisteminə qoşulması üçün müvafiq parolları göndərmişdir. Bir müddət sonra mediadan və tələbələr arasında olan söhbətlərdən iddiaçı eşitmişdir ki, Cavabdeh işdən çıxarılıb və onun hesabına köçürülən təhsil haqqını mənimsəyib. Bununla bağlı cinayət işi başladılmışdır. İddiaçı bu müddət ərzində Dürdanə ilə bir neçə dəfə əlaqə saxlamağa çalışmış, telefonlarına cavab verməsə də, whatsapp mesajlarına (********** və ********** nömrəsindən) cavab vermişdir. Dəfələrlə ona demişdir ki, “sənin pulun məndədir, yaxın günlərdə hesabına köçürəcəm”. Ancaq təəssüf ki, yalan danışmış, hesabına geri köçürməmişdir. Whatsapp danışıqlarının yazılı forması əlavədədir. İddiaçı bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində aparılan işdə də ifadə vermişdir. Həmin ifadə zamanı Dürdanə və yanında olanlar (vəkil və digərləri) dediyi heç bir ifadəyə etiraz etməmişdirlər. Göstərilənlərə əsasən iddiaçıya aid olan 750 manat vəsaitin hesabına köçürülməsinə, bu müddət ərzində ona dəyən maddi və mənəvi ziyanın ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh 750 manat borc məbləğinə əlavə olaraq 300 manat maddi zərərin (inflyasiya fərqi və gələcək qazanc itkiləri nəzərə alınmaqla) və 500 manat mənəvi ziyanın tutulmasını xahiş etmişdir. 4.Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Çünki iddiaçının ərizədə qeyd etdiyi 750 manat Bakı Slavyan Universitetinin büdcəsinə təhsil haqqı kimi keçirilmiş və o, bunun müqabilində təhsil almışdır. Ödənişin onun hesabına keçirilməsi Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmış və zərərçəkmiş kimi tələbələr yox, universitet qəbul olunmuşdur. Mülki iddia məsələsində də məhz universitetin mülki iddiasına baxılmışdır. O, 6 il cəza aldığı üçün (bu cinayətə görə) mülki iddia Apellyasiya və Ali Məhkəmə tərəfindən rədd edilmişdir. Bu səbəbdən də o, iddiaçının iddiasını qəbul etmir və əsassız hesab edir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 5.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, əvvəlki məhkəmə iclasından sonra həm Təhsil Nazirliyinə, həm də Bakı Slavyan Universitetinə rəsmi məktub göndərmiş, ancaq hələ ki cavab gəlməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi araşdırılarkən dövlət ittihamçısı ona demişdi ki, zərərçəkən şəxs qismində Bakı Slavyan Universitetindən əlavə, digər yüzlərlə fiziki şəxsin qeyd edilməsi lazım deyil və işi uzadacaq. Ona görə o, sadəcə şahid qismində iştirak etmişdir. Həmin vaxt dövlət ittihamçısının dedikləri ilə razılaşmışdı, çünki düşünmüşdü ki, əsas istəyi pulun Bakı Slavyan Universitetinin hesabına köçürülməsidir, beləliklə diplomunu ala biləcəkdir. Ancaq hazırda diplom ala bilmir. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 6.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, penitensiar xidmətin 4 saylı cəzaçəkmə müəssisəsindən iddia tələbinə qarşı etiraz ərizəsi ünvanlamışdır. Məhkəmə hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 7.Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 8.Mülki işin materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilən 13 fevral 2025-ci il tarixli, 239/236 nömrəli Arayışdan görünür ki, xx.xx.2020-ci il tarixdə həqiqətən X1 filialında Cavabdeh adına olan AZ30AİİB410100C**********112 saylı hesaba İddiaçı adından 750 AZN “İddiaçı (AZE********) 2-ci Təhsil üçün mədaxil” təyinatı ilə mədaxil olub. 9.Mülki işin materiallarına whatsapp mesajlarından çıxarışlar və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-66/2023 saylı hökmü əlavə edilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 10.Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçı, Bakı Slavyan Universitetində əlavə təhsil almaq üçün Cavabdeh məxsus kart hesabına 11 noyabr 2020-ci il tarixdə 750 manat məbləğində pul köçürməsinə baxmayaraq ona təhsil haqqının köçürülmədiyi bildirilmişdir. İddiaçı cavabdehlə bir neçə dəfə əlaqə yaradaraq ondan pulunu tələb etsə də, cavabdeh tərəfindən pul ona geri qaytarılmamışdır (iş materiallarına əlavə edilən yazışmalardan çıxarışa əsasən). Müəyyən edilmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-66/2023 saylı hökmünə əsasən Cavabdeh 178.2.2, 178.2.3, 178.2.4, 179.3.2 və 308.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinməklə 6 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hazırda iddiaçı pulunun cavabdeh tərəfindən mənimsənildiyini və buna görə də diplomunu ala bilmədiyini iddia edərək cavabdehə ödədiyi pulun ona geri qaytarılmasını tələb edir. Cavabdeh isə iddiaçı tərəfindən ödənilən pulun Universitetin hesabına köçürüldüyünü, iddiaçının təhsil aldığını, zərərçəkmiş şəxs kimi iddiaçının yox, universitetin tanındığını və universitetin mülki iddiasına baxıldığını bildirərək iddia tələbinin rədd edilməsini tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 11.Məhkəmə ilk olaraq onu qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə, cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa, rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 12.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 13.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 14.Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. 15.Məhkəmə iddia tələbinə münasibətdə ilk olaraq onu qeyd edir ki, işin araşdırılan hallarından göründüyü kimi iddiaçı tərəfindən tələb edilən 750 manat məbləğində pul vəsaiti Cavabdeh məxsus bank hesabına köçürülmüşdür. Bu, işin mübahisəsiz halıdır. Hazırda iddiaçı, köçürdüyü pulun cavabdeh tərəfindən mənimsənildiyini, nəticədə onun tərəfindən təhsil haqqının universitetə ödənilməmiş hesab edildiyini və buna görə də universitet tərəfindən diplomunu ala bilmədiyini iddia edir və tələbinin əsası kimi cavabdehlə aralarında keçən whatsapp danışıqlarını və iş materiallarına əlavə edilən Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü göstərir. 16.Məhkəmə iddiaçının dəlilinin əsası kimi istinad etdiyi Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə münasibətdə qeyd edir ki, həmin hökm üzrə Bakı Slavyan Universiteti zərərçəkmiş şəxs və mülki iddiaçı qismində tanınmış, hazırki iş üzrə Cavabdeh isə 178.2.2, 178.2.3, 178.2.4, 179.3.2 və 308.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinməklə ona 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. 17.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 18.Həmçinin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, inzibati və ya iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. 19.Həmin Məcəllənin 180.2 və 180.3-cü maddələrinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. 20.Qanunvericiliyin qeyd edilən tələblərinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)- 66/2023 saylı hökmü üzrə isə İddiaçı ümumiyyətlə tərəf olmamış, yəni cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmamış, yalnız işə baxıldığı zaman məhkəmə iclasında şahid qismində ifadə vermişdir. Həmin cinayət işi üzrə iddiaçı zərərçəkmiş şəxs qismində tanınmadığı üçün sonradan mülki iddia qaldırmaq hüququ da yaranmamışdır. Lakin, buna baxmayaraq Bakı Slavyan Universiteti cinayət işi üzrə həm zərərçəkmiş şəxs, həm də mülki iddiaçı qismində tanınaraq Cavabdeh qarşı mülki iddia qaldırmış və iddiası təmin edilmişdir (iddiaçının məhkəmə iclası zamanı verdiyi izahata əsasən). 21.Cavabdeh etiraz ərizəsində pulu universitetin hesabına köçürdüyü üçün iddiaçının təhsil aldığını bildirmişdir. İddiaçı özü də etiraf edir ki, pulu köçürmüş, təhsilini almış, sonradan universitetin cavabdehə qarşı mülki iddiası təmin edilmiş və düşünmüşdür ki, universitetin mülki iddiası təmin edilibsə, onun da təhsil haqqı ödənilmiş hesab ediləcəkdir. 22.Göründüyü kimi iddiaçının hazırki iş üzrə tələb etdiyi 750 manat məbləğində təhsil haqqının geri qaytarılmasının heç bir hüquqi əsası yoxdur. Çünki qeyd edildiyi kimi birincisi, iddiaçı tələb etdiyi məbləğ üzrə təhsilini almış, yəni ödədiyi pulun qarşılığını təhsil alaraq almış və arzu etdiyi hüquqi nəticəyə gəlmişdir, ikincisi isə cavabdehə münasibətdə cinayət işi yekunlaşmış və mənimsənilən pullara dair mülki iddiaçı qismində Bakı Slavyan Universitetinin mülki iddiası təmin edilmişdir. 23.Hazırda iddiaçı universitet tərəfindən ona diplomun verilməməsinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 23.Məhkəmə buna münasibətdə qeyd edir ki, iddiaçıya universitet tərəfindən diplomun verilməməsi məsələsi artıq iddiaçı ilə universitet arasında olan mübahisədir. İddiaçı bununla bağlı universitetin özünə, zərurət yaranarsa, diplomun verilməsi tələbinə dair müvafiq məhkəməyə müraciət etmək hüququ vardır (diplomun verilməsindən rəsmi imtina edildiyi təqdirdə). Hazırki vəziyyətdə isə iddiaçının ödədiyi pula görə təhsil almasına baxmayaraq diplomunu universitetdən ala bilməməsinə görə Cavabdeh ödədiyi pulu geri tələb etməsinin heç bir hüquqi əsası yoxdur. Odur ki, iddia tələbi 750 manat məbləğində pulun geri qaytarılması hissəsində əsassız hesab edilməklə təmin edilməməlidir. 24.Məhkəmə tələbin 300 manat maddi zərər və 500 manat mənəvi ziyanın ödənilməsi hissələrinə münasibətdə isə qeyd edir ki, iddia tələbi əsas hissədə təmin edilmədiyi üçün və qeyd edilən tələblər ilkin tələblə bağlı olduğu üçün prosessual qənaət prinsipi nəzərə alınmaqla təmin edilməməlidir. 25.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 26.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı (Bakı Slavyan Universiteti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «pul» tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-2933/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2933/2025
07.08.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver