Məhkəmə qərarları › İş №2(006)-300/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-300/2022

22.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-300/2022 22.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı QSC iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 31.611 (otuz bir min alttı yüz on bir) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi X2 məhkəmə baxış iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, 05 yanvar 2021-ci il tarixdə Cavabdeh1 ilə İddiaçı QSC arasında avtomobilin icrası barədə müqavilə bağlanmışdır. “Hyundai Accent” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə olunması üçün etibarnamə ilə onun istifadəsinə verilmişdir. X4 Şöbəsi tərəfindən verilmiş 042827 seriyalı arayışdan görünür ki, cavabdeh avtomobili idarə edərkən 19.02.2021-ci il tarixdə, saat 00:30-da yol nəqliyyat hadisəsi törətmişdir. Digər Cavabdeh2 həmin sürücünü iddiaçı ilə tanış etmiş və onun öhdəliklərinin tam olaraq yerinə yetirilməsinə dair şifahi öhdəlik götürmüşdür. Yol nəqliyyat hadisəsi zamanı onun mülkiyyətində olan icarə predmeti “Hyundai Accent” markalı, **-PZ- *** dövlət qeydiyyat nişanlı avtomobilə 31.511 manat məbləğində Cavabdeh1 tərəfindən ziyan vurulmuşdur. Dəymiş ziyanın hesablanması üçün 26 mart 2021-ci il tarixdə “Auto Azərbaycan” şirkəti tərəfindən AA 041537 nömrəli AKT tərtib olunmuşdur. Cavabdeh1 dəfələrlə müqavilədə üzərinə götürmüş olduğu öhdəçiliyinin icra olunmasını tələb etsələr də, dəymiş ziyanın ödənilməsindən qərəzli şəkildə boyun qaçırır. Digər Cavabdeh2 şifahi öhdəliklərijndən imtina edərək bu məbləği ödəməkdən imtina edir. Son olaraq iddiaçının nümayəndəsi iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirak etməmiş, qabaqcadan heç bir üzrlü səbəblərinin olmasını məhkəməyə bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Avtomobil icarəsi barədə” 22№-li, 05 yanvar 2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh1 ilə İddiaçı QSC arasında müqavilə bağlanmış, günlük 26,00 manat icarə haqqı ödəməklə Cavabdeh1 **-PZ-*** markalı, dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüşdür. İş materiallarında olan 04 fevral 2021-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı QSC Hyundai Accent markalı, **-PZ-*** markalı dövlət nömrə qeydiyyat nişanlı avtomobili Cavabdeh1 istifadəsinə vermişdir. İş materiallarında olan “nəqliyyat vasitələrinin zədələnməsi barədə” 042827 №-li Arayışdan və 26.02.2021-ci il tarixli, ******* nömrəli İnzibati Xəta haqqında Protokoldan görünür ki, Cavabdeh1 19.02.2021-ci il tarixdə, saat 00:10 radələrində Ziya Bünyadov prospektində Hyundai Accent markalı, **-PZ-*** markalı dövlət nömrə qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törədərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutlan inzibati xətanı törətmişdir. İş materiallarında olan Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-5247/2021 saylı, 17.09.2021-ci il tarixli qərardadından görünür ki, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş, iş üzrə ekspert rəyi təqdim edilənədək icraat dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfində məhkəməyə 28 dekabr 2021-ci il tarixdə göndərilən 9/8057 nömrəli ekspert rəyindən görünür ki, “Auto Azərbaycan” şirkətinin 26.03.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2018-ci il buraxılışlı “Hyundai Accent” markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 28.319 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclaslında ekspert rəyi də nəzərə alınmaqla müəyyən olundu ki, 05 yanvar 2021-ci il tarixli avtomobilin icarəsi barədə müqaviləyə əsasən, Hyundai Accent markalı, ** PZ *** nömrəli dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 istifadəsinə verilmiş, 19.02.2021-ci il tarixdə o, yol-nəqliyyat hadisəsi törədərək, İddiaçı QSC-yə məxsus avtomobilə 28.319 manat məbləğində maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə əsasən, «ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir». Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 ilə bağlı olan hissədə əsaslıdır, çünki avtomobili müqavilə əsasında o icarəyə qəbul etmiş və yol-nəqliyyat hadisəsini də məhz o törətmişdir. İddia tələbi digər Cavabdeh2 ilə bağlı hissədə əsassızdır. Belə ki, onunla bağlı hissədə iddia tələbi öz təsdiqini tapmamışdır. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh2 sadəcə öhdəliklərin yerinə yetirilməsi ilə öz üzərinə şifahi öhdəlik götürmüşdür. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi dövlət rüsumu ilə bağlı olan hissədə də əsaslıdır və təmin edilməlidir. Belə ki, iddianın qaldırılması üçün iddiaçı tərəfindən ödənilən 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli.dir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 28.319 manat pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməli, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq Dövlət büdcəsinə köçürülməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 28.319 (iyirmi səkkiz min üç yüz on doqquz) manat pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq, İddiaçı QSC-nin xeyrinə ödənilsin. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutulsun və Dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar