Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3010/2020 19.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Həxiyeva Şəbnəm Səlim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı "maddi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "maddi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 2020-ci il tarixdə, saat 22:45 radələrində mülkiyyətində olan “BMW 520” minik markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi ilə üzü Babək prospekti istiqamətində saatda 50-60 km sürətlə hərəkətdə olarkən, onun avtomobilindən bir avtomobil qarşıda hərəkət edən “BMW” markalı, MU-111-AD Gürcüstan Respublikasının Dövlət qeydiyyat nişanlı avtomobil gözlənilmədən surətini azaltmış və iddiaçının avtomobilinin qarşısında hərəkət edən “Subaru” minik markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobil də dayanmışdır. İddiaçı da məcburiyyət qarşısında qalıb avtomobilini dayandırmışdır. Bu zaman iddiaçıdan arxada, eyni istiqamətdə yüksək sürətlə hərəkətdə olan «Volkswagen Golf» minik markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobil qabaq tərəfi ilə iddiaçının avtomobilini arxa hissəsindən vuraraq, yol-nəqliyyat hadisəsi törətmiş və iddiaçının avtomobilinin qabaq tərəfi qeyri-ixtiyari olaraq qarşısındakı avtomobilin arxa hissəsinə dəymişdir. Nəticədə iddiaçının avtomobilinin həm qabaq, həm də arxa hissələrinə maddi zərər dəymişdir. Hadisədən dərhal sonra iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vuraraq, hadisə barədə məlumat vermişdir. Hadisədən sonra iddiaçı bilmişdir ki, “Volkswagen Golf” minik markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdehdur. Hadisədən sonra Cavabdeh iddiaçıya bildirmişdir ki, onun avtomobili “xxxx” ASC-də icbari sığorta olunub və sığorta şirkəti iddiaçının avtomobilini təmir edəcək. Bu hadisədən sonra İddiaçı “xxxx” ASC-yə getmişdir. Orada iddiaçıya bildirmişlər ki, Cavabdeh avtomobili nəyin ki, “xxxx” ASC-də, heç bir sığorta şirkətində sığorta olunmamış və icbari sığorta olunmadığına görə 50 manat da cərimə olunmuşdur. İddiaçı bunu bildikdən sonra avtomobilini təmir etdirməsini tələb etmək üçün Cavabdeh zəng vurmuş, lakin cavabdeh telefon zənglərinə cavab verməmişdir. Bir müddət iddiaçı dəfələrlə cavabdehə zəng vurduqdan sonra o, nəhayət ki, telefon zənginə cavab verərək, bildirmişdir ki, avtomobilini təmir etdirə bilməyəcək və sabah görüşüb danışarlar. Lakin səhəri gün o, görüşə gəlməmiş və bir daha iddiaçının zənglərinə cavab verməmişdir. İddiaçı dəfələrlə Cavabdeh ilə əlaqə saxlamağa çalışsa da, alınmamışdır. İddiaçı bundan sonra anlamışdır ki, Cavabdeh iddiaçıya vurduğu maddi zərəri ödəmək istəmir. İddiaçı avtomobilsiz qaldığı müddətdə ictimai nəqliyyatdan və taksi xidmətindən istifadə edərək, bir müddət gözləmişdir ki, bəlkə Cavabdeh bir xəbər çıxar və avtomobilini təmir etdirmək qərarına gələr. Lakin ondan heç bir xəbər çıxmamışdır. Avtomobilsiz də iddiaçı üçün çox çətin idi. İddiaçı məcburiyyət qarşısında qalıb avtomobilini özü təmir etdirmək qərarına gəlmişdir. Bu məqsədlə iddiaçı əvvəllər də avtomobilini təmir etdirdiyi “X1”ə müraciət etmişdir. Sözügedən servisdə iddiaçının avtomobilinə baxış keçirildikdən sonra müəyyən olunmuşdur ki, iddiaçının avtomobilinə ümumilikdə 6250 manat dəyərində zərər dəymişdir. Bu barədə iddiaçıya xx xxxx 2020-ci il tarixli arayış verilmişdir. İddiaçı vəkilin göstərdiyi yardıma görə 111 manat pul ödəmişdir. Göstərilənlərə əsasən iddiaçıya vurulmuş maddi zərərin əvəzi olaraq 6250 (altı min iki yüz əlli) manat, vəkilə göstərdiyi yardıma görə ödənilmiş 111 (bir yüz on bir) manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitlərinin Cavabdeh tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş, AD № 513854 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “BMW 520” minik markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsusdur. İş materiallarında olan Bakı şəhəri Xətai RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Münasib Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, xx.xx.1988-ci il təvəllüdlü Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 118, mənzil 118-də yaşayan Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin aidiyyəti üzrə Xətai RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan “Azart Tuning” servis mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, “BMW 520” minik markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 6250 manat ziyan dəymişdir. İş materiallarında olan 447 nörməli qəbzin surətindən görünür ki, İddiaçı Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına 111 manat pul köçürmüşdür. Həmçinin, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, 9/3868 №-li məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, iş materiallarında olan “Azart Tuning” servis mərkəzinin xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1992-ci il buraxılışlı, “BMW 520” minik markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 4500 manat müəyyən edilir. Ekspert tətqiqatının dəyəri 100 manat təşkil etmişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Eyni Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun (eyni Məcəllənin 1099.2-ci maddəsi). Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə 4500 manat məbləğində ziyan dəymişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı avtomobilinə dəymiş zərərə görə 6250 manat pulu tələb etsə də, iş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmişdir. Ekspert rəyindən görünür ki, 1992-ci il buraxılışlı, “BMW 520” minik markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 4500 manat müəyyən edilir. Həmin hal (ekspert rəyi) mübahisəsiz xarakter daşıyır. Belə olan halda, iddiaçının avtomobilinə vurulmuş zərərə görə 6250 manat pul tələb etməsi əsassızdır. İddianın hüquqi yardıma görə ödənilmiş cəmi 111 manat məbləğində pulun cavabdehdən alınması hissəsi ilə əlaqədar məhkəmə hesab edir ki, iddia bu hissədə təmin olunmalı və hüquqi yardım xərcinin əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin 1-ci hissəsində hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ təsbit edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi ziyana görə 4500 (dörd min beş yüz) manat, hüquqi xidmətə görə 111 (bir yüz on bir) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4641 (dörd min altı yüz qırx bir) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh oğlundan tutulub Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 4500 (dörd min beş yüz) manat, hüquqi xidmətə görə 111 (bir yüz on bir) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4641 (dörd min altı yüz qırx bir) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh oğlundan tutulub Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-3010/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3010/2020
19.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver