Məhkəmə qərarları › İş №2(006)-3032/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3032/2021

22.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3032/2021 22.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması barədə” iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən azyaşlı uşaqları 15 aprel 2007-ci il təvəllüdlü X6 və 23 may 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay bir uşağa görə ayda 200 manat olmaqla, cəmi 400 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X7 məhkəmə baxışı iclasında izahat verərək ərizədə göstərilənləri bir daha təsdiq etdi və bildirdi ki, iddiaçı cavabdehlə 2006-cı ilin iyun ayının 21-də el adəti ilə toy edərək faktiki ailə həyatı qurmaqla cavabdehə məxsus Masallı rayonu, Ətçələr kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Cavabdehin razılığı ilə iddiaçıya verilmiş cehizlərini həmin evə yerləşdirmişdir. Nikahları isə 26 oktyabr 2011-ci ildə Masallı rayon İHB-nın Səmidxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində rəsmi qeyd etdirmişlər. Tərəflər birgə yaşadıqları dövrdə 15 aprel 2007-ci il təvəllüdlü Quliyev Barat və 23 may 2010-cu il təvəllüdlü Quliyev Eldəniz adlı iki uşaqları dünyaya gəlmişdir. Əvvəllər mehriban olsalar da, 3 ilə yaxındır ki, ayrılmışlar. Nikahları isə Masallı rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdeh uşaqların saxlanılmasına köməklik etmədiyindən məcburiyyət qarşısında qalaraq iddiaçı aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Masallı rayon Məhkəməsinin 14 aprel 2017-ci il tarixli qətnaməsi ilə cavabdehdən yuxarıda adları qeyd edilən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə ayda 95 manat olmaqla, cəmi 190 manat sabit pul məbləğində aliment alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Masaalı rayon Məhkəməsinin 19 aprel 2018-ci il tarixli qətnaməsi ilə cavabdehdən yuxarıda adları qeyd edilən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə ayda 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində aliment alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Nəsimi rayon Məhkəməsinin 15 aprel 2019-cu il tarixli qətnaməsi ilə cavabdehdən yuxarıda adları qeyd edilən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə ayda 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment və 23 may 2010-cu il təvəllüdlü X1 ilə bağlı əlavə xərclərə görə hər ay 100 manat alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Lakin alimentin məbləği hazırda uşaqların saxlanılması üçün yetərli deyildir. Cavabdeh isə avtomobil ticarəti ilə məşğul olmasına baxmayaraq iddiaçıya lazımi köməklik etmir. İddiaçı özü isə uşaqlara qulluq etməsi ilə əlaqədar olaraq heç yerdə işləyə bilmir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçının nümayəndəsi iddiasının təmin edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, iddiaçnın nümayəndəsinin izahatını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı iddiası qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Masallı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışlardan görünür ki, tərəflər 15.04.2007-ci il təvəllüdlü X6 və 23.05.2010-cu il təvəllüdlü X4 valideynidirlər. İş materiallarında olan Masallı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05 mart 2021-ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh ilə X5 arasında olan nikah pozulmuşdur. İş materiallarında olan Nəsimi rayon Məhkəməsinin 15 aprel 2019-cu il tarixli 2(006)-2759/2019 saylı qətnaməsindən müəyyən edilir ki, tərəflərin birgə nikahlarından anadan olmuş 15 aprel 2007-ci il təvəllüdlü X6 və 23 may 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment və 23 may 2010-cu il təvəllüdlü X2 ilə bağlı əlavə xərclərə görə hər ay 100 manat tutularaq İddiaçı verilməsi qət edilmişdir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Cavabdeh 15 aprel 2007-ci il təvəllüdlü X6 və 23 may 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment və 23 may 2010-cu il təvəllüdlü X2 ilə bağlı əlavə xərclərə görə hər ay 100 manat aliment ödəyir. İddiaçı həmin məbləğin uşaqların saxlanılması üçün yetərli olmadığını əsas gətirərək cavabdehdən hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Qeyd olulanları nəzərə alaraq, məhkəmə alimentin məbləğinin hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat miqdarında müəyyən edir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, Məhkəmə uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşaqlara qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh, iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tuturaq, qət etdi: İddiaçı iddiası qismən təmin edilsin. Nəsimi rayon Məhkəməsinin 15 aprel 2019-cu il tarixli 2(006)-2759/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 15 aprel 2007-ci il təvəllüdlü X6 və 23 may 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar