Məhkəmə qərarları › İş №2(006)-2975/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2975/2022

21.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2975/2022 21.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi zərərə görə 15.000 manat məbləğində təzminatın cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 07 avqust 1984-cü il tarixdə Beyləqan rayonu Dünyamalılar kəndində doğulmuşdur. Müvafiq ali təhsil aldıqdan sonra o, 27 oktyabr 2008-ci il tarixdən BiPi Eksploreyşn (Kaspian Si) Limited şirkətində müddətsiz əmək müqaviləsi əsasında əmək fəaliyyətinə başlamışdır. İddiaçı 30 mart 2013-cü il tarixdə saxlanmış, ona qarşı ittiham irəli sürülmüş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 may 2014-cü il tarixli 1(101)- 119/2014 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 220.1 və 228.3-cü maddələri ilə təqsirli bilinib, qəti olaraq 8 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 16 dekabr 2014-cü il tarixli 1(103)-884/2014 saylı qərarı ilə iddiaçının müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin hökmü dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 15 oktyabr 2015-ci il tarixli 1(102)-1228/2015 saylı qərarı ilə apellyasiya instansiya məhkəməsinin qərarı iddiaçıya münasibətdə dəyişiklik edilmədən saxlanılmış, kassasiya şikayəti təmin edilməmişdir. «Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında» Azərbaycan Respublikası Prezidentinin 17 mart 2016-cı il tarixli sərəncamı ilə İddiaçı cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. İddiaçı 2013-cü ildə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmiş, Avropa Məhkəməsi bu şikayəti həmin cinayət işi üzrə həbs edilmiş digər 3 şəxsin şikayət ərizələri ilə bir icraatda birləşdirmiş və 7 iyun 2018-ci il tarixdə Avropa Məhkəməsinin həmin ərizələrlə bağlı «Rəşad Həsənov və digərləri Azərbaycana qarşı» qərarı qəbul edilmişdir. Avropa Məhkəməsi baxılan işdə Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci və 3-cü bəndlərinin, 5-ci maddə ilə birlikdə götürülməklə 18-ci maddəsinin pozulduğunu müəyyən etmişdir. Avropa Məhkəməsinin qeyd edilən qərarı əsasında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli 12(102)-2(a)/2021 nömrəli qərarı qəbul edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 15 oktyabr 2015-ci il tarixli qərarı, həmin qərarla bağlı olan Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 16 dekabr 2014-cü il tarixli qərarı və Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 may 2014-cü il tarixli hökmü İddiaçı münasibətdə ləğv edilmişdir. Eyni zamanda İddiaçı təqsirliliyi sübuta yetirilmədiyinə görə, Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsində nəzərdə tutulmuş əsasla onun Azərbaycan Respublikası CM-nin 28, 220.1 və 228.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmiş, İddiaçı 30 mart 2013-cü il tarixdən 17 mart 2016-cı il tarixədək əsassız olaraq həbsdə saxlanılması və azadlıqdan məhrum edilməsi nəzərə alınaraq, ona mənəvi ziyana görə 66.700 manat pul ödənilməsi qərara alınmışdır. Qərarda qeyd edilir ki, İddiaçı əsassız olaraq məhkum edilməsi ilə əlaqədar maddi ziyanın ödənilməsi, habelə həbsdə saxlanıldığı və azadlıqdan məhrum etmə cəzasını çəkdiyi müddətin iş stajına daxil edilməsi məsələlərinə baxılması üçün mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı ilə müəyyən edilmiş mənəvi ziyana görə təzminat məbləğini tam həcmdə 15 mart 2022-ci il tarixdə İddiaçı bank hesabına köçürmüşdür. İddiaçı 30 mart 2013-cü il tarixdə saxlanılmasına, barəsində həbs qətimkan tədbirinin seçilməsinə və sonradan birinci instansiya məhkəməsi tərəfindən azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, işəgötürən tərəfindən İddiaçıla bağlanmış əmək müqaviləsinə dərhal xitam verilməmişdir. Əmək müqaviləsinə 30 sentyabr 2015-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin «ç» bəndinə əsasən tərəflərin iradəsindən asılı olmayan hal səbəbindən (işçinin müəyyən müddətə azadlıqdan məhrum edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduğundan) xitam verilmişdir. Bu tarixə qədər İddiaçı iş stajı hesablanmış və aylıq əmək haqqını almışdır. Göründüyü kimi, iddiaçı əsassız olaraq həbsdə saxlanılması və azadlıqdan məhrum edilməsi nəzərə alınaraq ona vurulmuş mənəvi ziyana görə təzminat alsa da, həbsdə olduğu və azadlıqdan məhrum etmə cəzasını çəkdiyi müddətdə ona vurulmuş maddi ziyanın təzminatını almamışdır. Bu səbəbdən, iddiaçı ona vurulmuş maddi ziyana görə təzminat tələb edir. Maddi ziyana görə iddiaçı aşağıdakı təzminatı istəyir: İddiaçı həbs edilib sonradan azadlıqdan məhrum edildiyinə görə işəgötürən onunla əmək müqaviləsinə 30 sentyabr 2015-ci il tarixdə xitam vermiş, o, bu tarixdən sonra azadlıqdan məhrum etmə cəzasını çəkdiyi müddətdə, yəni 6 ay ərzində faktiki olaraq saxlandığı zaman və əmək müqaviləsinə xitam verilənə qədər aldığı aylıq 2.500 manat məbləğində əmək haqqının cəmini itirmişdir (6 ay x 2.500 manat = 15.000 manat). Beləliklə, iddiaçının ümumi maddi ziyana görə tələbi 15.000 manat təşkil edir. İddiaçının cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində ona vurulmuş zərərin ödənilməsi hüququnun olması Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsindən, İnsan hüquqlarının və X1 haqqında Konvensiyanın 5-ci maddəsindən, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarından, Azərbaycan Respublikası CPM-nin 36-cı maddəsi, V və XX fəslindən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101-ci maddəsindən, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanunundan, Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin Plenum qərarlarından, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli iddiaçı barədə cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi barədə qərarından irəli gəlir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli 12(102)-2(a)/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 02 iyun 2015-ci il tarixli və 15 oktyabr 2015-ci il tarixli qərarları, habelə onlarla bağlı olan Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 16 dekabr 2014-cü il tarixli qərarı və Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 may 2014-cü il tarixli hökmü İddiaçı və digərlərinə münasibətdə ləğv edilmiş, İddiaçı və digərlərinin təqsirliliyi sübuta yetirilmədiyinə görə, Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsində nəzərdə tutulmuş əsasla onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 220.1 və 228.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə icraata xitam verilmiş, İddiaçı 30 mart 2013-cü il tarixdən 17 mart 2016-cı il tarixədək əsassız olaraq həbsdə saxlanılması və azadlıqdan məhrum edilməsi nəzərə alınaraq, ona mənəvi ziyana görə 66.700 manat ödənilməsi qərara alınmış, İddiaçı və digərlərinə əsassız olaraq məhkum edilmələri ilə əlaqədar maddi ziyanın ödənilməsi, habelə həbsdə saxlanıldıqları və azadlıqdan məhrum etmə cəzasını çəkdikləri müddətin iş stajına daxil edilməsi məsələlərinə baxılması üçün mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmiş, İddiaçı və digərlərinə mənəvi ziyanın ödənilməsi hissəsində icra olunması üçün, hazırkı qərarın surəti Azərbaycan Respublikası Maliyyə Nazirliyinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli 12(102)-2(a)/2021 saylı qərarında iddiaçı barədə öncə çıxmış məhkəmə aktlarının məzmunu və qərarların qəbul edildiyi tarixlər xronoloji ardıcıllıqla qeyd edilmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiklərindən və hazırkı mülki iş üzrə preyudisial əhəmiyyət kəsb edən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli 12(102)-2(a)/2021 saylı qərarından göründüyü kimi, İddiaçı istintaq orqanının səhvi nəticəsində uzun müddət həbsdə saxlanılmış və azadlıqdan məhrum edilmiş, bununla yanaşı iddiaçı iş yerindən və aylıq stabil gəlirdən məhrum olmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Mülki Məcəllənin 1100-cü madəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Mülki Məcəllənin 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Mülki Məcəllənin 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Qeyd edilən Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Məhkəmə, iddiaçının istintaq orqanının səhvi nəticəsində iş yerindən və stabil gəlirindən məhrum olmasına, 6 ay ərzində hər ay 2.500 manat olmaqla, cəmi 15.000 manat maddi zərər vurulması barədə dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli və iddiaçının xeyrinə vurulmuş maddi zərərə görə 15.000 manat məbləğində pul vəsaiti tutulmalıdır. Çünki, iddiaçıya işsiz qaldığı dövr ərzində hər ay aldığı əmək haqqı miqdarında maddi ziyan vurulması aşkardır. İddiaçıya məxsus əmək kitabçasından, onunla iddia ərizəsində adı qeyd olunan şirkət arasında bağlanmış əmək müqaviləsindən, həmçinin işəgötürənin arayış və məktublarından görünür ki, İddiaçı 27 oktyabr 2008-ci il tarixdən 30 sentyabr 2015-ci il tarixədək BP Eksploreyşn (Kaspian Si) Ltd. Şirkətində işləyib və şirkətdə onun son vəzifəsi Maliyyə departamenti, Maliyyə prosesləri üzrə analitik olmuşdur. İddiaçı son əsas aylıq maaşı vergi tutulmadan 2.500 manat məbləğində müəyyənləşdirilmişdir. İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin «ç» bəndinə əsasən tərəflərin iradəsindən asılı olmayan hal səbəbindən (işçinin müəyyən müddətə azadlıqdan məhrum edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduğundan) xitam verilmişdir. Göründüyü kimi, iddiaçı iş yerindən və aylıq stabil gəlirdən məhrum olmuşdur, 6 aylıq dövr üçün əldə etməli olduğu əmək haqqı hər ay 2.500 manat olmaqla, cəmi 15.000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı vurulmuş maddi zərərə görə 15.000 (on beş min) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı vurulmuş maddi zərərə görə 15.000 (on beş min) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar