Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2978/2024 10.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı «əmlaka vurulmuş maddi ziyanın əvəzinin və əldən çıxmış faydanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçılar İddiaçı1 cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı «əmlaka vurulmuş maddi ziyanın əvəzinin və əldən çıxmış faydanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMCdən maddi ziyana görə cəmi 9.663 manat, əldən çıxmış faydaya görə 10.266 manat, dövlət rüsumuna görə 150 manat olmaqla, cəmi 20.079 manat pulun müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, «Kia Optima» markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin mülkiyyətçisidir. Digər «Kia Optima» markalı **-MP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin mülkiyyətçisi isə tanışı İddiaçı2dur. İddiaçı2 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan, rəsmi reyestrdə qeydə alınmış bütün daşınar əmlakları üzərində sərəncam verməyi və digər bu kimi səlahiyyətləri 6 saylı notariat kontorunda xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş baş etibarnamə əsasında ona etibar etmişdir. Etibarnamə hal-hazırda qüvvədədir. Başqa sözlə, «Kia Optima» markalı **-MP-*** dövlət qeydiyyat nişanlı minik avtomobili də etibarnamə verildiyi vaxtdan onun qanuni istifadəsində və sahibliyindədir. «Kia Optima» markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili aralarında olan razılaşmaya əsasən xx.xx.2024-cü il tarixdə, «Kia Optima» markalı **-MP-*** dövlət qeydiyyat nişanlı minik avtomobili isə xx.xx.2024-cü il tarixdə Cavabdeh2 və onun işlətdiyi digər Cavabdeh1 MMC-yə ilkin ödəniş olmadan gündəlik 58 manat olmaqla 24 ay müddətinə icarəyə vermişdir. Hər iki nəqliyyat vasitəsini cavabdehlərə icarəyə verməzdən öncə Cavabdeh2 iştirakı ilə müvafiq servisdə yoxlatdırmışlar və avtomobillərdə heç bir nasazlıq olmadığına əmin olduqdan sonra nəqliyyat vasitələrini cavabdehlərə təhvil vermişdir. Buna dair xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müvafiq etibarnamələr mövcuddur. Cavabdehlər tam saz vəziyyətdə yoxlayıb təhvil aldıqları avtomobilləri onlarda olduğu müddətdə pis vəziyyətə salmış, nəqliyyat vasitələri idarə olunmaz hala salınmaqla mühərrikləri dağılmışdır. Bu səbəbdən, hər iki avtomobili cavabdehlərdən geri götürərək, «AKAY AUTO» Servisdə yoxlatdırmışdır. İxtisaslı mütəxəssislərin yoxlaması nəticəsində müəyyən edilmişdir ki, cavabdehlərin təqsirli hərəkətləri nəticəsində «Kia Optima» markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə 3.943 manat, «Kia Optima» markalı **-MP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə isə 4.543 manat maddi ziyan dəymişdir. Buna dair müvafiq qüsur aktları tərtib edilmiş və məhkəməyə təqdim olunmuşdur. Bundan əlavə, «Kia Optima» markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili «Kiamotors» Azərbaycan şirkətində xx.xx.2024-cü il tarixdə müayinə edilmiş, avtomobildə 190,70 manat dəyərində işlər görülmüşdür ki, həmin nasazlıqlar da cavabdehlərin təqsirli hərəkətləri nəticəsində yaranmışdır. Həmin ödənişi cavabdehlərin yerinə özü etmişdir. Eyni zamanda avtomobilin sükan mexanizmində 500 manat xərc tələb edən nasazlıq vardır ki, həmin nasazlıq cavabdehlərin təqsirli hərəkətləri nəticəsində yarandığından cavabdehlərdən tutulub ona verilməlidir. «Kiamotors» Azərbaycan şirkətindən verilmiş xx.xx.2024-cü il tarixli arayışda əlavə olaraq qeyd edilmişdir ki, həmin avtomobilin mühərriki də yığılmalıdır. Göründüyü kimi, cavabdehlər ona birbaşa ziyan vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməllər törətmişlər və buna görə mülki hüquq məsuliyyəti daşıyırlar. Bundan əlavə cavabdehlərin təqsirli hərəkətləri nəticəsində sözügedən avtomobillər idarəolunmaz vəziyyətə düşdüyündən bir neçə aydır ki, qazancından məhrum olmuşdur. Belə ki, hər bir avtomobili gündəlik 58 manata icarə verdiyi halda, bu günə kimi «Kia Optima» markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilindən 5.800 manat (xx.xx.2024-xx.xx.2024 - 100 gün x 58 manat = 5.800 manat), «Kia Optima» markalı **-MP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilindən isə 4.466 manat (xx.xx.2024-xx.xx.2024 - 67 gün x 58 manat = 4.466 manat) əldən çıxmış fayda vardır. Bundan başqa, sözügedən avtomobillər cavabdehlərdə olduğu müddətdə nəqliyyat vasitələrini idarə etmiş şəxslər yol hərəkəti qaydalarını pozduqlarına görə onun və İddiaçı2 adına inzibati tənbeh vermə haqqında qərarlar çıxarılmışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə İXM-nin 328.2-ci maddəsilə 54 manat, xx.xx.2024-cü il tarixdə İXM-nin 328.2-ci maddəsilə 61,5 manat, xx.xx.2024-cü il tarixdə İXM-nin 328.3-cü maddəsilə 240 manat, xx.xx.2024-cü il tarixdə İXM-nin 327.2-ci maddəsilə 105,6 manat, xx.xx.2024-cü il tarixdə İXM-nin 328.1-ci maddəsilə 12,5 manat və xx.xx.2024-cü il tarixdə İXM-nin 328.1-ci maddəsilə 12,7 manat cərimə edilmişlər. Avtomobillər onların mülkiyyətində olduğuna görə cərimələr onlara yazılmış və cərimələri ödəmək onun üzərində qalmışdır. Ona görə də hesab edir ki, cərimələrin ümumi məbləği cavabdehlərdən müştərək qaydada tutularaq ona verilməlidir. Onu da qeyd edir ki, cavabdehlərin təqsirli hərəkətləri nəticəsində avtomobillərə dəymiş ziyana görə cinayət işi başlanması üçün Sabunçu RPİ 13-cü PB-yə ərizə ilə müraciət etmişdir. Ərizəsi əsasında aparılmış araşdırma zamanı izahatı alınmış Cavabdeh2 yuxarıda qeyd etdiklərini yazaraq etiraf etmişdir. Sonradan, İddiaçı1 məhkəməyə ərizə ilə müraciət edərək, «Kia Optima» markalı **- MP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə vurulmuş ziyana görə iddia irəli sürmək hüququ avtomobilin mülkiyyətçisinə məxsus olduğundan iddianın həmin hissəsində onun əsl İddiaçı2 ilə əvəz edilməsini xahiş etmişdir. Qeyd olunan ərizə nəzərə alınaraq, Azərbaycan Respublikası MPM-nin 54.1-ci maddəsinə əsasən iddianın qeyd edilən hissəsinə münasibətdə İddiaçı1 əsl İddiaçı2 ilə əvəz edilmişdir. Daha sonra, İddiaçı1 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, «KİA Optima» markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəymiş maddi ziyana görə 3.943 manat, əldən çıxmış faydaya görə 5.800 manat, ödənilmiş 150 manat dövlət rüsumu, 420 manat cərimə olmaqla, cəmi 10.313 manat pul vəsaitinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, İddiaçı2 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, «KİA Optima» markalı **-MP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəymiş maddi ziyana görə 4.543 manat, əldən çıxmış faydaya görə 3.886 manat, ödənilmiş 54 manat cərimə olmaqla, cəmi 8.483 manat pul vəsaitinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh1 MMC-nin nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh1 MMC-nin nümayəndəsinin və Cavabdeh2 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: Nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinin surətindən (BB501715 və BB493440 saylı) görünür ki, «Kia Optima» markalı **-MP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin mülkiyyətçisi İddiaçı2, «Kia Optima» markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin mülkiyyətçisi İddiaçı1dur. «Elektron notariat» AİS-dən çıxarışdan görünür ki, Bakı şəhəri 15 saylı notariat ofisində tərtib və təsdiq olunmuş xx.xx.2024-cü il tarixli etibarnaməyə əsasən “Kia Optima” minik markalı **-MJ-*** dövlət nömrə nişanlı avtomobil üzrə səlahiyyətlərin həyata keçirilməsi mülkiyyətçi İddiaçı1 tərəfindən Cavabdeh1 MMC-yə, X2 etibar edilmişdir. Etibarnamənin etibarlılıq müddəti xx.xx.2026-cı il tarixədək müəyyən edilmişdir. Etibarnamələr üzrə verilmiş səlahiyyətlərin digər şəxsə verilə bilməsi təsbit olunmuşdur. Etibarnamənin məzmunu tam şəkildə etibarnamədə əks olunmuşdur. «Elektron notariat» AİS-dən çıxarışdan görünür ki, Bakı şəhəri 15 saylı notariat ofisində tərtib və təsdiq olunmuş xx.xx.2024-cü il tarixli etibarnaməyə əsasən “Kia Optima” minik markalı **-MP-*** dövlət nömrə nişanlı avotomobil üzrə səlahiyyətlərin həyata keçirilməsi mülkiyyətçi İddiaçı2 tərəfindən Cavabdeh1 MMC-yə, X2 etibar edilmişdir. Etibarnamənin etibarlılıq müddəti xx.xx.2025-ci il tarixədək müəyyən edilmişdir. Etibarnamələr üzrə verilmiş səlahiyyətlərin digər şəxsə verilə bilməsi təsbit olunmuşdur. Etibarnamənin məzmunu tam şəkildə etibarnamədə əks olunmuşdur. «Akay Auto» tərəfindən verilmiş qüsur aktlarından görünür ki, **-MJ-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin məbləği - ehtiyat hissələri 3443 manat və 500 manat ümumi xidmət haqqı olmaqla, cəmi 3943 manat təşkil edir. **-MP-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin məbləği - ehtiyat hissələri 4043 manat və 500 manat ümumi xidmət haqqı olmaqla, cəmi 4543 manat təşkil edir. Aktlarda həmçinin qeyd olunmuşdur ki, aktlarda göstərilən məbləğlər yekun məbləğ deyil, təmir müddəti ərzində əlavə ehtiyat hissələrinə ehtiyacın yaranması və məbləğin artması istisna deyil. Cavabdeh2 Sabunçu RPİ 13-cü PB-nin rəisinə yazdığı izahatdan görünür ki, o, xx.xx.2024-cü il tarixdə **-MJ-*** dövlət nömrə nişanlı avtomobili gündəlik 58 manat ödəməklə icarəyə götürdüyünü, 8 gün üçün icarə haqqını ödədikdən sonra avtomobilin mühərrikində nasazlıq yarandığını, qalan müddət üçün ödəniş və avtomobili təmir edə bilmədiyini, xx.xx.2024-cü il tarixdə **-MP-*** dövlət nömrə nişanlı avtomobili icarəyə götürdüyünü, lakin eynilə həmin avtomobildə də nasazlıq yarandığını, gündəlik ödənişləri edə bilmədiyini, bununla maddi və mənəvi ziyan vurduğunu, avtomobilləri təmir edəcəyini, gündəlik ödənişləri edəcəyini bildirmişdir. Təqdim olunmuş ödəniş qəbzlərindən görünür ki, İddiaçı1 tərəfindən **-MJ-*** dövlət nömrə nişanlı avtomobilə EQ19141093 qərar əsasında xx.xx.2024-cü il tarixdə 105,60 manat, EQ19125683 qərar əsasında 12,70 manat və EQ19126151 qərar əsasında 12,50 manat cərimə məbləğini ödənilmişdir. **-MP-*** dövlət nömrə nişanlı avtomobilə EQ 19452246 qərar əsasında yazılmış 50 manat cəriməyə görə 4 manat dəbbə pulu hesablanmış və həmin məbləğ xx.xx.2024-cü il tarixli qəbzə əsasən İddiaçı2 tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 sentyabr 2024-cü il tarixli 9/6458-8/2247 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, «Akay Auto» servis müəssisəsi tərəfindən tərtib edilmiş qüsur aktına əsasən 2017-ci il buraxılışlı, qara rəngli, «Kia Optima» markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 3.363 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti – 2.763 manat; – təmir-bərpa işlərinin qiyməti – 600 manat. Nəzəri hesablama yolu ilə, «Akay Auto» servis müəssisəsi tərəfindən tərtib edilmiş qüsur aktına əsasən 2015-ci il buraxılışlı, qara rəngli, «Kia Optima» markalı ** MP *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 3.363 manat müəyyən edilir. O cümlədən: - dəyişilməli hissələrin qiyməti – 2.763 manat; – təmir-bərpa işlərinin qiyməti – 600 manat. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. Ödəniş qəbzindən görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 150 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 11.2-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 683.3-cü maddəsinə əsasən istifadə hər hansı üçüncü şəxsə verilərkən kirayəçi, hətta kirayəyə verən ikinci əldən kirayəyə razılıq versə belə, həmin üçüncü şəxsin istifadə zamanı əmələ gələn təqsiri üçün məsuliyyət daşıyır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə iki iddiaçının hər birinin eyni cavabdehlərə qarşı iki müstəqil tələbinin olmasını nəzərə alaraq hər bir şəxsə münasibətdə iddiaya qiymət verilməsini zəruri hesab edir. Ümumiyyətlə isə mübahisəli avtomobillərin Cavabdeh2 icarəyə verilməsi barədə tərəflər arasında razılaşmalar olmuş, avtomobillər müvafiq etibarnamələr əsasında istifadəyə verilmişdir. Cavabdehlər iddiaçılara məxsus olan avtomobilləri verilmiş etibarnamə üzrə, faktiki olaraq icarəyə götürməklə təyinatı üzrə istismar etmiş, həmin dövr ərzində avtomobillər yararsız vəziyyətə düşmüş və təmir edilməyə ehtiyacları yaranmışdır. Cavabdehlər həmin avtomobilləri təmir etdirməmiş, eləcə də, avtomobillər onların istifadəsində olan müddətdə törədilən inzibati xətalara görə tətbiq edilən cərimələri ödəməmiş, bununla da iddiaçılara maddi ziyan vurmuşlar. Bundan başqa, iddiaçılar onlara məxsus avtomobillər təmirdə olduğu müddət ərzində əldə edəcəkləri faydadan məhrum olmuşlar. Belə ki, İddiaçı1 Cavabdeh2 ilə şifahi razılaşmalarına əsasən özünə məxsus “Kia Optima” minik markalı **-MJ-*** dövlət nömrə nişanlı avtomobili icarə məqsədilə cavabdehlərə etibarnamə əsasında vermişdir. Belə ki, iddiaçının bildirməsinə və cavabdehin də Sabunçu RPİ-nin 13-cü PŞ-nin rəisinə ünvanlanmış izahatında qeyd olunduğu kimi tərəflər arasında avtomobildən istifadənin şərtləri - gündəlik 58 manat olmaqla 24 ay müddətinə icarəyə verilməsi razılaşdırılmışdır. Lakin, elə cavabdehin özünün yuxarıda qeyd edilən orqana izahatında göstərildiyi kimi onun tərəfindən nə razılaşdırılmış icarə haqqı, nə də avtomobillərə vurulmuş zərər ödənilməmişdir. İddiaçı1 avtomobilə vurulmuş maddi ziyana görə 3943 manat, əldən çıxmış faydaya görə 5800 manat, dövlət rüsumu kimi 150 manat və cərimələrə görə 420 manat olmaqla, cəmi 10.313 manat pulun cavabdehlərdən tutulmasını xahiş etmişdir. Məhkəmə tərəfindən avtomobilə dəymiş zərərin müəyyən edilməsi məqsədilə təyin edilmiş məhkəmə -əmtəəşünaslıq ekspertizasının rəyində nəzəri hesablama yolu ilə, «Akay Auto» servis müəssisəsi tərəfindən tərtib edilmiş qüsur aktına əsasən 2017-ci il buraxılışlı, qara rəngli, «Kia Optima» markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 3.363 manat müəyyən edilməsi göstərilmişdir. Odur ki, məhkəmə iddiaçıya dəymiş zərərin məbləğinin 3363 manat həddində müəyyən edilməsini əsaslı hesab edir. İddia tələbi əldən çıxmış faydaya görə məbləğin hesablanması hissəsində əsaslı hesab edilməlidir. Lakin, iddiaçı inzibati xətalara görə cərimələrə 402 manat ödəməsini qeyd etsə də, təqdim edilmiş qəbzlərdən onun 130,80 manat ödəməsi öz təsdiqini tapdığından bu hissədə iddia qismən təmin edilməlidir. Həmçinin iddia məhkəməyə təqdim edilərkən dövlət rüsumu məbləği tam olaraq İddiaçı1 tərəfindən ödənildiyindən cavabdehlərdən tutulmalı rüsum məbləği İddiaçı1 ödənilməlidir. Məhkəmə digər İddiaçı2 tələbinə münasibətdə qeyd edir ki, o, avtomobilə vurulmuş maddi ziyana görə 4543 manat, əldən çıxmış faydaya görə 3886 manat və cərimələrə görə 54 manat olmaqla, cəmi 8483 manat pulun cavabdehlərdən tutulmasını xahiş etmişdir. Məhkəmə eynilə hesab edir ki, İddiaçı2 məxsus «Kia Optima» markalı **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinə görə ekspert rəyində göstərilmiş məbləğdə, yəni 3363 manat dəymiş zərərə görə pul cavabdehlərdən müştərək qaydada tutulmalıdır.Habelə İddiaçı2 avtomobilin təmiri müddətində ondan faydalana bilməməsinə, habelə inzibati xətalara görə ödədiyi cərimənin tutulmasına dair hissədə iddia əsaslı hesab edilməklə iddia tələbində göstərilən məbləğdə pul cavabdehlərdən onun xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin hər iki cavabdehə münasibətdə əsaslı olmasına dair o nəticəyə gəlir ki, mübahisəli avtomobillər məhz müvafiq etibarnamələr əsasında Cavabdeh1 MMC-nin istifadəsinə verilmişdir. Digər tərəfindən müəyyən edilir ki, avtomobillər Cavabdeh2 istifadəsində olmuş və sonuncunun sübut kimi qəbul edilmiş izahatında göstərdiyi kimi zərərin onun tərəfindən vurulması aydın olur. Məhkəmə bu səbəbdən hesab edir ki, avtomobillərə vurulmuş maddi ziyan, əldən çıxmış fayda, eləcə də iddiaçılar tərəfindən ödənilmiş cərimələr cavabdehlərdən onların xeyrinə tutulmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş maddi ziyana görə 3363 manat, əldən çıxmış faydaya görə 5800 manat, ödənilmiş 130,80 manat cərimə məbləği və 150 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 9443,80 manat cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı1; vurulmuş maddi ziyana görə 3363 manat, əldən çıxmış faydaya görə 3886 manat və ödənilmiş 54,50 manat cərimə məbləği olmaqla, cəmi 7303,50 manat cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı2 ödənilməlidir. 50 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş maddi ziyana görə 3363 (üç min üç yüz altmış üç) manat, əldən çıxmış faydaya görə 5800 (beş min səkkiz yüz) manat, ödənilmiş 150 (bir yüz əlli) manat dövlət rüsumu və ödənilmiş 130,80 (bir yüz otuz manat, səksən qəpik) manat inzibati cərimə məbləği olmaqla, cəmi 9443,80 (doqquz min dörd yüz qırx üç manat, səksən qəpik) manat cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı1 ödənilsin. Vurulmuş maddi ziyana görə 3363 (üç min üç yüz altmış üç) manat, əldən çıxmış faydaya görə 3886 (üç min səkkiz yüz səksən altı) manat və 54,50 (əlli dörd manat, əlli qəpik) manat ödənilmiş inzibati cərimə məbləği olmaqla, cəmi 7303,50 (yeddi min üç yüz üç manat, əlli qəpik) manat cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı2 ödənilsin. 50 (əlli) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba (X1, Kod: 210005, VÖEN:**********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-2978/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2978/2024
10.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver