Məhkəmə qərarları › İş №2(006)-3004/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3004/2024

04.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3004/2024 04.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-749/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh tutulan bir uşaq üçün nəzərdə tutulmuş 175 (bir yüz yetmiş beş) manat məbləğində alimentin miqdarının dəyişdirilərək, cavabdehdən hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh 30 dekabr 2004-cü il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü X7 və xx.xx.2009-cu il təvəllüdlü X8 adlı uşaqları anadan olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-749/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında xx.xx.2004-cü il tarixdə bağlanmış və Abşeron rayon İHB-nın Aşağı Güzdək qəsəbə nümayəndəliyi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 10 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 19 avqust 2005-ci il təvəllüdlü X7 və 04 may 2009-cu il təvəllüdlü X4 anaları İddiaçı yanında qalmaları, Cavabdeh xx.xx.2020-ci il tarixdən hesablanmaqla, 19 avqust 2005-ci il təvəllüdlü X7 və 04 may 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh kifayət qədər qazanca malikdir. Məhkəmə qətnaməsi ilə uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində aliment uşağın aylıq yaşayış minimumunu təmin etmir. xx.xx.2009-cu il təvəllüdlü X4 normal, sağlam böyüməsi, tərbiyəsi ilə iddiaçı tək məşğul olur. Baxmayaraq ki, bu vəzifə bir valideyn kimi cavabdehin də üzərinə düşür. Lakin cavabdeh ayrıldıqları gündən indiyə kimi övladı ilə bir dəfə də olsun maraqlanmamışdır. Cavabdeh iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək, İddiaçı iddiası əsassız olduğundan aliment məbləğinin əmək haqqının 1/4 hissəsi miqdarında təyin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh ailədə yeganə işləyən şəxsdir. Belə ki, o, yenidən ailə qurmuş və həyat yoldaşı heç bir yerdə işləmir. İddiaçının nəzərdə tutduğu məbləği ona ödədikdən sonra əmək haqqından qalan məbləğ isə cavabdehin xərclərini qarşılamır. Uşaqların maddi ehtiyacları tam şəkildə cavabdeh tərəfindən ödənilir. O, övladı üçün hər şey edir, həmçinin, onun üçün yeni mobil telefon da almışdır. Cavabdeh uşağına aliment verməkdən imtina etmir. Lakin uşaq cavabdehlə bərabər iddiaçının da övladıdır. İddiaçı da işləyərək övladının digər ehtiyaclarını təmin edə bilər. Cavabdeh hal-hazırda özəl bir obyektdə nəzarətçi vəzifəsində işləyir, aylıq gəliri 380 manatdır və əlavə gəlir yeri də yoxdur. Cavabdeh iddiaçı ilə aralarında razılığın əldə edilməsi üçün Mediasiya Şurasına müraciət etmiş, lakin iddiaçı ilkin mediasiya sessiyasında iştirak etsə də, tərəflər arasında razılıq əldə edilməmiş və müvafiq arayış təqdim olunmuş, ilkin mediasiya sessiyası ilə bağlı cavabdeh tərəfindən 50 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Doğum haqqında AZ-İİ seriyalı 476290 nömrəli şəhadətnamədən görünür ki, X8 04 may 2009-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası X3r. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-749/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, Cavabdeh ilə X6 arasında xx.xx.2004cü il tarixdə bağlanmış və Abşeron rayon İHB-nin Aşağı Güzdək qəsəbə nümayəndəliyi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 10 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2005-ci il təvəllüdlü X7 və xx.xx.2009-cu il təvəllüdlü X4 anaları X2 yanında qalmalarının müəyyən edilməsi, Cavabdeh xx.xx.2020-ci il tarixdən hesablanmaqla, xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq X2 xeyrinə ödənilməsi, qətnamənin “alimentin tutulması” hissəsində dərhal icra edilməsi, iddianın digər hissədə rədd edilməsi qət edilmişdir. Nikahın pozulması haqqında AZ-İ seriyalı 374714 nömrəli şəhadətnamədən görünür ki, Cavabdeh X6 ilə olan nikahı Nəsimi Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuş, nikah pozulduqdan sonra qadına “Qasımova” soyadı verilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-3231/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia ərizəsinin təmin edilməsi, xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X4 daimi əsaslarla ölkəni tərk etməsi istisna olmaqla, atası Cavabdeh razılığı olmadan yetkinlik yaşına çatanadək İddiaçı ilə birlikdə icra məmuruna xəbər verməklə Azərbaycan Respublikasından kənara müvəqqəti çıxarılmasına icazə verilməsi qət edilmişdir. Bakı 9 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞB/9/2024-00437 nömrəli arayışından görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 50 (əlli) manat məbləğində İMS xərcini ödəmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixindən “nəzarətçi” vəzifəsində işləyir, aylıq əmək haqqı 380 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə xx.xx.2004-cü il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü X7 və xx.xx.2009-cu il təvəllüdlü X8 anadan olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, uşaqlar iddiaçının yanında saxlanılmış və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər bir uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. xx.xx.2005-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatmışdır. Hazırda iddiaçı xx.xx.2009-cu il təvəllüdlü X1 üçün cavabdehdən tutulan alimentin uşağın tələbatının ödənilməsi üçün kifayət etmədiyini bildirərək və ölkə üzrə yetkinlik yaşına çatmayanların yaşayış minimumunun artırılmasına istinad edərək, uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment məbləğinin miqdarının artırılaraq, hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsini tələb edir, cavabdeh isə tələb edilən məbləğdə alimenti ödəməyə imkanı olmadığını, maaşının az olduğunu, yenidən ailə qurduğu üçün tələb edilən alimenti ödədikdən sonra ailəsinin xərclərini qarşılaya bilməyəcəyini bildirərək, iddia tələbini qəbul etmir və alimentin əmək haqqısının ¼ hissəsində tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçı əvvəllər müəyyənləşdirilmiş alimentin uşağın tələbatını ödəməyə imkan verməməsinə əsaslanmaqla alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-749/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X4 və artıq yetkinlik yaşına çatmış xx.xx.2005-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsini müəyyənləşdirərkən məhkəmə həmin dövrün həyat standartlarını, uşağın ehtiyacının səviyyəsini əsas götürmüşdür. Hazırda uşağın böyüməsi ilə əlaqədar xərcləri artmış, ölkədə gündəlik tələbat mallarının qiymətləri və yaşayış minimumunun məbləği artırılmış, eyni zamanda, qətnamə ilə aliment tutulması qət edilən uşaqlardan biri artıq yetkinlik yaşına çatmışdır. Göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Cavabdehin etirazının dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, cavabdeh əmək qabiliyyətli olmaqla rəsmi iş yerində işlədiyindən və aylıq müəyyən məbləğdə əmək haqqı aldığından, onun maddi imkanının olmaması və başqa ailəsinin olması barədə dəlilləri iddianın rədd edilməsi üçün əsas təşkil edə bilməz. Belə ki, bu dəlillər cavabdehi qanunla müəyyən edilmiş azyaşlı uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşağın lazımi səviyyədə saxlanması, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir və ya əsas vermir ki, uşaq qanunla müəyyən edilmiş yaşayış minimumundan aşağı səviyyədə təmin olunsun. Mübahisəsiz haldır ki, əvvəlki qətnamə ilə təyin olunmuş alimentin məbləği uşağın minimum yaşayış tələbatını ödəyə bilmir. Azərbaycan Respublikasında 2024-cü il üçün müəyyən olunmuş bir uşaq üçün yaşayış minimumu 235 manat olduğu dövrdə, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş 175 manat aliment məbləğinin artırılmaması uşaqla bağlı Beynəlxalq Konvensiyaların tələblərinə də zidd olar. Cavabdehin alimentin əmək haqqının ¼ hissəsi miqdarında tutulması barədə tələbi isə ona görə təmin edilə bilməz ki, ailə qanunvericiliyinə müvafiq olaraq aliment onun tutulmasını tələb edən şəxsin xahişi ilə sabit pul məbləğində və ya qazancın müəyyən hissəsi kimi müəyyən edilir, yəni bu barədə tələbə dair cavabdehin deyil, iddiaçının yazılı ərizəsi olmalıdır. Eyni zamanda, cavabdehin bu tələbi uşağın mənafeyinə açıq-aşkar zidd hesab olunur (380 x 1 / 4 = 95 manat). Qeyd olunur ki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin, digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan, qanunverici onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Məhkəmə, həmçinin, hesab edir ki, uşağın iddiaçının himayəsində qalması uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərcləri həddində məbləğin aliment kimi digər valideyndən – cavabdehdən tutulmasına əsasdır. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Beləliklə, bütün diqqətəlayiq halları nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq hər ay 235 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulması ədalətli və məqsədə müvafiqdir. Məhkəmə qeyd edir ki, alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olarsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarı dəyişə bilər. Həqiqətən də, göründüyü kimi, iddiaçının vəziyyətində dəyşiklik olmuş, yəni artıq 3 il keçdiyi üçün uşağın artan tələbatını qarşılamaq çətinləşmiş, deməli, iddiaçının qayğıları artmış, maddi vəziyyəti isə yaxşılaşmamışdır. Halbuki, uşaqlardan birinin yetkinlik yaşına çatması ilə onun üçün cavabdehdən aliment tutulması dayanmış, deməli, cavabdehin maddi vəziyyəti yaxşılaşmışdır. Demək ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsində nəzərdə tutulan dəyişiklik dedikdə hazırki işdə iddiaçının maddi vəziyyətinin pisləşməsi, cavabdehin isə vəziyyətinin yaxşılaşması nəzərə alınır. Buna baxmayaraq, cavabdeh tərəf rəsmi iş yeri olsa da, əmək haqqının az olduğuna, başqa nikahda olduğuna və maddi vəziyyətində yaxşılığa doğru dəyişiklik olmadığına görə iddiaya etiraz edir. Məhkəmə onun dəlillərini həm də ona görə qəbul etmir ki, uşaq tam olaraq hər iki valideynin qayğısı və sevgisi ilə əhatə olunmadığından, başqa sözlə, uşaq yalnız anası ilə birgə yaşadığından, onsuz da az qayğı ilə əhatə olunan və hər iki valideyni ilə birgə yaşamaq hüququndan məhrum olan uşağın maddi vəziyyətini bir qədər də ağırlaşdıracaq qərarın qəbul edilməsi yolverilməz hesab olunmalıdır. Bununla yanaşı, əvvəllər cavabdehin iki uşağa görə 350 manat aliment ödəməsi, hazırda isə onlardan birinin yetkinlik yaşına çatması və digəri üçün 235 manat aliment tutulması barədə hazırkı qətnamənin qəbul edilməsi yenə də cavabdehin vəziyyətini ağırlaşdıran hal hesab edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun: 8-ci maddəsinə görə, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür; 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə uyğun olaraq, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8- 2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2024-cü il üçün yaşayış minumumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-749/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, alimentin hazırki qətnamə ilə müəyyən edilmiş qaydada tutulması bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən məhkəmə qeyd edir ki, bu məsələyə qiymət verilməsi iddia ərizəsində belə tələbin olub-olmamasından asılı deyildir. Məhkəmənin qənaəti ondan ibarətdir ki, iddia təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Cavabdeh etirazında mediasiya xərcini özü ödədiyini bildirsə də, bu barədə sübut təqdim etməmiş, iddiaçı isə əksinə 50 manat məbləğində mediasiya xərcini ödədiyini sübut edən arayışı məhkəməyə təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-749/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı verilsin. Alimentin hazırki qətnamə ilə müəyyən edilmiş qaydada tutulması bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar