Məhkəmə qərarları › İş №2(006)-2987/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2987/2020

09.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2987/2020 09.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, Cavabdeh "xxxxxxx" KB ASC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh «xxxxxxx» KB ASC-yə qarşı «dollar kreditinin manata çevrilməsi tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxxxxx» KB ASC-yə qarşı «dollar kreditinin manata çevrilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2014-cü il tarixində “xxxxxxx” KB ASC-nin Salyan filialı ilə iddiaçı arasında 566718nkSLY/14 saylı “Kredit müqaviləsi” bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “xxxxxxx” KB ASC-nin Salyan filialı iddiaçıya 3500 ABŞ dolları məbləğində istehlak krediti vermişdir.xx.xx.2015-ci il tarixində “xxxxxxx” KB ASC-nin Salyan filialının dəvəti ilə həmin bankda iddiaçının manatla olan 1000 manat krediti dollar kreditinə birləşdirilərək ikinci dəfə onunla 2077nkSLY/15 saylı "Kredit müqaviləsi” bağlandı. Beləliklə, iddiaçının banka kredit borcu 4479 ABŞ dolları müəyyən edildi.xx xxxxxx 2015-ci il tarixində ABŞ dollarının Azərbaycan manatına nisbətdə ikinci dəfə bahalaşmasından sonra “xxxxxxx” KB ASC-nin Salyan filialı yenidən iddiaçını müqavilə bağlamağa dəvət etdikdə, iddiaçı imtina etdi və maddi çətinlik səbəbindən ödəniş edə bilmədi. Beş ay gecikmədən sonra Bank kredit borcunun üzərinə 181 USD əlavə cərimə faiz hesablandı və iddiaçı barəsində məhkəməyə müraciət etdi. Beləliklə, xx xxx 2016-cı il tarixində Neftçala Rayon Məhkəməsi tərəfindən iddiaçının xeyrinə 2(53)-293/2016 saylı qətnamə çıxarıldı. İddiaçının “xxxxxxxxxxxx” ASC-yə kredit borcu olduğu üçün və ailə vəziyyətinə görə ödəniş edə bilmədi. İddiaçı xx.xx.2017-ci il tarixindən başlayaraq “xxxxxxx” KB ASC-nin Salyan filialına ödəniş etməyə başladı. xx xxxxxx 2015-ci il tarixindən - xx.xx.2017-ci il tarixinədək iddiaçının banka olan ümumi gecikmə günlərinin sayı 705 (yeddi yüz beş) gün oldu.Azərbaycan Respublikası Prezidenti tərəfindən xx xxxxxx 2019-cu il tarixində fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanın icrası olaraq X3 palatası tərəfindən “xxxxxxx”KB ASC də olan iddiaçının 4479 ABŞ dolları ilə olan kreditinə 3400 manat kompensasiya hesablanmış, lakin “xxxxxxx” səhlənkarlıq edərək, Azərbaycan Kredit Bürosunun reyestrində mərkəzi bank sistemində iddiaçının adına 1 (bir) gündə olsun gecikmə göstərmədiyi üçün 4479 ABŞ dolları ilə olan kredit borcu restrukturizasiya olunmadı. Hesablanmış kompensasiya isə "xxxxxxxxxxxx” ASC-yə olan manat kredit borcundan silindi. İddiaçı bu barədə “xxxxxxx” ASC-nin Salyan filialına, baş ofisinə, X3 palatasına rəsmi müraciət etsə də, heç bir nəticəsi olmadı."xxxxxxx” KB ASC-nin səhlənkarlığı səbəbindən Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı iddiaçının kredit borcuna şamil edilmədi.Hal-hazırkı vaxtadək “xxxxxxx” KB ASC ilə iddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2077nkSLY/l 5 saylı kredit müqaviləsinə əsasən iddiaçının 4479 ABŞ dolları ilə olan kredit borcu olduğu kimi qalmışdır. Neftçala rayon İcra və Probasiya Şöbəsi isə bu krediti iddiaçının əmək haqqına yönləndirib. Əgər yenidən devalvasiya olarsa, ABŞ dollarının məzənnəsi yenə qalxarsa iddiaçının banka olan kredit borcu yenidən artacaqdır. Göstərilənlərə əsasən "xxxxxxx”KB ASC-nin Salyan filialı ilə iddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2077nkSLY/15 saylı “Kredit müqaviləsi”nin restrukturizasiya edilməsi (manata çevrilməsi) barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxxxxx" KB ASC-nin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək, tələbin əsassız olduğuna görə təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İşin materiallarında olan "xxxxxxx" KB ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış 2077nkSLY/15 saylı, xx.xx.2015-ci il tarixli kredit və bank hesabı müqaviləsinə əsasən Bank tərəfindən İddiaçı illik 24% olmaqla, 60 ay müddətinə 4479 ABŞ dolları məbləğində kredit verilmişdir. İşin materiallarında olan Neftçala Rayon Məhkəməsinin 2(53)-293/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı "xxxxxxx" KB ASC-nin xeyrinə 4286,04 ABŞ dolları və 181,01 ABŞ dolları faiz, cəmi 4467,05 ABŞ dolları məbləğində borcun və 20 manat dövlət rüsumunun tutulması qət edilmişdir. İş materiallarında olan X3 Palatası tərəfindən verilmiş çıxarışdan görünür ki, İddiaçı “xxxxxxxxxxx” ASC ilə bağlanmış kredit müqaviləsi üzrə 3420,88 manat kompensasiya hesablanmış, həmin məbləğ borcların ödənilməsinə yönəldilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "xxxxxxx" KB ASC ilə İddiaçı arasında kredit müqaviləsi bağlanmış, hazırda iddiaçı həmin kredit müqaviləsinin restrukturizasiya edilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə qeyd edir ki, İddiaçı kredit müqaviləsində göstərilən şərtlərlə razılaşaraq cavabdehlə həmin müqaviləni bağlamış və qeyd olunan müqavilə əsasında öz üzərinə borcun vaxtında və tam şəkildə ödənilməsi ilə bağlı öhdəlik götürmüşdür. Tərəflər arasında bağlanmış 2077nkSLY/15 saylı, xx.xx.2015-ci il tarixli kredit və bank hesabı müqaviləsinin 7.3-cü bəndinə əsasən müqavilə üzrə verilmiş kreditin valyutasının mübadilə məzənnəsinin borcalan üçün əlverişsiz dəyişməsi nəticəsində yarana biləcək maliyyə itkisi riski borcalanın üzərinə düşür. Bu cür riskin baş verməsi, borcalanın kredit öhdəliyinin icrasından imtina etməsinə və ya bu öhdəliyin gecikdirməsinə haqq qazandırmır və heç bir halda borcalanın kredit öhdəliklərinin yenidən hesablanmasına səbəb ola bilməz. Bundan əlavə, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanı (Fərman) fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə hazırlanmışdır. Fərmanın 1-ci hissəsinə əsasən devalvasiyaların baş verdiyi tarixlərə (xx.xx.2015ci və xx.xx.2015-ci il tarixlərə) fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinə kompensasiyaların verilməsi, habelə xx xxxx 2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollaradək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası nəzərdə tutulmuşdur. Fərmanın 8.6-cı bəndinə əsasən vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qüvvədə olan qanunvericiliyə əsasən ödəniş ediləcək fiziki şəxslərin siyahısının və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin (kompensasiyanın) məbləğinin müəyyən edilməsi Azərbaycan Respublikasının Maliyyə X1 (hazırda Mərkəzi Bankın) səlahiyyətinə aid edilmişdir. Banklar isə Palatanın (hazırda Mərkəzi Bankın) müəyyən etdiyi pul məbləğini siyahıya alınmış şəxslərə ödənilməsini təmin edirlər. Beləliklə, kompensasiyanın məbləğini və ödəniləcək şəxslərin siyahısını Banklar müəyyən etmirlər. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Göstərilən maddənin məzmunundan da göründüyü kimi qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. İşdən də göründüyü kimi sözügedən mübahisəli kredit müqaviləsi ilə bağlı artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh «xxxxxxx» KB ASC-yə qarşı «dollar kreditinin manata çevrilməsi tələbi»nə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh «xxxxxxx» KB ASC-yə qarşı «dollar kreditinin manata çevrilməsi tələbi»nə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar