Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2970/2021 03.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı «vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən ona vurulmuş maddi zərərin əvəzi olaraq (mübahisəli obyektin dəyərinin əvəzi qismində) 87.210 manat, mənəvi zərərə görə 40.000 manat, 9 il ərzində əldən çıxmış faydaya görə 25.200 manat, ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını, cavabdehin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin əlamətlərinin olub-olmamasının yoxlanılması ilə bağlı iş materiallarının aidiyyəti orqana göndərilməsini xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilmiş 40.000 manat pul vəsaitinin Cavabdeh MMC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli 2(006)- 3168/2020 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdehin nümayəndəsi Vəkil2 məhkəməyə ərizə göndərərək, qiyabi qətnamənin ləğv edilməsini, işə mahiyyəti üzrə baxılmasının təzələnməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli 2(006)-2970/2021 saylı qərardadı ilə ərizə təmin edilmiş, məhkəmənin qiyabi qətnaməsi ləğv edilmiş və sonrakı prosessual hərəkətlər yerinə yetirilmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən ona vurulmuş maddi zərərin əvəzi olaraq mübahisəli obyektin dəyərinin əvəzi qismində 87.210 manat, mənəvi zərərə görə 40.000 manat, 10 il ərzində əldən çıxmış faydaya görə 60.000 manat və 35.910 ABŞ dolları, dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun tutulması və ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh MMC arasında 05.12.2010-cu il tarixdə N306/SB saylı müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə əsasən cavabdeh tərəfindən inşa edilən «Yeni Ticarət Mərkəzi»ndə ümumi sahəsi 40 m2, ümumi dəyəri 40.000 manat olan mağazanı tikib onun istifadəsinə verməyi, gələcəkdə mağazanın özəlləşdirilməsi və mülkiyyət hüquqlarına dair çıxarış alınması üçün müvafiq sənədləri ona verməyi cavabdeh öhdəsinə götürmüşdür. Mağazanın dəyəri onun tərəfindən tam şəkildə müqavilə imzalandığı vaxt cavabdehə ödənilmiş və ona kassa mədaxil orderinin qəbzi verilmişdir. Lakin artıq 9 ildir ki, cavabdeh öhdəliklərini icra etmir. Bu günə qədər sahə tikilib ona təhvil verilməmişdir. Ona heç bir sənəd təqdim edilməmişdir ki, o, mülkiyyət hüquqlarını rəsmiləşdirsin. Dəfələrlə şifahi şəkildə edilən müraciətləri cavabsız qalmışdır. 9 ildən çox vaxt keçməsinə, 40.000 manat pul ödəməsinə baxmayaraq, heç nəyə sahib olmamışdır. Cavabdeh tərəfindən öhdəliklərin lazımınca və vaxtında icra edilməməsi nəticəsində ona külli miqdarda zərər vurulmuşdur və hazırda da vurulmaqda davam edir. Dəyən ziyanın ödənilməsi və müqavilə üzrə öhdəliklərin icra edilməsi ilə bağlı cavabdehə etdiyi müraciətlər cavabsız qalmışdır. Cavabdehə haqlı iradları olduğu halda, ona qarşı etinasızlıq nümayiş etdirilmiş, bunun nəticəsində ona mənəvi ziyan dəymişdir. Vurulmuş mənəvi zərəri 40.000 manat həddində qiymətləndirir. Son dəfə cavabdehə yazılı olaraq pretenziya məktubu göndərilməsinə və həmin məktubun alınmasına baxmayaraq, cavabdeh tərəfindən heç bir reaksiya verilməmiş, cavab məktubu göndərilməmişdir. Obyektin dəyəri 40.000 manat olsa da, həmin vaxt onun vəsaiti ABŞ dolları ilə olmuş, həmin dövrün məzənnəsi 1 ABŞ dolları = 0,78 manat nəzərə alınsa, obyektin dəyəri 51.300 ABŞ dolları olmuşdur. Lakin həmin obyekt ona təqdim edilmədiyindən, faktiki olaraq o, həmin vəsaiti itirmiş hesab olunur və bu 9 il ərzində həmin obyekti icarəyə vermiş olsa idi, əldə edəcəyi gəlir ən azı hər ay üçün 500 manat olmaqla, 9 il (108 ay), cəmi 54.000 manat gəlir əldə edə bilərdi. Eyni zamanda, həmin vəsaiti bank depozitinə yerləşdirsə idi əldə edəcəyi gəlir illik uçot faiz dərəcəsi 7 % nəzərə alınmaqla 9 il ərzində 25.200 manat gəlir əldə etməkdən məhrum olmuşdur. Eyni zamanda, ölkədə baş verən devalvasiya onun vəsaitlərinin xarici valyutada olması nəzərə alınarsa əldən çıxmış faydanın obyektin dəyərinə görə 87.210 manat təşkil edir. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 05 dekabr 2010-cu il tarixli 306/SB saylı müqavilədən görünür ki, Cavabdeh MMC İddiaçı qarşısında həmin MMC tərəfindən tikintisinə başlanmış Yeni Ticarət Mərkəzində ticarət fəaliyyəti ilə məşğul olmaq üçün göstərdiyi sahəyə uyğun olaraq 40 m2 yerin tikintisini vaxtında və keyfiyyətlə tamamlayıb sifarişçiyə təhvil verməyi öhdəsinə götürmüş, müqavilədə öhdəliyin icrası müddəti qeyd olunmamış, sifarişçi isə hər bir kvadrat metri 1.000 manat hesablanmaqla, 40.000 manat pulun icraçıya ödəyəcəyini öhdəsinə götürmüşdür. 05 dekabr 2010-cu il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, iddiaçı üzərinə düşən müqavilə öhdəliyini icra edərək, 40.000 manat pul vəsaitini cavabdehə ödəmişdir. İşin faktiki hallarından görünür ki, cavabdeh üzərinə düşən müqavilə öhdəliklərini icra etməmiş, sahəsi 40 m2 olan tikilini inşa edərək iddiaçıya təhvil verməmiş, bununla da iddiaçının hüquqlarını pozmuşdur. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi təmsil etdiyi şirkət tərəfindən sözügedən ticarət mərkəzinin inşa edildiyini qeyd etsə də, hazırki halda həmin tikilinin özəlləşdirməsinin onlardan asılı olmayan səbəbdən mümkün olmamasını qeyd etmişdir. Sözügedən müqavilənin 298.3-cü bəndindən görünür ki, Tərəflər gələcəkdə bazar qanunlarına uyğun olaraq özəlləşdirmə haqqında şəhadətnamə alınması barədə razılığa gəlmişlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müqavilə ilə tikilməsi nəzərdə tutulan sahə (obyekt) fiziki olaraq tikilsə də, cavabdeh tərəfindən həmin sahə (obyekt) iddiaçının mülkiyyətinə verilməməklə müqavilə öhdəliyinə riayət edilməmişdir. Pretenziya məktubundan görünür ki, iddiaçı mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün cəhd etmiş, məktub cavabdehə çatmış, lakin bunun heç bir nəticəsi olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, cavabdeh iddiaçı qarşısında sonuncunun ödədiyi pul vəsaiti qarşılığında sahəsi 40 m2 olan tikili inşa edərək, iddiaçıya təhvil verməyi öhdəsinə götürsə də, öhdəliyini vaxtında və tam həcmdə yerinə yetirməmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 40.000 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı ona ödədiyi 40.000 manat pul vəsaitindən artıq ziyan vurulmasına, əlindən 60.000 manat və 35.910 ABŞ dolları həcmində faydanın çıxmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 40.000 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-2970/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2970/2021
03.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver