Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3001/2020 18.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin həcminin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehqarşı «aliment məbləğinin həcminin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx xxxxx 2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan xx xxxxxx 2013-cü il tarixdə X3 adlı övladı doğulmuşdur. Aralarında olan nikah Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1297/2014 saylı qətnaməsi ilə pozulmuşdur. Həmin qətnamə ilə azyaşlı uşağın yetkinlik yaşına çatanadək İddiaçı yanında saxlanması qət edilmişdir. Azyaşlı uşağın saxlanması üçün alimentin tutulması barədə məhkəmə qərarı olsa da, həmin qərar ilə alimentin həcmi aşağı hədd müəəyyən edilmiş və azyaşlı uşağın ehtiyaclarının qarşılanması üçün kifayət etmir. Cavabdeh uşaq qarşısında olan borcunu yerinə yetirməkdən qəsdən yayınır, onun mənəvi və maddi cəhətdən hərtərəfli böyüməsi üçün lazım olan şəraiti yaratmaqdan imtina edir. Buna görə də iddiaçı “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən hər ay 200 (iki yüz) manat sabit pul məbləğinin tutularaq, İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz məktubu ünvanlayaraq iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya etiraz ərizəsində qeyd edir ki, iş üzrə İddiaçı məhkəməyə müraciət edərək, məhkəmə qətnaməsi ilə aliment müəyyən edilsə də, həmin məbləğin uşağın ehtiyyaclarını qarşılanması ücün kifayət etmədiyini göstərmiş və alimentin artırılmasını xahiş etmişdir. İddiaçının iddia tələbi ilə cavabdeh razı deyil, iddia tələbi əsassız və qanunsuzdur. Belə ki, iddiaçı Cavabdeh ilə xx xxxxx 2012-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx xxxxxx 2013-cü il tarixdə X3 adlı övladları doğulmuşdur. Aralarında olan nikah Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli qətnaməsi ilə pozulmuş, həmin qətnamə ilə azyaşlı uşağın yetkinlik yaşma çatanadək iddiaçının yanında saxlanması, azyaşlı uşağın saxlanması üçün ayda 103 manat olmaqla sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. İddiaçı 2019-cu ildə Nəsimi rayon məhkəməsinə alimentin artırılması barədə iddia ərizəsi ilə müraciət etmiş, Nəsimi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə həmin iddia təmin edilmiş, alimentin miqdarı artırılaraq xx.xx.2013-cü il təvəllüdlü X1 üçün yetkinlik yaşma çatanadək 160 manat məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdeh həmin qətnamə ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 9543/l9 nömrəli, 15.07.19-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmiş, xx xxxxxx 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşma çatana qədər saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilmişdir. Hazırda iddiaçı artırılmış bu məbləğin artırılmasını istəyir. İddiaçının iddiası əsassızdır və rədd edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh sonuncu məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 2(006)-1297/2014 saylı, xx xxxx 2014-cü il tarixli qətnaməsindən görünür ki, xx xxxxxx 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxx 2015-cü il tarixdən başlayaraq, Cavabdeh hər ay 103 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 9543/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə qanuni qüvvəyə mindiyi gündən xx xxxxxx 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Eyni Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2016cı il tarixli Qərarı). Beləliklə, yuxarıda göstərilən məhkəmə qərarları ilə iş üzrə əhəmiyyət kəbs edən bir sıra faktlar (tərəflərin birgə nikahdan övladlarırnın olması, cavabdehin başqa nikahdan da övladlarının olması və s.) sübuta yetirilmişdir. Binəqədi Rayon Məhkəməsinin qətnaməsi əsasında tərəflərin uşaqlarının saxlanılması üçün 120 (bir yüz iyirmi) manat məbləğində alimentin tutulması müəyyən edilmişdir. Hazırda həmin məbləğ uşağın saxlanılması üçün kifayət etmədiyindən iddiaçı alimentin artırılması və aylıq 200 manat sabit pul məbləğində alimentin tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə iddianın qismən təmin edilməli və 140 (bir yüz qırx) manat məbləğində aliment tutulmalı olduğu qənaətinə gəlmişdir. Belə ki, əvvəlki ildə ( Bakı Apellyasiya Məhkəməsinin 2019-cu il tarixli qətnaməsi) alimentin miqdarı 120 manat məbləğ müəyyən edildiyindən, 2020-ci il tarixdə isə Nazirlər Kabinetinin müvafiq dolanacaq xərclərinin müəyyən edilməsi barədə qərarına əsasən uşaqlar üçün müəyyən edilən məbləğ artməşdır. Qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Bundan başqa iddia tələbinin qanuni əsası kimi çıxış edə biləcək normaların mənasından da göründüyü kimi alimentin miqdarının dəyişdirilməsi məsələsi o halda həll oluna bilər ki, alimentin məbləği müəyyən ediləndən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. Hazırkı halda cavabdehin ailə vəziyyətində dəyişiklik baş vermiş, o yenidən ailə qurmuş, həmin nikahdan daha iki övladı dünyaya gəlmiş, həmçinin üçüncü uşağı da dünyaya gələcəkdir. Məhkəmə cavabdehin ailə və maddi vəziyyətini, onun himayəsində olan digər uşaqların mənafeyini, eyni zamanda xx xxxxxx 2013-cü il təvəllüdlü X2 minimum təminat səviyyəsini nəzərə alaraq, hesab edir ki, uşaq yetkinlik yaşına çatanadək sabit pul məbləği kimi alimentin 140 manat müəyyən edilməsi həm uşağın, həm də cavabdehin və onun himayəsində olanların mənafeyinə uyğundur. Eyni zamanda nəzərə alınmalıdır ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanması hər iki valideynin vəzifəsidir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə,məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq xx xxxxxx 2013-cü il i il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 (bir yüz qırx) manat sabit pul miqdarında müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməli, miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq xx xxxxxx 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 (bir yüz qırx) manat sabit pul miqdarında aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-3001/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3001/2020
18.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver