Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3029/2022 28.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh və anası X2 iddiaçının etibarından sui-istifadə edərək onun əmlakını mənimsəmişlər. Belə ki, iddiaçının taksi fəaliyyəti göstərdiyi müddətdə bir- neçə dəfə onunla gediş-gəliş edən bu cavabdeh və anası ona özlərini insan kimi göstərsələr də, sonradan nə olduqları üzə çıxmışdır. Cavabdeh guya anasının müəllimə olması və karantin dövründə online dərslərlə əlaqədar olaraq telefon götürmək istədiklərini, lakin rəsmi iş yerlərinin olmamasını əsas götürərək iddiaçıdan kreditə mobil telefon götürməyini xahiş etdilər. İnandırdılar ki, heç bir problem olmayacaq, kredit vaxtında ödəniləcək. “Samsung Galaxy A32” markalı telefonu 26 iyun 2021-ci ildə 624 manat dəyərində olmaqla, 12 aylıq götürdü. Həmin ərəfədə xəstə olduğunu, dərman almağa pulu olmadığını əsas gətirərək bir sıra dərmanlara ehtiyacı olması səbəbilə 73 manat pul da köməklik göstərmişdir. Sonradan Kontaktdan gecikmə ilə bağlı sms gəldi. İddiaçı cavabdeh ilə əlaqə saxladı və ümumi məbləğdən 40 manat, 14 manat olmaqla, 54 manat ödədi, lakin qalan pulu ödəmədi. İddiaçı bu barədə cavabdehə yazdı, zəng etdi. Cavabdeh iddiaçını hədələdi və bildirdi ki, pulu verməyəcək, telefonu da satacaq. Cavabdeh telefonu aldıqdan sonra qanunsuz olaraq email kodunu dəyişdirərək "X1" qeydiyyata salmışdır. İddiaçı sonradan bu barədə polisə müraciət etsə də, polis işə mülki qaydada baxılmalı olduğunu, dələduzluq olmadığını bildirdi. İddiaçı faktiki olaraq ona məxsus telefonun geri qaytarılmasını dəfələrlə tələb etsə də, cavabdeh qaytarmır. Cavabdehin sonuncu qeydiyyat ünvanı yuxarıda göstərilən ünvandır. Göstərilənlərə əsasən Cavabdeh iddiaçıya vurduğu ziyanın ödənilməsi, bu günə telefonun ödənilməyən məbləği cərimələr ilə birlikdə indiki tarixə kimi 570 manat telefon borcun və o cümlədən cavabdehə verilmiş 73 manat pul borcunun, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 30 manat olmaqla, ümumilikdə 673 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, proses iştirakçılarının izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən HK-1/1082(19 PŞ) №-li araşdırma materialı üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, Cavabdeh izahatının alınması məqsədi ilə təhqiqat orqanına təmin olunması ilə əlaqədar aidiyyəti əməkdaşlara əməliyyat tapşırığı verilmiş, lakin müsbət nəticə olmamışdır. Əsaslandırıcı hissə: Məhkəmə qeyd edir ki, iddiaçı tələbini əsaslandıra biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehin ona hər-hansı məbləğdə borcun olmasını təsdiq edə biləcək mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin əsasını təşkil edən halları qanunvericiliklə müəyyən edilmiş qaydada sübut etməyərək, məhkəməyə vatsap yazışmalarını təqdim etmişdir ki, həmin yazışmalar göstərilən halı təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 200-cü maddəsinə şəxsi yazışmaların gizliliyini qorumaq məqsədi ilə bu yazışmalar yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Əgər belə razılıq olmazsa həmin sübutların elan və tədqiq edildiyi məhkəmə iclasları qapalı keçirilir. Şərh olunan maddədəki şəxsi yazışmalar anlayışı hərfi olaraq deyil, Konstitusiyanın 32-ci maddəsində olduğu kimi, yəni “şəxsi yazışma, telefon danışıqları, poçt və digər rabitə vasitələri ilə ötürülən məlumatlar” kimi başa düşülməlidir. İcazə alınmalı şəxs yazan və məlumatları göndərən şəxs (müəllif) yox, onların ünvanlandığı şəxsdir. Şəxsi yazışmaları daşıyan sübutlar məhkəməyə verildikdə hakim həmin sübutları şərh olunan maddədə göstərilən şəxslərin razılığı olmadan iş materiallarında əlavə edə və başqa şəxslərin onlarla tanış olmasına imkan yarada bilməz. Məhkəmənin şəxsi yazışmanı açıqlaması və araşdırılmasından ötrü həmin yazışmanın ünvanlandığı şəxsin yazılı razılığı olmalıdır. Şərh olunan maddənin tələblərinin pozulması ilə əldə olunan sübutlar qanunu pozmaqla əldə olunmuş sübutlar sayıldığından onlardan istifadə oluna bilməz. (MPMnin 76.3-cü maddəsi) Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi yalnız iddiaçının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-3029/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3029/2022
28.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver